"Əsrlərin sirri"ndə əks olunan parlaq həqiqətlər

 

Azərbaycan ədəbiyyatında dünya şöhrətli şair və mütəfəkkir olan Nizami Gəncəvinin obrazının canlandırıldığı müxtəlif həcmli və müxtəlif janrda əsərlərin içində bütövlükdə şairin həyatına həsr olunmuş bədii nümunə Oqtay Salamzadənin "Əsrlərin sirri" romanıdır, deyə bilərik. Hələ keçən əsrin 80-ci illərinin sonlarında yazılaraq ərsəyə gələn romanın çox yaddaqalan tarixçəsi vardır. Belə ki, əsərin yazılmasında, mövzusunun seçilməsində klassik irsimizin, xüsusilə Nizami Gəncəvi şəxsiyyətinin, dühasının, yaradıcılığının araşdırılmasının böyük himayədarı Ulu öndər Heydər Əliyevin bənzərsiz xidmətləri olub. Mərhum Oqtay Salamzadə yazırdı: "Dahi şəxsiyyət, Ümummilli liderimiz Heydər Əliyevlə 1989-cu ildə Moskvadakı görüşümüz zamanı Nizami Gəncəvinin həyatından bəhs edən "Əsrlərin sirri" kitabımı ona hədiyyə edərkən, o mənə dedi ki, Nizami ilə kifayətlənmə, Füzulidən də yaz, çünki onun da ədəbi irsi bizim üçün əvəzsizdir. Füzulinin təsiri altında Üzeyir Hacıbəyli, alimlər, rəssamlar gözəl əsərlər yaradıblar. Sən də milli mədəniyyətimizə "Əsrlərin sirri" kimi əsərlə yanaşı, Füzuli fəlsəfəsindən və sevgi iztirabından bəhs edən bir əsər bəxş et! Füzuli bizim mənliyimizdir!"

 

Oqtay Salamzadənin "Əsrlərin sirri" romanı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin sələflərindən, özünün keşməkeşli həyatından və "Xəmsə"nin müqəddəs milli irsimizin ən dəyərli abidəsi kimi qorunub hifz edilməsindən bəhs edən üç hissədən ibarətdir. "Gəncə qapısı", "Peyğəmbərin adaşı", "Qızıl şir dəfinəsi" adlanan bu hissələrdə Nizami Gəncəvi ilə yanaşı fəaliyyət göstərən bir sıra dünya şöhrətli dövlət və mədəniyyət xadimlərinin, xalq qəhrəmanlarının sənədli-bədii obrazları yaradılmış, ümumxalq hərəkatlarının möhtəşəm lövhələri sənətkarlıqla təsvir edilib. Romandakı hadisələr XI-XII əsrlərdə cərəyan edir. Gözlərimiz önündə Azərbaycanın qüdrətli Atabəylərinin, Əbül Əla, Xaqani, Mücirəddin Beyləqani kimi şairlərinin, Xacə Ömər, Əbu Bəkr Qəzənfər, İmadəddin Dövlə, Əhsətan, üsyankar Bəndər kimi şəxsiyyətlərin obrazları canlanır. Rüstəm Əliyev əsərin məzmunu haqqında düşünürdü ki, "Əsərdə yüzlərlə obraz var. Bunların hamısı bilavasitə Nizami ilə bağlıdır. Bu boyda sanballı əsərdə Nizamiyə dəxli olmayan nə obraz var, nə hadisə, nə də söz... Şairin ulu babası Müəyyəddinin, babası Zəkiəddinin, atası Yusifin, Gəncə qapısı düzəldən usta İbrahimin, uğursuz qasid Bayburanın və onun sədaqətli Yigidçukunun surətləri, habelə şairin dayısı Xoca Ömərin surəti və onların fəaliyyəti ilə bağlı hadisələrin yerli-yataqlı təsviri həmin o zəmini hazırlayır ki, onun üstündə pyedestal kimi Nizami Gəncəvinin nəhəng şəxsiyyəti ucalacaqdır".

 

Rüstəm Əliyev əsərin daha bir sahədə - Gəncənin ədəbi abidəsinin ucaldılmasında da əhəmiyyətindən bəhs etməklə O.Salamzadənin ədəbiyyat tariximiz üçün gördüyü işin qiymətini vermişdi: "Gəncənin təsviri, onun təkamülü və intibahı romanın ana xəttini təşkil edir. Gəncənin hələ indiyədək belə nəhəng abidəsi ucaldılmayıb! "Əsrlərin sirri" Gəncənin himnidir!"

 

Rüstəm Əliyev O.Salamzadənin öz əsərində Nizaminin nitqilə verdiyi fikirlərin uydurma olmadığını bildirərək, romanın ərsəyə gəlməsində öz rolundan da bəhs edirdi: "Mən əsəri hələ əlyazma şəklində olarkən həvəngdəstədə yaxşıca "döyüb" suyunu çıxarmışam".

