Qəzəl

 

Hər zaman eynimə kim, mənzili-canan görünür,

San Cəməm kim, gözümə mülki-Süleyman görünür.

 

Öylədir seyli- sirişkim gözə Qülzümi gəlür,

Bəhri seylabə verir, qətrəsi tufan görünür.

 

Alışub nari-dərunim, tutuşub nayi-dilim,

Şərəri çərxə çıxub, kövkəbi-rəxşan görünür.

 

Bilmərəm kim əlamət, kəramətdir kim,

Ey gözüm, hər nəzərin cövhəri bin can görünür.

 

Vəh tərsabeçəsən, qəmzəylə bir gəz, sanma,

Baxdığın kimsədə küfrü iman görünür.

 

Sehrmi, fitnəmi ya möcüzəmi, başqamı yar,

Kəsdigin kimsədə yarə, bir qan görünür.

 

Rəhi-sevdadə məgər, Mir Nigari, bana

Can verübdür sənəma, böylə ki, xəndan görünür.

 

***     

 

Qoşmalar

 

Eşqin kanı Qarabağdır məkanım,

Bülbüli-şeydayəm, cənnət yerimdir.

Əvvəl başdan Qaraqaşlı bustanım,

İmdi gülüstanım Qara pirimdir.

 

Sinəmə çəkilən qara dağımdır,

Yandıran aləmi gör çağımdır!

Qara bağrım qanlu Qarabağımdır,

Gözlərimdən axan yaşi-tərimdir.

 

Yadigarım olsun əhli-sövdayə,

Göftari-dərdimi eyləsin mayə.

Şamü səhər ahim, ünüm biğayə

Dərgəhi-dildarə bərgü bərimdir.

 

Lütfi-ilahinin nəzərgahiyəm,

Ərbabi-sövdanın qibləgahiyəm.

Mülki-məlamətin padişahiyəm

Xaki-payi-dilbər taci-sərimdir.

 

Tükənməzmi dərdin, yoxmu bir çarə?

Yaxılursan şamü-səhər odlarə.

Səbr eylə biçarə, ey günü qarə,

Ey Seyyid Nigari, Mövla kərimdir.

 

***

 

Bir qönçeyi-gülün tarimarıyam,

Görüm abad olsun ol Qarabağı.

Bir gözəl kəbkin giriftarıyam,

Şənlik olsun dağı, bağı, ovlağı.

 

Gözlərimdən hər dəm qan-yaş tökülür,

Sərvtək qamətim yay tək bükülür,

Sinəmə çal-çarpaz dağlar çəkilür

Yadıma düşdükcə Çilgəz yaylağı.

 

Xubları huridir, mələkmənzərdir,

Sözləri şirindir, şəhdü şəkkərdir.

Cənnətül-məvadır, hövzi-Kövsərdir

Qaraqaş yaylağı, Həmzə bulağı.

 

Kuhi-sövda üzrə eylərəm fəryad,

İmdadıma gəlməz sakini-övtad.

Dəmbədəm bin tişə əgər bin Fərhad

Çalsalar, əksilməz sinəmin dağı.

 

Nəsli-İsmailsən, əsli-ərəbsən,

Ali-Məhəmmədsən, alinəsəbsən.

Müntəxəbsən, silsileyi-zəhəbsən,

Ey Seyyid Nigari, ey Qarabaği.

 

***                 

 

Gəraylılar

 

Aşiq oldum yenə tazə

Bir növcəvanə, cəvanə.

Qanı bir əhli-dil, yazə

Ərzim cananə, cananə.

 

Qəm əlindən gəldim dadə,

Dərdimdir həddən ziyadə.

Yalvarıram, vermə badə

Zülfün səlmanə, səlmanə.

 

Cüda düşdüm ellərindən,

Kəsmədim göz yollarından

Zülfi-Leyli əllərindən

Gəzdim divanə, divanə.

 

Bilməzəm kim ol kərəmkar

Əvf edərmi, günahım var.

Yalvarıram mar təki zar

Hər dəm yalmanə, yalmanə.

 

Qurdum ülfətin binasın,

Yıxdım dünyanın əsasın,

Nigari, eşqin səhrasın

Gəzdim mərdanə, mərdanə.

