"Molla Nəsrəddin" jurnalı və "Şərq qapısı"

 

"Molla Nəsrəddin" jurnalının nəşrə başladığı 1906-cı ildən qapandığı 1931-ci ilədək çap olunan nömrələrində Naxçıvan mövzusu çox geniş şəkildə öz əksini tapmışdı. Həm çar Rusiyası, həm də sovet dönəmində Naxçıvana dair jurnalda dərc olunan materiallar vasitəsilə XX əsrin ilk 30 ilində bu qədim diyarda baş verən bir çox neqativ halların ifşası ilə yanaşı, onun ictimai-siyasi və mədəni mühiti ilə də tanış olmaq mümkündür. Jurnalın Naxçıvanda nəşr olunan "Şərq qapısı" qəzetinə münasibəti və həmin qəzetin fəaliyyətini həmişə diqqətdə saxlamasının isə özünəməxsus tarixçəsi vardır. "Molla Nəsrəddin"in 1923-1930-cu il nömrələrində "Şərq qapısı" ilə bağlı 10-dək yazı dərc olunmuşdu. "Şərq qapısı"nın adına ilk dəfə jurnalın 18 fevral 1923-cü il tarixli 13-cü nömrəsində rast gəlirik. Həmin nömrədə "Cırcırama" imzası ilə dərc olunan "Əslinə mütabiqdir. Naxçıvanda çıxan "Şərq qapısı" qəzetində" sərlövhəli yazı belə başlayır: "Maarif komissarı Həmid bəy Mahmudov bir gün gedir Naxçıvandakı bir dərəcəli məktəbi təftiş edir və görür ki, müəllimlər dərsləri saat doqquzdan yarım saat gec başladılar. Bunu gördükdə komissar müəllimləri nəinki bir töhmət verməklə qurtarır, hələ bəlkə bunları haman günkü zəhmət maaşlarından məhrum edir. Bunnan işimiz yoxdur. Amma bunu edəndən sonra haman verdiyi hökmü "Şərq qapısı" qəzetində də çapa verdirir. Bunilə də işimiz yoxdur. Ancaq haman hökmün axırında yazılıb "əslinə mütabiqdir".

 

Sonra müəllif rişxənd obyektinə çevirdiyi "əslinə mütabiqdir" ifadəsinə belə bir izah verir ki, çar Rusiyası dövründə müfəttişlər müəllimləri "zəhmət maaşından məhrum qılarmış", bu vaxt "maarif vəzirlərinin belə-belə çürük-mürük hökmləri doxsan doqquz kitaba girərdi və rəsmi cəridələrdə nomerli və təfsilli dərc olunardı", bəzən isə "müəllimlərdə tənbəllik görəndə bunları atalıq nəsihəti ilə düzənə salıb gedərdilər".

 

Müəllif yazını bu sözlərlə bitirir: "Biz müntəzir idik ki, indi gərək işlər köhnə işlərə bənzəməyə və azad məmləkətdə azad maarifin komissarı müəllim yoldaşları tənbəl gördükdə onları yoldaşlıq nəsihəti ilə düzəldəydi, nəinki töhmət və cərimə ilə".

 

"Molla Nəsrəddin" "Şərq qapısı"na mötəbər bir mətbuat orqanı kimi baxdığından ara-sıra onun səhifələrində dərc olunan məqalələrə istinadlar edir və bu yazılardan sitatlar gətirməyə də diqqət yetirirdi. Məsələn, jurnalın 1926-cı il 18-ci nömrəsində "Lağlağı" imzalı müəllifin "Əmmalar" adlı yazısında belə bir yer vardır: "Deyirlər ki, Eçmiyadzin qəzasının Hacı Bayram kəndində bir nəfər yaxşı molla var ki, adı Molla Səfərəlidir və çox böyük kitablar oxuyubdur... Amma, amma bunun bircə eybi budur ki, arvadlara yalandan dua yazır ki, uşağı olsun və belə duaya 15 manat pul alır ("Şərq qapısı")".

