Müəllim canlı abidədir   

 

"Azərbaycanın əldə etdiyi bütün nailiyyətləri əsasında müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur"

 

İlham Əliyev,

 

Azərbaycan Respublikasının Prezidenti

 

***

 

Müəllimlik peşəsi ən çətin və eyni zamanda ən şərəfli peşələrindəndir. Dərin inamıma görə, müəllimlərin böyük əksəriyyəti bu peşəni yalnız əmək haqqına, karyera qurmaq üçün deyil, həm də ürəklərində uşaqlara (gənclərə) olan sevgi və qayğıya, onları vətənə layiq vətəndaş kimi yetişdirməyə kömək etmək istəyinə görə seçiblər. Müəllimlərin üzərinə şərəfli vəzifə və məsuliyyət qoyulub, çünki uşaqların (gənclərin) onlardan alacağı bilik və bacarıqlar cəmiyyətin gələcəkdə inkişafı üçün istifadə edəcəyi səriştədir.

 

Çoxları düşünür ki, müəllim məktəbdə, universitetdə işləyən adi bir insandır. Əslində isə müəllim bizim üçün cəmiyyətə qapılar açan, gələcəyimizi xırda kərpiclərlə quran, insani keyfiyyətləri başa düşməyə kömək edən bir şəxsiyyətdir, ömrünü şam kimi insanlığın gələcək inkişafı yolunda əridən İNSANDIR.

 

Əlbəttə, müəllim də birmənalı tam mükəmməl insan olmaya bilər, çünki o, təkcə yaxşı cəhətlərdən formalaşmayıb. Ancaq məsələ də elə bundadır - müəllimlik peşəsi elədir ki, onu ən yaxşı tərəfləri ilə uşaqlara (gənclərə) doğru çevirmək lazımdır...

 

Bəllidir ki, hər bir insanın həyatında ilk müəllimləri onun valideynləri hesab olunur. Onlar bizə həyatda ilk dəfə yeriməyi, danışmağı, yazmağı, saymağı, insanlar arasında necə davranmağı öyrədirlər.

 

Şübhəsiz ki, məktəbə qədərki dövrdə çox şey, daha doğrusu, uşağın xarakteri, dünyagörüşü və ilkin mədəniyyəti valideynlərdən (məktəbəhazırlığa cəlb olunan uşaqlarda həm də müəllimindən) asılı olur. Sonra uşaq içərisində "Əlifba" kitabı (indi "Azərbaycan dili" adlanır) olan məktəb çantası ilə ibtidai siniflərə daxil olaraq irəliyə doğru ilk addım atır. O, burada ibtidai sinif müəllimi ilə tanış olur. Təəssüf ki, bir çoxları zaman keçdikcə vaxtilə bizə dünyanın necə qurulduğunu izah edən,  yazı qaydalarını və vurma cədvəlini öyrətmək üçün çoxlu əsəb və vaxt sərf edən, bizi müstəqil və yetkin həyata hazırlayıb yola salan, uğurlarınıza sevinən və fəxr edən insanları - müəllimləri unudurlar.

 

Lakin dərindən düşünəndə bütün müəllimlərə yalnız səbr və cəsarətlərinə görə "Sağ olun, əziz müəllimlər! Bütün müəllimlərə, müəllimliyin təkcə peşə deyil, həm də məsuliyyətli vəzifə olduğuna inanan hər kəsə sonsuz təşəkkürlər", - demək istəyirsən. Ümummilli lider Heydər Əliyev gözəl demişdi: "Mən müəllim adından şərəfli ad tanımıram". Böyük öndər Mustafa Kamal Atatürk də müəllim əməyini yüksək qiymətləndirmişdi: "Müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər".

 

Bəli, biz müəllim statusuna hörmətimizi nümayiş etdirməyə  sadəcə məcburuq. Ona görə ki, ölkənin hər bir vətəndaşını müəllim yetişdirir. Hər bir millətin, hər bir dövlətin təməlində təhsil, tərbiyə durur. Millətin, dövlətin gələcəyini təmin edən gəncliyin də formalaşması, yetişdirilməsi ilə müqəddəs peşə sahibləri olan müəllimlər məşğul olur. Dünya fatehlərinin hamısı öz müəllimini hər zaman hörmət və ehtiramla anıblar. Axı, onları yetişdirən həmin müəllimlər olub.

 

 

 

Düşünürəm ki, hər bir cəmiyyətdə müəllim statusuna hörməti nümayiş etdirən elementlərdən biri də müəllimə abidə ucaldılması ola bilər... Bu problemin aktuallığı ən azı ondan irəli gəlir ki, ölkəmizin şəhər və rayonlarında, ayrı-ayrı nümunələr istisna olmaqla, küçələrə, meydanlara və məktəblərə müəllim adlarının verilməsi geniş yayılmış təcrübə deyil. Üstəlik də, rayonlarda "Müəllimlər evləri" praktiki olaraq yoxdur.

