Dul qadının tənhalığı

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Ruhiyyəni son vaxtlar ünvanına göndərilən xoş təkliflərlə yanaşı, belə acı fikirlər də çox məşğul edirdi. O, bütün dünyanı da gəzib dolaşsa, geoloqlar faydalı qazıntılar sorağında axtarışa çıxan kimi, hətta torpağı zədələyib, çox sayda şurflar açmaqla, qalan günlərini də axtarmaqda keçirsə də, Hüseynə bərabər olanı, ikinci Hüseyni - özünün alter eqosunu tapmayacaqdı. O, bəlkə də, bədəvi ərəblər kimi günəşdən qorunmaq üçün xurma palmasının kölgəsinə sığınacaqdır, lakin bir az sonra anlayacaqdır ki, onun kölgə saydığı, əslində, mövcud deyildir, heç bir sərinlik hiss etmir, günəş əvvəlkitək onu amansızcasına yandırmaqda davam edir. O, qızmar günəşdən qorunmaq istəyirdi, az sonra başa düşdü ki, özü özünü aldatmışdır.

 

Ruhiyyə eşitmişdi ki, Rusiyadakı meşələrin çoxluğu və böyüklüyü bizdə olan kimi, onlara elə bir ləzzət vermir. Onlar yalnız qış vaxtı meşəyə girdikdə istirahət etmiş kimi olurlar, yayda isə meşədəki həşəratlar adamlara bu yaşıllıqdan həzz almağa, onların təmiz oksigeni ilə nəfəs almağa imkan vermir, ora girdiyinə də peşman olursan. Ailə qurmaq da Rusiya meşələrini xatırladır, onların ürəyə yatan təsiri qış dövrü başa çatanda qurtarır, yayda isə böcəklərin qorxulu sancması az qala meşəyə nifrət hissləri aşılamağa başlayır. Bizdə isə meşələr yazda, yayda öz gözəl libasını geyindikdə daha füsunkar olur. Nikah daha çox rus meşələrini andırır, qısa müddətdə hətta şaxtaya baxmayaraq, sən onun yaratdığı mühitdən həzz alırsan, bir müddət keçəndən sonra isə həmin göz oxşayan mənzərə yoxa çıxır, səni sancmağa çalışan həşəratlar ovunun gəldiyini hiss edib qızışır, cəngavərlər kimi sənə hücum çəkirlər. Bəziləri hətta sancması ilə ensefalit xəstəliyi əmələ gətirdiyindən, adamı ölümə məhkum edir.

 

Nikah da həşəratların, istər bu daxili, ya xarici olsun, fərqi yoxdur, təsirinə məruz qaldıqda, gətirdiyi ağrıya və sonrakı xəstəlik simptomlarına görə dözülməz xarakter daşıyır. Gənc qız xoşbəxtlik sorağında gözəgəlimli, qəşəng hesab etdiyi bir oğlana vurulmuşdu və ona ərə getməyi xoşbəxtlik qəsrinə sahib olmağa bərabər hesab edirdi. Bir müddət keçəndən sonra, ərinin qüsurlarını, eybəcər xüsusiyyətlərini görəndə peşman olmağa başladı, sonralar ağlın itilik qəbul etməsi də artıq kara gəlmirdi, yeganə yol ayrılmaq, ondan uzaqlaşmaq idi. O, ərə gələndə arzuların qanadında uçur və güman edirdi ki, onlardan biri ölənə qədər, fövqəladə hadisə baş verməsə, deməli, qocalana qədər bu ittifaqın sehrli bağında yaşamaqdan həzz alacaqdır. Sonradan başa düşdü ki, özünü aldatmışdır, ərə getdiyi adamı hərtərəfli tanımamışdır, çünki onun söhbətə qatılması, başqaları kimi gülməsi də ərinə xoş gəlmirdi və onun qabalığı, kobudluğu, adamların yanında arvadının üstünə qışqırması, ona yerli-yersiz irad tutması adi hal idi. Əri xüsusən qohumlarının yanında qızışır, özünü ailədə hegemon göstərmək üçün arvadına əyri-əyri baxmaqdan da çəkinmirdi. O, həm də kollektiv üzvləri arasında çox mülayim insan kimi tanınırdı, hamı onun dilinin şirinliyindən, adamları oxşayan xoş sözlərindən razılığını bildirirdi. Evdə isə əqrəbə dönürdü, sancmasa, qışqırmasa, təhqir etməsə, özünə yer tapa bilmirdi. Arvadını təhqir etmək onun üçün nişanlı vaxtı təqdim etməkdən həzz aldığı gül dəstəsi rolunu oynayırdı.

