"Ağ qoç, qara qoç": sosial mühitin bədii mənzərəsi

 

Bir çox araşdırıcıların fikrincə, Xalq yazıçısı Anarın yaradıcılığında önəmli yer tutan əsərlərindən biri "Ağ qoç, qara qoç" romanıdır. Bu roman öz janrına, üslubuna, problematikasına görə Azərbaycan ədəbiyyatında tamamilə yeni, orijinal bir əsərdir. 2003-cü ildə qələmə alınan bu roman dünya ədəbiyyatı tarixində ilk dəfə utopik və antiutopik janrın birləşməsindən, ahəngindən yaranıb. Anarın keçmişə və gələcəyə ekskursiyası ilə diqqəti cəlb edən bu romanda xalqın qarşısında 2 yol durur: qoçla işıqlı dünyanın, qara qoçla qaranlıq dünyanın yolları. Birinci nağılda qoç işıqlı dünyaya, ikinci nağılda qara qoç qaranlıq dünyaya aparıb çıxarır...

 

Romanın qəhrəmanı Məlik Məmmədli Çağdaş Radio-TV kanalında şərhçi və müəllif-rejissor işləyir. Oğlu - Beyrək nəqliyyat mühəndisi, qızı - Burla Kərkükdə Füzuli universitetində Azərbaycan ədəbiyyatı və dilindən dərs deyir. Arvadı - Aypəri isə Təbrizdə teatr rəssamı işləyir.

 

Əsərdə milli-mənəvi köklərə bağlılıq elə ilk cümlədən diqqəti çəkir. "Məlik Məmmədli Dövlət Himninin sədalarına oyandı. Daha doğrusu, tam oyanmamışdı". Burada qəhrəmanın əsl vətənpərvər ziyalı olduğunu hiss etməmək mümkün deyil. Vətənini nə qədər sevəsən ki, bilgisayarın vaxt xidmətinə bu musiqini qoşasan. "Artıq durmaq vaxtı idi. Məlik ani bir sıçrayışla yatağından qalxdı. Artıq vərdiş halını almış bir duruşla himni sonacan ayaq üstə dinlədi". Təkcə Məlik Məmmədlinin sevgisini bundan duyuruqmu? Deyərdim ki, yox. Övladlarının adlarını belə ən qədim yazılı abidə olan "Kitabi-Dədə Qorqud"dan götürmüşdür - Beyrək və Burla. Məlik yuxudan fərəh hissi ilə oyanmışdı - axı bu gün bayram idi. Yazar bu duyğuları Novruz bayramı fonunda təsvir etmişdir. Biz bilirik ki, Novruz bizim milli kökə, adət-ənənələrimizə bağlılığımızı, milli ruh, milli dəyər anlayışına sadiqliyimizi ehtiva edən bayramdır. Novruzun öz ruhu, fəlsəfəsi və mahiyyəti var. Beyrək Şuşadan atasına zəng vurduğu zaman funikulyordan daha çox, Şuşada keçirilən axır çərşənbədən danışır. "İlk dəfə idi ki, axır çərşənbəni Şuşada qarşılamışdı və Cıdır düzündəki Qarabağ qaçağanlarının yarışından, Çovqan oyunundan, içinə üzərlik atılan və ta gecə səhərə qədər yanan, üstündən uşaqların belədən belə atıldığı tonqallardan, Qarabağın hər tərəfindən görünən atəşfəşanlıqdan, xanəndələrin zili bütün ətraflara yayılan səsindən, səkkiz-on yaşlı uşaqların - Qarabağ bülbüllərinin "Qarabağ şikəstəsi"ndən və yaşlı xanəndələrin hamısına qalib gəlib "Xarıbülbül" mükafatı almalarından elə şövqlə danışırdı ki, Məlik özünün də iki dəfə Şuşada keçirdiyi bu bayramı sanki yenə öz gözləriylə görürdü".

 

Nə yazıq, təsadüf elə gətirib ki, Məlikin ailəsi bayramda yanında deyil. Bu yerdə "Keçən ilin son gecəsi" hekayəsi yada düşür. Orada Həmidə xala bayramı tək keçirmişdi. Bu hekayəni 22 yaşında yazmasına baxmayaraq, müəllif həmin yaşlı insanın psixologiyasını, onun nə hisslər keçirdiyini duymuş, olduqca təsirli əks etdirmişdi. Anar öz müsahibələrinin birində deyib ki, mən gənckən bu hekayəni yazmağıma baxmayaraq, indi də Həmidə xalanın tərəfindəyəm, ananın tərəfindəyəm.