 

Jurnalın 1927-ci il 27-ci nömrəsində isə "Xəstə" imzalı müəllif "Şərq qapısı"na istinadən yazır ki, 1927-ci ilin iyun ayının 14-də Naxçıvanda "Əsli və Kərəm" operasının tamaşası zamanı "sabiq müəllimlərdən biri arvadlar oturan tərəfə hücum edib arvadını və bacısını teatr salonundan çıxarıb "Mənim arvadım və bacım teatra gəlməz",- deyə bar-bar bağırıb söyüşlərə başlar... Milislər tərəfindən böyük bir çalışmadan sonra teatr salonundan çıxarılıb milis idarəsinə aparırlar".

 

"Yazan deyiləm" imzalı müəllifin "Noraşendən" başlıqlı yazısında da "Şərq qapısı"na istinad olunur. Jurnalın 11 avqust 1927-ci il tarixli 33-cü nömrəsində dərc olunan həmin yazı belə başlayır: "Ay Molla Əmi! Noraşen poçta xidmətçiləri gündə gəlib mənə deyirlər ki, nə üçün poçta müdirini "Molla Nəsrəddin" jurnalına yazmayırsan ki, posta xidmətçilərilə yaxşı rəftar etməyir?" Sonra müəllif müxtəlif yaramazlıqlar haqqında yazan müxbirlərin təqib olunduğundan həyəcanlandığını bildirir və fikrini belə yekunlaşdırır: "O gün posta xidmətçilərindən birini "Şərq qapısı"na vermişdilər. O saat qəzeti götürüb müxbirlərin adını-zadını bilmiş, məhkəməyə verdi. Mən də gördüyümdən qorxuram, ona görə yazmayacağam".

 

Yazıda müxbirlərin təqib edilməsi haqqındakı məlumat həqiqətə uyğun idi. Tənqid hədəfləri olan adi şəxslərdən tutmuş vəzifə sahiblərinədək bütün mənfi tiplər müxbirlərə qarşı səlib yürüşünə keçməsi haqqında keçən əsrin 30-cu illərində fəaliyyət göstərən mətbuat orqanlarında istənilən qədər fakt və məlumatlara rast gəlmək olur. Bu barədə 5-7 oktyabr 1930-cu ildə keçirilən IV Naxçıvan ölkə müxbirlər konfransına aid "Şərq qapısı"nda dərc olunan materiallarda daha ətraflı və dəqiq məlumatlar vardır. Konfransda çıxış edən müxbirlər və mətbuat sahəsində çalışan vəzifəli şəxslər yekdilliklə belə bir fikir ifadə etmişlər: "Müxbirlərə canlı rəhbərlik olmaması üzündən onlar çox təqiblərə uğrayırlar... şəxsi tənqidi boğan və müxbirləri həyasızcasına təqib edən məsul işçilər vardır".

 

Araşdırmalardan aydın olur ki, "Molla Nəsrəddin" həmişə "Şərq qapısı" izləmiş, onun səhifələrində dərc olunan materiallarla yaxından tanış olmuşdur. Zəngin təcrübəyə malik olan bu jurnal yeri gəldikcə "Şərq qapısı"nın daha mükəmməl tərtibatla çap olunması üçün ona bəzi məsləhətlər verməyi də məqsədəuyğun hesab etmişdir. Bu baxımdan jurnalın 1925-ci il 4-cü nömrəsində dərc olunan və bir qədər yumoristik xarakter daşıyan yazıya diqqət etmək kifayətdir: "Ordubadda bir komissiyon təyin olunubdur ki, gedib "Şərq qapısı" qəzetəsinin 3-cü sayında Ordubaddan yazılan doqquz məktubları bir sərlövhə altına toplasın".

