Un... Qar... Dövlət tükü...

 

Təzəcə qaynara düşən dolma ətri, güzgü kimi parlaq döşəmə, yatağın üzərində iki yığın qatlanmış paltar. Aynanın qarşısında əyləşən yorğun qadın şüşəsi qırıq daraqla saçlarını darayır. Tüklər tez-tez əllərinin qabarına ilişir. Yoğun barmaqlarını tellərinin arasında gəzdirərkən bir ilan ona dolanır. Qadının baxışlarında qorxu təəccüb var. Bu bəmbəyaz tükü onun başına kim qoyub, görəsən? "Bəlkə, səhər-səhər çörək bişirəndə əlimin unu bulaşıb?" - deyə düşünüb təmizləməyə çalışır, alınmır. Amma yox, bu un işi deyil. Evin bütün ağırlığını çiyinlərinə götürən qadın, bəlkə, yuvasını dağıtdığın hörümçək torunu saçlarına dolayaraq qisas alır. Sən can almaqdan zövq almırsan, amma mətbəxi ağuşuna alan qarışqaları, küncdə-bucaqda vurnuxan tarakanları da kimsə öldürməlidi axı. Gecə-gündüz əlləşdiyin xarabanın günahı da sənin boynunadı... Bəlkə, məktəbdə boğazını yırta-yırta dərs izah edəndə işlətdiyin tabaşirin tozu səpilib başına? Əlinlə yoxlayıb elə olmadığını görürsən. "Bəs tabaşir deyilsə, nədir?" - deyə düşünürsən. "Yox, yox, bu, qar olacaq... Səhərdən səngimək bilmir. Mütləq paltarları sərəndə ələnib saçıma". Yəqin, qar da şəfqətindən bir pay almaq üçün tellərinin arasına sığınıb. "Bunun başqa izahı ola bilməz. İyirmi yeddi yaşında da baş ağararmı?" Eh, yorğun qadın, hardan biləsən ki, ağaran təkcə fərəhlə baxdığın yuyulmuş mələfələr deyil, həm saçlarındı...

Başqası olsa idi, "dövlət tüküdür",- deyib sığal çəkərdi. Amma sənə əsəbdən başqa bir şey vermir. Hələ təmiz paltarları ipdən asmaq, soyuducunu təmizləmək, qabları silmək, uşaqlara yemək vermək, ərini qarşılamaq lazımdı. Nazını çəkməli bir tükün çatmırdı. Həm dünyada saçları ağappaq o qədər kasıb var ki... Amma onların iyirmi yeddi yaşı yoxdu axı... Qəm çəkmə, cəfakeş qadın. Qopar, qopar onu, qoyma o biri tellərini də aldada. Səni əmin edirəm ki, dünyanın heç bir xəzinəsi saçlarının əvəzi deyil. Onlar belə gözəldilər, qapqara, lap zülmət gecə kimi... Kaş ki, zibil qabına atdığın tük ilkson ola idi. Əfsus... Neyləyək ki, dünya ipək qoxulu saçlarına rəhm edəcək qədər mərhəmətli deyil. Gün keçdikcə unlu əllərinlə başına daha çox toxunacaqsan, buludlar elə hey qar ələyəcək, tabaşirlər ovulub töküləcək, hörümçək torunu daha acıqla saçlarına dolayacaq. Yavaş- yavaş birçəklərin rəngini dəyişəcək, sonra alnına tökülən tellərin ağaracaq, hörüklərinə dən düşəcək. Ondan-bundan eşitdiyin min cür şeyi başına sürtəcəksən, heç bir faydası olmayacaq... Bir də görəcəksən ki, saçların da dərin kimi bəmbəyazdı. Tez boyaların üstünə qaçacaqsan, keçmiş rəngini geri qaytarmaq istəyəcəksən. Sənə bir sirr verim: onlar heç vaxt əvvəlki kimi olmayacaqlar. Bir min olacaq, min minlər. Çiynində, belində, xalçanın, döşəmənin üstündə özlərinə yer edib əsəblərinə toxunacaqlar. Çox təmizləyəcəksən, daha çox töküləcəklər. Bir müddət sonra məğlub olduğunu görüb mübarizəni dayandıracaqsan. O sevmədiyin bəyazını iki yerə ayırıb hörəcəksən, düyünləyib yaylıq altda gizlədəcəksən. Çox gec olsa, bir gün başa düşəcəksən. Anlayacaqsan ki, ömrün boyu qaçdığın tük deyil, həyatın özüdür.

 

 

Gülşən NAİL

 

525-ci qəzet.- 2022.- 13 may.- S.14.