Əhməd Həmdi Qaraağazadə publisistikasında Qarabağ problemi

 

Azərbaycan Respublikasının yenidən müstəqilliyə qovuşması itirilmiş atributların, üzərinə qadağa qoyulmuş dəyərlərimizin yeni müstəvidə qiymətləndirilməsi ilə inkişafına da təkan verdi. Sovet dönəmində ideoloji kanonların təsiri ilə təqdim edilmiş mətbuat tarixinin obyektiv yeni baxış bucağından araşdırılması bugünkü günümüz üçün aktuallıq kəsb etməklə bərabər, həm də zərurətə çevrilmişdir.

 

Bu zərurət milli müstəqillik və azadlıq, türkçülüyümüz uğrunda uzun illər mübarizə aparan tarixi şəxsiyyətlərin araşdırılmasına yol açdı. Sovet dövrü tədqiqatlarından kənarda qalmış məfkurəçi şəxsiyyətlərdən biri olan Əhməd Həmdi Qaraağazadə irsi haqqında araşdırmalar demək olar ki, yox dərəcəsindədir. Cümhuriyyət parlamentinin tərkibinə Müsavat və bitərəflər fraksiyasının üzvü kimi daxil olmuş Ə.Həmdi ilk mətbu fəaliyyətinə "Açıq söz"də gürcü dilindən tərcümələri ilə başlayır. M.Ə.Rəsulzadə "İstiqlal" qəzetinin başlığı altındakı Əhməd Həmdiyə məxsus "İnsanlara hürriyyət, millətlərə müsavat!" şüarındakı məfkurəçilik roluna yüksək qiymət verib: "...bəzi münəvvərlər Müsavatın türkçülüyündən və Azərbaycan şüarının elanından diksinmiş ikən, Əhməd Həmdi bu məfkurəni bənimsəmiş və "İstiqlal" qəzetəsinin məsul bir mühərriri olacaq qədər bu qayəyə isinmişdir".

 

Ə.Həmdi "Azərbaycan" qəzetinin 1919-cu ilin noyabrından 1920-ci ilin aprelinədək 40-dan çox analitik təhlillərlə ictimai-siyasi, tarixi, dini, hüquqi məsələlərlə bağlı məqalələrini "Ə.H.", "Ə.Həmdi" imzaları ilə qələmə alıb. Bu məqalələr konkret fakt və hadisələrə, məntiqi fikir və mülahizələrə əsaslanmaqla ideyalar mübarizəsində kəsərli silaha çevrilir. İstiqlal və hürriyyət, suveren dövlət quruculuğu, erməni separatizmi və təcavüzkarlığı, daxili-siyasi durum, Azərbaycanda öz müstəmləkəçilik hökmranlığını bərpa etməyə çalışan Qərb və onun havadarlarının təxribatçılıq siyasəti, ordu quruculuğu, iqtisadi problemlər Əhməd Həmdini düşündürən məsələlər idi.

 

Ə.Həmdi "Böyük bir gün" məqaləsində milli qürur günümüz olan Cümhuriyyətimizin elan olunmasını bəşəriyyət tarixində, mədəniyyətdə tərəqqi və təkamül meyarı kimi təqdim edir: "Günlər vardır ki, böyük bir həqiqəti elan etmiş,.. kiçik bir millət böyümüş, böyük bir milləti oyandırmış, böyük vətənpərvərlərdən böyük millətlər yetişdirmiş".

