“Aşıq sənəti və yazılı ədəbiyyat”

 

Qazaxda  beynəlxalq elmi konfrans təşkil edilib

 

 

Qazax Rayon İcra Hakimiyyəti, AMEA-nın Folklor İnstitutu, Ərzincan Binəli Yıldırım Universiteti, Bakı Dövlət Universitetinin (BDU) Qazax filialı və “Aşıq Şəmşir” Mədəniyyət Ocağının birgə təşkilatçılığı ilə Aşıq Şəmşir və Səməd Vurğunun xatirəsinə həsr edilmiş “Aşıq sənəti və yazılı ədəbiyyat” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

 

AMEA-dan AZƏRTAC-a bildirilib ki, konfrans iştirakçıları öncə Şəhidlər xiyabanını ziyarət ediblər. Onlar, həmçinin Mütəfəkkirlər parkında Aşıq Ələsgər və Aşıq Şəmşirin büstləri, eləcə də Səməd Vurğunun heykəli önünə əklillər düzüblər. Sonra Ədəbiyyat muzeyində rəsm sərgisinə baxış keçirilib.

 

Konfransın açılış toplantısında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Folklor İnstitutunun baş direktoru akademik Muxtar İmanov, BDU Qazax filialının direktoru dosent Arif Rüstəmov, Əməkdar jurnalist Adil Cəmil, Qazax Xeyriyyə İctimai Birliyinin sədri professor İlham Pirməmmədov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və “Aşıq Şəmşir” Mədəniyyət Ocağının sədr müavini Həbib Misirov giriş nitqi ilə çıxış ediblər.

 

Ərzincan Binəli Yıldırım Universitetindən professor Ali Kafkasyalı “Səməd Vurğunun ədəbi irsində milli-mənəvi dəyərlər”, Kırşehir Ahi Evran Universitetindən professor Kubilay Kolukırık “Aşıq Şəmşir şerlərində dini ünsürlər və Aşıq Şəmşirin ilahi formunda bəstələnmiş iki əsəri”, Ukrayna-Gürcüstan Beynəlxalq Universitetindən professor Mahmud KamaloğluSazla sözün vəhdəti” və Əməkdar mədəniyyət işçisi Misgər Məmmədov “Aşıq Şəmşir yaradıcılığının psixopoetik xüsusiyyətləri” mövzusunda məruzə ediblər. Kırşehir Ahi Evran Universitetindən professor Kubilay Kolukırık məruzə edərkən Aşıq Şəmşirin iki şeirinə bəstələdiyi mahnını da ifa edib. Məruzəçilər sertifikatmükafatla təltif ediliblər.

 

Məruzələrdən sonra Aşıq Şöhrət Kəlbəcərli, Aşıq Coşğun Rəhimovun və balabanda Əməkdar mədəniyyət işçisi İbadət Kəlbəcərlinin ifasında “Aşıq Şəmşir və Səməd Vurğun dastanı”, eləcə də Aşıq Əli Zeynalabdınov və Əməkdar mədəniyyət işçisi Aşıq Hacı Abdıyevin ifaları dinlənilib. Tədbirdə aşıqların ifasında Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeiri də səslənib. Sonra şeir, rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub. Plenar iclasının sonunda qarşılıqlı simvolik hədiyyələr təqdim olunub.

 

Konfrans iştirakçıları tədbir çərçivəsində Səməd Vurğunun ev-muzeyini ziyarət edib, eləcə də Avey Dövlət Tarix-Mədəniyyət qoruğunda yerləşən Damcılı mağarasında olublar.

 

Aşıq Şəmşir və Səməd Vurğunun xatirəsinə həsr edilmiş “Aşıq sənəti və yazılı ədəbiyyat” mövzusunda beynəlxalq elmi konfrans daha sonra işini bölmələrdə davam etdirib. “Zoom” platforması üzərindən keçirilən bölmələrdə səksənə yaxın məruzə dinlənilib.

 

Qeyd edək ki, konfransa Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Özbəkistan və Qazaxıstan kimi ölkələrdən də nümayəndələr qatılıb.

 

525-ci qəzet.- 2022.- 17 may.- S.8.