Ədəbiyyatşünaslıq elminin
formalaşması prosesləri
Azərbaycanda ədəbi-nəzəri fikir bir neçə yolla inkişaf etmişdir. Birincisi, bədii söz vasitəsilə
ədəbi-nəzəri fikrin inkişaf etdirilməsi
yoludurki, bu istiqamət qədim dövr və orta əsrlərdən
başlayaraq bizim günlərə qədər
yazıçı və şairlərin ədəbi əsərlərində
ifadə etdikləri ədəbiyyat haqqındakı fikirlərdən
ibarətdir. Azərbaycan klassik poeziyasında söz və onun
funksiyaları haqqındakı şeirlər geniş mənada
şairlərimizin ədəbiyyata dair mülahizələridir.
Professional ədəbiyyatşünaslığın
inkişafında klassik poeziyadakı ədəbiyyat
haqqındakı fikirlərin müəyyən əhəmiyyəti
olmuşdur. İkinci mühüm yol qədim
dövr vəorta əsrlərdən başlayaraq meydana
çıxmış təzkirələr və salnamələr
yolu ilə ədəbiyyatşünaslıq elminin
formalaşdırılması istiqamətini özündə əhatə
edir. Dövlət şah Səmərqəndi, Əhdi
Bağdadi, Sadiq bəy Əfşar, Lütfəli bəy Azər,
Saib Təbrizi, Seyid Əzim Şirvani, Həsənəli xan
Qaradaği, Mir Möhsün Nəvvab, Məhəmmədəli
Tərbiyət və başqalarının müxtəlif əsrlərdə
meydana çıxmış təzkirələrində öz
əksini tapmış şairlər və onların əsərləri
barəsindəki məlumatlar, habelə bədii ədəbiyyat
nümunələri sonralar sistemli ədəbiyyat tarixinin
hazırlanmasında zəngin elmi baza funksiyasını yerinə
yetirmişdir. Nəhayət, müxtəlif əsərlərdə
ədəbiyyat, şeirşünaslıq haqqında
ara-sıra yazılmış risalələr, lüğətlər
və elmi əsərlər də professional ədəbiyyatşünaslığın
elm sahəsi kimi formalaşmasına öz təsirini göstərmişdir.
Ən nəhayət, bütün bu ədəbi-elmi
və tarixi ənənələr zəminində XIX əsrdə
Azərbaycanda professional ədəbiyyatşünaslıq elmi
yaranmışdır.
Mirzə Fətəli Axundzadə Azərbaycanda peşəkar
ədəbiyyatşünaslıq elminin ilk böyük
yaradıcısıdır. Azərbaycan
dramaturgiyasının və realist bədii nəsrinin əsasını
qoymuş böyük mütəfəkkir professional ədəbiyyatşünaslıq
elminin də banisidir. Onun "Həzm və nəsr
haqqında", "Tənqid risaləsi",
"Fehristi-kitab", Mirzə Ağanın pyesləri
haqqında kritika, "Mollayi Ruminin və onun təsnifinin
babında" məqalələri ədəbi tənqidə
və ədəbiyyat nəzəriyyəsinə dair ciddi ədəbiyyatşünaslıq əsərləridir.
Bu məqalədə Mirzə Fətəli
Axundzadənin ədəbiyyatşünaslıq elminin
ayrı-ayrı sahələrinə dair qiymətli fikirləri
öz əksini tapmışdır.
Bütün bunlarla bərabər, Azərbaycanda ədəbiyyatşünaslıq
sistemli bir elm sahəsi kimi XX əsrin əvvəllərində
formalaşmışdır. Əvvəla, bu tarixi mərhələdə
Firidun bəy Köçərli kimi ədəbiyyatşünaslıq
elminin müxtəlif sahələri, xüsusən də ədəbi
tənqid və ədəbiyyat tarixi istiqamətləri ilə
ardıcıl məşğul olan, həyatını
bütünlüklə maarifçilik hərəkatının
və ədəbiyyatşünaslıq elminin inkişaf
etdirilməsinə həsr etmiş görkəmli bir ədəbiyyatşünas
yaşayıb-yaratmışdır. Bu
böyük elm xadimi "Azərbaycan ədəbiyyatı
tarixi materialları" kimi ədəbiyyatşünaslıq
elminin abidəsi sayıla biləcək qiymətli elmi əsər
yazıb meydana qoymuşdur. İkincisi, XX əsrin əvvəllərində
yaşayıb-yaratmış Məhəmməd Əmin Rəsulzadə,
Əhməd Ağaoğlu, Abdulla Sur, Seyid Hüseyn və
başqaları müxtəlif istiqamətlər üzrə ədəbiyyatşünaslıq
əsrləri yazaraq, Azərbaycan cəmiyyətinə təqdim
etmişlər. Üçüncüsü isə bu tarixi
dövrdə əsasən yazıçı və ya şair
kimi fəaliyyət göstərmiş Nəriman Nərimanov,
Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov,
Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Əli bəy
Hüseynzadə, Məhəmməd Hadi, Abbas Səhhət,
Abdulla Şaiq və başqaları kimi yazıçı və
şairlərin bədii əsərlərindəki ədəbiyyat
haqqındakı mülahizələrindən başqa,
onların ədəbiyyatın ayrı-ayrı sahələrinə
həsr edilmiş məqalələri də əhəmiyyətli
ədəbiyyatşünaslıq əsərləri kimi qəbul
olunur. Bütün bunlar tam hala, ümumiləşdirilmiş
şəkildə XX əsrin əvvəllərində Azərbaycanda
ədəbiyyatşünaslığın müstəqil elm
sahəsi səviyyəsinə qalxmasını təmin
etmişdir.
XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatşünaslıq
elminin qazandığı nailiyyətlər sırasında ədəbiyyat
tarixçiliyi sahəsində meydana çıxmış əsərlər
xüsusi əhəmiyyət kəsb edir. Daha
doğrusu, ədəbi-nəzəri fikrin çoxəsrlik
inkişafı tarixində məhz bu dövrdə ilk dəfə
olaraq Azərbaycan ədəbiyyatının sistemli elmi tarixi
yazılmışdır. Görkəmli ədəbiyyatşünas
Firidun bəy Köçərlinin 1913-cü ildə
tamamlanmış üç cilddən ibarət olan "Azərbaycan
ədəbiyyatı tarixi materialları" ölkəmizdə
yaradılmış birinci ədəbiyyat tarixi əsəridir.
Ədəbi-tarixi və coğrafi prinsiplər əsasında
yazılmış bu əsərdə qədim dövr və
orta əsrlərdən XIX əsrin axırlarına qədər
Azərbaycanın müxtəlif bölgələrində
yaşayıb-yaratmış 128 yazıçı və şairin
həyatı və yaradıcılığından bəhs
olunur. Firidun bəy Köçərli "Azərbaycan ədəbiyyatı
tarixi materialları"nın "Bir neçə
söz" adlandırdığı müqəddiməsində
ilk ədəbiyyat tariximizin yaranma prinsiplərini
aşağıdakı kimi şərh etmişdir: "Üdəba
və şüəramızın tərcümeyi-hallarına
və əsərlərinə şüru etməkdən
(başlamaqdan - İ.H.) əqdəm ədəbiyyat barəsində
cümlə məlumat verməyi lazım gördük. Və
bu kitabı yazmaqda... Azərbaycanda olan hər bir bilad (şəhərlərin
- İ.H.) və diyarın şüəra və üdəbası
haqqında ayrı-ayrı məlumat verməyi münasib
bildik... Biz mümkün olduğu dərəcədə
məşhur şüəra və üdəbamızın həm
tərcümeyi-hallarına və həm asari-qələmiyyələrinə
dair ətraflı məlumat vermişik, məzkur əsərlərin
haqqında öz rəy və təəssüratımızı
yazıb, tövsif və tənqidə layiq olan məqam və
nüktələri şərh və bəyan etmişik".
Beləliklə,
Azərbaycan ədəbiyyatı tarixi materiallarında səkkiz
coğrafi dairədə: Gəncə, Şirvan-Şamaxı,
Qarabağ, Quba, Nuxa, Ordubad, İrəvan və Dərbənddə
yazıb-yaratmış şairlərin həyatı və
yaradıcılığı tarixi xronologiya əsasında təqdim
olunmuşdur. Firidun bəy Köçərli
çoxəsrlik Azərbaycan ədəbiyyatından tarixilik
prinsipi vasitəsi ilə və inkişaf mərhələləri
üzrə sistemli şəkildə söz
açmışdır. Bu yolla coğrafi ərazi
bölgüsü, tarixilik prinsipi və elmi təhlil "Azərbaycan
ədəbiyyatının tarixi materialları"nın simasını müəyyən edir.
Üç
hissədən ibarət nəzərdə tutulmuş "Azərbaycan
ədəbiyyatı tarixi materialları"nın
birinci cildində şifahi xalq ədəbiyyatı haqqında
zəruri məlumatlar verildikdən sonra Azərbaycan
yazılı ədəbiyyatından bəhs edilmişdir. "Materiallar"da Şeyx Nizami, Əbülla Gəncəvi
barəsində ayrı-ayrılıqda portret-oçerklər
olsa da, Azərbaycan ədəbiyyatı tarixinə Məhəmməd
Füzulidən başlanılmışdır. Firidun bəy
Köçərli bunun səbəbini Füzulinin şeirdə
türk dilinə rövnəq verən ən böyük
şair olması ilə əlaqələndirmişdir:
"Füzuli özü türk oğlu olmağına binaən,
öz ana dilini artıq dərəcədə sevib də, ona
rövnəq verməyi baş vəzifələrindən biri
hesab edirmiş. Və insafən demək olur ki,
türk ədəbiyyatının banisi Molla Məhəmməd
Bağadi olubdur. ...Və bununla biz türklərin üstə
ümumən və Azərbaycan türklərinin boynuna
xüsusən böyük minnət qoyubdur".