 

Ədib 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurasının qətnaməsilə müttəfiq və birləşmiş dövlətlərin Azərbaycan hökumətini de-fakto səviyyəsində tanınmasını "Azərbaycanın böyük günü" məqaləsində alqışlayaraq göstərir ki, Azərbaycan istiqlalının təsdiqinəqədərki dövr uzun və böyük şərəf, fəzilət tarixi kimi kitaba düşəcək: "Bu gün həqiqətən bir Azərbaycan var, bir də Azərbaycan türkünün beynəldüvəl təsdiq və qəbul edilmiş siyasi, milli bir mövcudiyyət və istiqlaliyyəti var!.."​

 

Ə.Həmdinin "Azərbaycan Parlamanının birinci illiyi", "1920-ci il", "Sərvəqt olmalıdır", "İstiqlaliyyətin amilləri və nəticələri", "Sovet hökumətinin təklifinə cavab", "İcmali-siyasi", "Bolşevik təhrikatı", "Bolşeviklər və biz", "Qars məsələsinə dair", "Türkiyə məsələsi", "Batum məsələsi" və digər məqalələri onun istiqlal savaşında məsləkdaşları ilə birgə addımladığını və necə bir siyasətçi olduğunu təsdiqləyir.

 

İstiqlaliyyət mövzusu Əhməd Həmdi publisistikasının ana xəttini təşkil edir. O, Zaqafqasiya cümhuriyyətləri arasında Azərbaycan və Gürcüstanın bir gündə istiqlaliyyətlərinə nail olmalarını alqışlayır, bunu hər iki cümhuriyyətin siyasi həyatı üçün şərəfli bir hadisə kimi qiymətləndirir. Ədib "İstiqlaliyyətin amilləri və nəticələri" məqaləsində Azərbaycandan xaricə gedən səfirlərlə birgə ölkəni tanıtmaq, inkişafını sürətləndirməyin də mümkünlüyünü qeyd etməklə bərabər, həmçinin, əlaqələri genişləndirərək xarici sərmayədarlarla münasibət qurmaq imkanının da yarandığını diqqətə çatdırır. Aydın məsələdir ki, bu da yeni yaranmış Azərbaycan dövlətinin xarici iqtisadi ticarət siyasətində və dövlətin büdcə məsələsində böyük rol oynayır.

 

"Bu da dostluqmu?" məqaləsi ədibin bugünkü günümüzün reallığı, Azərbaycanın tarixən üzləşdiyi çox ciddi bir problemə - Qarabağ ətrafında baş verən hadisələrə qonşu dövlətlərin, eləcə də Gürcüstanın mətbuat orqanlarının qeyri-müəyyən məlumatlarla, təhriflərlə, obyektivlikdən kənar yanaşmasına etirazı idi. Qafqaz millətləri arasında çıxa biləcək bütün ixtilafları quru sözlər və boş nəsihətlərlə həll etməyi düzgün yol hesab etməyən Əhməd Həmdi qeyri-müəyyən istinadlardan uzaq olub həqiqəti yazmağı tövsiyə edirdi: "Təəssüf olunur ki, Gürcüstan mətbuatı Qarabağ hadisələri üzərində bizi müəyyən bir fakt ilə müttəhim etmiyorlar. Yazdıqları qeyri-müəyyən istinadlardır".

 

Ədib Ermənistan və Gürcüstan qoşunlarının bir-birinə qəsdini də imperializmin Cənubi Qafqazda apardığı siyasi oyunlardan biri kimi qiymətləndirir. Belə bir qarşıdurma yaşayan Gürcüstanın bəzi mətbuat orqanlarının Azərbaycana qarşı ittiham irəli sürməsini kəskin tənqid edən ədib gürcü mətbuatından sitat gətirir: "Şimaldan bir bolşevik təhlükəsi var. Cənubdan da iki qonşu dövlət yek digərlərilə hərb ediyor. Azərbaycan kəndisini nə qədər məsuliyyətli olduğunu fərq edəmiyor, ermənilərlə müharibəyə girişiyor. Bu yazıları yazan mühərrirlərin insan ilk nəzərdə Qafqasiyadan xaric bir məmləkətdə olduqlarını zənn edər".