 

Arvadının mətbəxdəki xidməti, evdəki səliqə-sahmanı da onun xoşuna gəlmirdi, bir bəhanə uydurub onu zəhərləyirdi. Bişmişin duzlu, ya duzsuz olması evin ən mühüm müzakirə mövzusu idi və özünün dediyini yeganə həqiqət kimi qəbul etdiyindən, arvadının fağır qaydada izahat verməsinə cəsarət etməsi isə onu daha da hirsləndirir, cin atına mindirirdi. Arvadına əl qaldırmaq da onun münasibət formalarından biri olmaqla, hirsini soyutmaq vasitəsi idi. O, köpüb daşan südə bənzəyirdi, bu südü yatırmaq üçün bir damcı soyuq su kifayət olduğu halda, bu adama yalnız qohumlarının atdığı soyuq su təsir göstərə bilirdi, arvadının hətta olmayan günahı öz üzərinə götürməsi də onu sakitləşdirə bilmirdi.

 

Ruhiyyə qonşularında yaşayan bir gənc ailənin timsalında bunları görmüşdü. Cavan oğlan qonşularla çox mehriban davranırdı, onların istənilən işinə yaramağa hazır idi. Öz arvadına isə düşmən ordusundan götürülmüş əsir kimi baxırdı. Evə daxil olan kimi səsi gəlməyə başlayırdı, qışqırığının kənara çıxması imkanı da ona elə bir təsir edə bilmirdi. Arvadını əsəbiləşdirmək üçün deyirdi ki, mən səhvimi özümə bağışlaya bilmirəm, tələbəlikdə dostluq etdiyim yəhudi qızına evlənsəydim, indi İsraildə yaşayardım və yəhudi-azərbaycanlı əlaqələrindən yaxşı pul qazanardım.

 

Onda bədbəxt oldum ki, sənə ürcah çıxdım və səninlə evləndim, elə bilirdim ki, xəzinə tapmışam. Lakin yuvada ilanın olduğunu gördüm. Çəkdiyim əziyyətlər havayı getdi. Nə qədər əziyyətlə çörək qazanıram, evə gələndə istirahət əvəzinə hirs rinqinə çıxmalı oluram, özümə yazığım gəlir.

 

Bəzən tərsinə də olur, arvadlar ərlərini itaətdə saxlamaqla kifayətlənməyib, onlara əl də qaldırırlar. Bir siyasi xadimi evdə arvadı döyəndə, qışqırtısını qonşular da eşidir, bu ədabazdan xoşları gəlmədiyindən bunu başqalarına da danışırdılar.

 

Ruhiyyə fikirləşdikcə, ağlına belə xoşagəlməz şeylər gəlirdi, axı təcrübədə bunların heç birini öz üzərində hiss etməmişdi. Yalnız rəfiqələrinin və tanışların söhbətlərindən belə kolliziyalara bələd olmuşdu. Onun beşillik ailə həyatı cənnətin gözəl bir diyarını, qədim mifologiyadakı Yeluzeiumu-Yelisey çölünü geridə qoya bilərdi. O, Südabə xanımın göstərişi və vəsiyyəti ilə ailə qurmuşdu. Lakin özündə belə bir düşüncə yer tapıb, möhkəmlənmişdi ki, o, doğulandan Hüseynə nişanlanıbmış. Axı Amazonka çayı selvasında yaşayan, başqalarından təcrid olunmuş janomani adlı hindu tayfasında doğulan qız uşağı balacalığından yaşlı oğlana nişanlanır. Bu oğlan onun tərbiyəsi ilə məşğul olur, vaxt yetişəndə onu alır. Bu tayfanın bir cəhəti də sülhsevər olmasıdır. Janomanilər kannibaldırlar, lakin başqa kanniballar kimi əsirləri deyil, çünki onlar qonşuları ilə vuruşmurlar, yalnız ölən nənə-babalarını, ata-analarını yeyirlər.