Bundan başqa, Firidun bəy Köçərli Azərbaycan
ədəbiyyatının coğrafi ərazi bölgüləri
üzrə təqdim olunmasına keçməmişdən əvvəl
"Materiallar"da böyük özbək şairi
Əlişir Nəvaiyə də müstəqil bir
portret-oçerk həsr etmişdir. Böyük Azərbaycan ədəbiyyatşünas
alimi bunun səbəbini aşağıdakı kimi izah
etmişdir: "Əlişir Nəvai hicrətin doqquzuncu əsrinin
axırlarında yetişən cığatay və əcəm
şüərasının ən məşhurlarındandır.
Bu şair əslən cığatay türklərindən
isə də, Azərbaycan şüərası arasında
artıq hörmət və şöhrət kəsb
etmişdir və onlara Nəvainin təsiri artıq dərəcədə
olubdur".
Firidun bəy
Köçərli "Azərbaycan ədəbiyyatı tarixi
materialları"nın birinci hissəsində
Gəncə, Şirvan-Şamaxı, Qarabağ və Qubada
yaşayıb-yaratmış şair və
yazıçılardan bəhs etmişdir. Bu hissədə
haqqında danışılan 50 şair və
yazıçının sıralarında Nizami Gəncəvi,
Əfzələddin Xaqani, Molla Pənah Vaqif, Molla Vəli
Vidadi, Abbasqulu ağa Bakıxanov, Qasım bəy Zakir, Mirzə
Fətəli Axundzadə, Seyid Əbülqasım Nəbati
kimi tanınmış sənətkarlarla yanaşı, onlarla
başqa qələm əhli də vardır ki, onların
haqqındakı bütün məlumatları ilk dəfə
Firidun bəy Köçərli vermişdir. Eyni zamanda,
"Azərbaycan ədəbiyyatı" kitabının
ikinci hissəsində "Bahar əyyamı və Seyid
Əzim dövrü" adlandırılan bölmədən
başlayaraq, Şirvan, Qarabağ, Ordubad, İrəvan və Dərbənd
şairlərinin sıralarında da Seyid Əzim Şirvani,
Xurşidbanu Natəvan, Fəqir Ordubadi, Əbülhəsən
Raci və başqaları kimi adı və əsərləri
bəlli olan şairlərlə bərabər, onlarla şair
haqqında ilk məlumatları Firidun bəy Köçərli
toplayıb sistemləşdirərək cəmiyyətə təqdim
etmişdir. Beləliklə, tanınmış
yazıçı və şairlərin də elmi
bioqrafiyasını ilk dəfə Firidun bəy Köçərli
yazmışdır. Akademik Bəkir Nəbiyev
Azərbaycan yazıçı və şairlərinin həyatı
və yaradıcılığına dair məlumatları əldə
etmək üçün Firidun bəy Köçərlinin
müasiri olan ziyalılara məktublar göndərib cavablar
almış, topladığı materialları sistemləşdirərək
təhlib etməklə onların haqqında portret-oçerklər
hazırlamışdır.
"Azərbaycan
ədəbiyyatı tarixi materialları"nın
üçüncü hissəsi dövrümüzə qədər
gəlib çatmamışdır. Çox
ehtimal ki, bu cild Firidun bəy Köçərli 1920-ci ildə
həbs edilərkən evində aparılan axtarış nəticəsində
müsadirə olunaraq bir daha geri qaytarılmamışdır.
Müasirlərinin və ailə üzvlərinin xatirələrinə
əsasən Firidun bəy Köçərlinin "Azərbaycan
ədəbiyyatı tarixi materialları"nın
üçüncü hissəsində görkəmli ədəbiyyatşünasın
müasiri olan yazıçı və şairlərdən bəhs
edilmişdir. Deməli, Firidun bəy
Köçərlinin "Azərbaycan ədəbiyyatı
tarixi materialları" kitabında ən qədim dövrlərdən-şifahi
xalq ədəbiyyatından başlamış XX əsrin əvvəllərinə
qədərki dövrlərin ədəbiyyat tarixi öz əksini
tapmışdır. Adında "materiallar"
sözünün olmasına baxmayaraq, bu, qətiyyən
yalnız toplama materialları məcmuəsi olmayıb,
çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixinin ən
qədim dövrlərdən XX əsrin əvvəllərinə
qədərki mükəmməl və sistemli tarixindən ibarət
olan əhəmiyyətli bir tədqiqat əsəridir.
XX əsrin əvvəllərində ayrı-ayrı
görkəmli yazıçı və şairlərə həsr
edilmiş monoqrafiyalar və məqalələr də Azərbaycan
ədəbiyyatı tarixi üzrə meydana
çıxmış tədqiqatlardır. Firidun bəy Köçərlinin
Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Mirzə Fətəli
Axundzadə, Həsən bəy Zərdabi, Kazım ağa
Salik, Mirzə Ələkbər Sabir, Soltan Məcid Qənizadə
haqqındakı məqalələri "Azərbaycan ədəbiyyatı
tarixi materialları"na qiymətli əlavələrdir.
