Şihabəddin Suhraverdi: həyat və yaradıcılıq yoluna bir nəzər

"Ərəb ədəbiyyatı. V-XIII əsrlər" kitabımın ikinci nəşrini çapa hazırlayır, kitaba bəzi əlavələr edirəm. Suhraverdi barədə aşağıdakı yazının da bu yeni nəşrdə yer alacağı gözlənilir. Yazı hazırlanarkən Suhraverdinin öz əsərlərindən, Şəmsəddin Şəhrəzurinin "Nuzhət əl-ərvah", ibn Əbi Useybiənin "Tabaqat əl-atıbbə", Yaqut ər-Ruminin "Mucəm əl-udəbə", ibn Tağriburdinin "ən-Nucum əz-zəhira" əsərləri kimi mənbələrdən və bir sıra alimlərin tədqiqatlarından istifadə olunub.

Şihabəddin Suhraverdi (1153-1191) ərəbdilli Sufi fəlsəfi fikrinin və ədəbiyyatının əslən Azərbaycandan olan nümayəndəsidir. Dahi mütəfəkkirin tam adı Şihabəddin Yəhya ibn Həbəş ibn Əmirək Əbu l-Futuh əs-Suhraverdidir. Digər sufi mütəfəkkiri, Suhraverdiyyə təriqətinin müəssisi Şihabəddin Ömər Suhraverdidən (1145-1234) fərqləndirmək üçün onun adı əl-Maqtul (Qətlə yetirilmiş) və Şeyx əl-işraq (İşraqiyyə şeyxi) ləqəbləri ilə anılır. Bəzən onun Ömər Suhraverdinin bacısı oğlu olduğu bildirilir (Suhraverdi, Divan. Ön söz. 5).

 

Onun şəxsiyyəti və yaradıcılığı İslam dünyasının korifeylərindən biri kimi əsrlər boyu dünyanın hər yerində alimlərin diqqətini cəlb edib. Bir çox Orta əsr mənbələrində onun barəsində məlumatlar hifz olunub. Qərb şərqşünaslığında Helmut Ritter, Louis Massignon, Annemarie Schimmel, Henry Corbin, Seyyid Hossein Nasr kimi alimlər Suhraverdi yaradıcılığına maraq göstərmişlər. Şərqşünaslıq elminin korifeyləri sayılan bu alimlər Şihabəddin Suhraverdini birmənalı olaraq İran filosofu kimi təqdim etmişlər. Azərbaycanda professor Malik Mahmudov və AMEA-nın müxbir üzvləri Zakir Məmmədov və Səlahəddin Xəlilov Şihabəddin Suhraverdinin fəlsəfi və ədəbi yaradıcılığı ilə maraqlanaraq onu tədqiqata cəlb edib.

 

Suhraverdi əl-Məqtul dahi Nizaminin müasiri olub. Yaqut ər-Rumi "Mucəm əl-udəbə"də onun şafii fəqihi, şair, ədib və filosof olduğunu bildirir (Mucəm, oçerk 1223). O, Azərbaycanın Zəncan şəhərinin yaxınlığındakı Suhraverd adlı qəsəbədə dünyaya gəlmişdi. Təhsilini Marağada Şeyx Məcd əd-Din əl-Cilidən alıb. Bir müddət onun yanında yaşayıb dini elmlərə yiyələnib, fiqh və kəlamı öyrənib. Qəribədir ki, Şeyx Məcd əd-Dinin digər tələbəsi öz fikri, dünyagörüşü ilə fəlsəfəyə, xüsusilə onun sufi mistisizmi şəklində təzahürünə qarşı çıxan, yəni Suhraverdi əl-Məqtula tam əks mövqedə dayanan Fəxrəddin ər-Razi (v. 1209) olub. Suhraverdinin qətlindən illər keçdikdən sonra Fəxrəddin ər-Raziyə keçmiş mədrəsə yoldaşının "Təlvihat" kitabını bağışlayarkən o, kitabı öpmüş, göz yaşlarını saxlaya bilməmiş, Suhraverdi ilə birgə keçirdiyi günləri xatırlayaraq ağlamışdı (Nasr).

