Səhnəmizin "Bəxtiyar"ından qalanlar  

 

 

 

"Yumor, qəhqəhə, hüzur, xoşbəxtlik... Bunlar sağlamlığa güc verir. Yaxşı bir yumor həkimin əlindən qoruyar", - deyib braziliyalı həkim Drauzio Varella. Bugünlərdə teatrsevərlər yumor, hüzur bu kimi gözəl hissləri Musiqili Teatrda yaşadılar. Belə ki, mayın 6 7-i Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Bəxtiyar" musiqili komediyasının premyerası keçirildi. Ekranda görməyə öyrəşdiyimiz bədii film ilk dəfə səhnə əsəri kimi nümayiş olundu. Tamaşa böyük rəğbət qazandı, çox sevildi desək, yanılmarıq. Bunu dəqiqələrlə çəkən alqışlardan, fasilə zamanı belə tamaşaçıların zalı tərk etməyib, maraqla əsəri gözləməsindən sezmək mümkün idi.

 

Akademik Musiqili Teatrın baş rejissoru Cavid İmamverdiyevin quruluşu əsasında səhnələşdirilən tamaşanı ikinci premyerasında izlədik. Xalq artisti Rəşid Behbudovun ekranda həyat verdiyi, bənzərsiz səsə malik neftçi Bəxtiyarı səhnədə istedadlı gənc aktyor, Musiqili Teatrın solisti İbrahim Əlizadə canlandırırdı. Gözəl səsi peşəkar oyunuyla tamaşaçıların könlünü oxşayan solist böyük rəğbət qazandı. Dəcəl, ipə, sapa yatmayan, bir o qədər kövrək Saşanı isə gözəl istedadlı aktrisa Mehriban Zaliyeva təqdim etdi.

 

"Qaynana" filmiylə yaddaşlarda iz qoyan, Ayazın köməyinə gələn dostu- İlqar obrazı başda olmaqla, illər ərzində həm səhnədə, həm ekranda canlandırdığı bir-birindən gözəl, maraqlı rollarıyla sevdiyimiz Xalq artisti İlham Namiq Kamal bu dəfə "Bəxtiyar"ın pulgir Ağabalası kimi tamaşaçı qarşısına çıxdı. Həyat verdiyi hər rolu böyük həvəslə oynayan sənətkarımız izləyənlər tərəfindən dəfələrlə alqış yağmuruna tutuldu. Bəxtiyar Saşanın uşaqlıq dostu Yusifi isə sevilən Əməkdar artist Əkbər Əlizadə canlandırırdı.

 

Tamaşa boyunca görkəmli bəstəkar Tofiq Quliyevin bəstələri ilə sanki nostalji səyahətə çıxdıq. Canlı orkestrın ifası, aktyorların maraqla oynaması biz izləyiciləri oyunun içində onun bir parçası kimi hiss etməyimizə şərait yaratdı. Dostlarla birgə izlədiyimiz "Bəxtiyar" tamaşasının ilk izləyicilərindən olmaq da bizim üçün ayrıca həyəcanverici qürurlu idi.

 

Sözsüz ki, ərsəyə gələn tamaşaların arxasında böyük əmək zəhməti keçən peşəkar heyət, yaradıcı kollektiv var. Onlardan quruluşçu dirijor, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssam Elşən Sərxanoğlu, xormeyster, Əməkdar artist Vaqif Məstanov, rəqslərin tərtibatçısı Elvira Əzizova, dirijor Səməd Süleymanlı, konsertmeyster Fidan Babayeva, rejissor assistentləri Zaur Əliyev Afər Tağıyevanın da adını qeyd etməliyik. Xalq artisti Fatma Mahmudova, Əməkdar artist İqrar Salamov, aktyorlar Elçin İmanov, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Hüseyn Əlili, Ülviyyə Əliyeva, Nigar Qarayeva, Zaur Əliyev, Əli Kərimov, Murad Əliyev, Cəbrayıl Cəbrayılov başqaları maraqlı, yaddaqalan obrazlarıyla əsərə rəng qatdılar.

 

Azərbaycan kinematoqrafiyasının incilərindən olan "Bəxtiyar" filmi insanlara o qədər doğmadır ki, bu adı eşidəndə kiçikdən böyüyə hər kəsin üzünə təbəssüm qonur. Elə bədii filmin adı kimi insan da bəxtiyar olur. İzləyən hər kəs bu əsərdə ömründən bir hissə tapa bilər. Yəqin ki, az olmayıb uşaq vaxtı qonşunun bağından xəbərsiz meyvə dərənlər. Sevgisini hələ dilləndirməyib: "Ah, niyə sənin mən, Tuta bilmirəm əllərindən?" - deyənlər az deyildir. Sonra isə qəlbini açıb:

 

"Sənin bu gün mən,

 

Gəl tutum əllərindən.

 

Nə qəşəngsən, nə gözəlsən,

 

Bu səhər sən, sevgilim", - deyə söyləyib, qovuşanlar da az olmaz.

 

Onu da qeyd edək ki, tamaşanı izləyənlər sırasında tanınmış sənət nümayəndələri ilə birgə, hər yaşdan sıravi tamaşaçı da görmək mümkün idi. Valideynləri ilə teatra gələn azyaşlılar isə səhnədə olan xoş ab-havanın sehrinə qapılıb səssiz-səmirsiz, böyük bir maraqla əsəri izləyirdilər.

 

Uğurlu tamaşanın gücü həm də ondan ibarətdir ki, onun möcüzəvi aurasından hələ günlərlə çıxa bilmirsən; qulağından musiqinin səsi, gözündən səhnədəki maraqlı görüntü itmir.

 

"Əziz dost" mahnısı ilə sona yetən bu əsərdə dostluq bağları, saf sevgi duyğularının təzahürü insanı riqqətə gətirir. Bu gözəl duyğuları izləyiciyə ötürə bilən əsərə "uğurlu" epitetindən başqası yaraşmaz.

 

 

Fidan TÜRK

 

525-ci qəzet.- 2022.- 11 may.- S.12.