Birləşərək güclənək, güclənərək birləşək!

 

CAVANŞİR FEYZİYEVİN "TÜRK DÖVLƏTLƏRİ BİRLİYİ. QLOBAL İNTEQRASİYANIN AVRASİYA MODELİ" MONOQRAFİYASI ƏTRAFINDA DÜŞÜNCƏLƏR

 

Yaşadığımız tarix böyük dövlətlərin böyük qayələrin tarixidir. Böyük mədəniyyətlər böyük qayələrin olduğu yerdə yaranır biz indi bunların küllünə dünya mədəniyyəti deyirik. Türk qövmü, minilliklər uzunu onun varlığını inkar etmək istəyənlərə öz inkar qanunları ilə cavab vermiş, dünyanın qarmaşıq zamanlarında yeni-yeni dövlətlər quraraq insan cəmiyyətinə nizam gətirib. Azərbaycanlı filosof Cavanşir Feyziyev Tanrının türkə verdiyi quruculuq bacarığını belə ifadə edir: "Türk dövlətlərini imperiyalarını yaradan xalqlar, həm türk sivilizasiyasının yaradıcılarıdır. Çünki bu siyasi quruluşlar türk superetnosunun Avrasiya məkanında sivilizasiya yaratmasına böyük imkanlar açıb. Türk sivilizasiyasının ən qüdrətli, ən yenilməz, tarixin bütün sınaqlarından çıxaraq daim təkmilləşməyə qadir forması da, Türk dövləti, Türk dövlətçiliyidir".

2021-ci ilin payızında, Türk dövlətləri başçılarının İstanbul sammitində Türk Dövlətləri Təşkilatının yarandığı elan edildi. Çağdaş dünya reallığında yavaş-yavaş, ehtiyatla qurulmağa başlayan Türk Birliyi ideyası İstanbulda öz məntiqi sonluğuna çatdırıldı. Türkdilli ölkələrinin Əməkdaşlıq Şurası məfhumu Türk Dövlətləri Birliyinə çevrildi. Uzun illərin əsirliyindən sonra yenidən müstəqillik qazanan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, XXI əsrdə böyük inkişaf yoluna qədəm qoymuş Türkiyə ilə birgə Türk Dövlətlər Birliyinin varoluşunu dünyaya bəyan etdilər. Türkmənistan Macarıstan isə təşkilata müşahidəçi statusunda daxil oldular. Türk dövlət başçılarının bu qurumu yaratmaq qərarı ilkin addım olsa da, tarixi bir addım idi. Hələ 1994-cü ildə Xalq yazıçısı Anar, "Azərbaycançılıq barədə düşüncələr" yazısında deyirdi: "Türk birliyi Azərbaycan-Türkiyə birliyindən başlayır". Bu birliyi gəlişdirib ən üst səviyyəyə gətirənlər var olsunlar. Türkiyə Azərbaycan uzun illər müxtəlif sahələrdə birgə layihələr həyata keçirərək, bütün dünyaya türk qardaşlığının nələrə qadir olduğunu göstərdilər. Qazaxıstanla bir yerdə onlar Türk Birliyinin dayanıqlığını təmin edən üç faktor oldular. Əlbəttə, bir təşkilatı elan etməklə, dərhal Birlik yaranmır. Bunun üçün uzun illər ərzində onun alt yapısı hazırlanır. Onun siyasi, iqtisadi, mədəni təməlləri hazırlanır. Bu təməllər barədə son 20 ildə çox yazılıb, təkrarçılıq etmək istəmirəm. Bu yazıda heç məqsədim o deyil. Mən daha çox Türk Dövlətləri Birliyi ideyasının nəzəri əsaslarını hazırlayan fikir adamlarından biri, azərbaycanlı filosof Cavanşir Feyziyevin 2013-cü ildə nəşr etdirdiyi "Türk Dövlətləri Birliyi. Qlobal inteqrasiyanın Avrasiya modeli" monoqrafiyası bərədə bəzi fikirlərimi bölüşmək istəyirəm.

