Eşq ilahəsi Nadirə  

 

Övladları ilə birgə dar ağacına çəkilən Xanqızı Nadirənin (1792-1842) həyatını vərəqlərkən övlad acısı ilə mənən yanıb-yanıb kül olan Xan qızı Xurşidbanu Natəvanın (1832-1897) taleyi göz önünə gəlir. Bu talelər arasında bircə fərq var. Xanqızı Natəvan ağılar, mərsiyələr yazaraq ününü uca Allaha yetirdi, Xanqızı Nadirə isə cismən bu ağrını çəkə bilməyəcəyini anlayıb elə o andaca ruhunu Uca Allahın dərgahına təslim etdi. Eyni taleyi yaşamaq eyni əsrin, eyni dövrün, eyni ictimai-siyasi proseslərin cəfasımı?! Xurafat, mövhumat bataqlığı insan düşüncəsini əsir aldığı zamanlar hələ öz dəyirmanında çox ziyalıları beləcə məhv edəcəkdi. Belə bir hikmət də var ki, dünya həmin dünyadır, onu əzablarla, qanla, dərdlə, xoşbəxtliklə naxışlayan insanların düşüncə tərzi, dünyagörüşüdür.

 

Həyatı: XIX əsrin I yarısında Kokandda yaşayıb-yaradan istedadlı qələm sahibi Nadirəni özbək alimləri ədəbiyyat səhifələrində "O, yüksək bədii istedad sahibi Üveysi, Məhzunə, Dilşad, Ənbər Atin kimi məşhur şairələr səfinin sərdarı olmuşdur", - deyə təqdim ediblər. Gözəl, eyni zamanda dövrünün yazar qadınları sırasında yeri bəlli edilən bir təqdimatdır.

 

Nadirə 1792-ci ildə Əndican şəhərində Əndican hakimi Rəhmanqulu quşbəyi ailəsində dünyaya göz açmışdır. Atası Kokand hökmdarı Narbuta bəyin yaxınlarından olub, əsli isə özbəklərin Min sülaləsindəndir. Anası, Zahirəddin Məhəmməd Babur nəslindən olan Ayişəbəyim xanım da dövrünün təhsilli, ziyalı xanımlarından biri olmuşdur.

 

Rəhmanqulu bəyin bu istedadlı qızı dövrünün yüksək təhsilinə yiyələnmiş, xüsusi mütaliə ilə biliyini, dünyagörüşünü artırmış, Şərq ədəbiyyatını dərindən mənimsəmiş incə ruhlu şeirlər müəllifi kimi ad-san qazanmışdır. Onun əsl adı Kamilə, ədəbi təxəllüsü isə Nadirə olmuşdur. Zadəgan əsilli Nadirənin səsi-sorağı Kokand xanlığına da gedib çatır. 1808-ci ildə Kokand xanı Narbuta bəyin oğlu, Mərgilan valisi, bibisi oğlu Məhəmməd Ömərxan ilə Nadirə ailə həyatı qurur. Hələ Mərgilanda yaşadıqları zaman Nadirə orada olan ədəbi mühitlə maraqlanmış, elm, sənət adamları ilə yaxından tanış olmuşdur. Xüsusən orada yaşayıb-yaradan Cahan Atın Üveysi ilə dostluq münasibətləri qurmuşdur.

 

Özbəkcə "Divan"ının dibaçəsində Nadirə yazır: "Qısa müddətdə tamamilə şeirə hakim oldum; nəzmdə mahir, mənalar aləminin sehrində oldum. Həzrət (Ömərxan) bəzən yeni mənalar haqqında bir misra ilə sual verərdi. Mən də dərhal cavabını bir misra ilə verməklə onları məmnun edərdim. Bunlardan birini xatırlayaraq deyim: "Bir gün, "Niyə ərbab-ı hirad əhli-i cünündin arı var?" misrası ilə sual verərkən o saat, "Kim olar üryan, alarnınq çübbe vü dastan var", - misrası ilə cavab verdim". Elə buradan da bir daha aydın olur ki, şairənin ömür-gün yoldaşı Ömər xan Əmiri də yazıb-yaradanlardan olub və aralarında tez-tez şeir mübahisələri, müzakirələri olurmuş. Nadirə 1810-cu ilə qədər Mərgilanda, sonra isə ömrünün sonuna qədər Kokandda yaşamışdır. İki övladı olmuşdur: Əri Məhəmməd Ömərxanın (1809-1822) vəfatından sonra,  atasının yerinə Kokandda taxta çıxan 12 yaşlı oğlu Məhəmməd Əlixan hakimiyyət başında (1822-1842) çox gənc yaşlarında olduğundan oğluna yaxından dəstək üçün (qəyyum olaraq) ictimai-siyasi fəallığını artırmış, vaxtının çoxunu dövlət işlərinə ayırmağa məcbur olmuşdur. Məhəmməd Ömərxan vəfat edəndə Nadirə 30 yaşında idi. Tərcümeyi-halına daxil olan bu kimi ciddi faktları Nadirə "Divan"ının dibaçəsində də yazmışdır. Kokand ədəbi mühitində Nadirənin yaradıcılıq üfüqləri genişlənir, təkmilləşir. Onun şeirlərinin - qəzəllərinin əsas məzmunu milli və bəşəri motivlərə söykənib: insanpərvərlik, eşq, məhəbbət, xalq, Vətən mənfəətini uca tutmaq, sədaqət, gözəllik, haqq, ədalət, insaf və s. kimi.

