"Gənc oğlanın portreti

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Şəmsinur Əhmədovadır. Onunla rəssam Mirzə Qədim İrəvaninin "Gənc oğlanın portreti" haqqında danışacağıq.

 

***

 

- Müsahibəmizə bu sualla başlayaq: idi İrəvaninin fərqi?

 

- XIX əsrdə yaşayan Azərbaycan portretçi rəssamı Mirzə Qədim İrəvani panel rəssamlığının əsasını qoyub. Onu digər rəssamlardan fərqləndirən əsas xüsusiyyətlərdən biri odur ki, İrəvani işlərinin tarixini qeyd etmirdi, amma onları imzalamağı, eləcə üzərlərində portreti çəkilənin adını yazmağı xoşlayırdı. Mikloşevskayaya əsasən deyə bilərik ki, Mirzə Qədim İrəvani rəsmi çəkilənin psixoloji xarakteristikasını verməyə çalışırdı. Təəssüflər olsun ki, rəssamın orijinal əsərlərinin hamısı bizə çatmayıb.

 

- Mirzə Qədim İrəvaninin tanınmış əsərlərindən biri "Gənc oğlanın portreti"dir.

 

- Rəssam insanın zahiri görünüşünə böyük maraq göstərirdi. Elə bəlkə bu səbəbdən portretlər Mirzə Qədim yaradıcılığında üstünlük təşkil edirdi. Rəssamın belə əsərlərindən biri "Gənc oğlanın portreti"dir. Əsər XIX əsrin ortalarında çəkilib. Rəsmin orta əsrlərin miniatür şərq ənənələri ilə möhkəm bağlı olmasına baxmayaraq, rəssam öz marağını daha çox insanın görünüşündə cəmləşdirib. Həm bu hansısa müstəvi fonda yox, konkret interyerə malik üçölçülü məkanda təsvir edilib, bu isə Azərbaycanın təsviri sənətində yeni dövrün başlanmasının göstəricisi idi.

 

- Portretə diqqətlə baxanda üfüqi zey üzrə yerləşən sarı-qəhvəyi rəngli zolaqda yazı olduğunu görürük.

 

- Bəli, orada "Nəvvab Vəcihulla Mirzə həzrətlərinin portreti. Təvazökar Mirzə Qədim İrəvani tərəfindən çəkilmişdir" sözləri yazılıb. Bu yazının səhv oxunuşu zaman, adverilmədə xəta olduğu aşkarlandı. Muzeyin inventar kitabına yazılarkən "Nəvvab" sözü ad kimi oxundu. Bunun nəticəsində gənc adamın portreti Mir Mövsüm Nəvvabın gənclik portreti kimi müəyyənləşdirildi.

 

- Əsər hazırda harda saxlanılır?

 

- Portret hazırda Milli İncəsənət Muzeyində saxlanılır.

 

- Rəsmin kompozisiyası rəng koloriti haqqında deyə bilərsiz?

 

- Ölçüsü 21x12 sm olan əsər Mirzə Qədim İrəvaninin kağız üzərində sulu boya ilə çəkdiyi rəsm əsəridir. İrəvaninin başqa bəzi əsərlərində olduğu kimi, burada da dekorativlik həcmli plastik forma ilə uyğunlaşdırılıb. Qədd-qamətli cavan oğlan ornamentlərlə və göy gül-çiçəkli almazlarla zinətləndirilmiş rombabənzər şəbəkə ilə bəzədilmiş divarın fonunda təsvir edilib. Gənc adamın üzü uzunluğu çiyinə qədər olan qara saçlar ilə haşiyələnib. Qaşları çatma təsvir olunan oğlanın dodaqlarının dumanlı şəkli sifətə şıltaq ifadə verir. Bu gənc qısa qollu arxalıq geyinib. Geyimin ucunda bitki naxışla bəzədilmiş xətt var. Arxalıq açılmış şəkildədir və onun altında mavi "don" görünür. Tünd göy şalvar geyimə əlavə parlaqlıq verir.

 

- Bu rəsm bizə nə deyir?

 

- Mirzə Qədim İrəvani yaradıcılığında tək portret işi sözügedən "Gənc oğlanın portreti"ilə kifayətlənmir. O, portretlərində sadə təbəqəyə aid insanları deyil, daha çox üst təbəqənin insanlarını təsvir edib. İstər geyim motivlərində, istərsə də üz ifadələrində rəssam bunu insanlara dəqiqliklə çatdırıb. Oğlanın nisbətən özündən razı halda çəkilməsi, onun baxışlarında da əks olunur.

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2022.- 18 may.- S.12.