Qitələrə uzanan yollar

 

Professor Əsgər Zeynalovun elmi yaradıcılığının miqyası böyük, yayılma üfüqləri son dərəcə genişdir

 

Elm, yaradıcılıq elə bir xəzinədir ki, nə qədər çox əmək sərf etsən bir o qədər artar, genişlənər, şaxələnər...

 

1990-cı illərdə Əsgər Zeynalov "Azərbaycan bayatıları Qafqaz regionunda" mözusunda namizədlik dissertasiyasını müdafiə edib, "Fransız ədəbiyyatında Şərq" mövzusu adlı doktorluq dissertasiyası üzərində işləyirdi. Ancaq bununla yanaşı paralel olaraq tədqiqatçı vətəni məcburi surətdə tərk etməsilə bağlı "İrəvan ziyalıları" kitabı əsasında da çalışırdı. Bu ensiklopedik kitabı ərsəyə gətirmək üçün ziyalılarla və onların ailələri ilə şəxsən görüşüb uzun illər arxivlərdə axtarışlar apardı və nəhayət, illərin zəhmətindən sonra Azərbaycan tarixi və mədəniyyəti üçün çox əhəmiyyətli olan "İrəvan ziyalıları" kitabı ilk dəfə Azərbaycan dilində 1999-cu ildə işıq üzü gördü. Özündə vacib və tarixi faktları daşıyan "İrəvan ziyalıları" kitabı daha sonra Bakıda ingilis və rus dillərində, ardınca Sankt-Peterburqda, Moskvada rus dilində, ABŞ-da ingilis dilində nəşr olundu. Xüsusi vurğulamaq lazım gəlir ki, əsərin Sankt- Peterburq və Moskva nəşrinə ön sözləri dünyaşöhrətli rus alimləri Boris Starkov və Rudolf İvanov yazmışdı.

 

Azərbaycan xalqı həmişə öz tarixini, ədəbiyyatını sevmiş, digər xalqların ədəbiyyatına da hörmətlə yanaşıb. Filologiya elmləri doktoru, professor Əsgər Zeynalovun Azərbaycan Respublikası Dövlət Mükafatına təqdim etdiyi, xarici ölkələrdə nəşr olunmuş "İrəvan ziyalıları" (Rusiya, 2011, rus dilində); "Hüqo - fransız ədəbiyyatının milyarderi" (Fransa, 2015, fransız dilində); "İrəvan ziyalıları" (ABŞ, 2016, ingilis dilində); "Hüqo" (ABŞ, 2016, ingilis dilində); "Hüqonun Şərq baxışı" (İngiltərə, 2016, ingilis dilində), "Volter və Hüqonun Şərq baxışı" (Kanada, 2016, ingilis dilində); "Şərq Volter yaradıcılığında" (Hindistan, 2017, ingilis dilində); "Volter və Hüqonun Şərq dünyası" (İsveç, 2018, ingilis dilində) kitabları həmin fikri əsaslı surətdə təsdiq edir.

 

Müəllifin "İrəvan ziyalıları" kitabının Sankt-Peterburq nəşrinin ön sözünün müəllifi professor B.Starkov əsərdən bəhs edərkən yazır: "Sovet birliyinin dağılmasından sonra 15 müstəqil ölkə yarandı və özünü formalaşdırmağa başladı. Heç təəccüblü deyil ki, onlar öz keçmişləri haqqında hər şeyi öyrənmək istədilər və araşdırmağa başladılar... Belə işlərin arasında cənab Zeynalov Əsgər Məmməd oğlunun "İrəvan ziyalıları" kitabı da var. Ancaq sizi bu kitabın adı çaşdırmasın. Kitab Ermənistanın tarixi haqqında deyil. Bu kitab İrəvan tarixi və onun azərbaycanlı sakinləri haqqındadır. Həm də müəllif hər səhifədə onu göstərməyə çalışır ki, İrəvan Azərbaycan şəhəridir və onun qədim bir tarixi var. Öz fikirlərini təsdiq etmək üçün müəllif Erməni Sovet Ensiklopediyasından bir sitat gətirir- orada, 571-ci səhifədə yazılıb ki, XVI əsrin sonlarından XIX əsrin sonunadək və 1920-ci illərdə İrəvan Azərbaycana məxsus idi".