 

"Şərq qapısı" qəzetinin 1925-ci il tarixli 3-cü nömrəsini nəzərdən keçirərkən "Molla Nəsrəddin"in haqlı olduğu aşkara çıxır. Yəni qəzetin həmin nömrəsinin 2, 3 və 4-cü səhifələrində 8 dəfə "Ordubaddan", 1 dəfə isə "Əylisdən" sərlövhəsi ilə müxtəlif başlıqlı yazılar dərc olunmuşdu.

 

Əvvəla, qəzetin bir nömrəsində respublikanın eyni regionu haqqında bu sayda yazının verilməsi nöqsanlı idi, ikincisi "Molla Nəsrəddin"in tövsiyə etdiyi kimi bunlar bir sərlövhə ? "Ordubaddan" sərlövhəsi altında verilsə idi, tərtibat baxımından daha mükəmməl olardı.

 

"Molla Nəsrəddin" jurnalı "Şərq qapısı"na abunə kompaniyasının təşkili və onun vaxtlı-vaxtında oxuculara çatdırılması məsələlərinə də qayğı ilə yanaşırdı. Məsələn, jurnalın 1928-ci il 6-cı nömrəsində belə bir elan verilmişdir: "Naxçıvan şəhərində nəşr olunan "Şərq qapısı" qəzetinə abunə dəftəri açıqdır..."

 

Jurnalın 1928-ci il 14-cü nömrəsində isə "Cücə" imzalı müəllif yazır: "Naxçıvanda yanvarın 12-də çıxan "Şərq qapısı" qəzeti Ordubada yanvarın 22-də ancaq gəlib çıxır. Bakıda çıxan "Molla Nəsrəddin" jurnalı ayın 12-də Bakıda çap olunur, ayın 16-da Ordubadda olur. O, yaxında, bu uzaqda, bəs bunun səbəbi nədir?"

 

Onu da qeyd edək ki, Naxçıvanda "Molla Nəsrəddin"ə abunə yazdırılması və onun yayılması işlərində də "Şərq qapısı"nın müxbirləri fəallıq göstərirdilər. Bu işlərdə Azərbaycanın Naxçıvandakı mətbuat müvəkkili və "Şərq qapısı"nın ən fəal müxbiri M.Ə.Əsədullazadənin xüsusi xidməti olmuşdur. Bu barədə "Molla Nəsrəddin"in 1930-cu il tarixli 7-ci nömrəsindən də məlumat almaq olar: "Çağırış. "Molla Nəsrəddin" məcmuəsini geniş kütlə içərisinə, ələlxüsus qəza və dairə mərkəzindən uzaq kəndlərinə yaymaq məqsədi ilə üç ayda bir ilə qədər yüz nüsxə abunə (yüz nəfərə) toplayaraq aşağıdakı yoldaşları da dəvət edirəm: Gəncədən Abbas Rəcəblini, Qubadan Münəvvər Mirzəyevanı, Naxçıvandan Abbas Əliyevi. Naxçıvan mətbuat müvəkkili M.Ə.Əsədullazadə".

 

"Molla Nəsrəddin" jurnalı yaradıcılıq təcrübəsi keçməkdə şərqqapısıçılar üçün həm də bir məktəb idi. Onların qəzetdə çap olunan "Balaca felyeton"larında "Molla Nəsrəddin"in təsiri açıq-aşkar hiss olunur. Bu təsir həmin felyetonların nəzm və nəsrin növbələşməsi ilə yazılması, ifadə tərzi, birinci şəxsin dilindən xüsusi əda və ironiya ilə təhkiyə olunması, tənqid və gülüş hədəflərinin ifşa üsullarında daha çox özünü büruza verirdi. "Şərq qapısı"nın yazarları mollanəsrəddinçilərin müxtəlif gizli imza tapmaq təcrübəsindən də faydalanırdılar. Qəzetin səhifələrində rast gəlinən "Kefli", "Ətcə bülbül", "Köhnə rövzəxan", "Müxlis", "Həkimbaşı", "Arıx", "Meymun", "Pinəçi", "Abdal", "Kölgə", "Avara", "Əntər" və başqa gizli imzalar bunun əyani nümunələridir.