 

Bu monoqrafiya bir türk fikir adamının indiki dünya reallıqlarında türk qövmünün yenidən təşkilatlanaraq, bu qarışıq zamanda hər cür çağırışa sinə gərmək üçün birlik qurmanın nəzəri modelidir. XXI əsrin əvvəllərində yaşayan düşüncə adamı Cavanşir Feyziyev artıq "türkləşmiş, islamlaşmış, müasirləşmiş" müstəqil türk dövlətlərinin güclənərək birləşib böyük siyasət meydanına girməsinin yollarını arayır. Artıq onun ortaya qoyduğu deviz "Güclənərək birləşmək, birləşərək güclənmək"dir. Sözün düzü, onun nəzəri əsas kimi ortaya qoyduğu əsər Türk Dövlətləri Birliyinin elan olunmasından bir müddət öncə nəşr olunub türk, rus, macar, özbək, qazax dillərinə tərcümə edilib. Monoqrafiya yazıldığı dövrdə TDB ideyası hələ dövlət başçılarının həyata keçirmək istədikləri bir ideya şəklində idi zamanı gələndə onlar bu ideyanı gerçəyə çevirdilər.

 

Mən 2011-ci ildə, Türkdilli Dövlət Başçılarının Almatı sammitində qonaq kimi iştirak etmişəm, onda bu ideya romantik bir xəyal kimi görünürdü. Türk ölkələrində bu ideyanı qəbul etmək istəməyən ünsürlər az deyildi.

 

ilə cəlb etdi məni C.Feyziyevin "Türk Dövlətləri Birliyi. Qlobal inteqrasiyanın Avrasiya modeli" kitabı? İlk öncə tarixi reallığa sərrast, müdrik baxışı, istər ortaq türk tarixinə, istərsə ayrı-ayrı türk xalqlarının tarixinə dair dərin bilgisi ilə. Bütün bunlarla bərabər ən əsası odur ki, müəllif təklif etdiyi birlik modelinin gerçəkləşəcəyinə varlığı kimi inanır. Həm , təklif olunan model, yaradılacaq birliyin konsepsiyası, mümkün qədər praqmatik, elmi əsaslandırmalarla verilib. Başqalarını inandırmaq üçün, öncə gərək, yazdığına özün inanasan. Mən bu mövzuda nəzəri sayılacaq çox kitablar oxumuşam, özüm az yazmamışam. Siyasi liderlərin çıxışlarını dinləmişəm. Qane olmadığım məqam o olub ki, türk birliyi romantik, dumanlı bir ideya kimi təsəvvür olunur.

 

 

 

C.Feyziyev isə ortaya fundamental bir kitab qoyub. O, türklərin yazılı mənbələrdə əks olunan ən qədim əzəmətli dövləti olan Hun (Hunnu) imperiyasndan başlayaraq bu günə kimi uzanan çoxsaylı dövlətlər bürclərini bir-bir nəzərdən keçirir, onların keçdikləri şərəfli keşməkeşli yolları bir-bir saf-çürük edir. Bir-birinin davamı olan türk dövlətləri sırasının tarixi ardıcıllığına rus Qərb alimlərinin gözü ilə deyil, bir türk filosofunun, bir türk aydının gözləri ilə baxır, qazanmaları yenilgiləri törədən səbəbləri axtarır. Türk imperiyalarından söhbət düşəndə, ən çox mübahisə Çingiz xan xanədanının ətrafında baş verir. Azərbaycanın tarixində önəmli rol oynamış bu xanədan (Elxanilər dövrü) qeyri-türk xanədanı kimi təqdim olunur. Mən bu yazıda Çingiz xanın mənşəyi "monqol termini barədə danışmaq istəmirəm, amma Çingiz xanın səltənətinin bir türk dövləti olduğuna qətiyyən şübhəm yoxdur. C.Feyziyev həmin dövrü Türk-Monqol dövrü kimi tədqiq edir, onu türk sivilizasiyasının bir mərhələsi kimi göstərir məncə bu çox gözəl bir tapıntıdır, yəqin ki, bir ayrı yazıda mən bu barədə geniş söhbət açacam.

 

Tarixin dərinliklərinə baş vuran müəllif, qədim türk sivilizasiyasının özünəməxsus xüsusiyyətlərini, başqa sivilizasiyalarla fərqli cəhətlərini müqayisəli şəkildə araşdırır. Türk dövlətçilik ənənəsini türk sivilizasiyasının onurğa sütunu adlandıraraq, türk mədəniyyətinin digər özəlliklərini ortaya qoyur. O bildirir ki, "türk mədəniyyətinin daxili zənginliyi təkcə dövlətçilik mədəniyyəti ilə bitmir. Türk mədəniyyəti - sosial-siyasi mədəniyyət, iqtisadi mədəniyyət, mənəvi mədəniyyət, bədii mədəniyyət, bilgəlik (humanitar) mədəniyyəti, ekoloji mədəniyyət digər qatlara malikdir. Türk dünyasının mədəniyyət sərvətlərini, mədəni-intelektual həyatını tarixi-kulturoloji planda araşdıran alimlər həmin qatları incələyərək bu qənaətə gəlirlər ki, türk sivilizasiyası - dünya sivilizasiyaları arasında həm öz seçkinliyini saxlayan, həm həmin sivilizasiyaların universal keyfiyyətlərini mənimsəyərək özündə sintezləşdirməyi bacaran unikal hadisə olmuşdur".