XX əsrin əvvəllərində ədəbiyyat
tarixçiliyi istiqamətində araşdırılmaların
genişləndirilməsi Azərbaycan cəmiyyətində
xalqın milli-mənəvi özünüdərk proseslərinin
genişlənməkdə olması ilə əlaqədar idi. Yazıçı
və şairlərin milli-mənəvi özünüdərk
və oyanış sahəsində ədəbiyyatda həyata
keçirdikləri böyük işi tənqidçi və ədəbiyyatşünaslar
elmi-nəzəri və ədəbi-tarixi əsərlərin
yazılması ilə yerinə yetirirdilər. Bu dövrdə yazıçıların da həmin
proseslərə qoşulması ilə elmi-ədəbi
mühitdə yazıçı-ədəbiyyatşünas,
şair-tənqidçi formatında yaradıcı qüvvələr
formalaşmışdır. Şair - ədəbiyyatşünas
kimi çıxış edən Abdulla Surun (1877-1912) bədii
yaradıcılıqla eyni səviyyədə ədəbiyyatşünaslıq
fəaliyyəti ilə də ardıcıl məşğul
olması və araşdırmalarında ədəbiyyat
tarixçiliyinə üstünlük verməsi onun cəmiyyətdə
və ədəbiyyatda getməkdə olan milli-mənəvi
özünüdərk proseslərində daha geniş miqyasda
iştirak etməsinin nəticəsi idi. Bu
baxımdan Abdulla Surun "Füyuzat" jurnalında 1907-ci
ildə çap olunmuş "Füzuliyə bir nəzər"
adlı məqaləsi "Azərbaycanda Füzuli
araşdırmalarının təməli" Mehdi Gəncəli
hesab olunur. Bundan başqa, Abdulla Surun "Türk ədəbiyyatına
bir nəzər", "Ədəbiyyati Osmaniyyə"
kitabları da ədəbiyyat tarixi istiqamətində
yazılmış elmi araşdırmalardan ibarət olub,
ayrı-ayrı dövrlərdə
yaşayıb-yaratmış yazıçı və şairlərimizi
yeni nəsillərə tanıtmağa xidmət edir.
Tənqid
və ədəbiyyatşünaslıqla ardıcıl şəkildə
məşğul olan Seyid Hüseyn Kazımoğlunun (1887-1937)
müasiri olan yazıçılardan Məhəmməd Hadi,
Yusif Vəzir Çəmənzəminli, Rza Zaki, Abdulla
Şaiq haqqında yazdığı məqalələrdə
onların həyatı və yaradıcılıqlarının
əsas məqamları dövrün oxucularına
çatdırılmışdır. Abbas Səhhətin
(1874-1918) "Qara xəbər" adlı məqaləsi məslək
dostu Mirzə Ələkbər Sabirin vəfatı münasibətilə
yazılmış nekroloq olsa da, orada satirik şairin
ömür və sənət yolunun əsas məqamları
onun ədəbiyyat qarşısındakı böyük xidmətləri
öz əksini tapmışdır. Hüseyn Cavidin (1882-1941)
"Mirzə Abdulla Məhəmmədzadə, yaxud Abdulla Sur -
Abdulla Tofiq" məqaləsi barəsində az
yazılmış bu nakam şair haqqında ilk mənbələrdən
biri hesab olunur. Məqalədə Hüseyn Cavid tərəfindən
ilk dəfə olaraq şairin yığcam bioqrafiyası da
verilmişdir: "Mərhum Abdulla əfəndi 1877-ci il tarixində təvəllüd etmiş və
1896-cı sənəsində açılan məktəbi-xeyriyyədə
təhsilə şüru etmiş. Sonra haman
məktəbdə müəllim təyin edilərək tədris
etməyə başlamış.
...Bir
kaç ildən sonra bu qəyyur cavan oğlan Tiflis şəhərinə
getmiş, orada "Şərqi-Rus" qəzetəsində
mühərrir olmuş, sonra Bakıya gedib beş-altı ay qədər
də orada iqamət edərək, oradan doğru İstanbula
getmiş. Üç sənədən ziyadə fəqr və
fəlakət içində... orada gecə-gündüz təhsil
ilə uğrayıb durmuş... Onu məhv edən bu xəstəlik
orada ikən başlamışdır... Gəncəyə gələrək
mədrəseyi-ruhaniyyədə millət yavrularının
gözünü, fikrini açmağa
başlamışdır... Mərhumun lisana, osmanlı
ədəbiyyatına tətəbbüatı var, yaxşı
əsərlərdir, həmiz çap olunmamışdır. Ruscadan bir coğrafiya kitabı tərcümə
etmiş, Şünasi mərhumun "Sair evlənməsi"
ünvanlı vedovilini Azərbaycan türkcəsinə təhvil
etmiş və üç cild üzrə şüəranın
gözəl mənzumələrini toplayıb müntəxəbat
etmək istəyirdi ki, vəfat etdi".