 

Vaxtilə Bakıda "Müəllimlər evi" fəaliyyət göstərib. Təəssüf ki, sonralar bu "evlər" unudulub.

 

Eyni zamanda, ölkəmizin bir çox görkəmli şəxsiyyətlərinin şəhər və rayonlarda ucaldılmış abidələrini də xatırlatmaq lazımdır, onların bəziləri həyatının müəyyən mərhələsində müəllimlik ediblər. Eyni sözləri küçələrə, məktəblərə müəllim adlarının verilməsi haqqında da demək olar.

 

XIX əsrdə Tiflis gimnaziyasında Azərbaycan dilindən dərs deyən yazıçı-maarifpərvər, şair, filosof və ictimai xadim Mirzə Fətəli Axundzadənin (1812-1878) xatirəsinə Bakıda ucaldılmış abidəni ilk növbədə qeyd etmək istərdik.

 

Paytaxtın bağlarından biri XX əsrin əvvəllərinin görkəmli satirik şair Mirzə Ələkbər Sabirin (1862-1911) adını daşıyır və onun abidəsi də orada ucaldılıb. Şair vaxtilə Balaxanıda fəhlə məktəbində dərs deyib.

 

 

 

İçərişəhərdə Azərbaycan Milli Ensiklopediyasının Baş redaksiyasının keçmiş binası qarşısında maarifçi və publisist, Azərbaycan dilində ilk "Əkinçi" qəzetinin yaradıcısı Həsən bəy Zərdabinin (1837-1907) abidəsi ucaldılıb. O da Bakı Realnı Məktəbində (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin binası), təbiət elmləri müəllimi olub.

 

Gəncə, Qazax və Quba rayonlarının kənd məktəblərində ədəbiyyatdan dərs deyən görkəmli Azərbaycan şairi, dramaturqu və ictimai xadimi Səməd Vurğunun (1906-1956) xatirəsi Bakı şəhərinin mərkəzində onun şərəfinə ucaldılmış möhtəşəm abidə ilə əbədiləşdirilib.

 

Bir neçə il Bakı məktəblərində ədəbiyyatdan dərs deyən yazıçı və şair Mikayıl Müşfiqin (1908-1938) şərəfinə ucaldılmış abidəni də qeyd etməmək mümkün deyil.

 

Gəncə və Gədəbəyin məktəblərində, eləcə də Bakı Dövlət Universitetində vaxtilə müəllimlik etmiş görkəmli Azərbaycan yazıçısı, alimi, ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi Mir Cəlal Paşayevin (1908-1978) Gəncədə ev-muzeyi fəaliyyət göstərir. Bakıda küçələrdən biri Mir Cəlal adlanır, Gəncədə isə küçələrdən biri, həmçinin, 39 nömrəli məktəb Mir Cəlal Paşayevin adını daşıyır.

 

 

 

40 ildən artıq Bakı Dövlət Universitetində dərs demiş Azərbaycanın Xalq şairi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Bəxtiyar Vahabzadənin (1925-2009) şərəfinə Şəkidə ucaldılmış abidəni də qeyd etmək lazımdır.

 

Bakının küçələrindən biri Azərbaycan və Türkiyənin görkəmli ictimai xadimi, siyasətçi, jurnalist, müəllim, yazıçı və türkoloq Əhməd bəy Ağaoğlunun (1869-1939) adını daşıyır. O, Şuşa Realnı Məktəbində, Bakı Kommersiya Məktəbində fransız dili, İstanbul Universitetində Konstitusiya hüququ, türk-monqol tarixi və rus dillərindən dərs deyib.

 

Pedaqogika elminin görkəmli nümayəndəsi, tanınmış ictimai xadim Mehdi Məmməd oğlu Mehdizadənin (1903-1984) adı da paytaxt küçələrindən birinə verilib. O, Cəbrayıl rayonunda ibtidai məktəbi də müəllim, müdir vəzifəsində, sonra Azərbaycan Pedaqoji İnstitutunun Pedaqogika kafedrasında müəllim işləyib, uzun müddət Azərbaycan SSR-nin maarif naziri olub.

 

Heç şübhəsiz ki, öz əmək fəaliyyətində bu və ya digər şəkildə pedaqoji fəaliyyətlə bağlı olmuş Azərbaycanın görkəmli şəxsləri haqqında bu siyahını və məlumatları istənilən qədər davam etdirmək və tamamlamaq da olar. Ancaq nəzərə almalıyıq ki, adını çəkdiyimiz və çekə bilmədiyimiz bu şəxsiyyətlərə abidə müəllim işlədiklərinə görə deyil, elm, mədəniyyət və ədəbiyyat sahəsində xidmətlərinə görə qoyulub, onların vətən və millət qarşısındakı xidmətləri nəzərə alınmaqla adları əbədiləşdirilib.