 

Professor Ə.Zeynalovun "İrəvan ziyalıları" kitabının istər Sankt-Peterburq, istərsə də ABŞ nəşrlərində Ümummilli Lider Heydər Əliyevin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 1997-ci il 18 dekabr Fərmanı və "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart Fərmanı öz əksini tapıb.

 

"İrəvan ziyalıları" kitabının ABŞ-da ingilis dilində nəşr olunmuş variantında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aşağıdakı sözləri sonralar yayılacağı qitələrə bir mesaj kimi səslənir: "Biz hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı digər bölgələr bizim tarixi torpaqlarımızdır".

 

Beynəlxalq nüfuz sahibi, professor Rudolf İvanov "İrəvan ziyalıları" kitabından bəhs edərkən yazır ki, professor Zeynalov çayların, bağların, təpələrin, məhəllələrin coğrafi adlarını kifayət qədər yaxşı öyrənib və bu adların hamısının Azərbaycan dilində olduğu göstərilir: Yoncalı bağ, Dərə bağları, Təpəbaşı, Qırmızı məhəllə, Gedərçay.

 

Bundan əvvəl kitaba əsaslanaraq XIX əsrin sonlarında İrəvandakı məscidlərin - Göy məscid, Təbriz məscidi, Hacıbəyim, Novruzəli, Qala, Zalxan, Çünkünlü, Hüseynəli məscidlərinin adlarını sadalayan bu görkəmli rus alimi nəticədə fikrini ritorik sualla yekunlaşdırır: "Burada şərhə ehtiyac varmı ki, İrəvanın köklü, yerli əhalisi azərbaycanlılar olmuşlar?"

 

Əsərdən bəlli olur ki, 1885-1895-ci illərdə İrəvan gimnaziyasında dərs demiş görkəmli maarifçi, ədəbiyyatşünas Firudin bəy Köçərli yazırdı ki, şəhri-İrəvan, üləma, füzəla və şüəra şəhəri olub, yəni alimlər, şairlər və din xadimləri şəhəri olub.

 

Kitabda göstərilir ki, İrəvanın qoynundan çıxmış neçə-neçə görkəmli şəxsiyyət öz doğma şəhərinə bağlandığını bildirmək, ona olan sevgisini vurğulamaq üçün özünə "İrəvani" təxəllüsünü götürmüşdü: Mirzə Qədim İrəvani, Fazil İrəvani, Aşub İrəvani, Axund Molla İrəvani, Əbülqasım İrəvani... XIX əsrdə İrəvanda nə qədər şairlər yetişmişdi.

 

Əsərdə verilən məlumatdan aydın olur ki, İrəvanda fəaliyyət göstərən təhsil ocaqlarının-xüsusilə gimnaziyanın məzunları sonralar Avropanın və Rusiyanın ali məktəblərində təhsil alan A.A.Şeyxülislamov, Y.Mirbabayev, M.Erivanski, H. Şaxtaxtinski və digər əhəmiyyətli şəxsiyyətlər olun.

 

 

 

XX əsrdə Azərbaycan elm və mədəniyyətinə mühüm töhfə vermiş əslən İrəvanlı olan akademiklər - M.Topçubaşov, H.Hüseynov, bəstəkar S.Rüstəmov, Xalq rəssamı K.Əliyev, kinorejissor H.Seyidzadə, şair Ə.Cəmil və digər görkəmli şəxsiyyətlər bu kitabın əsas araşdırma hədəflərindən olub.

