Sumqayıtda Milli kitab sərgisi keçirilib

 

 

Sumqayıtda Kimyaçı Mədəniyyət Sarayının qarşısında, açıq havada Mədəniyyət Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Regional Mədəniyyət İdarəsi, Azərbaycan Yazıçılar Birliyinin QanunNəşrlər Evinin təşkilatçılığı ilə Milli kitab sərgisi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərgidə 30-dan artıq nəşriyyat, 10-dan çox kitab evi iştirak edib kitablara 50 faizədək endirim tətbiq olunub. Sərgidə 100 mindən artıq kitab satışı təqdim edilib.

İki gün davam edən sərginin açılış mərasimində Milli Məclisin deputatları, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, ziyalılar, naşirlər və kitab sevərlər iştirak ediblər.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev kitab bayramının kitabın təbliğatı, mütaliəyə olan marağın artırılması üçün mühüm bir təşəbbüs olduğunu vurğulayıb.

Milli Məclisin deputatları Müşfiq Məmmədli, Aqil Abbas, Sumqayıt şəhər Yeni Azərbaycan Partiyasının sədri Ramiz Hüseynov, "Qanun” Nəşrlər Evinin təsisçisi və rəhbəri Şahbaz Xuduoğlu, "Azərbaycan Nəşriyyatları” İctimai Birliyi sədri Şamil Sadiq, yazıçılar Əlisa Nicat, Seyran Səxavət, Cəlalə Nəzəroğlu və digərləri çıxış edərək nəşriyyat-informasiya sahəsinə dövlət qayğısından, həmçinin cəmiyyətin mədəni, intellektual, iqtisadi inkişafında və savadlı gəncliyin yetişməsində kitabın, mütaliənin vacibliyindən söz açıblar.

Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

Tədbir incəsənət ustalarının və Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Nəriman Nərimanov Mədəniyyət Mərkəzinin mədəniyyət evlərində fəaliyyət göstərən özfəaliyyət kollektivlərin ifası ilə davam edib.

Sərgi iştirakçıları sevdikləri yazarların imzalı kitablarını əldə ediblər.

Sərginin "Qarabağa kitabla gedək” stendində işğaldan azad olunan regionlarımızda yaradılacaq kitabxanalar üçün kitablar toplanılıb.

 

 

525-ci qəzet.- 2022.- 17 may.- S.9.