 

"Şərq qapısı" "Molla Nəsrəddin"in "Poçta qutusu" rubrikasının ənənələrindən də məharətlə istifadə etmişdi. Bir neçə nümunəyə diqqət edək.

 

"Şair"ə: Mətləbini nəsr ilə yazmış olsaydın, daha da məsləhət olardı ("Molla Nəsrəddin" 1922, 5).

 

"Əli qabarlı"ya: nəsr yazmağınız nəzmdən gözəldir ("Şərq qapısı" 1924, 50).

 

"Hərdəmfikir"ə: Yazdığınız şeir getmədi. Hələ bir az da fikirləşməlisən ("Molla Nəsrəddin" 1924, 15).

 

"Xəbərçi müxbir" imzalıya: Yazanda yaxşı fikir elə ("Şərq qapısı" 1924, 46).

 

"Şərq qapısı" qəzet olduğu üçün "Molla Nəsrəddin" qədər imkanı yox idi ki, öz səhifələrində karikaturalara geniş yer versin. Lakin buna baxmayaraq o, "Molla Nəsrəddin"in bu ənənəsindən istifadəyə də biganə qalmamışdı. Qəzetin təkcə 1925-ci il nömrələrində 13 karikatura dərc olunmuşdur ki, bunları "Molla Nəsrəddin"in karikaturalarından ayırmaq çox çətindir.

 

"Molla Nəsrəddin" jurnalının məşhur rəssamı Oskar İvanoviç Şmerlinqin ilk dəfə olaraq aşkara çıxardığımız "Şərq qapısı"nda çap olunan iki karikaturası isə mətbuat tariximizdə maraqlı faktlardan biri hesab oluna bilər.

 

Karikaturalardan biri qəzetin 1925-ci il 25-ci, digəri isə 33-cü nömrəsində çap olunmuşdur. Hər iki karikaturanın aşağısından sol küncdə O.Şmerlinqin ənənəvi imzası - "O.Şlinq" qoyulub. Karikaturanın biri "Əhya gecəsi" adlanır. İkinci karikaturanın altında isə yazılıb: "Naxçıvanın Tunbul kəndində Seyid Xəlil şahtaxtılı kəndliləri dua yazmaqla və qeyri mövhumat ilə aldadıb ciblərini soyur".

 

O.Şmerlinqin bu karikaturalarının heç biri "Molla Nəsrəddin" jurnalında yoxdur. 1925-ci ildə o, Tiflisdə çıxan "Yeni fikir" qəzetinin rəssamı vəzifəsində işləyirdi. Həmin karikaturaların "Yeni fikir"də çap olunub-olunmamasını hələlik müəyyənləşdirə bilməmişik. Çox ehtimal ki, "Şərq qapısı" bu karikaturaları ya "Yeni fikir"dən götürmüş, ya da sifariş yolu ilə O.Şmerlinqin özündən almışdı. Bu ehtimalların hansının həqiqət olub-olmamasından asılı olmayaraq hər halda qəzet həmin karikaturalara öz səhifələrində yer verməklə "Molla Nəsrəddın" ənənələrinə bağlılığını bir daha nümayiş etdirmişdi.

 

Nəticə olaraq belə qənaətə gəlmək olar ki, "Molla Nəsrəddin" jurnalının Azərbaycan və bəzi Yaxın Şərq ölkələrinin mətbuatına müsbət təsiri Naxçıvanda nəşr olunan "Şərq qapısı" qəzeti üzərində də özünü göstərir.