 

R.Əliyev "Əsrlərin sirri" romanının müəllifinin sənətkar qüdrətini dərin hissiyyatla ifadə edərək yazırdı: "Mənə elə gəlir ki, gözlərimizin qabağına gətirmək istədiyimiz bu adamların surətlərini ancaq bədii sözün ecazkar qüdrətilə yaratmaq mümkün idi. Bax, mən romanın məhz bu məziyyətini xüsusilə qeyd etmək istəyirəm. Özüm hissiyyatlı, emosional adamam, lakin "Əsrlərin sirri" romanının səhifələrindən qalxıb ətə-qana dolan obrazlar ən soyuq baxışları belə öz hərarəti ilə isidə bilər. O vaxt əsərə o qədər qeydlər etmişdim ki, və elə qeydlər etmişdim ki.., bunu Oqtaya ancaq xeyri oldu". Alim bu qeydlərin nədən ibarət olduğunu da sadalayırdı: "Bundan sonra əsər müsəlman ruhanisi Aydoğmuşun gözəl obrazı ilə zənginləşdi, bundan sonra Qospodin Çudra romana gözəllik gətirdi, bundan sonra biz sovet ədəbiyyatında ilk dəfə Çingiz xanın "müsbət" obrazı ilə rastlaşdıq, bunun nəticəsində Qızıl Arslanla Nizaminin görüş yeri dəqiqləşdirildi. Şəmsəddin El-Dənizin möhtəşəm surəti səhifələrə həkk olundu..."

 

Oqtay Salamzadənin romanı özündən əvvəlki əsərlərdən bir də burada ilk dəfə olaraq Nizami Gəncəvinin yaxın dostu, dövrünün görkəmli şəxsiyyəti olan ədib Əbu Bəkr İbn Xosrov Əl Ustadın obrazının yaradılması ilə fərqlənir. Bu cəhətdən də əsərin müəllifi öz yorulmaz tədqiqatçılğı ilə Nizamişünaslığa bir çox yeniliklər gətirmiş Rüstəm Əliyevə borcludur. Əbu Bəkr İbn Xosrov Əl Ustad haqqında ilk məlumatlara Rüstəm Əliyevin və görkəmli alim Ziya Bünyadovun tədqiqatlarında rast gəlirik. Ədib haqqında ilk məlumatları onun dövrümüzə qədər gəlib çatmış hələlik yeganə əsəri "Munisnamə"nin müqəddiməsindən əldə edirik. "Munisnamə" əsəri dünya elmi ictimaiyyətinə XX əsrin yetmişinci illərində ingilis alimi Q.M.Merldit-Quensin əlyazma nüsxəsini aşkar etməsi sayəsində məlum olmuşdur. Azərbaycan elmində isə bu xidmət Ziya Bünyadov və Rüstəm Əliyevə məxsusdur. Z.Bünyadov 1978-ci ildə rus dilində nəşr olunan "Azərbaycan Atabəylər dövləti" əsərində onun haqqında məlumat vermişdi. Rüstəm Əliyevin isə bu barədə "Nizaminin məlum müasiri" "Ədəbiyyat və incəsənət" qəzetinin 14 sentyabr 1979-cu il tarixli nömrəsində işıq üzü görmüşdü. Rüstəm Əliyevin elmimizə ən böyük xidməti onun "Munisnamə" əsərini rus dilinə tərcümə edərək geniş tədqiqata malik ön sözü ilə bərabər 1991-ci ildə çap etdirməsidir. Oqtay Salamzadə də öz əsərində bu yeniliklərdən müvəffəqiyyətlə bəhrələnmişdi.

 

 

 