 

Ədib Şimaldan gələn təhlükədən Ermənistanın qurdcasına sui-istifadəsinə münasibət bidirərək yazır: "Və bu qurdcasına oynanılan oyuna qarşı Azərbaycan qoyuncasına ərzi-mütaviətmi etməli idi? Bu məsuliyyət əqli-səlim sahibi üçün də aşkar bir şeydir ki, kim bu hadisələri qurmuş, kim əlaltı bu planları hazırlayıb da birdən Qarabağ üzərinə saldırmış isə ona aiddir. Müharibəyə girişən də Azərbaycan degil, Ermənistanın təşkil edib də iləri sürdügü bandalardır".

 

Yüz ildən çox keçməsinə baxmayaraq, bu gün də Avropa mətbuatı klassik erməni təbliğatına sahib çıxaraq Azərbaycana qarşı qərəzli, böhtan xarakterli yazılar dərc etməklə imperializm taktikalarını həyata keçirirlər.

 

Ə.Həmdinin günümüzün reallığı baxımından böyük maraq doğuran "Bir həqsizlik" məqaləsi 1918-1920-ci illər erməni siyasi terrorçu hərəkatının Zaqafqaziyada törətdikləri islam qətliamı və bu soyqırımlarla bağlı xeyli faktları ortaya qoyur. Məqalədə, həmçinin, Qars əyalətində islam qətliamı, Ordubad, Qarabağ müsəlmanlarına qarşı həyasızcasına davam edən hərbi hərəkata, erməni-daşnak silahlı quldur dəstələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi basqınlar və kütləvi qırğınlarla bağlı Antant dövlətləri nümayəndələrinin etinasızlığına və onlara olan havadarlığına ədibin münasibəti və analizi bugünkü günümüzlə də səsləşir: "Naxçıvan, Ordubad müntəzəm erməni taborları tərəfindən yaxılıb-yıxılır ikən Paris, Londra və yaxud Nyu-Yorkdan gələn və Ermənistanın nizamilə mütəhəssis olan və müxil Ermənistan üçün məsudi-əməl və niyətlər pərvərdə edən Avropa müməssilləri bu həqayiq faciə, bu vəqaye... hüzuri-qəlb ilə baxdılar".

 

XX əsrin sonu - XXI əsrin əvvəllərində də tarixin təkrar olunduğunu, beynəlxalq miqyasda fəaliyyət göstərən erməni daşnak terror təşkilatlarının dəhşətli cinayətləri və onlara havadarlıq edən Avropa dövlətlərinin imperialist siyasəti ilə üz-üzə dayanaraq müstəqil Azərbaycan dövlətinin apardığı mübarizənin şahidiyik. 44 günlük II Qarabağ müharibəsindən qələbə ilə çıxan Azərbaycan dövlətinə qarşı aparılan informasiya müharibəsi də bunu bir daha təsdiqlədi.

 

Ə.Həmdi Qarabağ problemi ilə bağlı dərc etdirdiyi yazılarında bu məsələnin tarixi köklərini, Rusiyanın Qafqasiyada apardığı siyasətin mahiyyətini, Qars faciəsi, Zəngəzur, Naxçıvan, Ordubad hadisələrində o tarixi siyasət ənənəsinin təkrar edilmiş səhifələrinə bir araşdırmaçı-publisist kimi münasibət bildirmişdir. "Vəziyyətə hakim olmalıdır" yazısında təqdim olunan faktlar və analizlər çox maraqlıdır.

 

Ədib Ermənistanın tarixi bir ənənəsini - Rusiya üçün Qafqasiya üzərində istənilən vaxtda ortalığı atəş və qanla qarışdırmaq vasitəsi olduğunu yaddan çıxarmağın hansı faciələrlə nəticələndiyini faktlarla təqdim edir: "Biz daima şahid olduq ki, Rusiya ilə Qafqasiya arasında birincisinin bütün amali-siyasiyyə və ehtirasatına amil və vasiitə olan ikinci bir millət və məmləkət vardır ki, bu gün də "Ermənistan" namı altında Qarabağ hadisələrini hazırlamış və "bulanıq suda balıq ovlamaq" məharətini tamam vəsaitlə icrayə girişmişdir".