Romantik
şair Məhəmməd Hadinin "Abbas Səhhətin
üsuli-ədəbisi" adlı məqaləsində də
nekroloq şəklində olsa da, qələm və məslək
dostunun həyatı və yaradıcılığının
mühüm məqamlarına işıq
salınmışdır: "Zatən Şeyx Nizamiyə
böyük bir hörməti vardı. Daima
Nizaminin ləyamut (ölməz - İ.H.) nəzmlərini kəmali-fəsahətlə
oxur, samelərini (dinləyicilərini - İ.H.) ləzzətyabi-ədəbiyyat
eylərdi. Ən nəhayət, "Pənc
gənc" ("Xəmsə" - İ.H.) şairi-möhtərəmiyyəyə
həmcivari məzar oldu.
Şirvanlı şair Şirvan faciəsi əsnasında
başqaları kimi şəhəri tərkə məcbur
olmuş, yolda soyulmuş, var-yoxu əlindən
alınmışdır. Bir çox yerlərdə sərsəriyanə
dolaşmış, ən sonda Gəncəyə nəqli-məkan
etmişdir. Orada xəstə oldu. Zalım və biiman ölümün pəncəsində
...tərki-həyat elədi".
XX əsrin əvvəllərində meydana
çıxmış bu qəbildən olan məqalələr
sonralar sistemli ədəbiyyat tarixinin yazılmasında və
ayrı-ayrı şairlər və yazıçılar
haqqında monoqrafik əsərlər, dissertasiyalar yazılarkən
mühüm qaynaqlar kimi istinad mənbəyinə
çevrilmişdir.
Bu dövrdə ədəbiyyat tarixi üzrə iri həcmə
malik əsərlər də meydana
çıxmışdır. Məhəmməd
Əmin Rəsulzadənin (1884-1955) "Çağdaş Azərbaycan
ədəbiyyatı" kitabı əsasən XIX-XX əsrlər
Azərbaycan ədəbiyyatının gedişatını,
tanınmış yaradıcılarının fəaliyyətini
əks etdirən qiymətli elmi icmaldan ibarətdir. "Azərbaycan şairi Nizami" monoqrafiyasında
isə Məhəmməd Əmin Rəsulzadə, kitabın
adından da göründüyü kimi, "Nizami kimdir?"
sualına elmi cəhətdən əsaslandırılmış
şəkildə cavab vermiş, tədqiqat əsasında dahi
şairin azərbaycanlı olmasını bir daha isbat etmiş
və əsərlərini geniş şəkildə təhlildən
keçirmişdir.
XX əsrin əvvəllərində Azərbaycanda ədəbiyyatşünaslıq
elminin ədəbi tənqid sahəsi daha çox inkişaf
etmişdir. Bu, həmin dövrdə ölkəmizdə mətbuatın
geniş şəkildə inkişaf etməsi ilə əlaqədar
idi. Məlum olduğu kimi, bu tarixi mərhələdə
bir sıra istiqamətlər üzrə mətbuat inkişaf
etmiş, başda "Molla Nəsrəddin" jurnalı
olmaqla satirik mətbuat, demokratik mətbuat: "Şərqi-Rus",
"Füyuzat", "Açıq çöz",
dövlət mətbuatı "Azərbaycan" qəzeti,
habelə müxtəlif siyasi baxışlara malik qəzet və
jurnallar, həmçinin, "Dəbistan", "Rəhbər"
və "Məktəb" kimi uşaq və gənclər
üçün olan mətbuat orqanları yaranıb geniş
yayılmışdır. Bu da öz növbəsində
ədəbiyyatın, publisistikanın və ədəbi tənqidin
inkişafında mühüm real oynamışdır. Xüsusən, müasir ədəbi proseslə əlaqədar
olduğu üçün mətbuatın funksiyalarına
uyğun gəldiyinə görə ədəbi tənqid sahəsində
böyük canlanma baş vermişdir. XIX əsrin II
yarısında Mirzə Fətəli Axundzadə tərəfindən
yaradılmış Azərbaycan ədəbi tənqidi
"siyasi fırtınalar", yaxud "Asiyanın
oyanması" dövrü kimi xarakterizə edilən yeni
tarixi mərhələdə xüsusi bir fəaliyyət
istiqamətinə çevrilmişdir. Həm də
ədəbi tənqidi məqalələr yazan
yazıçı və şairlərdən başqa, bu
dövrdə daha çox ədəbi tənqid sahəsi ilə
məşğul olan peşəkar tənqidçilər nəsli
yetişib formalaşmışdır. Ədəbi
tənqidlə məşğul olanların bir çoxu həm
də publisistika sahəsində də fəaliyyət göstərdikləri
üçün bu dövrün ədəbi tənqidində
publisistikaya meyl qüvvətlidir. Ədəbiyyat
tarixçiliyi ilə yanaşı, həm də tənqidçi
kimi çıxış edən Firidun bəy Köçərlidən
başqa, Əli Nazim, Seyid Hüseyn, Kazımoğlu, Əhməd
bəy Ağaoğlu, Abdulla Sur, Əmin Abid kimi professional tənqidçilər
də meydana çıxmışdır. Bundan başqa,
Əli bəy Hüseynzadə, Məhəmməd ağa
Şahtaxtlı, Ömər Faiq Nemanzadə, Eynəli bəy
Sultanov və başqaları kimi publisistlərin də ədəbi
tənqid nümunələri olan məqalələri də mətbuatda
çap olunmuşdur. Eyni zamanda, Cəlil Məmmədquluzadə,
Üzeyir Hacıbəyov, Nəriman Nərimanov, Əbdürrəhim
bəy Haqverdiyev, Məhəmməd Hadi, Abbas Səhhət,
Abdulla Şaiq kimi yazıçılar da ədəbi prosesin
hadisələri və simaları haqqında fikir və
mülahizələrini bildirmişlər. Bütün bunlara
görə, akademik Kamal Talıbzadə XX əsrin əvvəllərini
Azərbaycan ədəbi tənqidinin xüsusi inkişaf mərhələsi
səviyyəsində qiymətləndirərək
yazmışdır: "1905-ci il inqilabından sonra Azərbaycanda
ədəbi tənqid öz inkişafının yeni mərhələsinə
qədəm qoyur. Bu dövrdə tənqid ədəbi
həyatın ayrılmaz üzvi bir sahəsinə
çevrilir, ayrı-ayrı ədəbi, ictimai-siyasi, fəlsəfi
əqidələrin mübarizəsi şəraitində onun
müxtəlif cərəyanları müəyyənləşir.
