Cəlaləddin Qasımov :"İnanıram ki, Kino Agentliyi ümidləri doğruldacaq"

Cəlaləddin Qasımov Beynəlxalq Kaşqari Fondunun vitse-prezidenti, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü, yazıçı-publisist, araşdırmaçı-tarixçi, "SSP Prodakşn" film studiyasının rəhbəridir. Filmləri beynəlxalq festivallarda önəmli mükafatlar qazanıb.

 

C.Qasımovla yeni yaradılmaqda olan Azərbaycan Respublikası Kino Agentliyi özünün kino yaradıcılığı haqqında söhbət etdik.

 

***

 

- Cəlaləddin müəllim, söhbətimizə kinonun indiki vəziyyətindən başlamaq istərdim. Sizcə, Kino Agentliyini yaratmaq ehtiyacı nədən qaynaqlanır?

 

- Dünyanın ən inkişaf etmiş ölkələrinə nəzər salsaq, onlarda çox gözəl kino yaradıcılığı var, demək olar ki, hər il neçə-neçə önəmli, keyfiyyətli filmlər istehsal edirlər. Çünki onlarda Kino Agentliyi yaradılıb bu sahəni həmin agentlik idarə edir. İnanıram ki, bizim ölkədə Kino Agentliyi ona olan ümidləri doğruldacaq bu sahədə önəmli dəyişikliklər yaradacaq. Bir xalqı tanıtmağın ilkin yolu onun mədəniyyətidir. Xüsusən, kino bu sahədə önəmli rola sahibdir. Amma təəssüf ki, biz Sovet rejimindən çıxmış ölkələr içərisində kino sənayesi üzrə ən geridə qalmış ölkələrdən biriyik. Daima xarici ölkələri izləyirəm qonşu dövlətlərin bu istiqamətdəki fəaliyyətlərinə yaxşı bələdəm. Xüsusən, Ermənistan bu sahədə fərqlənir. Onların Qarabağ haqqında neçə-neçə filmi var ki, bu sahədə dünyaya özlərini Qafqazın ən yazıq xalqı kimi təqdim edirlər. Hazırda onlar 7 ölkə ilə birlikdə bu mövzuda bir film çəkirlər. Filmdə 3 min erməninin Qarabağdan Ermənistana köçürülməsindən, yəni qaçqın düşməsindən danışılır. Halbuki Qarabağ onların öz torpaqları deyildi. Amma bizim bir milyondan çox qaçqınımız 30 il didərgin həyatı yaşadı, bizsə bunu çəkib dünya ictimaiyyətinə lazımınca çatdıra bilmədik. Təsəvvür edin ki, 2020-ci ildəki 44 günlük müharibəmizin 25-ci günündə Yaponiyadakı bir festivalda ermənilərin bir sənədli filmiylə qarşılaşdım. Filmdə Azərbaycan mərmilərinin düşdüyü evlər göstərilirdi. Onlar bunu cəmi 20-25 günün içərisində çəkib, hətta festivala da göndərmişdilər. Bizdə isə proses çox ləng gedir.

 

- Bəs bunun səbəbləri nələrdir?

 

- İlkin səbəb laqeydlikdir. Məsələn, keçmiş rəhbərliyin vaxtında Mədəniyyət Nazirliyinə 5 film ssenarisi göndərdim. Heç biri qəbul olunmadı filmlərin 5-ni özüm istehsal etdim. Nəticədə həmin filmlər dünyanın böyük film festivallarında 170 mükafat aldı. Hələ xırda festivallardakı uğurlardan danışmıram. Ümumi götürsək, 300-dən çox mükafat qazandı. Öz ölkəmizdə laqeydlik görən, qəbul edilməyən ssenarilərdir bunlar. Çox təəssüf ki, bu sahədə indiyə kimi ədalətli müsabiqə keçirilməyib. Onlar ssenarini bəyənməmişdilər, amma maraqlı odur ki, bu mükafatların hamısı məhz ssenariyə görə verilib. İndiki Mədəniyyət Nazirliyimizə də 3 bədii filmin ssenarisini göndərdim, yenə seçilmədi. Amma onları da özüm istehsal edəcəm.

