Aqil Abbasa İlyas Əfəndiyev Mükafatı təqdim edildi

 

Xalq yazıçısı İlyas Əfəndiyevlə bağlı fotoalbomun Milli Kitabxanada keçirilən təqdimat mərasimində görkəmli ədibin adını daşıyan, Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi mükafat yazıçı, millət vəkili Aqil Abbasa təqdim olunub.

525.az xəbər verir ki, AYB sədri, Xalq yazıçısı Anar mükafatı laureata təqdim etməzdən öncə İlyas Əfəndiyev yaradıcılığından onunla bağlı xatirələrindən danışıb, daha sonra isə mükafatın təsis olunmasından söz açıb: “İlyas müəllimlə ilk görüşümüzün vaxt olduğunu xatırlamasam da, bir görüşümüzü dəqiq xatırlayıram: onunla Şuşada görüşmüşdük. Yazıçılar Birliyində belə qərara gəldik ki, İlyas Əfəndiyev adına təsis etdiyimiz mükafatı, ilk dəfə olaraq, məhz Qarabağ haqda ən çox yazan istedadlı yazıçımız Aqil Abbasa təqdim edək”.

Aqil Abbas da İlyas Əfəndiyevlə bağlı xatirələrini dilə gətirib, görkəmli ədibin Qarabağa olan sevgisinin aliliyini vurğulayıb: “Mənim üçün ən müqəddəs sevgi vətənə olan sevgidi. Bu sevginin ifadəsi olan yazılarıma görə məni belə bir dəyərli mükafata layiq bildikləri üçün Yazıçılar Biriyinin sədri, Xalq yazıçısı Anar müəllimə dərin təşəkkürümü bildirirəm.

 

Əntiqə Kərimzadə

 

525-ci qəzet.- 2022.- 26 may.- S.8.