 

"Cavad xan oğlu Uğurlu xanın hekayəti" imzalandı

 

Mayın 21-də "LIBRAFF2 kitab evinin "Park Akademiya" filialında Müzadil Zauroğlunun MİMTA Yayımlarında nəşr olunan "Cavad xan oğlu Uğurlu xanın hekayəti" kitabının imza günü keçirildi. Tədbirdə ziyalılar və kitab oxucuları iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun icraçı direktoru Pərviz Əmirov bildirdi: "Fond fəaliyyət göstərdiyi 17 il müddətində Azərbaycanın milli irsi, mədəniyyəti və tarixini tədqiq edib işıqlandırmağı öz öhdəliyi hesab edib. Bu sahədə görülən işlərə "Füyuzat" və "İşıq" jurnallarının yenidən təsis olunaraq çap olunması ilə yanaşı, müxtəlif tərcümə və tədqiqatlarla Azərbaycan kitab sektoruna verilən töhfələri də aid etmək olar. Müzadil bəyin tədqiqatları əsasında hazırlanan "Cavad xan oğlu Uğurlu xanın hekayəti" kitabı da mübarizə tariximizin işıqlandırılması baxımından olduqca mühüm əsərlərdən biridir".

 

Daha sonra müəllif Müzadil Zauroğlu kitabın ərsəyə gəlməsi barədə oxuculara məlumat verdi: "Azərbaycan tarixinin mübariz hökmdarlarından olmuş, öz mücadiləsi uğrunda şəhadətə ucalmış Gəncə xanı Cavad xanın oğlu, 23 ildən artıq müddətdə Rus-Çar imperiyasının istibdad zülmü ilə mübarizə aparan Uğurlu xanın həyat yoluna həsr etdiyimiz bu kitab tarixi sənədlərə və arxiv materiallarına əsasən tərtib olunub. Uğurlu xanın həyat hekayəsi qəhrəmanlıq dolu tariximizin bizdən gizlin saxlanılan ən şanlı səhifələrindən biridir! Müəllifi olduğum bu kitabda onun mübarizəsini az da olsa, əks etdirməyə çalışmışam".

 

"Füyuzat" jurnalının baş redaktoru Mübariz Yunus da kitab haqqında öz təəssüratlarını bölüşdü: "Cavad xan oğlu Uğurlu xanın hekayəti" bədii-tarixi povesti milli düşüncəsinin işığında qələm çalan, tədqiqatlarını millət və vətən yolunda faydalılıq prinsipi ilə aparan dəyərli ziyalımız Müzadil Zauroğlunun Azərbaycan xalqına dəyərli töhfəsidir. Əsər müəllifin "Füyuzat" dərgisində dərc edilən eyniadlı silsilə məqalələrindən tərtib olunub. Bu kitab "Füyuzat"ın 15 illik varisliyinə töhfə hesab oluna bilər. İnanıram ki, xalqımızın milli mücadilə tarixində önəmli bir dövr olan xanlıqlar dövrünə, xüsusən Gəncə xanlığına işıq salacaq bu əsər unutdurulmağa çalışılan mübarizə yaddaşımıza yenilənmə gətirəcəkdir".

 

Xalq artisti Nurəddin Mehdixanlı, professor Cahangir Məmmədli, Vətən Müharibəsində Şuşa uğrunda döyüşlərin iştirakçılarından Saleh Həsənov və xüsusi təyinatlı hərbçi Anar Qasımov, Xalq artisti Əli Nuruzadə, Əməkdar artist Münəvvər Əliyeva və başqaları da kitabda əks olunan mövzular, Uğurlu xanın mücadilə ilə yazdığı salnamənin tariximizdəki əvəzolunmaz rolu barədə yüksək fikirlər söylədilər.

 

Müəllif oxucuların kitab haqqında suallarını cavablandırdıqdan sonra kitabını oxucular üçün imzaladı, xatirə şəkilləri çəkildi.

 

 

 

Fərman XƏLİLOV

AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun baş direktoru,

filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2022.- 24 may.- S.14.