Zamiq Əliyev:"Tar mənə dünyanın qapısını açdı"   

 

Bu ay 72 yaşını qeyd edəcək Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, tarzən Zamiq Əliyevlə həyatı, tar sənəti, yaradıcılığı haqqında geniş söhbətləşdik.

 

***

 

- Zamiq müəllim, söhbətimizə elə tar sənətindən başlamaq istərdim. Niyə tar?

 

- Bəs olmalı idi ki? (gülür) Bilirsiniz, hər bir fərdin Allah tərəfindən bir qismət payı olur. Görünür, mənim qismətimə tar aləti yazılıbmış. Əlbəttə, asan məsələ deyildi. Çünki tar bizim şah alətimizdir. Həm elə mükəmməl alətdir ki, ona yiyələnmək üçün səndə dözüm, iradə, səbr lazımdır. Tələbələrimə deyirəm ki, bu yerlərə elə-belə gəlib çıxmaq olmur. Çalışmalısan, zəhmət çəkməlisən ki, Allah da o zəhmətinin qarşılığını versin. Bu mənada mənim üzərimə düşən vəzifənin öhdəsindən gəlmişəmsə, xoş mənə. 52 ili bir sənətə həsr etmək asan deyil. Bu illər ərzində yaxşı pis hər şey görüb, hər şey yaşamışıq. Bircə dəyişməyən mənim tara olan sevgim, məhəbbətimdir. Nəyinsə xətrinə sənətdə qalmaq mümkün deyil. Gərək sevəsən onunla yaşaya biləsən. Xoşbəxtəm ki, ilk vaxtlardan böyük sənətkarlarla işləmişəm bu gün onlarla bağlı xatirələrimi tələbələrimlə bölüşürəm. Tarla mən xalqımın sevgisini qazandım, tar mənə dünyanın qapısını açdı onunla bütün dünyanı gəzdim. Onun sayəsində qazanc əldə etdim, ailə qurdum, balalarımı saxladım. Nəhayət, bir zamanlar məzunu olduğum universitetdə 25 ildir pedaqoq kimi çalışıram buranın professoruyam. Tar mənimçün hər şeydir.

 

- Bəs tar sizdən nəyisə alıbmı?

 

- Məndən aldığı tək şey ömürdür ki, indiyədək 52 ilimi bu sənətə həsr elədim. Demərəm ki, yanılmışam, peşman olmuşam. Çünki tarın sayəsində çox böyük uğurlar qazanmışam, sənət aləmində öz imzamı ata bilmişəm. Ona görə demərəm ki, tar məndən nəsə alıb. Əksinə, ancaq verib.

 

- İlk tarınızı sizə atanız almışdı. O tarı əlinizə alarkən keçirdiyiniz hissləri xatırlayırsınız?

 

- Bəli. Atam mənim tar çalmağıma razı deyildi. Çünki fikirləşirdi ki, bununla qazanc əldə etmək, ailə dolandırmaq olmaz. Amma sanki Allah mənim həyatımı tara bağladı. Əgər atam bu gün sağ olsaydı, ona hesabat verərdim ki, bax, tar mənə nələr qazandırdı. Tar mənə elə bir tərbiyə verdi ki, o tərbiyəylə mən bu gün başıdik gəzirəm. Evimdə böyütdüyüm övladlarım da vətəninə layiqli oğullar oldular.

 

- Ömrünüzü fəsillərə bölsəniz, hansı fəsli daha çox yaşamısınız?

 

- Bu ayda, yəni yaz fəslində doğulmuşam. İsti fəsilləri sevsəm , hər fəslin öz gözəlliyi var. Amma may ayı mənimçün xüsusən gözəldir. Çünki bu ay təbiətin oyanan vaxtıdır bu oyanış sənin ömrünə ömür qatır ki, yaşa. Sənət aləmindəki uğurlar da beləcə ömrünə ömür qatır, səni yaşamağa sövq edir.

 

- Peşmanlıqlarınız varmı?

 

- Yox, deməzdim. Çünki hər zaman düz yaşadım, Allah da yolumu hər zaman düz etdi. Sənət uğurlarımdan başqa, ailədə, şəxsi həyatda da çox xoşbəxtəm. Çox gözəl həyat yoldaşım, övladlarım, gəlinim, nəvələrim var. Mən onların hamısıyla fəxr edirəm. İnsana başqa lazımdır ki? Onların uğurlarını görmək üçün Allahdan bir az da ömür sağlam can istəyirəm.

 

- Siz həm bəstəkar kimi tanınırsınız. Mahnılarınızı böyük sənətkarlar ifa edib, dəyərləndiriblər. Mahnı bəstələmək, musiqi yazmaq necə yarandı?