Demokratik tənqid bu illərdə müasir ədəbiyyatın
mühüm nəzəri məsələlərinin həllinə
girişir ədəbiyyatın xalq həyatı ilə,
azadlıq hərəkatı ilə daha möhkəm
bağlanmasına güclü təsir göstərir".
XX əsrin əvvəlləri Azərbaycan ədəbi tənqidi
"təzə şeir necə olmalıdır" sualına
cavab verməyi ön mövqeyə çəkmişdir. "Asiyanın
ayanması" adlandırılan yeni dövrün ədəbiyyatının
istiqamətini müəyyən etmək ədəbi tənqidin
əsas vəzifələrindən biri olmuşdur. Bu, öz növbəsində klassik ədəbi irsə
münasibət problemi ilə də əlaqədar olub,
özündə "köhnə" və "yeni"
şeir məsələlərini əhatə etmişdir.
ümumiyyətlə, ədəbiyyatın
yeni epoxadakı gedişatı ilə bağlı olduğu
üçün köhnə və yeni şeir məsələsi
ilə Azərbaycan ədəbiyyatını müxtəlif
qütblərdə təmsil edən fərqli
yazıçı və şairlər, tənqidçi və
publisistlər bu mövzu ətrafındakı müzakirələrə
qoşulub, mövqelərini bildirmişlər. Bu baxımdan,
Abbas Səhhətin 1905-ci ildə yazıb, 23 iyun 1905-ci il
tarixdə "Həyat" qəzetində çap etdirdiyi
"Təzə şeir necə olmalıdır" adlı məqaləsində
qaldırılan məsələ XX əsrin əvvəlləri
Azərbaycan ədəbi tənqidinin baş sualına
çevrilmişdir.
Təzə şeir məsələsi əslində
yalnız poeziya sahəsini əhatə etməyib,
bütövlükdə yeni ədəbiyyat necə
olmalıdır sualını özündə cəmləşdirir. Bu məsələ
ətrafındakı müzakirələrdən
görünür ki, Abbas Səhhətin
qaldırdığı şeiri epiqonçuluqdan xilas etmək
məsələsində bütün qütblərdən olan
yazıçılar və tənqidçilər eyni
mövqedə dayanmışlar. Ədəbi
tənqidi fikir tam halda bu qənaətdə olmuşdur ki, Abbas
Səhhətin yazdığı kimi, ədəbiyyatda
artıq "qəddi sərvə, üzü ağa, kirpiyi
oxa, qaşı yaya bənzədilməsi dövrü
bitmişdir. Bu, vaxtilə Mirzə Fətəli Axundzadənin
başladığı bu iş yeni tarixi mərhələdə
ədəbiyyatda realist, yaxud romantik və ya sentimentalist
mövqe tutanların hamısının gəldiyi ortaq bir qənaət
idi. Lakin yeni ədəbiyyat necə
olmalıdır sualı ətrafında axtarışda
olanların fikirlərində ortaq cəhətlərlə
yanaşı, fərqli baxışlar da mövcud idi. Abbas Səhhətin fikrincə, "oxucuların qəlbinə
təsir olan "hissiyyati-təbiyyə" üsulu ilə
yaradılan ədəbiyyat müasir dövrün ədəbiyyatının
ana xəttini təşkil etməlidir. Bu,
XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında
romantik və sentimentalist yazıçı və şairlərin
baxışlarını ifadə edən qənaət idi.
