Bir ömrün hekayəsi

80-ci illərin əvvəli idi. O zaman Bakının müxtəlif istiqamətlərində hərəkət edən trolleybus adlı nəqliyyat vasitəsilə hər gün işə gedirdim. Belə günlərin birində trolleybusa beli bükük, əynində bəlkə də çəkisindən ağır kişi poltosu, zərifliyini itirmiş qadın ayaqlarında böyük ölçülü yenə də kişi ayaqqabısı, əlində çətinliklə daşıdığı qara çanta olan bir qadın mindi. Ona kömək edənlərə təşəkkür etməyi də unutmayan qadın, özlüyündə nəsə danışa-danışa qabaq cərgədə yer alanda, anladım ki, sürücü onu tanıyır. Yerini rahatlayandan sonra yüksəkdən danışmağa başladı: "Ömrümün sonuna bir gün qalmış olsa da, mən atamın kapitalist deyil, böyük maarifpərvər, millətini sevən, xalqı üçün hər şeyin yaxşısını istəyən bir xeyriyyəçi olduğunu sübut edəcəyəm". Bütün günü rastlaşdığım mənzərədən fikrimi yayındıra bilməyən mən, axşam hadisəni evdə danışanda anam dedi: "Bilirsən o kimdi? Hacı Zeynalabdin Tağıyevin qızı Sara Tağıyevadı, çantada isə atasına aid sənədləri daşıyır". O zaman Tağıyevin bir neft maqnatı olduğunu bilirdim, başqa heç nə. Zamanın buzları əriyəndən sonra bu milyonçu haqqında çox məlumatlar öyrənə bildim.

 

İndi isə bu bənzərsiz malikanənin pillələri ilə qalxdıqca, milyonçunun həmin səfil qızını xatırladım. Bu möhtəşəm sarayda dünyaya gələrək cah-calal içində böyüyən o xanım zirzəmiyə bənzər kiçik otaqda kimsəsiz kimi gözlərini əbədi yumduqdan sonra bu qapıdan yalnız axirət evinə yollanmaq üçün bir cənazə olaraq daxil olub. Əfsus ki, qəhqəhələri hopmuş bu divarlar artıq onun evi deyildi, atasından bu millətə miras qalan və illərdi Milli Azərbaycan Tarixi Muzeyi kimi tanınan əzəmətli bir məbəd idi. Mən isə bu məbədə rəhbərlik edən tarix üzrə elmlər doktoru, akademik Nailə Vəlixanlı ilə görüşə gəlmişdim, özü də bu görüşün arxasında dinləyəcəyim ömür hekayəsindən bixəbər gəlmişdim.

 

Təbiətin sərt qızı olan qış fəslində sənətkar ailəsində dünyaya gələn Nailə Vəlixanlı təhsil səviyyəsi yüksək olan 132 saylı məktəbi bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsinə daxil olub. Ali təhsili fərqlənmə diplomu ilə başa vuran gənc məzunun təyinatı Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna verilib.

 

- ...Lakin bir neçə aydan sonra hiss etdim ki, nə üçünsə darıxıram və aspiranturaya qəbul oldum. Anladım ki, heç demə, elmi fəaliyyət üçün darıxırmışam. Namizədlik, daha sonra doktorluq elmi işlərimi müdafiə etdim. Elmə olan bağlılıq məni akademik adına qədər yüksəltdi. Hazırda akademiyanın həqiqi üzvüyəm, bir müddət vitse-prezident kimi də çalışmışam. 21 ildir AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru olsam da, elm həyatımın ayrılmaz hissəsi olaraq da qalıb, onsuz özümü təsəvvür etmək belə, çətindi.

 

Bakı mühitindən əlavə, Nailə xanım sırf bakılı ailəsində böyüyüb. Ailəsi haqqında danışdıqca, səsindəki kövrəkliyi gizlədə bilmirdi. Hiss olunurdu ki, ömrün qürub çağından astananın o birinə tərəfinə boylanmaq çox müşküldü. Bu, sanki çözələnən xatirələrin bir ömür hekayəsi idi.

