"Fədakarlar bir amalın uğrunda" təqdim olundu

 

 

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyindəki Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin müəllifi olduğu "Fədakarlar bir amalın uğrunda" kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan jurnalist Afaq Rza müəllifin jurnalistika fəaliyyəti, media orqanlarında dərc olunan məqalələri haqqında məlumat verib.

“Fədakarlar bir amalın uğrundakitab haqqında məlumat verən Aydın Tağıyev qeyd edib ki, topluya onun son illərdə KİV-lərdə çap olunan məqalələri toplanıb: Bu günə kimi zaman-zaman üzləşdiyimiz faciələr, fəlakətlər, mənfur ermənilər tərəfindən xalqımızın başına gətirilən insanlığa sığmayan, inanılmaz və saysız dərəcədə çox fəlakətlər məni sanki məcbur etdi ki, ölkə və dünya mətbuatında yayımlanan məqalələrimdən ibarət "Fədakarlar bir amalın uğrunda" kıtabını hazırlayım. Kitabın adının "Fədakarlar bir amalın uğrunda" olmasının da bir zərurəti var. Müəllif olaraq çox şanslıyam ki, müxtəlif səpkili məqalələrimdən ibarət yazılarım kitab halında toplanaraq müstəqil Azərbaycanın qələbə qalasının bir daşı oldu. Bu kitabda sizə çatdıracaqlarım əsrlər boyu mənfur, işğalçı, terrorçu niyyəti olan bədnam qonşularımız tərəfindən ata-babalarımızın başına gətirilmiş reallıqlardır”.

Kitabda yerlidünya mətbuatında dərc edilmiş məqalələrinin yer aldığını söyləyən A.Tağıyev deyib ki, bu yazılar müxtəlif əlamətdar və tarixi günlərə, o cümlədən ölkəmizin həyatında müstəsna xidməti olan şəxsiyyətlərə həs edilib.

Təqdimat mərasimində Milli Məclisin deputatları Aydın Mirzəzadə, Aqil Abbas, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Ziyafət Həbibova, Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru Qəmər Mürşüdlü, yazıçı - publisist İlqar Rəsul və başqaları kitabın məziyyətlərindən danışıblar. Bildirib ki, kitabda bütün zamanlarda aktual olacaq, ürəyimizin mərkəzində bizə işiq, istilik verəcək mövzular əks olunur.

Nəfis şəkildə “Adiloğlu” mətbəəsində çap olunan 148 səhifəlik kitabın rəyçiləri arasında Azərbaycan Yazıçılar Birliyinin katibi , Xalq yazıçısı Çingiz Abdullayev, professorlar Ziyafət Həbibova, Qulu Məhərrəmli və başqaları yer alır.

Sonda müəllif oxuculara kitablarını öz imzası ilə təqdim edib.

 

525-ci qəzet.- 2022.- 24 may.- S.15.