 

Hakimiyyətləri çərçivəsində olan ərazilərində onun təşəbbüsü ilə bazar və dükanların, məscid və mədrəsələrin, karvansaraların genişlənməsinə, tikintisinə diqqət yetirilirdi. Kokandda tikdirib istifadəyə verdiyi mədrəsəni yerli əhali "Mahlar Ayim mədrəsəsi" adlandırmışdı. Gənclərin təlim-tərbiyəsində bu mədrəsənin böyük təsiri olmuşdur. Nadirə əsərlərini xəttatlara yazdırarkən gözəl və xətasız yazılmasına birbaşa özü nəzarət edər və sonda bütünlüklə gözdən keçirər, sonra cildlənməsinə və bəzək verilməsinə, yayılmasına izn verərmiş. Bu mənada gözəl xəttatlıq qabiliyyəti olan katiblərə qızıl qələm və gümüş qələmdan hədiyyə edib, onları "Qızıl qələm" fəxri rütbəsinə yüksəldərmiş.

 

Feodal adlı sosial sistemin - tarixi formasiyanın tədricən ləğvi, əmirlər - xanlıqlar arasındakı çəkişmələr, bir sözlə, dərəbəyliklər, müharibələr bitmək bilmirdi. 1842-ci ildə Buxara əmirliyi ilə Kokand xanlığı arasında zülmlə nəticələnən qarşılaşma baş verir. Kokandda hakimiyyəti ələ keçirən Buxara Əmiri Nəsrullahın qəddar hökmü ilə şəhərin hakimi Məhəmməd Əlixan və qardaşı Sultan Mahmudxan, Xoşhalbibi, Narbibi, Ayişəbibi adlı məhrəmləri, anaları Nadirə və 14 yaşlı nəvəsi Məhəmməd Əminxan dar ağacından asılır. Beləliklə, xalqının istedadlı və sevimli qızı Nadirə - Kamilə 1842-ci ildə faciəli şəkildə 50 yaşında həyata vida etmişdi.

 

 

 

Yaradıcılığı: Nadirə klassik poeziya ənənəsinə söykənərək şeirlərini iki dildə - özbək və fars-tacik dillərində yazmışdır. Bu mənada Əndican və Kokand ədəbi mühitlərinin bu istedadlı yetirməsi ikidilli şairə kimi ad-san çıxarmışdı. "Kamilə" və "Nadirə" təxəllüsləri ilə özbək, "Məknunə" təxəllüsü ilə fars dilində şeirləri yaşadığı dövrdə də geniş yayılmışdır (Kamilə sözünün mənası - yetkin, bitkin; mükəmməl, Nadirə sözünün mənası - az tapılan, Məknunə - yaradıcı, düşüncəli deməkdir).

 

XIX əsr özbək klassik poeziyasının ən gözəl nümunələrini yaradan Nadirənin ədəbi irsi ideya-bədii əhəmiyyətinə görə qiymətli mənəvi xəzinə hesab olunur. Bu gün əlimizdə Nadirənin özbək və fars-tacik dillərində yazdığı 10 minə yaxın misradan ibarət lirik irsi vardır.