 

Anar bu romanı ilə dünyaya bu günün pəncərəsindən baxır. Arzuladığı Azərbaycanın gələcəyini romanın birinci hissəsində təsvir edib. Bu o Azərbaycandır ki, əhalisinin rifah səviyyəsinə görə ərəb əmirliklərini arxada buraxıb, iqtisadi və mədəni inkişafı etibarı ilə ən qabaqcıl Avropa ölkələrinə çatıb. Hətta ölkənin, hər bir vətəndaşını narahat edən dərdimiz, ən ağrılı yaramız - Qarabağ problemi də həll olunub. Qalibiyyətimizin simvolu olaraq yeddi bulvardan birinə Qarabağ adı verilib.

 

Anar əsərində milli psixologiyanı ümummilli dəyərlər üzərində kökləməyə çalışır. Romanda diqqəti çəkən məqamlardan biri milli özünəqayıdış, kökədönmədir. Azərbaycanın parkları, bulvarları, küçələri xalqın milli azadlığı uğrunda mübarizə aparan Şeyx Məhəmməd Xiyabaninin, böyük sənətkar Füzulinin, Qarabağın, Arazın, Xəzərin, Azərbaycan dilinin qoruyucusu Xətainin, xalqın toy məclislərinin yaraşığı aşıqların adlarını daşıyır. Yazar bu əsərdə həm tarixə, həm sərkərdəyə, həm sənətkara, həm qüdrətli dövlət başçısına yüksək dəyər verib. Bakıda türk dünyasının əbədiliyini istəyən Mustafa Kamal Atatürkün, üç böyük Səlcuq hökmdarları - Sultan Toğrulun, Alp Arslanın, Məlik Şahın heykəlləri ucaldılıb. Eyni zamanda, M.F.Axundovun, Füzulinin, N.Nərimanovun, M.Ə.Rəsulzadənin, Ə.Topçubaşovun, Fətəli xan Xoylunun nəşlərinin Bakıya gətirilib torpağa tapşırılması yazıçının ülvi arzusudur.

 

***

 

Əsərin ikinci hissəsində böyük güclərin siyasi-iqtisadi maraqlarının kəsişdiyi Azərbaycan BMT-nin qərarı ilə zonalara bölünmüş, dövlətçiliyi, ərazi bütövlüyü, dili əlində alınmış vətəndir. Əgər ona artıq vətən demək mümkünsə. Belə ki, ölkənin paytaxtı Bakı üç hissəyə - zonaya parçalanıb. Birinci zona Behişti-Badi-Kübə, ikinci zona Bakı Kommunası, üçüncü zona isə Baku-Siti adlanır.

 

Azərbaycandan qovulmuş Məlik Məmmədlinin arvadı islam adətlərinə görə mollalıq edir, oğlu rus çinovniklərinin istədiklərini yerinə yetirir, Beyrək adını itirib Borya çağrılır, qızı Burla artıq Bura çağrılır, göbək rəqsləri ilə kef məclislərində məşhurlaşıb. Bir-birinin üzünə həsrət qalmağa məcbur edilən ailə üzvləri mənsub olduqları məmləkətin digər üzvləri kimi zamanın faciəsini yaşayır (G.Pənah).

 

Bu gün islam coğrafiyasında istər dini yaşamda, istərsə də müxtəlif sosial məsələlərdə fanatizmi görmək mümkündür. Bu fanatizmin bir növü də dünyadakı radikallıqdır. Bunun əsas səbəbi dini yanlış anlamaq və dinə hədsiz sərhədlər, sərt qayda-qanun qoymaqdan irəli gəlir. Fanatizmin yaranmasını bəzi mütəxəssislər cahillikdə, savadsızlıqda, maariflənmənin zəif olmasında görürlər. Bəs Aypəri savadsız, cahil qadındırmı? Öz yoldaşına naməhrəm deyib əl verməməsini, övladlarını günah adlandırmasını nə ilə anlatmaq olar?

 

Novruz bayramı yazarın sevimli bayramıdır deyə düşünürəm. Romanın birinci hissəsi də bu bayramla başladı. Məlikin ailə üzvlərinin yanına getməsi də bu bayrama təsadüf edir. Baş obraz hər üç zonada olarkən Novruzla bağlı müxtəlif düşüncələrə rast gəlir. O, Aypərini təbrik edəndə "Mahrux" (Aypəri adını dəyişmişdir) təəccüblə "nə bayram?" deyə soruşur. İmamqulu söhbətə müdaxilə edərək "Həzrət Əlinin taxta çıxdığı gündür" deyir.

