"Böyük Azəri"

 

Şuşalı mühacir Hilal Münşinin dəyərli yazısı

Azərbaycan mühacirətində əslən Şuşadan olan görkəmli xadimlərdən biri Hilal Münşidir. O, 1899-cu ildə Şuşada anadan olmuş, burada Realnı məktəbdə oxuduqdan sonra 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Parlamentin qərarı əsasında Almaniyada, Berlin Universitetində təhsil almağa göndərilmişdi. 1920-ci ildə Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra H.Münşi Almaniyada qalmış, mühacirət həyatı yaşamışdı.

H.Münşinin zəngin mətbu irsi vardır. Məsul redaktorluğunu etdiyi, Berlində 1934-cü ildən nəşr edilməyə başlayan "Qurtuluş" jurnalında onun çox maraqlı, Azərbaycan oxucularına az məlum olan yazıları vardır. H.Münşinin 1934-cü ildə "Qurtuluş" jurnalında Azərbaycanın tanınmış dövlət xadimi Əlimərdan bəy Topçubaşovun ölümünə həsr etdiyi məqaləsi çox təsirlidir bunu nəzərə alıb oxuculara təqdim edirəm.

 

 

***

 

 

Qaspıralı ordusunun komandanlarından İsmayıl Mirzənin özü kimi mühitinə sığmayan, talant, enerji hünəri ilə Xəzər sahillərindən tutmuş Sibirə qədər yayılan türklük arasında qibtə ediləcək bir nüfuz hörmətə malik olan, bütün varlığını Rusiya məhkumu 30 milyonluq türk kütləsinə həsr edən bir mücahidi itirdik.

 

Əlimərdan bəy əbədiyyətə qovuşdu... O bu gün müvəqqəti səmalarda bulunan Azərbaycan Pantionuna varmışdır, istiqlal hürriyyət rəisi ilə məclis yoldaşıdır. Mələklər onu oxşarlar, çünki o fani dünyanı üzlə tərk etmişdir. Əlimərdan bəy orada yalnız deyildir, onun istiqbalına çıxanlar, Azərbaycan istiqlalı uğrunda qələmi, sərvəti, şərəf, irz namusu ilə çalışan bu uğrunda hətta qan canı bahasına şəhid düşən bir dəstə mücahidlədir. Əlimərdan bəy orada Mirzə Fətəli, Həsən bəy Zərdabi, Qaspiralı İsmayıl Mirzə kimi böyüklərlə birləşəcəkdir.

 

Əlimərdan bəy böylə bir mövqeyə həqiqətən layiqdir. Onun yeri "yaşayan ölülər"in arasındadır. O, 72 yaşının 50-dən çoxunu Azərbaycan uğrunda sərf etmişdir. Bu rəqəm Vətənimizdəki ümumən rus istilası dövrünün üçdə birindən çoxdur. Azərbaycan intibah dövrünün ən böyük şəxsiyyəti bulunan bu parlaq ulduz, istiqlal dövrünün ən məşhur rəhbərlərindən, milli mücadiləmizin ön sıralarında gedən mücahidlərindən biridir.

 

1918-də elan olunan 1920-nin yanvarında Əlimərdan bəyin fəaliyyəti sayəsində bütün mədəni dövlətlərcə tanınmış olan Azərbaycan istiqlalına Əlimərdan bəy tərəfindən artıq 1906-da Rusiya Dövlət Dumasında təməl daşı atılmaqda idi.

 

Məlum olduğu üzrə Əlimərdan bəy tarixdə rus Dumasındakı Rusiya məhkumu millətlərini təmsil edən deputatlar tərəfindən qurulan "Muxtariyyətçilər Birliyi"nin rəis müavini idi. Əlimərdan bəyin o zamankı bu "muxtariyyətçiliyi" sanki "istiqlalçılığın" şübhəsiz bir müqəddiməsi idi.

 

"Muxtariyyətçilər Birliyi" kimi sonrakı istiqlalçılar təşkilatının ən çalışqan üzvlərindən biri olan Əlimərdan bəy, polşalı finlandiyalı deputatlar kimi, o tarixi günlərdə təmsil etdiyi vətənin irəlidə getməsi lazım gələn yol istiqaməti artıq cızmış bulunurdu. Eyni səbəbdəndir ki, Əlimərdan bəy bəhs etdiyimiz təşkilata qəbilindən olan digər siyasi mühüm təşkilatlardan dəxi iştirak etməyi xüsusilə məhkum millətlərin nümayəndələrindən başqa sahələrdə birliyini ehtimal etmədi. Mərhumun Viborq Bəyannaməsinə imza atması dəxi eyni motivlərlə izah oluna bilir.

 

 

 

Əlimərdan bəyin böyüklüyü, milli oyanışımıza siyasi müsbət bir şəkil vermiş olduğudur. Mərhumun istiqlalımız uğrundakı sarsılmaz mücadiləsi, bu mücadilənin zamana məkana görə istifadə etdiyi müxtəlif taktik keçirdiyi mərhələlər müstəqil Azərbaycanın tarixçiləri üçün son dərəcə maraqlı zəngin materiallar təşkil edəcəkdir. Azərbaycan tarixinin XX əsrlə başlayan qismində Əlimərdan bəyin təsiri böyükdür!