 

- Böyüdüyüm ailə yaşadığım dövrə uyğun olub. Atam Xalq artisti Məmmədəli Vəlixanlı Azərbaycan mədəniyyətində iz qoyan sənətkarlardandı. Anam Asiyə xanım tanınmış Səlimxanovlar nəsildən olan bəy qızı idi. Ailəsinə sadiq, çox bağlı, qayğıkeş və mehriban olan anamın savadı olmasa da, onun bir amalı olub - yalnız oxumaq. Bizə gəlib ev işlərində kömək edəndə, mən etirazımı bildirərdim. Deyərdi ki, bu işi görməyin əvəzinə bir səhifə artıq yazarsan. Patriorxal ailəmizdə son söz atamın olardı. Müharibədən sonra ağır dövr olsa da, zamanla ayaqlaşa bilmişik. Ailədə iki uşaq olmuşuq - qardaşım və mən. Bu kiçik ailənin sonbeşiyi mən idim. Qardaşım Aqşin Vəlixanlı atamın yolunu davam elədi, Əməkdar artist adına qədər çata bildi, həyatla erkən vidalaşdı. Və bu gün bu ailədən mənə qalan yalnız xatirələrdi.

 

"Elm həyatımın ayrılmaz hissəsidir" deyən Nailə xanımın aspiranturada elmi rəhbəri mərhum akademik Ziya Bunyadov olub və bunun üçün özünü şanslı aspirant hesab edir. Əslində haqlıdı da. Nankor qonşularımızın yalanlarını üzlərinə cəsarətlə çırpmağı bacaran bu alimin elmi irsi, Azərbaycanla bağlı müxtəlif mənbələrdən etdiyi tərcümələr aktuallığını daima yaşadacaq.

 

- Ziya Bunyadovun rəhbərliyi altında müdafiə etdiyim namizədlik işindən sonra xeyli müddət akademiyada çalışdım. İllər sonra doktorluq işimin mövzusu Azərbaycan tarixi ilə bağlı oldu. O dövrlərdə Azərbaycan tarixininin yazılması müşkülə çevrilmişdi. Totolitar rejimin siyasətinə uyğun gəlmədiyi üçün tariximiz uzun illər yazılmamış qalmışdı. Biz bu işə SSRİ-nin süqutundan sonra başladıq, baxmayaraq ki, uzun illər bu yola çıxmaq arzusu var idi. Azərbaycan tarixinin yazılması Ulu öndər Heydər Əliyevin xüsusi tapşırığı idi. Yeddi cilddən ibarət Azərbaycan tarixinin hazırlanmasına o zaman Elmlər Akademiyasının vitse-prezidenti, mərhum akademik Ziya Bünyadov rəhbərlik etsə də, bunu görmək ona nəsib olmadı, qəddarcasına törədilən qətl onunla birlikdə arzularını da gömdü. İkinci cildin məsul katibi olduğumdan, Tarix İnstitutuna keçməli oldum. Elmi fəaliyyətimdə orta əsrlərə daha üstünlük vermişəm və bu gün də davam edirəm, çünki bizə olunan ərazi iddialarının əksəriyyəti qədim və ən əsas orta əsrlərə təsadüf edir. O dövrü obyektiv şəkildə tədqiq etmək çox zəruridir, çünki onların açılması bizim real tariximizin gerçəkliyidi. Tarixin bizə qarşı amansız bir oyunu oldu. Üzünə qapımızı açdığımız namərdlər torpaqlarımızda yerbəyer olduqdan sonra bizləri qova-qova "qonşular"ımıza çevrildilər. Zaman-zaman anladıq ki, çox hiyləgər bir zümrə ilə üz-üzəyik. İsrarla qatığa qara deməyi bacaran və üstəlik, buna dünyanı inandırmağa çalışan bu əcaib məxluq uzun zaman havadarlarının himayəsi altında at oynatsa da, 44 günə hər şey burnundan gəldi. Lakin bununla belə, bu istiqamətdə elmi araşdırmalarım, fəaliyyətim davam edəcək.