 

"İrəvanın ziyalıları" kitabında yer alan görkəmli şəxsiyyətlərdən biri Əziz Əliyev də İrəvan gimnaziyasını qızıl medalla bitirmiş, Peterburq Tibbi-Hərbi Akademiyasına daxil olmuş, doğulduğu şəhərdə yaranmış iğtişaşlarla bağlı təhsilini yarımçıq qoyub, deportasiyaya məruz qalmışdı. 1923-cü ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmuş, oranı bitirdikdən sonra Azərbaycan Səhiyyə nazirinin müavini, 1932-ci ildə isə o, Azərbaycan Tibb İnstitutunun rektoru təyin olunmuşdu. 1935-ci ildə namizədlik, iki il sonra doktorluq dissertasiyasını müdafə etmiş, 1938-ci ildə Azərbaycan Dövlət Universitetinin rektoru, tezliklə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin üzvü, 1941-ci ildə isə Azərbaycan KP MK-nın katibi seçilmişdi.

 

1942-1948-ci illərdə Əziz Əliyev Dağıstan Muxtar Respublikasının birinci katibi vəzifəsində çalışıb.

 

Tədqiqatçıların dönə-dönə vurğuladığı kimi professor Ə.Zeynalov Azərbaycan ədəbiyyatşünaslığında yeganə tədqiqatçıdır ki, namizədlik dissertasiyası ilə doktorluq dissertasiyasının hər birini fərqli dillərdə araşdırıb. O, namizədlik dissertasiyasını erməni dilində, doktorluq dissertasiyasını isə fransız dilində olan mənbələr əsasında yazıb.

 

Ə.Zeynalov 10 il erməni qaynaqlarında - İrəvan Xalq Yaradıcılıq Evində, İrəvan Qədim Əlyazmalar İnstitutunda - Matenadaranda, İrəvandakı Ədəbiyyat və İncəsənət Muzeyində axtarışlar apararaq 550-dən artıq Azərbaycan bayatısı toplayıb və sübut etməyə çalışıb ki, ermənilərdə bayatı olmayıb, onlar uzun əsrlər boyu Azərbaycan bayatılarından məclislərində istifadə ediblər.

 

Ümumiyyətlə, Ə.Zeynalovun Azərbaycan, rus, fransız və erməni dillərində tədqiqat apara bilməsi onun yaradıcılığı üçün geniş imkanlar açıb, yüksək səviyyəli əsərlər yaratmasına səbəb olub. Onu da xüsusi vurğulamaq lazımdır ki, azərbaycanlı alimin əsərləri insan nəfəsi duyulan bütün qitələrə yayılmışdı.

 

Ə.Zeynalov təkcə respublikamızda deyil, beynəlxalq miqyasda özünü fransız ədəbiyyatı üzrə təsdiq etmiş mütəxəssis alimdir. 2003-cü ildə o, "Fransız ədəbiyyatında Şərq" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib. Onu da ayrıca diqqətə çatdırmaq lazım gəlir ki, fransız ədəbiyyatından ilk doktorluq dissertasiyası, Volter və Hüqo haqqında ilk monoqrafiyalar bu məhsuldar araşdırıcının qələminə məxsusdur. Öncə, Bakıda Azərbaycan, fransız, ingilis dillərində nəşr olunan Volter və Hüqo haqqında monoqrafiyalar sonralar Avropa və Amerika ölkələrində işıq üzü gördü.

 

Dövlət Mükafatına təqdim olunmuş bu əsərlərdə nədən bəhs edilir?

 

Əsərlərlə yaxından bələd olduqca, bəlli olur ki, tədqiqatçının elmi müdafiə mövzusu Volter olsa da o, beynəlxalq miqyasda daha çox Hüqonun mütəxəssisi kimi tanınıb. Bununla yanaşı araşdırmaçı müxtəlif vaxtlarda Honore de Balzak, Aleksandr Düma, Jorj Sand, Qüstav Flober, Qi de Mopasasan, habelə Frederik Stendal və Prosper Merime haqqında məqalələr yazıb.