 

Əlimərdan bəyin xüsusi həyatından bəhs edildiyi zaman mərhumun milli ənənələrə qarşı bəslədiyi böyük sevgi dərin hörməti qeyd etmək lazım gəlir. Bunun səbəbləri araşdırılarsa, görünür ki, Əlimərdan bəy milli ənənəyə misilsiz surətdə bağlı idi. Mərhumun bu bağlılığı sağlam bir konservatizmlə özünü göstərməkdə idi. Təhsildə bulunduğu qız məktəbləri, zərrə qədər olsun mərhumu rus ruhuna bağlaya bilmədi. Rus məktəbləri rusları içinə alırkən onları ümumiyyətlə, mümkün qədər ruslaşdırmaq istərdi sadəcə bu qayə ilə dəxi türk cocuğunu "təhsilə" qəbul edərdi. Öz milli varlığını tamamilə mühafizə etmək zərrə qədər belə rus ruhuna qapılmamaq şərtilə birər türk tələbəsi üçün hər hansı bir rus məktəbini bitirmək həqiqətən böyük bir hünər idi. Rus məktəbi türkü sadəcə məzun deyil, eyni zamanda rus ruhunun məhsulu olaraq buraxmaq istərdi. Əlimərdan bəy rus məktəbinin məzunu olsa da, rus məktəbinin məhsulu deyildi. Milli ənənəyə bağlılığı da buradan gəlirdi. O, gənc tələbə ikən rus müəssisəsindən aldığı maddi yardımdan imtina etdi, çünki ona bu yardımı edərək, buna müqabil rus ədəbiyyatı ilə rus tarixi təhsilində bulunmağı şərt qoşan rus müəssisəsinin Əlimərdan bəydən bəklədiyi vəzifənin olacağını mərhum kəskin zəkası ilə təhmin etmişdi. O, Rusiya tərəfindən Azərbaycanın şəxsən türk "uçitellər" (müəllimlər) əli ilə ruslaşdırma siyasətinə alət olmaq istəmədi. O, Kotoşixinin "Domostroy" kimi səfsəfələrini (həqiqət ilə bəzədilmiş yalanlarını) "ədəbiyyat" deyə türk cocuğuna təlqin edə bilməzdi. Onun xalis türk vicdanı buna yol vermədi. Aldığı yardımdan əl çəkdi hüququ oxudu. Yarım əsr millətinin irqinin vəkili oldu.

 

Millət bütün müqəddəratını bu vəkilin ixtiyarına vermişdi. Həm təkcə Azərbaycan yox, hətta Türküstan dəxi Əlimərdan bəyi özünə vəkil təyin etdi bu vəchlə Əlimərdan bəy Rusiya Dövlət Dumasında milyonlarca türküstanlı qardaşlarının haqqını dəxi müdafiə etməkdə idi. Əlimərdan bəyin sevgisi, xidməti sadəcə Azərbaycan Türküstan türkünə həsr olunmaqla qalmırdı. Bu sevginin alovu Sibirya türklərinə qədər ziyalarını saçmaqda idi.

 

 

 

Məmləkətimizin yetişdirdiyi Böyük Azəri bu gün artıq Azərbaycan panteonundadır. O, məsuddur, çünki millətinə və irqinə qarşı insani və mədəni vəzifələrinin həpsini ifa edərək həyatının son dəqiqəsinə qədər millətə xidmətdə bulunmuşdur. Fəqət onun bizə yüklədiyi son və müqəddəs bir vəzifə vardır ki, biz bu öndərimizin ruhunu bu vəzifəyə sədaqətlə xidmətdə bulunmaqla şad etmiş olacağız. Əlimərdan bəy inandığı, etimad etdiyi və mənsub olduğu Azərbaycan Milli Mərkəzi rəisləri ilə 14 Temmuzda Brüsseldə Qafqaz Konfederasiyası əhdnaməsi deyilən tarixi bir akta imza atdı. Bununla o, yəni tariximizin qorxunc günlərində bizə unudulmaz xidmətlərdə bulunan bu sadiq millət oğlu, həqiqi Azəri milliyyətçilərinə xilasımızın Qafqaz Konfederasiyasında olduğunu vəsiyyət etmiş oldu və eyni zamanda millətin ən təmiz və səlahiyyətdar şəxsiyyətləri ilə əlbir olduğunu açıqca elan etdi. Bu vəsiyyəti unutmaq Böyük Azəriyə qarşı hörmətsizlikdir.

 

Əlimərdan bəy yalnız fiziki cəhətdən ölmüşdür. Mənən o, yaşayır və aramızdadır. O, bizə bir örnəkdir. Müstəqil Azərbaycan ona bir bəsit abidə deyil, Bakı atəşgahları kimi əbədi nur saçan bir abidəgah yapacaqdır.

 

Əlimərdan bəy, ruhun şad olsun!

 

"Qurtuluş" jurnalı,

 

Berlin, il: 1, sayı: 4. 1934

 

 

Nəsiman YAQUBLU

 

525-ci qəzet.- 2022.- 20 may.- S.14.