"Növbədən qayıdanlar"  

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Bakı Xoreoqrafiya Akademiyasının sənətşünaslıq ixtisası üzrə tələbəsi Şəmsinur Əhmədovadır. Onunla Xalq rəssamı Tahir Salahovun "Növbədən qayıdanlar" əsəri haqqında danışmışıq.

 

***

 

 - Tahir Salahovun şöhrətinə şöhrət qatan rəsmlərindən biri "Növbədən  qayıdanlar" əsəridir. Rəsmin yaranma tarixçəsi haqqında hər hansı məlumat varmı?

 

- Ümumiyyətlə, Tahir Salahov öz yaradıcılığında neft mövzusuna tez-tez müraciət edirdi. Rəssam diplom işi unikal əsərlərindən olan "Növbədən qayıdanlar" əsəri ilə Oktyabr inqilabının 40 illiyinə həsr olunmuş Ümumittifaq Sərgisində iştirak edib.

 

1957-ci ildə çəkilən "Növbədən qayıdanlar" əsəri rəssamın neft mövzusunda ərsəyə gətirdiyi ilk işi olub. Rəsm böyük rəğbətlə qarşılandı, müəllifin şübhəsiz istedadı kimi danışıldı. Hər möhtəşəm əsərdə olduğu kimi, bu əsər haqqında da maraqlı yanaşmalar mövcuddur. Rəsmdə arxa planda rəssam təzə tikilməkdə olan neft şəhərciyini təsvir etməyə çalışıb, daha doğrusu, şəhərin "skeletini". Hətta bu əsərə görə rəssam iki aydan artıq neft daşlarında qalmalı olub. Yekaterina Degot öz məqaləsində "Növbədən qayıdanlar" əsərinin "bütün cərəyanlara qarşı" olduğunu qeyd edirdi.

 

- Tablo hazırda harda saxlanılır?

 

- Rəsm hazırda Sankt-Peterburqda, Rusiya İncəsənət Akademiyasında saxlanılır. Ölkəmizdən kənarda da izləyiciləri valeh etməyə davam edir.

 

- Əsərin rəng koloriti haqqında deyə bilərsiz?

 

- Ölçüsü 165x368 sm təşkil edən rəsm əsərində rəssam daha çox soyuq rənglərdən istifadə edib.

 

- Hətta deyərdim ki, isti rənglər görünmür.

 

- Elədir, dəniz dalğalarından, səmanın rənginə qədər artıq rəssamın hansı hava şəraitini izləyiciyə ötürmək istədiyi bəlli olur. Güclü küləyə doğru, köpüklənən dalğalardan püskürən buludları qoparan neftçilər sarsılmış körpülərlə evlərinə qayıdırlar. Onların simalarında yorğunluq, əzm güc hiss olunurdu. Əsər kətan üzərində yağlı boya ilə çəkilib. "Sərt üslub"da olan rəsm əsəri XX əsr sərgilərində debüt edərək, müasirliyin banisi kimi sayılan əsərlərdəndir.

 

- Sizcə, bu rəsm bizə deyir?

 

- İncəsənət tarixçisi tənqidçisi Yekaterina Degot qeyd edir ki, "Növbədən qayıdanlar" əsərində insanlar nisbətən rahatdırlar, gərginlikdən uzaq, kifayət qədər impressionist rəsm əsərinin küləyi ilə havalandırılırlar. Sözügedən rəsmdə, göründüyü kimi, insanlar küləyə qarşı gedirlər. Bu əsərlə rəssam bizə neftçilərimizin zəhmətini, çəkdikləri əziyyətlərini göstərmək istəyib buna nail olub. Elə bu səbəblərdən rəsm təkcə Azərbaycanda yox, Rusiyada da incəsənətin əlamətdar nümunələri siyahısındadır.

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2022.- 14 may.- S.21.