 

Təkcə keçən il filmlərim İngiltərədə, Braziliyada, Rusiyada 14, 16, 25 illik beynəlxalq festivallarda uğurlar qazandı. Florida Texnoloji Universiteti var ki, dünyanın ən məşhur Hollivud ulduzları orda filmlər çəkirlər. Həmin Universitet mənim filmimi istədi, göndərdim və film orda elə bir marağa səbəb oldu ki, bir illik nümayişi üçün mənimlə müqavilə bağladılar. Portuqaliyada Hacı Zeynalabdin Tağıyev haqqında çəkdiyim sənədli filmim festivalın finalına vəsiqə qazandı və Barselona Universitetində onun nümayişinə icazəylə bağlı bir illik müqavilə bağladım. 2021-ci ildə mqavilənin vaxtı bitirdionlar məndən onu yeniləməklə bağlı xahiş etdilər ki, biz filmdən çox faydalandıq, yenə də tələbələrimizə nümayiş etdirmək istəyirik. Bütün bu dediklərim sənədləriylə birgə məndə var. Avropanın və dünyanın çox önəmli qəzet və jurnalları "Şollerin arxivi" filmi haqqında məqalələr yazdılar. Çünki mövzusu orijinal idi. Bu film ən çox mükafat alan filmlərdən biridir. Digər festivallar bizi məhz bu film sayəsində tanıdılar və öz festivallarında iştirak üçün mənə dəvət göndərirlər.

 

- Sizcə, Agentlik bu cür problemlərin həlli üçün nələr etməlidir?

 

- Dünya praktikası da sübut edir ki, bu sektorda tanınmış, peşəkar insanlar, rejissorlar önə çəkilməlidirlər. Həmçinin, filmlərimiz üçün yeni mövzular tapmalıyıq. Bununçün tarixə müraciət etməkdən çəkinməməliyik. Mənim filmlərimin uğurlarından biri ssenarilərindəki yeniliklərdir. Mən təhsilimdən də gələn maraq sayəsində tarixin müraciət olunmayan qatlarına baş vurur və onları kinoya cəlb etməyə çalışıram. Mənə bunu dünya festivallarındakı mütəxəssislər də dəfələrlə deyiblər. Bizə məhz bunlar lazımdır. Məsələn, Nobel Qardaşları haqqındakı filmim 10 dəqiqəlikdir. Bütün dünya onları tanıyır, amma onların Azərbaycanla bağlılığını çox da bilmirlər. Mən o filmdə Nobel Qardaşlarının Azərbaycanla əlaqəsini, burdakı fəaliyyətlərini göstərmişəm və bu da çox böyük marağa səbəb oldu. Nəticədə film müxtəlif beynəlxalq festivallarda 40-a yaxın mükafat aldı.

 

- Dediyiniz kimi, burada öncəliklə Azərbaycanın təbliği məsələsi var. Bəs maraqlıdır ki, ölkəmizi və onun tarixini bu cür yüksək səviyyədə təbliğ edən filmlər özümüzdə niyə biganəliklə qarşılaşırlar?

 

- Bu, mənim özümçünçox maraqlı və cavabını tapmadığım sualdır. Hətta elə olub ki, mənim filmim Hollandiya festivalında finala vəsiqə qazanır və Azərbaycandan oraya məktub ünvanlanır ki, kinodan xəbəri olmayan biri necə olur ki, orda finala vəsiqə qazanır? Hollandiyadan mənə zəng ediblər ki, siz bu filmi oğurlamısız, sizin deyil bu? Deyirəm ki, xeyr, heç yerdən oğurlanmayıb, özümündür. Deyirlər, bəs öz ölkənizdə sizin barədə niyə bu cür fikirlər var? Nə deyəsən, necə cavab verəsən?

 

- Bu günlərdə Azərbaycan Kinematoqrafiyaçılar İttifaqına Xalq artisti Rasim Balayevin sədrliyə namizədliyi yekdilliklə təsdiq olundu. Bu barədə nə düşünürsünüz?

 

- Deyərdim ki, biz kinematoqrafiyanın inkişafında Rasim Balayev kimi sənətkarların gücündən mütləq istifadə etməliyik. Keçmiş SSRİ məkanında Azərbaycan aktyorları kimi peşəkar, istedadlı aktyorlar heç yerdə yox idi. Bir filmimdə öz atamın çəkildiyi epizodu Rasim Balayev səsləndirmişdi. Həmin filmə baxan izləyici dedi ki, mən bu aktyoru tanıyıram. Rasim Balayevin səsini tanımışdı o. Bu da onun necə nəhəng sənətkar olduğunu göstərir. İnanıram ki, o, ittifaqın sədri seçilərsə, orada çox mühüm və faydalı işlər görəcək. İndidən uğurlar arzu edirəm.