 

- Ömrüm boyu çox böyük, korifey sənətkarlarla çalışmışam, böyük kollektivlərdə işləmişəm. Heç zaman unutmaram ki, mərhum bəstəkarımız Ağası Məşədibəyov mənə inandı, 18-19 yaşımda Filarmoniyaya dəvət elədi mən tələbə ola-ola uzun illər o kollektivdə çalışdım. Ondan sonra "Dan ulduzu" instrumental ansamblının bədii rəhbəri Gülarə xanım Əliyevanın dəvətiylə bu ansamblda çalışmağa başladım. O qədər gözəl kollektivimiz vardı ki, hamımız bir-birimizə bacı-qardaş idik. Onlarla dünyanın çox ölkələrində xarici səfərdə olduq. Sonra Zeynəb Xanlarovanın ansamblını yaratdıq gözəl birliyimiz oldu. O kollektivlə birgə 50-dən çox ölkədə musiqimizi, muğamlarımızı təbliğ etdik. Sonra Ağaxan Abdullayev Ədalət Vəzirovla birgə muğam üçlüyü yaratdıq, dünya səfərlərinə getdik. Sonra fikirləşdim ki, bu sənətə gəncləri cəlb etmək lazımdır yetirməmiz Simarə İmanovayla birgə fəaliyyətə başladıq. Bax, onunla başladı mənim mahnı yazmağım. Çünki onu böyük səhnəyə hazırlaşdırarkən, soruşdum, sən oxuyacaqsan ki, xalq səni sevsin? Dedi, muğamlar, xalq mahnıları. Dedim onları oxuyarsan, onsuz da oxuyublar, sən nəylə seçiləcəksən? Dedi, bəs neyləyək? Dedim sənə təzə mahnılar lazımdır. Yeni mahnı yazmaq da mənim öhdəmə düşdü. Beləcə "Yar bu gecə" mahnısı yarandı. Mahnı oxunanda elə bir rezonansa səbəb oldu ki, dedilər bu, xalq mahnısıdır. Baxın, hər mahnıya xalq mahnısı deməzlər. Sonra fikirləşdim, bu mahnı sevildisə, mənə insanlar deyəcək, bunun davamı hanı, özün yazmışdınsa, niyə indi yazmırsan mahnı? Beləcə sanki öhdəmə düşdü mahnı yazmaq. Düzdür, bəstəkarlıq oxumamışam, amma muğamlarımıza, xalq mahnılarımıza, musiqimizə bələdəm axı. Allah da mənə güc-qüvvət verdi və başladım mətnlər axtarmağa. Bu məqamda Zəlimxan Yaqubun bir neçə şeiri əlimə keçdi, xoşuma gəldi və mahnı bəstələdim. Sonra başqa şairlərin mətnlərinə silsilə mahnılar yazdım. Onları da xalq artistləri, əməkdar artistlər, tanınmış xanəndələr ifa etdilər. Ancaq mən bəstəkar deyiləm. Bəstəkar olmaq üçün uzun bir yol keçməlisən, böyük əsərlər yazmalısan. Həmçinin, xoşuma da gəlməz ki, mənim yazdığım mahnıların altına "anonim" sözü yazılsın. Əgər demək lazımdırsa, mənə bir sıra mahnıların müəllifi deyilsin.

 

 

 

- Siz həm də kitablar müəllifisiniz...

 

- Bəli, Ulu öndər Heydər Əliyevin 85 və 90 illiyinə həsr olunmuş iki kitab yazmışam: "Səhnə arxası görüşlər". Çünki hər zaman Ulu öndər konsertlərdən, tədbirlərdən sonra səhnə arxasına gələr, bizimlə görüşər, fikirlərini bölüşüb, xeyir-dua verərdi. Bütün bunların şahidiyəm. 85 illik yubileyində Mədəniyyət Nazirliyinin dəstəyiylə kitabı çap etdirdim. 90 illiyində isə özümün vəsaitim və dostlarımın köməyiylə üç dildə - Azərbaycan, rusingilis dillərində işıq üzü gördü. Dünyanın 70-dən çox ölkəsinin kitabxanalarına paylandı. Bundan böyük fəxarət olarmı?

 

- 1998-ci ildən etibarən Mədəniyyət və İncəsənət Universitetində çalışır, 25 ilə yaxındır ki, tar sənətini gənclərimizə öyrədirsiniz. Bir pedaqoqprofessor kimi tar sənətinin indiki halını necə görürsünüz?