 

Həyatındakı çox sayda burulğanlardan sonra Ruhiyyənin tale gəmisi ağlına da gəlməyən belə bil limanda lövbər salmışdı. O, admiral Horatsi Nelson barədə oxumuşdu ki, Trafalqar döyüşü vaxtı düşmən gəmisinin göyərtəsindəki fransız snayperinin gülləsi ilə ağır yara alan əfsanəvi dənizçi ölərkən bir neçə dəfə "lövbər" mənasını verən "anchor", "anchor" deyə qışqırmışdı. O, lövbər salmağın həqiqi mənasını hamıdan yaxşı bilirmiş. Gəmi ünvan seçdiyi məntəqəyə gəlib çatdıqda və ya tufandan xilas olub, sakit sahilə yan aldıqda lövbər salır, deməli, o, tam təhlükəsizdir, öz vəzifəsini yerinə yetirmişdir. Allah İova (Job-a) çox əziyyətlər, əzablar, məhrumiyyətlər və həqiqi bədbəxtliklər verəndən sonra anladı ki, onun sədaqətinə söz ola bilməz, heç bir İblis onu yolundan döndərə bilməz. Ona görə də Allah onu cəzalandırdığından da xeyli artıq qaydada mükafatlandırdı, əvvəlkindən də xoşbəxt həyatı yaşamağa məhkum etdi.

 

Ruhiyyə də təvazökarlıqdan kənar olsa da, özünü Allaha sədaqətini heç nəyə dəyişməyən, ən ağır cəzalara məruz qalanda da, ondan üz döndərməyib, mərhəmətinə bir an da olsun şübhə etməyən İova bənzədirdi. O da yeniyetmə yaşlarından zəif çiyninə uyğun gəlməyən, onu əzən yükü daşımalı olmuş, ağır sınaqlara dözmüş, ehtiyac cəhənnəminin odundan xilas olmaq üçün özünü qurban vermək kimi ağır və onun heysiyyətini əzən sınaqlardan da keçmişdi. Lakin o, qəlbinin təmizliyini, insanlara münasibətinin saflığını, onlardan hər cür sitəmlər görsə də, qoruyub saxlamışdı. Tufanlar onun belə təlatümlərə dözə bilməyən kiçik, sınıq-salxaq qayığının yelkənlərini çırpıb dağıtmış, onu uzun müddət quduz dalğaların ixtiyarına buraxmış və də-ələrlə onu məhv olmağın astanasına gətirib çıxarmışdı. Lakin o, öz vicdanının, könlünün natəmizliyə bulaşmasına imkan verməmiş, çox şeyi qoruyub saxlaya bilməsə də, ruhunun şəffaflığını, bakirəliyini qoruyub saxlamışdı. Bəlkə buna görədir ki, fəlakətə tamamilə məğlub olmaq anında da o, gözləmədiyi halda Yusif müəllim kimi nadir bir insana rast gəlmişdi və bu xeyirxah insan qızı xilas etmək kimi ağır bir missiyanı öz üzərinə götürmüşdü. Bibliyaya görə, özünün yaşca böyük və anadan ögey qardaşları, atası Ceykobun ona ölçüyə sığmaz məhəbbətinə və Bencaminlə birlikdə Raxildən yadigar qaldığına görə İosifi məhv etmək qərarına gəldilər, onu bir quru quyuya saldılar. İosifi quyudan çıxarıb Misirə gedən tacirlərə satmaq istədikdə, orada olmadığını gördülər. Sonra onlar keçini kəsib, Yusifin xalatını onun qanına batırdılar və atalarına bunu göstərdilər. Atası inandı ki, onu vəhşi heyvanlar parçalamışdır. O, uzun müddət oğluna yas saxladı. Tacirlər isə onu Misirə aparıb, çarın xidmətçisinə satdılar və çox əzablara dözdükdən sonra faraonun etimadını qazandı və İosif bu böyük ölkənin qubernatoru oldu. Faraon yuxusunu yozan bu oğlanın müdrikliyini görmüşdü. Otuz yaşında o, artıq çara xidmət edirdi. Misiri öz ağlı ilə aclıqdan xilas etdi və onu öldürmək istəyən qardaşlarına da köməklik göstərdi.