 

Ədib 1905-ci il oktyabr inqilabı zamanında, AXC dövründə Qarabağ hadisələri ilə birgə Zəngəzurda, Qars faciəsində, Naxçıvan və Ordubadda baş verən qanlı fəlakətlərdə erməni daşnakların böyük rolunu bu siyasətin bir üzü kimi təqdim edir. I Dünya müharibəsi dövründə Rusiya-Türkiyə müharibəsində daşnakların fəaliyyətini önə çəkən Ə.Həmdi yazır: "Rusiya namınə Qafqasiyada diktatorluq edən və o tarixdən etibarən müsəlmanlar ilə ermənilər arasında bilainqita vuruşmaların zühuruna bilqəsd təsir edən yenə daşnaklar degilmi idi?"

 

Əhməd Həmdi bu məqamda ermənilərə xas olan bir fakta da diqqəti cəlb edir. Şimaldan Rusiya təhlükəsi baş verən zaman ermənilərin dərhal cənubdan qonşu bir hökumət və millətə təcavüzlə onu zəiflətmək kimi planının - məkrli siyasətinin iç üzünü ortaya qoyur. Ədib belə siyasi vəziyyətlərə laqeyd qalmağımızın acı nəticəsini göstərir: "...neçün Qarabağ kimi Azərbaycanın göbəyində bulunan bir yeri xudaya əmanət buraxaraq nagəhani bir təərrüzə hədəf olmuşuz?"

 

Əhməd Həmdi bu məqalədə istiqlalımıza düşmən olan qüvvələr qarşısında məsuliyyətimizi dərk etməyə, bütün mənası ilə "vəziyyəti-siyasiyyəyə hakim" olmağa çağırır.

 

Əhməd Həmdinin siyasi məzmunlu publisistik yazılarında siyasi analitik kimi hadisə və faktlara yanaşması, eləcə də mülahizələri maraqlıdır. "Çiçerinin notası münasibətilə" məqaləsində Rusiyanın xarici siyasətində Azərbaycana qarşı tutduğu istiqamətə aydınlıq gətirən ədib Çiçerinin ittiham xarakterli notasının arxasında gizlənən qaranlıq məsələləri şərh edir: "Minlər, yüz minlərcə türk bolşevik Rusiyasının boyunduruğu altında, Lenin hökuməti naminə qanlarını, canlarını fəda etdikləri halda, Başqırdıstan, Türkistan, Qırğızıstanın müstəqil bir hökumətləri varmıdır? Xayır! Bunlar həp birər alət, vasitə olmuşlar. Beynəlmiləl inqilab, beynəlmiləl şüarlar naminə qurban olub getmişlərdir".

 

Sovet Rusiyasının Azərbaycanla etilaf qurmaq əvəzinə öz çirkin siyasətilə onu özünə tabe etməyə çalışmasına, Çiçerinin Azərbaycan-İngiltərə münasibətlərini pozmasına və istiqlaliyyətimizin Denikin təhlükəsi ilə təhdidinə kəskin qələmi ilə cavab verir: "Azərbaycan xaricdən rəçtəyə möhtac degildir. Azərbaycan türkligi, kəndi qanı və canı bahasına əldə etdigi bir səadəti doğrudan-doğruya mühafizəyə də müqtədirdir. Doğrudan-doğruya onun uğrunda canını fəda etməgə hazırdır".

 

"Azərbaycan" qəzeti ilə əməkdaş olduğu dövrdə müntəzəm olaraq beynəlxalq ictimai-siyasi prosesləri bir politoloq kimi izləmiş ədib, hər bir problemə öz münasibətini bildirərək əsas qayəsinə - türkçülük, azərbaycançılıq ideyalarına hər zaman sadiq qalmışdır.

 

 

Aygün ƏZİMOVA

 

BDU-nun dosenti

 

525-ci qəzet.- 2022.- 27 may.- S.12.