 

***

 

Tərcibənd

 

(ixtisarla)

 

əcəb dövlət imiş seyri-şikari-Qarabağ,

gözəl nemət imiş söhbəti-yari-Qarabağ.

Rəşki-müşk-ənbər imiş buyi-qubari-Qarabağ

Abi-heyvan imiş ənharü pünari-Qarabağ.

Kövsərü Tuba imiş çayi-çinari-Qarabağ

Aləmi-cənnət imiş dari-diyari-Qarabağ.

İmdi bildim imiş vəsfi-həzari-Qarabağ!

Yeridir kim çəkərəm ahü zari-Qarabağ.

Dağlayubdur bəni bir laləüzari-Qarabağ

Yandırıbdır bəni bir nari-nigari-Qarabağ.

 

Ah, aşüftəligim zülfi-səmənsayə deyin,

Vah, sərgəştəligim kakili-Leylayə deyin.

Bu güniqarəligim mehrsiz ol ayə deyin,

Kari-tərsalığım ol zülfi-çəlipayə deyin.

Dərdi-biçarəligim ləli-Məsihayə deyin,

Sirri-pünhanımı ol ağzı müəmmayə deyin.

Dərdimi-dilbəri-şirini-dilarayə deyin,

Ərz edin, möhnətimi cümlə şəhənşayə deyin,

Suzişi-könlümü ol qönçeyi-həmrayə deyin.

Necə ah eyləməyim bülbüli-şeydayə deyin,

Dağlayubdur bəni bir laləüzari-Qarabağ,

Yandırubdur bəni bir nari-nigari-Qarabağ.

 

Gəlin, ey əhli-könül, artub azarım, eşidin,

Yox rəvacı, kəsilüb beyü bazarım, eşidin.

Pozulub rövnəqi-gülzari-baharım, eşidin,

Qalmayıbdır, tükənib leylü naharım, eşidin.

Cəm olun bir yerə, azari-həzarım, eşidin,

İrişüb vəqti, qazın dari-məzarım, eşidin.

Yaxılub səbr, yanub nayi-qərarım, eşidin,

Alışub suzişilə mayeyi-varım, eşidin.

Dağılın kim tutuşub nari-mənarım, eşidin,

Yedidir ərşə çıxarsa ahü zarım, eşidin,

Dağlayıbdur bəni bir laləüzari-Qarabağ,

Yandırubdur bəni bir nari-nigari-Qarabağ.

 

Düşmədi kuyinə bir kərrə güzarım gecələr,

Sormadı halımı bir mahüzarım gecələr.

Bir bana yanmadı kim, gəlmədi yarım gecələr

Ol səbəbdən alışur cani-fikarım gecələr.

Yaxılur atəşi-dil, artır azarım gecələr

Çəkilür nöh fələkə zarü həzarım gecələr.

Dağılur hər tərəfə atəşi-zarım gecələr

Yandı pərvanə kibi odllara varım gecələr.

Şəmtək narilə düşdu səri-karım gecələr

Bəs necə yanmaya bu könli-mənarım gecələr,

Dağlayıbdur bəni bir laləüzari-Qarabağ

Yandırıbdır bəni bir nari-nigari-Qarabağ.

 

 

Dari-mehr üzrə gərək qəsdi-şirin can edəyim,

Dili sərdarə çəküb şövqilə qurban edəyim.

Cigəri parələyüb bağrı qızıl qan edəyim

Dəmbədəm əşk töküb xuni-dil əfşan edəyim.

Canı atəşkədeyi-eşqdə suzan edəyim,

Yandırub xaneyi-variyyəti viran edəyim

Gecələr ta besəhər dəmbədəm əfğan edəyim

Güli-məqsud açıla, dərdimə dərman edəyim

Ey Nigari, qədər sirrimi pünhan edəyim?

Yandı canım, anı bu nəzmilə şayan edəyim:

Dağlayıbdur bəni bir laləüzari-Qarabağ

Yandırubdur bəni bir nari-nigari-Qarabağ.

 

 

Seyid Mir Həmzə Əfəndi Nigari

 

525-ci qəzet.- 2022.- 28 may.- S.23.