Təzə dövrün köhnə dərdləri

 

MİRZƏ ƏLƏKBƏR SABİRİN ANADAN OLMASININ 160 İLLİYİ ƏRƏFƏSİNDƏ DÜŞÜNCƏLƏR

 

Köhnə vaxtlar idi.

 

Lap köhnə vaxtlar...

 

Əcnəbilərin seyrə balonla çıxdığı, bizim hələ avtomobil minmədiyimiz vaxtlar...

 

Onda "anyaları, sonyaları yanlayırdıq"...

 

"Oxutmuram, əl çəkin" deyib, haray salırdıq.

 

Oxuyana, oxudana pis baxırdıq...

 

Amma elə həmin vaxtlarda bütün bu eybəcərliklərə yox deyən, millətin gözünü açmağa çalışan az sayda işıqlı adamlar da vardı...

 

Biri o idi...

 

Yazırdı, etira

 

z edirdi, haray salırdı, lağa qoyurdu...

 

Amma "arizi qəmlər əlindən ürəyi şişmiş idi..."

 

... günün birində ağır xəstəliyə mübtəla oldu.

 

Qəzetlər xəbər verdi ki, millətin şair oğlu ölüm ayağındadır, gəlin ona yardım edək!

 

İmkansız adamlar, kasıb ziyalılar az-çox yardım topladılar.

 

Köməyi olmadı...

 

Şair bu dünyadan köçdü...

 

Sonra qəzetlər bir elan verdilər ki, bu şairin kitabının nəşrinə yardım lazımdır.

 

Yenə kasıb ziyalılar qabağa düşdü. Gücü çatan yardımı əsirgəmədi. Bir qadın öz məvacibindən 5 rubl pul göndərdi, qəzet vasitəsilə hamını bu xeyirxah təşəbbüsə qoşulmağa çağırdı (qoyun ətinin kilosunun 30 qəpik olduğu dövr üçün az pul deyildi!). Çünki o qadın müəllimə idi, savadlı idi. Nəhayət, N.B.Vəzirovun qızı idi...

 

1912-ci ilin 11 sentyabr tarixli "Kaspi" qəzeti xəbər verdi ki, kitabın nəşrinə 200 rubl yığılıb, amma 500 rubl lazımdır. İmkanlı adamlar yardım etsin...

 

Etmədilər!

 

Neft milyonlar şəhərinin öz şair oğluna biganə qalan vaxtları idi.

 

Bu şairin adı isə Ələkbər idi...

 

Mirzə Ələkbər deyirdilər. Savadına görə...

 

Özü isə səbrli olduğuna işarə kimi "Sabir" təxəllüsü götürüb olmuşdu Mirzə Ələkbər Sabir.

 

Bakının imkanlı adamları Sabirə, onun yaradıcılığına biganə idi.

 

Amma Sabirə biganəlik göstərən Bakıda həmin günlərdə bir yazıçının yubileyi üçün şıdırğı pul toplanırdı. Bir başqa yazıçının heykəlini qoymağa böyük həvəslə ianə yığırdılar.

 

Heykəlini qoymaq üçün Bakıda da ianə toplanan yazıçının familiyası Abovyan idi! Xaçatur Abovyan! Qısa vaxtda 1735 rubl 26 qəpik toplanmışdı...

 

Yubileyinin təşkilinə pul yığılan yazıçının familiyası isə Şirvanzadə idi! Aleksandr Şirvanzadə!

 

1913-cü ildə X.Abovyana Parisdə heykəl qoydular.

 

Şirvanzadənin yaradıcılıq fəaliyyətinin 30 illiyi təntənə ilə qeyd olundu.

 

M.Ə.Sabirin kitabı isə... ölümündən yalnız iki il sonra nəşr edildi. "Hophopnamə" adı ilə...

 

Sonra dünya dəyişdi.

 

Azərbaycan da sovetləşdi. bolşevik hökuməti Sabiri özününküləşdirdi. Ona inqilabi satirik adı verdi. Kitablarını nəşr etdirdi, amma senzor qayçısı ilə...

 

 

 

1936-cı ildə vəfatının 25 illiyi ilə əlaqədar tədbirlər təşkil olundu.

 

Elə həmin vaxt Bakı qəzetləri yazdı ki, Sabiri millətçilər müsavatçılar öldürdü. Halbuki Sabir dünyadan köçəndə hələ "Müsavat" adlı partiya yaranmamışdı...

 

Qəzetlər bütün bunlarla yanaşı Sabiri marksizmlə bağlamağa cəhd etdilər.