 

Yusif müəllimin müqəddəs adını daşıdığı peyğəmbər çox sayda əhalini aclıqdan xilas etdiyi kimi, o da başqalarına nə yaxşılıq edib-etməməsi bilinməsə də, Ruhiyyəyə ağlasığmayan mərhəmətlilik göstərmiş, onun həyatında xoşbəxtliyə yol açan bir dəyişiklik etmişdi. Ruhiyyə üçün Yusif müəllim öz adaşı olan peyğəmbərdən heç də geri qalmırdı. Həm də bu qız vicdanını təmiz saxlaması, onun çirklənməsinə imkan verməməsi ilə arzuladığı azadlığa nail ola bilmişdi. Məhz öz xilaskarının təsiri ilə köhnə, biabırçı peşəsindən uzaqlaşmış, ağır zəhmətə qatlaşıb və surroqat ana hamiləliyini də üstünə götürərək, ailəsini dolandıra bilmişdi. Sonra ona ikinci xilaskarı Südabə xanım rast gəlmiş və bu gözəl insanın təkidi ilə o, öldükdən sonra onun əri Hüseynlə ailə qurmuşdu. Onun bəxti üçüncü dəfə də gətirmişdi, Hüseyndə o, özünün yenidən çiçəklənməyə başlayan dünyasını tapmış, ikisinin qanının sintezindən yaranmış Hamnet kimi gözəl oğlanları olmuşdu. O, yadına saldı ki, İblis Allaha demişdi ki, sən İova yalnız hər şey verdiyinə görə o, sənə dua edir. Əgər onları onun əlindən alsan, əksinə, sənə lənət yağdıracaqdır. Allah belə də etdi, lakin İovun sədaqətində zərrə qədər də olsa qüsur görmədi və onu lazım olduğundan da artıq qaydada mükafatlandırdı.

 

 

O, daim Allaha sitayiş etmişdi

 

 

Nisbətən qısa həyat yolunda Ruhiyyə çox şeyini itirmişdi, adına biabırçı damğa vurulmasına da səbəb olan hərəkətlər etmişdi, lakin Allaha olan inamını və sədaqətini bir an da olsa itirməmişdi. Onun peşəsinə xidmət edənlərin çoxu özündə günah görmədiklərindən, onları bu günə salan Allahdan narazılıq edirdilər, çirkaba batdıqları halda iyrənc dilləri ilə öz vəziyyətlərindəki fəlakəti Yaradanın mərhəmətsizliyi ilə əlaqələndirirdilər.

 

Ruhiyyə isə Allaha şükür edirdi ki, o, heç vaxt onu dünyaya gətirən və bu dünyanı idarə edən varlığa qarşı heç bir şübhəyə düşməmişdir. Məgər onun satıcı oğlanla olan sevgi macərasını Allahmı düzəltmişdi, axı yaxşı bilirdi ki, özü əvvəlcə ağlını, sonra isə bəkarətini itirmişdi.

 

Çox sayda qızın taleyi heç də düz xətlə getmir, yoxuşdan, enişdən keçir. Pokahontas Virciniyadakı hindu tayfası başçısının sevimli qızı idi. 1607-ci ildə Con Smitin başçılıq etdiyi 100 ingilis burada, tayfanın qonşuluğunda ilk koloniya yaratdı. Elə həmin il hindular Con Smiti əsir götürdülər və onu edam etmək istəyəndə, cəza növü kimi başını nizə zərbəsi ilə yarmalı idilər, Pokahontas onun başını əlləri içərisinə alıb, onu ölümdən xilas etdi.

 

Hindularla vuruşan kolonistlər 1613-cü ildə bu dəfə Pokahontasun özünü əsir götürdülər və qız xristianlığı qəbul etdi. 1614-cü ildə 17 yaşlı bu qız ingilis Con Ralfa ərə getdi. O, arvadı ilə Londona qayıtdı və bir il sonra, 1617-ci ildə hindu qızı Kentdə öldü. Ona İngiltərədə yaxşı münasibət bəsləyirdilər, lakin o, vətəni Virciniya üçün darıxırdı. Tayfa başçısının xoşbəxt qızı əvvəlcə əsir düşdü, sonra ərə getdi və uzaq Avropada isə həyatdan getməli oldu.

 

Ruhiyyə lap gənc yaşında pozğunluq dünyasına düşmüşdü, onun iyrənc sifətlərini görmüşdü.

 

(Ardı var)

Telman ORUCOV

 

525-ci qəzet.- 2022.- 14 may.- S.22.