 

Ə.Zeynalov "Şərq Volter yaradıcılığında" (Hindistan) və "Volter və Hüqonun Şərq baxışı" (İsveç) monoqrafiyalarının XVIII əsr dahi fransız ədibi Volterin Şərq mövzusunda yazdığı əsərləri tədqiqata cəlb edib. Kanadada nəşr olunmuş "Volter və Hüqonun Şərq baxışı" əsərində də bu mövzuya yığcam şəkildə müraciət etmişdi.

 

"Şərq Volter yaradıcılığında" (Hindistan) əsərində ədəbiyyatşünas alim fransız ədibinin 1756-cı ildə qələmə aldığı "Millətlərin adətləri və düşüncə tərzi haqqında esse" adlı əsərini geniş tədqiq edərək Volterin Şərq xalqlarının adət-ənənələri, dini baxışları ədəbiyyatı və elminə münasibəti öz əksini tapıb.

 

Ə. Zeynalovun fransız ədəbiyyatda Hindistan, Çin, İran, Ərəb, Türk xalqları ilə bağlı verdiyi məlumatlar, apardığı tədqiqatlarla yaxından tanış olduqdan sonra doğrudan da heyrətlənməmək olmur.

 

 

 

Volter hindlilərin qədim dini kitabələrindən bəhs edərək yazıb: "Şübhəsiz ki, ən qədim teologiya hindlilərdə kəşf edildi. 5000 il əvvəl onların Hanskrit və Sanskrit adlanan qədim dillərində iki kitab yazılmışdı. Bu iki kitabdan birincisi "Kasta", ikincisi isə "Veda" adlanır".

 

Tədqiqatçı "Şərq Volter yaradıcılığında" əsərində onu da diqqətə çatdırır ki, Volter səkkiz cilddən ibarət "Esse"lərin ayrı-ayrı cildlərində Hindistan mədəniyyətindən bəhs edib. Fransız ədibi "Esse"lərin II cildində Hindistan mədəniyyətinə yenidən qayıdaraq yazırdı: "Hindlilərdən yazmaq qərarına gəlirəm. Onların ruhu artıq onların kəşflərindəki oyunlarına oxşayır. Qısacası, hindlilərin kəşfi olan şahmat oyunu müharibənin təsviridir. Bizim istifadə etdiyimiz şifrələri

 

Şarlömanın vaxtında ərəblər Avropaya gətirmişdilər".

 

Volterin "Esse"lərinə əsaslanan araşdırıcı göstərir ki, məşhur Pilpay 2300 il əvvəl əxlaqi xarakter daşıyan təmsillər yazıb və bu təmsillər, demək olar ki, dünyanın bütün dillərinə tərcümə edilib.

 

"Esse"lərdə "Avesta"dan böyük bir parçanın təqdim ediləsi Şərqin bu möhtəşəm əsərinin ilk nəşrinin yalnız Anketil dü Perronun 1771-ci ildə nəşri fikrinin həqiqətə uyğun olmadığını təsdiq edir.

 

Tədqiqatda ən maraqlı məqamlardan biri Volterin "Esse"lərində türklər haqqında fikirlərdir. Fransız ədibi "Esse"lərdə türklərə ümumiyyətlə xoş münasibət bildirmiş və onların keçdiyi döyüş yerlərini qısaca olaraq belə səciyyələndirmişdi: "V əsrdə onlar Roma imperiyasını darmadağın etdilər, İspaniyanı və romalıların Afrikada malik olduğu yerləri tutdular, sonralar Babilistan xəlifələrini özlərinə tabe etmələrinin şahidi olduq".

 

Volter türklər və tatarların eyni mənşəli olduğunu, Atillanın bu kökə mənsubluğunu bildirərək yazıb: "Bunlar bütün yer üzünü işğal etmişdi. Biz onların haqlı olduğunu gördük, çünki onlar başqa xalqlara nisbətən daha güclü, sərt və qüvvətli idilər".