 

Müəllif təklif etdiyi mədəniyyət sahələrini ayrı-ayrılıqda incələyərək, türk xalqlarını birləşdirən və onları başqa xalqlardan fərqləndirən xüsusiyyətlərə aydınlıq gətirir. Əsrlərlə, bəlkə də min illərlə Uzaq Şərqlə Aralıq dənizi hövzəsi arasında ticarət yollarına nəzarət edən türklər, həm də qədim dünyanın bu mədəniyyət mərkəzləri arasında bir rabitə rolunu oynamışlar. Bu mədəniyyət mərkəzləri, indiki terminologiya ilə desək, Şərq və Qərb bir-birini məhz türklərin köçləri vasitəsi ilə tanımışlar. Həm də bu köçlər yalnız Şərqdən Qərbə deyil, həm də əks istiqamətdə olub. Mən etrusklar dövrünü araşdırarkən qəribə bir paradoksla qarşılaşdım. Apennin yarımadasında yaşayan, bu gün istifadə etdiyimiz latın əlifbasını yaradan və b.e-nın II -III əsrlərindən tarix səhnəsindən silindiyi guman edilən etrusklarla (etrusklar özlərini arsina, aşina adlandırıblar), VI əsrdə tarix səhnəsinə çıxan, Altay ətəklərində Göy Türk dövlətini quran Aşina boyu arasında çox dərin bir yaxınlıq var. Yəni indi "İpək yolu" adlandırdığımız qədim ticarət marşrutu çox qədim zamanlardan türklərin nəzarətində olub. Cavanşir Feyziyev Pol Qoldenin "Dünya tarixində Mərkəzi Asiya" əsərindən belə bir sitat gətirir: "Türk (Göy Türk) imperiyası Avropanı Şərqi Asiya ilə birbaşa bağlayan ilk transAsiya dövləti olub". Türk Dövlətləri Birliyibu qədin ənənənin XXI əsrin 21-ci ilində yeni zühuru oldu. Düşünürəm, Azərbaycan və Türkiyənin gerçəkləşdirdiyi və İtaliyaya qədər uzanan TANAP boru xəttinin ortaya çıxması heç də təsadüfi deyil. Tarix buya digər şəkildə təkrar olunur.

 

Gözəl və mükəmməl monoqrafiyasında Türk dövlətlər Birliyinin konsepsiyasını ortaya qoyan C.Feyziyev də, beynəlxalq hüququn subyekti olan bu qurumun, gələcəkdə Avrasiya məkanının bütövlüyünü təmin edəcəyini bildirir: Avrasiya - yalnız türk dünyasının birliyi ilə öz bütövlüyünü qazanır - deyir. Əgər klassik geopolitik paradiqmaya görə (Makkinder) İç Avrasiya məkanına sahib olan, dünyaya sahib olursa, türk dünyası da bu məkanın özəyində yaşayırsa, niyə yaşadığı ərazinin sahibi özü yox, özgələr olmalıdır? Avrasiya geopolitikasını yaradan türklər olub. Bu gün onu yaşadan və irəliyə aparan da türklər olacaq".

 

Mən C.Feyziyevin "Türk Dövlətləri Birliyi. Qlobal inteqrasiyanın Avrasiya modeli" monoqrafiyasını və türk tarixinə dair daha beş kitabını oxuyandan sonra gəldiyim nəticə budur ki, biz böyük hadisələr zamanında yaşayırıq və bu hadisələrin yaranışında iştirak edirik. Mən həmişə demişəm ki, böyük hadisələri böyük insanlar yaradır və böyük insanlar böyük hadisələrdə yaranır. Nə yaxşı ki, Azərbaycan torpağı Türk Elinə Cavanşir Feyziyev kimi, bir düşüncə sahibi də bəxş elədi. Bu zaman bizim zamanımızdır, bu əsr bizim əsrimizdir.

 

 

Elxan Zal

 

525-ci qəzet.- 2022.- 21 may.- S.16.