Əbu Bəkr İbn Xosrov təxminən XII əsrin qırxıncı illərində Gəncədə anadan olmuşdu. Nizami kimi o da doğma şəhərində təhsil almış və elmdə yüksək uğurlar qazanmışdı. Gəncənin baş məscidində təlim verirdi. O, incə poetik və yaradıcılıq istedadına da malik idi. Öz poemaları və dövrünün əsaslı nəzəriyyələri sahəsində geniş elmi bilikləri sayəsində Əbu Bəkr Atabəylərin nəzərini öz üzərinə çəkdi, saraya dəvət aldı və gənc şahzadələrin təlim və tərbiyəsinə müəllim təyin olundu. Əbu Bəkr tezliklə Atabəylərin etimadını və hörmətini qazandı, üzərinə düşən məsuliyyəti otuz ildən artıq ürəkdən yerinə yetirdi və nəticədə "Əl-Ustad" tituluna layiq görüldü. Nizami Gəncəvi və Əbu Bəkr İbn Xosrov Əl Ustadın etik, estetik və sosial-siyasi baxışlarının oxşarlığı, onların əsərlərin söz hörgüsündəki qeyri-adi yaxınlığı, hər ikisinin eyni məkanda yaşamaları, eyni şahlara - Məhəmməd Cahan Pəhləvana, Qızıl Arslana, Əbu Bəkr Nüsrətəddinə əsərlər ithaf etmələri, həmçinin, yaşıd olmaları Rüstəm Əliyevə bu iki nadir şəxsiyyətin yaxın dost olmaları qənaətinə gəlməyinə əsas verirdi. Rüstəm Əliyev şübhə etmirdi ki, onlar ikisi bir yerdə əsərlər mütaliə etmiş, bədii yaradıcılıqla bağlı fikirlərini bölüşmüş, bir-birlərinin əsərlərini oxumuş və məsləhətləşmişdirlər. Həqiqətən də, alimin fikirlərini doğruldacaq ən etibarlı mənbə olaraq Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərindəki məlumatlar oxucunun da söylənənlərə etimadını artırır. Nizami Gəncəvi "Kitab üçün üzr" bəhsində özünə çox yaxın bir dostundan bəhs edir. "Xeyli mehriban və vəfadar bir dostunun" ona olan məhəbbətini belə ifadə edirdi:

 

Şir kimi arxaydı mənə hər zaman,

 

Düşmənə qılıncdı, mənəsə qalxan.

 

Rüstəm Əliyev bir beytin açılışı ilə bağlı olaraq və Əbu Bəkr İbn Xosrovla əlaqəsini görərək yazırdı: "Munisnamə"nin əlyazmasının vərəqlərinin birinin üstündə "Əbu Bəkr Qəzənfərin "Munisnaməs"i" qeydi vardır, bu da Əbu Bəkr İbn Xosrovun öz adı Qəzənfər olmuşdur ki, bu da hərfi mənada "şir" deməkdir. Nizami "o mənə şir kimi arxaydı, düşmənə isə qılıncdır" deyəndə bu şiri nəzərdə tuturdumu?!" Oqtay Salamzadənin bu məlumatları öz əsərində ətraflı işıqlandırılması Rüstəm Əliyevin elmi araşdırmalarının onun yaradıcılığına böyük təsirindən danışmağa əsas verir.

 

Oqtay Salamzadə Nizami Gəncəvinin ədəbi şəxsiyyətinin bədii inikasını yaradarkən Rüstəm Əliyevin tədqiqatlarından bəhrələnməklə şairin ictimai-dini baxışlarının əsaslarını doğru işıqlandırmağa nail olmuşdur. Bu barədə Nizamişünas alimin fikirləri maraq doğurur: "Yox, yox, oxucu, sən "Əsrlərin sirri"ni açanda görəcəksən ki, Nizami kasıb olmayıb, Nizami "kommunizm"i və rusları vəsf etməyib, Nizami Allaha, sonuncu peyğəmbərə, padşahlara qarşı üsyan etməyib, o, "Allah" deyib həqqə inanan, "peyğəmbər" deyib, onun kimi saf ömür sürən, "padşah" deyib onu rəhmə, ədalətə səsləyən, öz doğma yurdu Gəncəni, öz doğma Atabəylərini, ölkənin müsafirlərini, tarixinin keçmişini bəşəri məhəbbətlə təsvir edən dahi bir adam olub". Rüstəm Əliyevə görə, "Nizaminin qeyri-adiliyi - belə bir şey yoxdur, Nizami gerçəkliyin dahiyanə təzahürüdür, belə bir dahiliyin məhz Azərbaycanda, Gəncədə meydana gəlməsi isə tarixi zərurət idi". Alim Gəncəni Nizaminin yetişdirə biləcək yeganə zəmin kimi qiymətləndirirdi. Gəncənin ədəbi mühiti də onun təbiəti kimi bu zəminin bir parçasıdır: "Təbiət kimi cəmiyyət də öz toxumunu hara gəldi səpmir və bu toxum harda gəldi yox, məhz şərait olan yerdə cücərir: dən qara torpaqda gizlənməsə, nə gül-çiçək, nə də bağ olar. Bunu da Nizami deyib".

 

Oqtay Salamzadənin "Əsrlərin sirri" romanının ehtiva etdiyi tarixi və ədəbi faktları Rüstəm Əliyevin elmi yeniliklərinin bədii ədəbiyyatda təzahürü kimi görürük. Müasir ədəbiyyatşünaslığımızdakı Nizamişünaslığın inkişafının ədəbiyyatımıza təsirini bu sahədə mütərəqqi hadisə kimi qiymətləndiririk.

 

 

Əlimuxtar MUXTAROV

Filologiya üzrə fəlsəfə doktoru

(AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzi)

 

525-ci qəzet.- 2022.- 12 may.- S.13.