Dövrün ədəbi hərəkatında
aparıcı mövqeyə malik olan mollanəsrəddinçi
realist sənətkarlar isə bu hərəkatın
başçısı Cəlil Məmmədquluzadənin
yazdığı kimi "xalqa xidmət etməyi qələmin
müqəddəs vəzifəsi" hesab edirdilər. Mollanəsrəddinçilər "xalqa xidmət
etmək" dedikdə geniş mənada xalqı müstəmləkəçilikdən
qurtarmaq, milli oyanışa nail olmaq, məmləkətdə
respublika tipli azad və müstəqil dövlət qurmaq kimi
mühüm ictimai-siyasi vəzifələri nəzərdə
tuturdular. Demokratik tənqid bu mövqeni
müdafiə edirdi. Həsən bəy Zərdabinin
"xülasə, şer böyük bir alətdir ki, onunla
bizim yuxuda olan qardaşlarımızı ayıltmaq çox
asandır" çağırışı mollanəsrəddinçilərin
ədəbiyyat haqqındakı mövqeyinin daha da qüvvətləndirilməsinə
xidmət edirdi. Firidun bəy Köçərli də
aşağıdakı mülahizələri ilə ədəbiyyatda
realizmin, milli oyanış və dirçəlişin bədii
ifadəsinin zəruriliyini diqqət mərkəzinə çəkir:
"Ədəbiyyat millətin aineyi-həqiqətnümasıdır
ki, onun maddi və mənəvi tərəqqisini və
istiqbalı üçün nicat və səadət
yollarını eynilə göstərir". Biz az sonra tənqidçi Əli Nazim də ədəbiyyatın
ictimai vəzifəsini ön mövqeyə çəkərək
qətiyyətlə yazmışdı ki: "Yeni ədəbiyyatın
mövzusu həyatdır, üsulu həyatı bütün həqiqəti,
bütün acılığı ilə göstərmək,
qayəsi isə həyatı göstərməklə
insanların psixologiyasını tərbiyə etmək və
gələcək cəmiyyətə hazırlamaqdır".
Beləliklə, romantiklərin ədəbiyyatda təbiiliyə
üstünlük vermələri ilə realistlərin həqiqətpərəstliyə,
həyatı bütün həqiqətləri ilə təsvir
etməyə çağırışları nəticə
etibarilə ideya baxımından bir-birini
tamamlamışdır. Bununla belə, həmin fərqli
baxışlar XX əsrin əvvəllərinin ədəbiyyatında
fərqli üslubların, ayrı-ayrı yanaşma
üsullarının meydana çıxmasına istiqamət
vermişdir ki, bu da yazıçı və şairlərin
bir-birlərini təkrar etməmələri üçün
geniş meydan açmışdır.
Ədəbi tənqidin bədii əsərləri qiymətləndirməsində
də "xalqa xidmət etmək" və həqiqətpərəstlik
əsas meyar kimi irəli sürülmüşdür. Bu cəhətdən
tənqidçi Seyd Hüseynin tənqidi-realist ədəbiyyatın
ölməz nümunəsi olan Cəlil Məmmədquluzadənin
məşhur "Ölülər" əsərinin
1916-cı ildə Bakıda göstərilmiş ilk
tamaşası haqqındakı "Ölülər
haqqında təəssürat" adlı məqaləsi
dövrün ədəbi tənqidinin əsas meyllərini
özündə əks etdirir. Seyid Hüseynin Azərbaycan
cəmiyyətinin "Ölülər" tamaşası
haqqında təqdim etdiyi fikirlərdə ədəbiyyatın
qarşısında duran "xalqa xidmət etmək", cəhalət
pərdəsini dağıtmaq, fikirləri dəyişdirmək
kimi ali məqsədləri ictimaiyyətin diqqətinə
çatdırılmışdır. Tənqidçinin nəzərə
çatdırdığı görkəmli yazıçıların
tamaşa haqqındakı aşağıdakı təəssüratları
yeni tarixi dövrdə ədəbiyyatdan tələb olunan əsas
müddəalar idi:
"Artıq dərəcədə məharətlə
yazılmış, məzmunu eynən həyatımızdan
götürülmüş, ideyası inqilablı bu dram
müsəlmanların həyatında böyük rollar oynayacaqdır,
paslanmış beyinləri pasdan təmizləyib,
ölmüş ruhlara can verəcəkdir.
doktor Nəriman
Nərimanov.
..."Ölülər" - "Molla Nəsrəddin"
kimi baltanı dibindən vuran bir əsərdir.
Üzeyir
Hacıbəyov".
Göründüyü kimi, XX əsrin əvvəllərində
Azərbaycanda ədəbiyyat tarixçiliyi və ədəbi
tənqid ciddi formalaşma dövrü keçirmiş, ədəbiyyatşünaslıq
elminin əsas istiqamətləri kimi yaranıb inkişaf etməyə
başlamışdır. Bununla belə, həmin dövrdə
ədəbiyyat tarixçiliyi və ədəbi tənqidlə
müqayisədə ədəbiyyat nəzəriyyəsi sahəsində
xeyli dərəcədə az inkişaf
meylləri müşahidə olunur. Lakin XX əsrin
əvvəllərində ədəbiyyat nəzəriyyəsi
istiqamətində də müəyyən irəliləyişlər
nəzərə çarpmaqda idi. Belə
ki, klassik Azərbaycan ədəbiyyatında ədəbiyyat nəzəriyyəsinə
dair fikirlər poetik şəkildə ifadə olunduğu
halda, yeni dövrdə nəzəri məsələlərə
dair konkret elmi mülahizələr irəli
sürülmüşdür. Firidun bəy
Köçərlinin "Azərbaycan ədəbiyyatı
tarixi materialları" kitabında ədəbiyyat nədir
sualına verilmiş cavablar nəzəri xarakter daşıyan
fikirlərdir. Ədəbiyyatı "millətin
ayineyi-həqiqətnüması" kimi qiymətləndirən
Firidun bəy Köçərli bədii
yaradıcılığın inkişaf istiqamətlərini də
ilk dəfə olaraq elmi şəkildə müəyyən
etmişdir: "Ədəbiyyat iki qismdir: bir qisim
ağızda söylənən nağıl, hekayələrdən,
cürbəcür milli nəğmələrdən,
aşıq sözlərindən, bayatılardan ibarətdir.