 

- Çox gözəl. Mən elə bir dövr gördüm ki, tarı toz basmışdı, gitara onu üstələmişdi. Biz xəcalətimizdən heç yerə gedə bilmir, pul qazana bilmirdik. Amma mən deyirdim ki, bu, belə getməz, tar gec-tez öz qürurunu xilas edəcək. Düzdür, gitara da gözəl alətdir, amma o elə yaradılıb ki, bir naşı musiqiçi gitarada səhv nota toxunsa, onun səsi adamı narahat edər. Bu da elə bir dövr idi ki, bilən də, bilməyən də gitaraya axışırdı. Bəli, bu sənətdə də sənətkarlar vardı, amma onların sayı az idi. Məqam elə gətirdi ki, camaat hay-küydən bezdi. Tar isə elə deyil axı. Tar heç vaxt səni incitməz, o, səs-küydən çox uzaqdır, əskinə, onun səsi insanı rahatladır. Hay-küylə tara, muğama qulaq asmaq olmaz ki. Bu gün mədəniyyətə, incəsənətə böyük dövlət qayğısı vartar sənətində də çox gözəl gənclər yetişir. Əsas odur ki, onlar bu sənəti sevərək seçirböyük hünər göstərirlər. Caz və tarın sintezini yaradırlar, yeniliklər axtarışındadırlar. Bu gün gənclərimiz var ki, dünya səhnəsində öz ifalarıyla tamaşaçıları ayağa qaldırırlar. Ona görə də Azərbaycan muğamı bütün muğamlardan seçilir.

 

Təkcə tar sənətində, muğamımızda, mədəniyyətimizdə deyil, elə bütün sahələrdə ölkəmizdə inkişaf var. Bütün dünyaya hərb dərsi verən 44 günlük müharibəmiz və Qarabağ zəfərimiz bizim hərbi inkişafımızdan, vətən sevgimizdən, sağlam ruhlu gəncliyimizdən xəbər vermirmi? Çox şükür ki, müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli ordumuzun, qəhrəman şəhidlərimizin, qazilərimizin sayəsində 30 illik torpaq həsrətimizə son qoyuldu, Qarabağımız geri alındı. Bəs harda görünüb ki, 9 ay içərisində hava limanı tikilsin? Bunu da bizim ölkəmiz bacardı. Zamanında yerlə-yeksan olunmuş o torpaqlarda zəfərdən sonrakı sürətli quruculuq işləri də inkişafımızdan xəbər verir. Düzdür, mənfur düşmənin 30 ildir oraları minalaması nəticəsində hələ ki yaşayış bərpa oluna bilmir. Amma çox keçməyəcək ki, orda yaşayış da bərpa olunacaq, insanlarımız da öz doğma yurd-yuvalarında ömürlərini davam etdirəcəklər.

 

- Tələbələriniz arasında hazırda qonşu otaqlarda dərs keçdiyiniz pedaqoq həmkarlarınız belə var. Bir müəllim kimi bu, sizə nə hiss etdirir?

 

- Bu gün sevinirəm ki, gənc ifaçılar, pedaqoqlar özləri gənc olmalarına baxmayaraq, yetişməkdə olan nəsilə həvəslə dəstək olurlar. Onlarda o hünər və həvəs var ki, hansısa bir gənci üzə çıxarıb, öz yetirmələri kimi təqdim etsinlər. Bu da dövlətimiz tərəfindən sənətə və sənətkara olan qayğının nəticəsidir. Dövlət sənətkarına hər cür dəstək olur və bizdən nə tələb olunur? O tələb olunur ki, bizbu sənəti ən layiqli şəkildə özümüzdən sonrakı nəsilə ötürək. Necə ki, zamanında nakam şairimiz Mikayıl Müşfiq deyirdi: "Oxu, tar, oxu, tar, Səni kim unudar?!" Bax, bu şüar bu günə kimi yaşayıb, bundan sonra da yaşayacaq.

 

- Son olaraq, istərdim yaxın gələcək üçün planlarınızdan, görəcəyiniz işlərdən danışaq.

 

- Görəcəyimiz işlər çoxdur. Təşəkkür edirəm Azərbaycan Dövlət Televiziyasına ki, haqqımda "Musiqili ömrün fəsilləri" adlı çox gözəl bir film çəkdilər. Bu, bir növ mənim hesabatımdır. Bundan sonra da çox musiqilər yazmaq, tar sənətimizin inkişafı üçün lazım olan, əlimdən gələn hər şeyi bundan sonra da davam etdirmək istərdim. Təki Allah sağlam ömür versin ki, bacardığımız qədər gənclər yetişdirək. Nə qədər çox görsək, qənimətimizdir.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 14 may.- S.18.