 

Zamanın tələbi ixtisasca şərqşünas olan Nailə Vəlixanlını Azərbaycan tarixinin tədqiqatçısına çevirməklə yanaşı, onu bu sahə üzrə bir pedaqoq və muzey rəhbəri kimi də yetişdirə bildi. Və bu gün o, qəlbən bağlandığı bu muzeyə ömrünün 21 ilini həsr edib.

 

- Azərbaycan Universitetində dərs dediyim vaxtlar idi. Burada "Şərq-Qərb" adlı mərkəz fəaliyyət göstərirdi. Müstəqilliyin ilk illəri olduğundan, elm və təhsildə yeniliklər labüd idi. Həftənin şənbə günü ziyalılar bu mərkəzə toplaşırdı. Hər dəfə bir mövzu qoyular, onun ətrafında diskussiyalar gedər, çox güclü zəka sahibləri müzakirələrdə iştirak edərdi. Həmin yığıncaqların birində o zaman Elmlər Akademiyasının prezidenti olan mərhum Fərəməz Maqsudov mənə birbaşa sual verdi ki, direktor olmaq istəyirsən? Düzü, heç vaxt vəzifə dalınca qaçan biri olmasam da, sual mənə çox maraqlı gəldi. Fərəməz müəllim 2-3 institutun və bir də Tarix muzeyinin adını çəkərək dedi ki, bu yerlərdə rəhbər yoxdu. Muzey işindən bixəbər olsam da, ad mənə çox xoş gəldi və təklifi qəbul etdim. Bura elə bir vaxtda gəldim ki, muzey dağılmış vəziyyətdə idi. Zalların yarısı boş qalmışdı, çünki sovet dövrünün ekzpozisiyaları yığıldığından etnoqrafiyaya aid nə tapmaq mümkün olmuşdusa, onların yerinə yerləşdirilmişdi. 2004-cü ildə ölkə rəhbərinin göstərişi ilə muzey üç il təmirə bağlandı və sonda həm bizə, həm də xalqımıza gözəl bir muzey təhvil verildi. 2020-ci ildə muzeyin 100 yaşı tamam oldu, lakin təəssüf ki, bunu məlum pandemiya səbəbindən təntənəli şəkildə qeyd edə bilmədik. Yalnız onlayn formatda beynəlxalq konfransla kifayətlənməli olduq.

 

Nailə xanım danışdıqca, mən onun iş otağını seyr etməyə bilmirdim. Düşünürdüm ki, qeyri-adi memarlığı olan bu otaq görəsən, zamanında kimə xidmət edib. Sanki düşüncələrimi oxuyurmuş kimi Nailə xanım muzeyin özəlliyindən danışmağa başladı.

 

- Milli Azərbaycan Tarixi Muzeyinin özəlliyindən danışmamaq böyük günah olar. Bu unikal tarixi binanı özü və ailəsinin yaşayışı üçün tikdirən, hamının ehtiramla andığı bir şəxsiyyət olub - Hacı Zeynalabdin Tağıyev. Mən muzeyə gələndə burada onun xatirəsinə bir otaq, kabinetində isə bəzi şəkillər və bir neçə əşya vardı. Təmirdən sonra düşündük ki, maarifpərvər və böyük xeyriyyəçi olan bu şəxsiyyətə məxsus binada onun adını əbədiləşdirmək vacibdi, çünki XIX əsrin sonu XX əsrin əvvəlləri kimi bir dövrü Tağıyevin həyatından silmək qeyri-mümkündü. O dövrdə elə bir sahə olmayıb ki, orada onun imzası olmasın. Milləti yolunda misilsiz xidmətləri olan bir şəxsiyyəti kapitalist adı ilə qara siyahıya salmaq böyük günah olardı. Və beləcə, muzey içində muzey yaratmaq qərarına gəldik. Fikrimizi ölkə başçısına bildirəndə İlham Əliyev dedi ki, mən Hacı Zeynalabdin Tağıyevin məzarını bərpa etdirməyi özümə borc bildim. Babam Əziz Əliyevin təhsil almasında onun maddi dəstəyi olub. H.Z.Tağıyev iqamətgahını tərk edəndən sonra onun əşyalarının siyahısı vardı. Onların çox hissəsi olmasa da, nələrsə qalmışdı. Təmir olunan bəzi mebellər, əlimizdə olan fotolara əsasən onların bənzərini hazırladaraq, Tağıyevin Mənzil Muzeyini yaratdıq. 10 otaqdan ibarət bu mənzil muzey Şərq zalı, kitabxana, yemək, yataq və digər otaqlara ayrılıb. Düşünürəm ki, bu, onun kimi bir şəxsiyyətin ruhuna qarşı bizim mənəvi borcumuzdu. Bu ilin yanvar ayında H.Z.Tağıyevin heykəlinin açılışı özünün həm məkan, həm fərqli qoyulması baxımından millətin ona sonsuz ehtiramının təcəssümüdür.