Bu qism ədəbiyyata... el ədəbiyyatı deyilir. İkinci qism ədəbiyyat
üdəba və şüəranın ... asarı qələmiyyələrindən
vücuda gələn ... təsnifatdan ibarətdir ki, bunlar xah
nəsr ilə yazılmış olsun, xah nəzmlə, xah
ülum və fünuna dair olsun. ...Hər iki qism ədəbiyyatın
təkyəgahı (istinadgahı - İ.H.) sözdür ki, ... onun vasitəsi ilə insanın batini aləmi
məlum və zahir olur... Söz olmasaydı, əlbəttə,
ədəbiyyat dəxi olmazdı".
"Azərbaycan ədəbiyyatı tarixi materiallarında Firidun bəy Köçərli ilk dəfə olaraq nağıl, sayaçı sözü, atalar sözləri, bayatı və şair kimi şifahi xalq ədəbiyyatı janrlarının xüsusiyyətlərini nəzəri cəhətdən izah etmişdir. Bunlar ədəbiyyat nəzəriyyəsinə dair ilk elmi mülahizələr kimi əhəmiyyətlidir.
XX əsrin əvvəllərində yaradılmış məktəb dərsliklərində də ədəbiyyat nəzəriyyəsinə dair ilkin məlumatlar verilmiş, zəruri anlayışların mənası şərh olunmuşdur. Bununla yanaşı, həmin dövrdə ilk dəfə olaraq ədəbiyyat nəzəriyyəsinə dair anlayışları əhatə edən kitabçalar da meydana çıxmışdır. Sultan Məcid Qənizadənin Əliskəndər Cəfərzadə ilə birlikdə 1901-ci ildə hazırladıqları "Kilidi-ədəbiyyat" kitabçası Azərbaycanda ədəbiyyat nəzəriyyəsinə aid ilk kitabdır. Hüseyn Cavid və Abdulla Şaiqin 1919-cu ildə çap etdirdikləri "Ədəbiyyat dərsləri" adlı dərs vəsaitində ədəbiyyatın növləri və janrları, ədəbi cərəyanlara dair yığcam məlumatlar verilmişdir. Dövrün ədəbi tənqidi də "Ədəbiyyat dərsləri"ni ədəbiyyat nəzəriyyəsi kitabı hesab etmişdir. Fərhad Ağazadənin bir məqaləsində "Ədəbiyyat dərsləri" kitabı haqqında aşağıdakılar yazılmışdır: "Xrestomatiya başqa olduğu kimi, "Qəvaidi-ədəbiyyə" də başqa olmalıdır. Bunu nəzərə alaraq Hüseyn Cavid və Abdulla Şaiq əfəndilər "Ədəbiyyat dərslər" adı ilə bir əsər yazmışlar ki, buna osmanlılar "nəzəriyyati - ədəbiyyə" deyirlər".
Son illərdə professor Hüseyn Həşimlinin aşkara çıxarıb nəşr etdirdiyi Əlabbas Müznibin "Ədəbiyyata dair" kitabı da XX əsrin əvvəllərində meydana çıxmış ədəbiyyat nəzəriyyəsinə dair ilk araşdırmalardan biridir.
Beləliklə, göründüyü kimi, XX əsrin əvvəlləri Azərbaycanda ədəbi tənqid və ədəbiyyatşünaslığın müstəqil elm sahəsi kimi formalaşması dövrüdür. Bundan başqa, tənqid və ədəbiyyatşünaslıq Azərbaycan ədəbiyyatının ümummilli ideallar uğrunda mübarizə ruhunda, milli oyanış və tərəqqi istiqamətində inkişafına yol açmış və təkan vermişdir. Nəticə etibarilə, XX əsrin əvvəllərində yazılmış ədəbiyyat tarixi və ədəbiyyat nəzəriyyəsi kitabları, çap edilmiş məqalələr sonrakı mərhələdə ədəbiyyatşünaslıq elminin və bu elm sahəsinin ayrı-ayrı şöbələrinin, qollarının inkişaf etdirilməsində mühüm rol oynamışdır.
17 may 2022-ci il
İsa
HƏBİBBƏYLİ
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, Milli Məclisin
deputatı
525-ci qəzet.- 2022.- 21 may.- S.14-15;19.