 

Şairənin müxtəlif janrları əhatə edən poetik nümunələri -  məzmun və qayəsinə görə sevilərək, geniş yayılaraq ötən əsrin bir çox əlyazma fondlarına daxil edilib. Nadirə yaradıcılığında xalq ədəbiyyatının təsiri də çox olmuşdur. Xalq ədəbiyyatının ən gözəl nümunələrinin təsiri ilə insan qəlbinin dərinliklərinə hakim olan məhəbbət duyğularının tərənnümü uğurlu alınmışdır. Hətta mahnılar qanadında məclislərə yol açmışdır. Nadirənin şeirləri özbək ədəbiyyatında, 19-cu əsrin birinci yarısı üçün xarakterik olan mütərəqqi meyllərlə seçilir. Nadirə müasirləri - Cahan Üveysi, Munis Xarəzmi, Dilşad Bərna, Səadət Müştəri, Mehriban Məhzunə, Ənbər Atin, Zibanisə, Məqsudə bəyim - ilə birlikdə dövrünün poeziyasının inkişafında və zənginləşməsində xidmətləri olan görkəmli şairədir. Onun yaradıcılığı XIX əsr özbək poeziyasında mütərəqqi istiqamətin formalaşmasına zəmin yaratmışdır. Nadirənin müasirləri və davamçıları onun poeziyasının təsiri ilə gözəl bədii yaradıcılıq nümunələri yaratmışlar.

 

Əlişir Nəvainin ədəbi irsindən faydalandığı elm-mərifət, haqq-ədalət, dilə-dinə xidmət, xalqa-torpağa məhəbbət, insanlığı ali mərtəbədə görmək, onu vəsf etmək kimi hikmət və estetikanı yaradıcılığının ana xəttinə çevirmişdir.

 

XIX əsr klassik özbək qadın şairlərinin imzasında qadın sevgi lirikaları peyda oldu. Nadirə eşq şairi kimi sevilir. Təsadüfi deyil ki, onun və müasiri olan gözəl şairələrin imzasında ilk dəfə sevgi, eşq lirikası ədəbiyyat səhifələrinə yazıldı. Mövhumatın, xurafatın baş alıb getdiyi zamanda qadın imzalı sevgi şeirləri cəsarət və hünər tələb edirdi. Bu, özünəgüvən, özünüdərk milli qürurdan doğan yaşantılardır. Nadirə yaradıcılığında bunları ustalıqla qələmə almışdır.

 

Nə Şirin qaldı aləmdə, nə Fərhad,

 

Hanı Yusif, hara getdi Züleyxa?

 

Könül, eşq içrə bulma be təhəmmül,

 

Ki, vəsli hicr ilə qılğıl madara.

 

Mənə, ey Kamilə, qismət bu erkan,

 

Əzəl gündən olubdur eşqi payda.

 

Nadirə üçün ar-namus, həya-ismət, əhdə vəfalılıq kimi hiss və duyğular qadın gözəlliyinin atributlarıdır, qadın gözəlliyinin pünhan sirləridir, qadın gözəlliyinin möcüzələridir. Nadirə poeziyasının, xüsusən klassik şeirin nəzəri imkanlar çərçivəsində onun nəzəriyyəçi alim kimi dəyərləndirmək heç şübhəsiz mübaliğə olmaz.

 

"Nadirə-Kamilə" "Divan"ı belə bir epiqrafla başlayır: "Nadirə dövrümüzün kamala dolmuş zehni, sayıqlığı ilə məmləkətini gözəl təsvir etmiş, səxavəti ilə xalqını sevindirmişdir. Fərqanə mülkünü abad etmişdi. O - Zöhrəsifət Nadirə heç vaxt var-dövləti, səltənəti ilə fəxr etməyib. Gözəl ağlı-zəkası, intellekti, təbii və fitrətən istedadı ilə gecə-gündüz rəngarəng ahəngdə qəzəllər yazar və oxumaqla məşğul olardı". Nadirəyə öz dövründə el məhəbbəti ilə Mahlar Ayim, Zöhrəsifət deyə də əzizləyərək müraciət ediblər. Burada isə Mahlar Ayim - Aylar ayı, yəni Ayüzlü, Aya bənzər anlamını; Zöhrəsifət - Eşq ilahəsi, Dan ulduzuna bənzər anlamını ifadə edir.

 

Nadirə şeirləri insan övladının izzəti-nəfsindən, onun şərəf və ləyaqətindən, yaxşılığın insan qəlbində, ruhunda yandırdığı çıraqdan bəhs edir. "Yaxşılıq etmək nər kişinin işidir, dünyada qalan da məhz yaxşılıqdır, yaxşı addır". Necə ki, indi şairənin tərcümeyi-halında yaxşılıqlara dolu naxışları görürük.

 

Almaz ÜLVİ

Filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2022.- 26 may.- S.13.