 

Vətən məhəbbəti elə bir hissdi ki, onu sözlə ifadə etmək olmur. Vətənimi sevirəm demək, bir etirafdı, bəslədiyin məhəbbətin təzahürü deyil. Bu hiss əməli sübuta söykənib. Tağıyevin Vətənə olan məhəbbəti yalnız onun əməli sübutlarında təzahürünü tapıb.

 

Səlis danışığı, görünüşü ilə bir ziyalı, əsl xanım, alicənablıq təsiri bağışlayan müsahibim söhbətini elə bu tərzdə də başa vurmağı bacardı.

 

- Böyüyüb boya-başa çatdığım ərazidə əsas yəhudilər, ruslar yaşayırdı deyə, məktəb yaşına qədər yalnız rus dilində danışa bilirdim. Məktəb vaxtı çatanda atam məni birmənalı olaraq Azərbaycan məktəbinə yazdırdı. Bu gün atama o qədər minnətdaram ki, sözlə ifadə etməyə acizəm. Düşünürəm ki, rus təhsilli olsaydım, tamam başqa sahə üzrə gedərdim. Lakin atam bu addımı ilə mənim əsi ziyalı mühitində yetişməyimə səbəb oldu. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuşam. Həm sovet dövründə, həm də müstəqil Azərbaycan gənclərinə dərs demişəm. Və hər iki dövrün gəncləri arasında bilik səviyyəsinə görə fərqin olmadığını görmək məni çox sevindirirdi. Gənclərimiz o qədər vətənpərvər idilər ki, bizə qarşı haqsız torpaq iddiası qalxanda, hamı vuruşmağa hazır idi. Nəticədə elə o gənclərin həm özləri, həm övladları 30 il çəkən bir münaqişəyə 44 gün ərzində son qoydular. Bu qüruru yaşamaq hər şeyin fövqündədi.

 

Səmimi bir etiraf etmək istəyirəm. Bu gün çox inkişaf etmiş bir cəmiyyətdə yaşayırıq. Amma insanlar arasında əvvəlki istilik, qaynayıb-qarışmaq, gediş-gəliş soyuyub. Mobil telefonlar, sosial şəbəkələr, internet üzərindən görüntülü əlaqələr məkan baxımından qənaətbəxş olsa da, insanların keçmişdəki ünsiyyətini geridə qoymağı bacarıb. Əslində bunu dövrün, zəmanənin üstünə yıxmağı, özümüzə haqq qazandırmaq kimi qəbul edirəm. Elə məqamlar, elə hisslər, elə yaşananlar var ki, onları bir adət kimi qorumağı vacib bilirəm, çünki belə özəlliklərin dəyəri ölçülməzdir.

 

P.S. Söhbətimiz bitmişdi və mən artıq bir az əvvəl qalxdığım bu möhtəşəm iqamətgahın pillələri ilə aşağı enirdim. Gözlərimin özündə bir milyonçunun səfil qızının siması, qulağımda isə onun: "Ömrümün sonuna bir gün qalmış olsa da, mən atamıın kapitalist deyil, böyük maarifpərvər, millətini sevən, xalqı üçün hər şeyin yaxşısını istəyən bir xeyriyyəçi olduğunu sübut edəcəyəm" sözləri səslənirdi.

 

Tamilla M-zadə

 

525-ci qəzet.- 2022.- 11 may.- S.14