 

 

 

Bunları xatırlamaqla məqsədimiz konkret maarif xadiminə, ayrıca bir müəllimə heykəl və ya digər xatirə abidəsinin qoyulmasından getmir.

 

Biz ayrı-ayrı konkret şəxslərdən, müəllimlərdən danışmırıq. Bu gün Azərbaycanda 4432 ümumtəhsil məktəbində 149 mindən çox müəllim çalışır ki, onların da 71 faizini qadınlar, 29 faizini kişilər təşkil edir. Müəllimlərin böyük əksəriyyəti öz vicdanlı əməyi, peşəsinə sədaqəti və ziyalılığı ilə insanların hörmət və ehtiramını qazanıblar.

 

Şübhəsiz ki, müəllimlərin şərəfinə adsız abidələrin ucaldılması da elm nuru səpən, ağlı, xeyirxahlığı, əbədiyaşarlığı, öz işinə sədaqəti ilə şagirdlərin, valideynlərin və xalqımızın məhəbbətini qazanan müəllimlərə olan dərin hörmət, məhəbbət və minnətdarlıq nişanəsi olardı.

 

XX əsrin sonlarından başlayaraq günümüzdə dünyada kiçik ölçülü abidə-heykəllər də geniş yayılmağa başlayıb. Onlar daha çox təbii ölçüdə hazırlanır və postamentdə quraşdırılmır, birbaşa küçə səviyyəsində (bu tipli heykəllərin ilk nümunəsi bu yaxınlarda dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Bakı şəhərində böyük maarifçi-xeyriyyəçi, ictimai xadim Hacı Zeynalabdin Tağıyevin şərəfinə qoyulub) qoyulur. Real insanlarla yanaşı, kollektiv obrazlar, müxtəlif peşələrin nümayəndələri, o cümlədən, pedaqoji fəaliyyətlə bağlı olanlar da belə obrazın obyektinə çevrilirlər. Bu xüsusda Belçika, İspaniya, Qazaxıstan, ABŞ, İsrail, Rusiya Federasiyası, Ukrayna və digər xarici ölkələrin şəhərlərində adsız müəllim abidələrinin olduğunu da xüsusi vurğulamaq lazımdır.

 

Mətləb aydınlığı üçün bu məqalədə bir sıra xarici ölkələrin şəhərlərində adsız və adlı müəllim abidələrinin fotoşəkilləri təqdim olunur.

 

 

 

Belə abidələrin ölkəmizdə ucaldılması uşaq və gənclər, eləcə də gələcək nəsillərimiz üçün də çox vacibdir. Əminəm ki, ucaldılacaq belə adsız abidənin yerləşdiyi məkan həm də Qarabağ müharibəsində şəhid olan və itkin düşən müəllimlərin xatirəsini yad etmək üçün insanların ibadət və ziyarət yerinə çevrilər. Bununla yanaşı, böyük şəhərlərdə və regionlarda "Müəllim evləri"nin bərpasına da ciddi ehtiyac var. Bu "evlər" və qurulacaq abidələr gənc nəslin vətənpərvərlik tərbiyəsində, cəmiyyətdə müəllim nüfuzunun qaldırılmasında müstəsna rol oynamış olar.

 

Düşünürəm ki, müəllimlərin şərəfinə adsız abidələrin ucaldılması həm də müxtəlif nəsillərdən olan məzunların görüş yerinə, gənclər arasında ünsiyyət məkanına çevrilə, eyni zamanda vətəndaşların müəllimlərə - əsl təhsil fədailərinə səmimi minnətdarlıq hissini, dərin ehtiramını əbədiləşdirməyə imkan yarada bilər.

 

Sonda qeyd etmək lazımdır ki, bu məsələ, görünür, geniş ictimaiyyətin müzakirəsinə çıxarılmalı, sonra qərar verilməli, eyni zamanda abidənin variantları haqqında danışılmalıdır.

 

Məqaləmin sonunda müəllimlərə heykəl qoyulmasının zəruriliyi haqda böyük şairimiz, unudulmaz müəllim Bəxtiyar Vahabzadənin illər öncə yazdığı "Müəllim" şeirindən bir parçanı burada xatırlamaq yerinə düşərdi:

 

Gəl ey heykəltaraş! Bu mərmər, bu gil,

 

Düşün müəllimi, sonra alış, yan!

 

Onun heykəlini mərmərdən deyil,

 

Yarat özü kimi nurdan, işıqdan...

 

 

Rövşən Ağayev  

 

525-ci qəzet.- 2022.- 17 may.- S.12;13.