 

***

 

Oğlunun onu soyuq qarşılaması Məliki məyus edir. Oğlundan niyə qara eynək taxdığının səbəbini soruşur. Beyrək cavabında bunu yoldaş Maratla həmrəylik nişanəsi olduğunu deyir. Bundan sonra oğlunun dedikləri Məliki daha da təəccübləndirir. Oğlu atasına Maratın gözlərinin qırdığı insan qanından tutulduğunu deyir. Maratın biblioqrafiyasında guya azərbaycanlı olduğu bildirilir, amma Beyrəyin dediklərinə əsasən onun Azərbaycan dilində danışa bilməməsi məlum olur. Marat vaxtı ilə dəllək işlədiyini bilənlərin hamısını ilim-ilim itirmiş, hətta izləri-tozları belə qalmamışdır. Əvvəl baş qırxan Marat indi də baş kəsir. Maratın ilahiləşdirilməsi, Marat şəxsiyyətinə pərəstiş, "böyük rəhbər" simasının yaradılması bizə yaxın keçmişdə Azərbaycan xalqının sovet hakimiyyəti dövründə yaşadığı şəxsiyyətə pərəstiş illərini xatırladır. Bu rejim müstəqil dövlətçilik ənənəsini, milli mənlik ruhunu əhalinin şüurundan çıxarmaq üçün xalqın mənəviyyatına hücuma keçmişdi. Azərbaycan dili sıxışdırılır, milli kadrların hazırlanması kəskin surətdə məhdudlaşdırılırdı. Ruslaşdırma siyasəti həyata keçirilirdi. Xalq "qırmızı terrorun" qurbanı olurdu. Millətin say-seçmə adamları - görkəmli dövlət xadimləri, qabaqcıl ziyalılar, siyasi xadimlər, alimlər məhv edilirdi.

 

Məlik Məmmədli obrazının təhlilini aparsaq, savadlı jurnalist, mütəxəssis, qələm ustası olduğundan yola çıxaraq onun, əslində, bir ziyalı kimi təqdiminin doğruluğunun mübahisə yaratdığı qənaətinə gələrik. Bunu əsərdən sitatla təsdiqləmək gərəkirsə, onun oğlu ilə dialoqunu xatırlamaq yerinə düşər. "Bu hadisələr, elə sən burda olanda başlamadı? Sən ölkənin tanınmış jurnalisti idin, görmürdün ki, hadisələr hansı məcrada gedir? Qəzetlərin nə yazdığını oxumurdun, televizorda, radioda nə səsləndiyini eşitmirdin? Bilmirdin ki, bir-birinə ədavət, kin püskürən bütün bu yazıçılar, çıxışlar, bu qan-qan deyən adamlar cəmiyyətdə elə bir nifrət potensialı yaradır ki, bir gün böyük partlayış baş verəcək, hər şey alt-üst olacaq? Oldu da. Qurunun oduna yaş da yandı.

 

- Partlayış mən gedəndən sonra, cəmisi on-on beş günün içində oldu.

 

- Amma sən burda olanda qarşısını ala bilmədin.

 

- Qarşısını necə alaydım?

 

- Niyə, ölkənin nüfuzlu ziyalısıydın. Adamları ağıllarını başlarına yığmağa çağırardın, deyərdin ki, qardaşlar, bunun axırı fəlakətdir, qandır, ölümdür, bir-birinizə qənim kəsilməyin, qardaş qanı tökməyin".

 

Bəlkə də Beyrək haqlı olaraq atasına soyuq münasibət göstərir. Axı ziyalı insanlar cəmiyyətdə mayak rolu oynamalıdır. Əslində, çox da diqqət olunmasa belə, ziyalılar cəmiyyəti doğru yola yönəltmək, dövləti, vətəni, milləti dünyada düzgün tanıtmaqda xüsusi rol oynamalıdırlar. Əsərdə Beyrək bu fikrə gəlir ki, atası öz üzərinə düşən missiyanı kifayət qədər yerinə yetirə bilməyib, nəticədə cəmiyyət və xalq çox ağır hallarla üzləşməli olub.

 

 

 

Vüsalə ARZUM

Bakı Dövlət Universitetinin magistrantı

 

525-ci qəzet.- 2022.- 19 may.- S.13.