 

- Qarabağ zəfəriylə bağlı film çəkmək planınız varmı?

 

- Bəli, bu haqda bir ssenari hazırlayıb Mədəniyyət Nazirliyinə təqdim etmişdim. Çox böyük çətinliklə, nəhayət, onlardan rəy ala bildim. Sonra araya pandemiya düşdü. Müharibədən sonra da təbii ki, ssenaridə müəyyən dəyişikliklər oldu. Amma deyə bilərəm ki, bu günə kimi ermənilərin bu mövzuda çəkdiyi və dünya festivallarına göndərdiyi bütün filmlərə baxmışam və mənim bu filmim onların bütün filmlərinə, yalanlarına tutarlı cavab olacaq. İnanıram ki, bu Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün önəmli addım olacaq.

 

- Bu filmin çəkilişləri azad olunmuş torpaqlarımızda ola bilərmi? Belə bir müraciətiniz olacaqmı?

 

- Bəli, filmin əsas hissəsi məhz azad olunmuş torpaqlarımızda çəkilməlidir. Əsasən, Tərtər sərhəddi, AğdamŞuşada gedir hadisələr.

 

- Hazırda hansı filmləriniz var və yaxın gələcəkdə tamaşaçılar hansı filmləri görə biləcəklər?

 

- Demək olar ki, koronavirusla əlaqədar film istehsalı dayanmışdı, bu sahədə çox böyük çətinliklər vardı. Amma buna baxmayaraq, dörd film üzərində işlərimiz gedir. 2019-cu ildə koronovirusla bağlı bir film çəkməyə başladıq. "Xəta və xatirə" adlı bu film üzərində işlər artıq yekunlaşmaq üzrədir. Həm polisin, həm də həkimlərimizin həyatından bəhs edən bu film də inanıram ki, marağa səbəb olacaq. Bu filmdə Azərbaycanın ən gözəl retro musiqilərindən, Emin Sabitoğlu başda olmaqla, bir sıra görkəmli bəstəkarlarımızın mahnılarından istifadə olunub.

 

Digər bədii filmimiz Azərbaycan təbiətinə həsr olunub, 24 dağ yüksəkliyindən bəhs edir. Bunu "Əlioğlu Media Qrup"la birgə istehsal edirik. İnanıram ki, "İkinci ömür" adlı bu film Azərbaycanımızın təbiətini tanıtmaqda böyük önəm daşıyacaq.

 

Digər ikisi isə sənədli filmdir. Biri Qarabağ mövzusundadır. Arxiv sənədlərinə əsaslanaraq, Qarabağın bütün rayonlarının tarixini əhatə edir, mədəni-tarixi abidələrinin, ev muzeylərinin aqibətini göstərir. Həmçinin, burda Sumqayıt hadisələrinə də toxunmuşuq. Ermənilər təkcə Sumqayıt hadisələrindən 10-a yaxın film çəkib. Biz isə əsl günahkarı göstəririk.

 

Digəri isə Azərbaycanla bağlı deyil. Çox uzun illər sivilizasiyadan uzaq düşən, Tayqanın ən dərinində məskunlaşan və 1978-ci ildə tapılan bir rus ailənin həyatından bəhs edir.

 

Həmçinin, düz beş ildir ki, əfsanəvi qəhrəmanımız Əhmədiyyə Cəbrayılov haqqında film ssenarisi hazırlamışam. Burda da tarixi faktlara, arxiv materiallarına əsaslanıb. Düşünürəm ki, Əhmədiyyə kimi böyük bir qəhrəmanımız haqqında mütləq filmlər çəkilməli idi. Təəssüf ki, yoxdur. Ümid edirəm, bu filmi çəkib dünya ictimaiyyətinə təqdim etmək qismət olar.

 

Bu günə kimi mən kommersiya məqsədiylə yox, ölkəmizi, xalqımızı tanıtmaq, tariximizi təbliğ etmək məqsədiylə filmlər çəkmişəm. Amma bu yaxınlarda istəyirəm bir dənə də kommersiya məqsədiylə film çəkim. O, təbiətlə bağlı bədii film olacaq.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 14 may.- S.17.