 

Ə.Zeynalov göstərir ki, "Esse"lərin ayrı-ayrı cildlərində türklər haqqında geniş şəkildə danışaraq sanki fikrini aşağıdakı şəkildə təsdiq edir: "Türklər ifrat dərəcədə məğrurdular".

 

Ə.Zeynalovun "Şərq Volter yaradıcılığında" əsərində Volterin müsəlman aləminə baxışı da ciddi maraq doğurur. Öncə, fransız ədibinin Şərq qaynaqlarına münasibət bildirir və göstərir ki, o, "Esse"lərdə Şərq elminin, mədəniyyətinin, Avropanı bir neçə əsr qabaqladığını və ikinciyə təsirini təkzibedilməz faktlarla sübuta yetirib. Bütün elmlərin - kimya, astrologiya, riyaziyyat, tibb, poeziyanın orta əsrlərdə Şərqdə güclü surətdə inkişaf etdiyini geniş surətdə göstərən Volterin milli eqoizimdən uzaq, əsl insana xas olan böyüklüklə dediyi yekun sözü, gəldiyi son nəticə həqiqəti təcəssüm etdirir: "Hansı tərəfə dönsək, etiraf edib boynumuza almalıyıq biz yalnız dünən mövcud olmuşuq. Biz əvvələ qayıdırıq ki, başqaları daha qədimdirlər, çünki biz sonuncu gəlmişik".

 

"Volter və Hüqonun Şərq dünyası" (İsveç-2018) monoqrafiyasında isə tədqiqatçı Hindistan nəşrinə fransız ədibinin "Zairə" və "Skiflər" faciələrini əlavə etmiş, ikincinin "Kitabi Dədə -Qorqud" dastanı ilə müqayisəsini aparmışdı.

 

Ə.Zeynalov fransız ədibinin fikirlərini heç də sakit bir şəkildə, ehkam kimi qəbul etməyib, lazım gəldikdə öz düşüncələrini, münasibətini bildirib.

 

Məşhur şərqşünas V.V.Bartold türklər haqqında XI yüzilliyin böyük alimi Mahmud Kaşqaridən gətirdiyi bir fikri ayrı-ayrı əsərlərində bir neçə yerdə təqdim edib: Allah peyğəmbərlərə deyib: "Mənim Şərqdə türk adlanan ordum var, hər hansı xalqa qəzəblənsəm, onları onun üstünə göndərərəm".

 

 

 

Professor Ə.Zeynalovun Dövlət Mükafatına təqdim olunmuş əsərləri içərisində Hüqo haqqında monoqrafiyaların çoxluq təşkil etməsi təsadüfi deyil. Belə ki, o, beynəlxalq aləmdə Hüqonun mütəxəssisi kimi tanınır. Fransanın ən nüfuzlu orqanlarından "LEst Republicain" qəzetində bu azərbaycanlı mütəxəssis haqqında yazılmış məqalələr də bunu əsaslə surətdə təsbit edir.

 

Hüqo haqqında qələmə aldığı monoqrafiyalarda tədqiqatçı alim fransız ədibinin yaradıcılığına ümumi şəkildə nəzər salıb, əsərlərinin Azərbaycan dilinə tərcümə olunaraq araşdırılmasına diqqət yetirib, poeziyası və nəsr əsərləri ("Səfillər və Paris Notrdam kilsəsi" romanları) geniş surətdə təhlil süzgəcindən keçirib. Onu da xatırlatmaq lazım gəlir ki, müəllif V.Hüqonun şeirlərini originaldan dilimizə çevirib kitab şəklində nəşr etdirmişdi. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə nəşr olunmuş əsərlər sırasında çapdan çıxan Hüqonun "Səfillər" (2005) romanının latın qrafikası ilə ön sözü, habelə yazıçının nəşr edilmiş "Seçilmiş əsərləri" kitabındakı ön sözləri də Ə.Zeynalovun qələminə məxsusdur.

