Ürəyimin aydınlıq yeri

 

Hərdən belə olur; sevdiyin, dəyər verdiyin adam haqqında bir neçə kəlmə yazmaq istəyirsən. İstəyirsən, hazırlaşırsan, di gəl yaza bilmirsən. Sözlər beyindən ürəyə süzülür, göllənir, durulur, elə ki ürəyini dolu dolça kimi götürüb aşırırsan səhifənin üstünə, sözlər quru buz tüstüsünə çevirib, yayılır. Çiskin kimi, duman kimi axır, bulud kimi süzülür... Sonra başa düşürsən ki, bəzən içindəki ülvi, səmimi, hisslərini elə bil beyindəki gizli keşikçilər mühafizə edirlər, qoruyurlar. Qorxurlar ki, başqalarının dilinə düşməsin, kimlərinsə gözünə gəlməsin, qulağına çatmasın, əlində ucuzlaşmasın. Məhrəm qalsın. Amma gizlin keşikçilər sənə imkan verir ki, durulanmış gölün kənarına düşəsən, orda gizlədiyin adamın səltənədində onunla görüşəsən, danışasan. Danışdıqca, onun simasında bütün insanları sevəsən, inanasan ki, hamı onun kimidir. Deməli, dünya gözəldir. Onlar dünyanı sevdirən adamlardır.

Belə adamı necə sevməyəsən?

 

Ürəyimdəki səltənətinə getdiyim adamlardan biri Nəzakət xanımdır. Onun üçün ürəyimdə süzülüb durulmuş gölün çevrəsini gəzib qurtarmaq olmur, üzüb keçmək çətindir. Ona görə heç yaza bilmirəm, eləcə keyfim istəyəndə gedib görüşürəm. Duruluram, aydınlanıram, məhəbbətə, hörmətə, diqqətə, qayğıya bürünürəm.

 

Tale bizim tanışlıq yolumuza uzaq Kastamonuda düyün vurdu. Göyün yeddinci qatında dil tapdıq, sözümüz doğmalaşdı. Həm ona görə doğmalaşdı ki, Nəzakət xanım sözə and içən adamdır. Sözünü özündə saxlayan, sözünü qoruyan, qədrini biləndir. Sözü balası kimi sevir Nəzakət xanım.

 

Tanrı təbəssümü çiçəkləyibdir

 

Hər gözəl ananın nurlu üzündə.

 

Ayağı altına cənnət döşənib,

 

Allahın ətri var "ana" sözündə.

 

Allah təbəssümü Nəzakət xanımın üzündə bərq vurur. Elə ki, qarşısında oturursan, bu təbəssümdən sənə pay düşür. Bax, beləcə tanıdım. Tanıdıqca daha çox hörmətim artdı. Gördüm, Nəzakət xanım sözü balası kimi ona görə sevir ki, o, hamının balasına ana olmağa çalışır. Bu qədər fədakardır.

 

Belə ananı necə sevməyəsən?

 

Respublika Xatirə Kitabında haqqında yazılan hər şəhid üçün ürəyini şam kimi yandırır. Gözünün yaşıyla xatirələri yuyur. Onun üçün fərqi yoxdur kim kimin oğludur, harda, hansı kənddə, hansı rayondadır. Hamıya bağrının başında yer salır. Bu yanğıyla, bu ehtiramla hər bir şəhidimizin xatirəsini əbədiləşdirmək üçün əlindən gələni edir. Onun üçün hər şəhid Vətəndir.

 

Bəlkə borcundan çıxmadım, Vətən,

 

Ömür bahar deyil bir qayıtsın.

 

Ölsəm , qoynunda qoy ölüm ki, mən

 

Çürüyüm bir ovuc torpağın artsın!

 

Musa Yaqubun bu məşhur şeirinin ruhuyla yaşayır Nəzakət xanım. Vətən üçün yaşayır! Böyütdüyü övladlarını Vətənin keşiyinə göndərib. Amma hardasa daha sakit bir peşədə çalışa bilərdilər. Buna bir ana kimi şərait yarada bilərdi Nəzakət xanım. Gücü, imkanı çatardı. Amma o, Vətəni seçdi.

 

Arzum - ələ yaxıb sevinc hənası,

 

Dəyərdən ucadır ömrün mənası.

 

Vətənin qızıyam - zabit anası,

 

Zəfərin mübarək, komandir oğlum!

 

Nəzakət xanımın özü, şəxsiyyəti, amalı yazdığı bu dörd bəndə açıq-aydın görünür.

 

Belə şəxsiyyəti necə sevməyəsən?

 

"Danış, səni görüm" deyib müdriklər. Nəzakət xanım danışanda anlayırsan ki, doğru ünvandasan. Bütün hissləri gözlərindədir Nəzakət xanımın. Söhbətin mövzusu bir anda onu dünyanın ən xoşbəxtinə çevirə bilir; görürsən bu dey, üzündəki Allah təbəssümü bədirlənmiş Ay kimi buludların arxasından çıxdı. Bir görürsən qara-qara buludlardan yaş süzüldü. Özgənin sevincini, özgənin dərdini yaşayır. Mən hələ bir dəfə Nəzakət xanımın şəxsi dərdini, problemini danışıb-gülən, kövrəlib ağlayan görmədim. Onun sevinci , dərdi başqalarından gəlir; ürəyinə saldığı adamlardan. Bir dəfə olsun kiminsə işini, sözünü mövzuya salmaz. Danışar hansısa qəhrəman şəhidin taleyindən, xatirəsindən, döyüş yolundan... Əzizləyə-əzizləyə hazırlayıb, ortaya çıxardığı "Yada düşdü" jurnalından fərəhlə söhbət açar. Bu fərəhin işığı onun gözlərində ulduz kimi bərq vurar. Görürsən ki, kimlərisə xatırladığı, xatırlatdığı, yada saldığı üçün xoşbəxtdir. Başqalarının yerinə xoşbəxt olmağı bacarır Nəzakət xanım.

 

Belə fədakarı necə sevməyəsən?

 

Elə ki, qapısından içəri girirsən, elə bir sevinclə, elə bir sevgiylə durub qənşərinə çıxır ki, adam qarşılaşdığı ilk andan onun müsbət ourasına bürünür. O, qadındır, anadır, baş redaktordur, amma həmişə sadə, mehriban insanı görürsən. Çünki necə varsa elədir, özünü göstərmək fikrindən uzaqdır. Onuöz altındakı kreslo, nə də adının altındakı titullar dəyişə bilir, özgələşdirmir, özünü özünə yaddaşdırmır, maskalaşdırmır. Səmimiyyət adamıdır Nəzakət xanım.

 

Belə insanı necə sevməyəsən?

 

Ürəyinin işıqlı olmağını istəyən adam gərək orda işığı olan adamlara yer versin. Bax elə buna görə də tez-tez Nəzakət xanımı ürəyimdəki səltənətində ziyarət edirəm. Sevinirəm ki, belə bir insanın ürəyimdə yeri var, həmən yer aydınlıqdır.

 

 

Vüsal NURU

 

525-ci qəzet.- 2022.- 20 may.- S.15.