 

Bolşeviklərin bu uydurmasına Türkiyədə yaşayan Mirzəbala Məmmədzadə M.Ə.Rəsulzadənin "Kurtuluş" jurnalında etiraz etdi. Yazdı ki, "Sabirin işçi sinfi haqqındakı dərin insani pak səmimi duyğular daşıyan şeirlərinin marksizmlə heç bir əlaqəsi yoxdur".

 

əlavə etdi: "Fəqət, yapsalar da beyhudə... Sabir milliyyətçi, xalqçı, vətənçi, hürriyyətçi mülkiyyətçi idi. böylə olaraq da qalacaqdır..."

 

"Kommunist" qəzeti isə təəssüflə xatırlatdı ki, "Sabir... böyük Lenin - Stalin firqəsinin rəhbərliyi ilə qurulmaqda olan sosializm epoxasında insanlara olan Stalin qayğısını görməyərək həsrət ilə bu dünyadan getdi".

 

Əslində Sabir xoşbəxt adam idi ki, "Stalin qayğısını" görmədən getdi...

 

Sabir bu "epoxanı" yaşasaydı baş verərdi?

 

Mirzəbala Məmmədzadə bu suala "Sabir yaşasaydı..." adlı növbəti məqaləsində cavab verdi: "...Sabir Azərbaycan kəndlisinin amansız istismarına qarşı üsyan şeirləri yazmışdır. Əcaba, kəndlimiz indi daha azmı istismar edilir?

 

Sabir yaşasaydı, şübhəsiz üsyan edəcəkdi. Buna imkan veriləcəkdimi?

 

...bütün enerjisini milli məktəb uğrunda sərf edən Sabir bu gün məktəblərimizin ruslaşdığını görüb "Veliki Stalinə", "böyük Stalinə" mədhiyyəmi yazacaqdı? yaza biləcəkdimi?

 

Sabir ...kolxozları mədh edəcək qədər alçalacaq idimi?

 

Xeyr, bunlar böylə olmayacaqdı..."

 

Mizəbala haqlı idi.

 

Böylə olmayacaqdı!

 

Böylə olmayacaqdısa... Sabir güllələnəcəkdi!

 

Xoşbəxtlikdən Sabir o epoxanı görmədi...

 

Sonra epoxalar dəyişdi. Dünya da dəyişdi.

 

İndi Sabirin şeirləri ilə haray saldığı dövrdən yüz ildən çox vaxt keçir. İndi biz "seyrə balonlarla" çıxırız. Yəni təyyarəyə minirik. Amma bu seyrəçıxma mərasimi çox baha başa gəlir. Əcnəbinin "balonu"nda ucuz qiymətə uçmaq olar, bizim "balon" od qiymətinə!

 

İndi biz avtomobil miniriz. Hətta dünyanın ən bahalı avtomobillərini!

 

Amma bu avtomobili idarə edəndə aslana dönürük. Svetoforda bizdən qabaq beş maşın da dayansa, yaşıl yanan kimi siqnal verməliyik!

 

Bu avtomobili hər yerdə saxlamaq adətimiz var - səkidə, avtobus dayanacağında, hətta blokun ağzında!

 

Avtomobili baha olanımız ucuz maşınla gedəni tapdalayıb keçməyə hazır!

 

"Mən salim olum, cümlə-cahan batsa da batsın" - ağlı ilə!

 

Düzdür, indi "oxutmuram, əl çəkin" deyən yoxdur.

 

Uşaqlarımızı oxuduruq.

 

Amma... indi oxumamaq üçün pul vermək şakərimiz yaranıb. Təki diplom olsun...

 

"Anyaları, Sonyaları" yenə də yanlayırıq...

 

Yenə də...

 

Yüz il əvvəl olanları yaşadırıq. Baxmayaraq ki, "Hohopnamə" dəfələrlə nəşr olunurbizoxuyuruq. Amma Sabirin şüurları dəyişmək arzusu reallaşmır ki, reallaşmır!

 

Sabirin əsərləri hətta qonşu Türkiyədə də sevilir, oxunur...

 

Türkiyədə niyə oxunur?

 

Necə oxunur?

 

Bu suallara cavab almaq üçün biz növbəti dəfə "seyrə balonla" çıxdıq. Azərbaycana məxsus bu bahalı "balon" bizi İstanbula - Türkiyədə və dünyada tanınan məşhur tarixçi alim İlber Ortaylının şəhərinə çatdırdı...

 

İlber Ortaylı M.Ə.Sabiri necə tanıyıb?

 

Niyə sevib niyə sevir?

 

(Bu barədə növbəti yazıda)

 

 

Müsəllim HƏSƏNOV

525-ci qəzet.- 2022.- 25 may.- S.14.