 

Hüqonun poeziyasından bəhs edərkən, araşdırıcının İngiltərə, Kanada və İsveçdə nəşr etdirdiyi monoqrafiyalarda öz əksini tapmış fransız mütəfəkkirinin islam dinini qəbul etməsi məsələsi xüsusilə maraq doğurur. Tədqiqatçı apardığı ciddi araşdırmalarda faktlarla təsdiq etməyə çalışıb ki, Viktor Hüqo Məhəmməd Peyğəmbərin həyatını, "Qurani-Kərimi" çox dərindən öyrənmiş, islam dininə, o cümlədən, peyğəmbərə həsr olunmuş "Hicrinin doqquzuncu ili" poemasını bu mövzulara həsr etmişdi. 156 misradan ibarət bu poemada Məhəmməd peyğəmbərin həyatı ilə bağlı bəzi məqamlar öz əksini tapıb.

 

Monoqrafiyalarda Viktor Hüqonun islam dinini qəbul etməsi, ömrünün son günlərində dəfələrlə Qurani-Kərimin "Əl-Fatihə" surəsindən "İhdinas siratəl müstəqim" - "Bizi doğru yola yönəlt" kəlamını dilindən əksik etməyib ağlaması qeyd olunur.

 

Professor Ə. Zeynalovun fransız ədəbiyyatına aid yazdığı əsərlərə dünya şöhrətli fransız alimləri - Parisdəki "Osmanlı dövrünə qədər və Osmanlı dövrü üzrə Beynəlxalq Komitə"nin prezidenti Jan Lui Bakkı Qrammon, Viktor Hüqonun Dostları Cəmiyyətinin Prezidenti Arno Laster, Fransanın Franş-Konte regionunun vitse-prezidenti Monyin-Feyzo yüksək qiymət veriblər və Bosniya-Hersoqovina alimi Enes Kariç 2017-ci ildə nəşr olunmuş "Preporod" qəzetində dərc etdirdiyi "Viktor Hüqo Məhəmməd peyğəmdər haqqında" məqaləsində bir neçə dəfə azərbaycanlı alimin Londonda nəşr olunmuş "Viktor Hüqonun Şərq baxışı" əsərinə istinad edib.

 

Parisdəki Hüqonun Dostları Cəmiyyətinin məcmuəsinin "2014-2016-cı illərdə Hüqoya həsr olunmuş kitab və məqalələr" adlı yazıda tədqiqatçı alimin ABŞ, Fransa, Almaniya, İngiltərədə işıq üzü görmüş kitabları haqqında məlumat verilir və onların öncə Bakıda nəşr olunması vurğulanır.

 

Professor Ə.Zeynalovun istər "İrəvan ziyalıları", istərsə də Fransız ədəbiyyatına aid monoqrafiyaları dünyanın 30-a qədər ölkəsində yayılıb.

 

Azərbaycan Dillər Univeristetinin Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri, Nyu-York Elmlər Akademiyasının üzvü, Özbəkistan Turan Elmlər Akademiyasının akademiki, Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin üzvü, Türk Dünyası Araşdırmalar Beynəlxalq Akademiyasının akademiki, Almaniya Avropa Təbiət Elmləri Akademiyasının Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor Əsgər Məmməd oğlu Zeynalovun Rusiya, Fransa, ABŞ, İngiltərə, Kanada, Hindistan və İsveçdə nəşr olunmuş "İrəvan ziyalıları" və fransız ədəbiyyatına aid silsilə əsərləri Azərbaycan Respublikasının Dövlət Mükafatına, fikrimcə, tamamilə layiqdir.

 

Novruz MƏMMƏDOV

Professor, ADU-nun Elmi işlər üzrə prorektoru

 

525-ci qəzet.- 2022.- 19 may.- S.10;11.