 

Marağada təhsil alan Şihab əd-din bir müddət sonra digər elm talibləri kimi səyahətlərə çıxır. O, Mardində Şeyx Fəxrəddin Mardininin (v. 1198) tələbəsi olub. Suhraverdi Şeyx Mardinini həmişə xoş sözlərlə xatırlayıb. O, bir müddət İsfəhanda qalıb buranın alimlərini dinləyir. Burada olarkən ibn Sinanın "Risələt ət-tayr" əsərini fars dilinə tərcümə edir (Divan, Ön söz).

 

O dövrün bir çox mütəfəkkirləri kimi, biz Suhraverdini də həqiqət axtarışlarında görürük. O, İşraqiyyə fəlsəfəsinin müəssisi sayılır. İşraqiyyə Platon fəlsəfəsini, neoplatonizmə xas emanasiya nəzəriyyəsini və neopifaqorçuluğu qədim zərdüştlik düşüncəsi ilə sintez edən bir nəzəriyyədir. Bu cür sinkretik bir təlimin yaranması İslami düşüncənin özündə bir sıra yerli elementləri və qədim dini təlimləri birləşdirməsi ilə bağlı idi. Təsadüfi deyil ki, Marşall Hodgson İslamın yayıldığı ərazilərdə mədəniyyətin sinkretik xarakterini ifadə etmək üçün ingiliscə "islamic" deyil, "islamicate" terminini gündəmə gətirmişdir. İşraqiyyə bu sinkretizmin bariz nümunəsidir. Seyyid H. Nasr Suhraverdinin işraqiyyə nəzəriyyəsini fəlsəfə ilə qnostisizm arasında aralıq mövqedə olan bir təlim sayır.

 

Annemarie Schimmelin fikrincə, Şihabəddin Suhraverdinin dünyagörüşünə və işraqiyyə fəlsəfəsini yaratmasına İmam Əbu Hamid Məhəmməd əl-Ğəzalinin (v. 1111) Mişkət əl-ənvar əsəri böyük təsir göstərib. Qeyd etmək lazımdır ki, Suhraverdi həm də Həllac Mənsurun (v. 922) təsiri altında olub. Onun işraqiyyə fəlsəfəsi ilə ibn Ərəbinin (1165-1240) bir sıra irfani fikirləri arasında yaxınlıq vardır.

 

Suhraverdi səyahət etdiyi şəhərlərdə yalnız elm adamlarının deyil, həm də hökmdarların diqqətini cəlb edir. O, Yaxın Şərqin bir sıra əyalətlərini, elm və mədəniyyət mərkəzlərini dolaşır, nəhayət, Hələbdə qərar tutur. Sanki Azərbaycanın bütün azadfikirli insanlarının düşməni olan Hələb Suhraverdinin də son mənzili olur. Hələbə gələrək tez bir zamanda buranın elmi-dini və ədəbi dairələrində tanınan Suhraverdi Şeyx İftixar əd-Dinin məclislərinə yaxınlaşır, bu məclislərdə öz ağlı və dərrakəsi, dərin biliyi ilə insanların diqqətini cəlb edir. Bu zaman Hələbin hakimi Səlahəddin Əyyubinin oğlu Zahir Qazi idi. Yeniyetmə bir gənc olan Zahir Qazi Suhraverdini sarayına dəvət edir, onun söhbətlərini həvəslə dinləyirdi. Bu hal qısqanc Hələb üləmasını narahat edirdi.

 

Orta əsrlərdə üləma bir kəsi məhv etmək istədikdə, əlinə yalnız bir silah alırdı; bu, kafirlikdə, bidətçilikdə ittiham idi (Bir neçə əsr sonra Hələb üləması eyni silahla Nəsimini də məhv edəcək). Yaqut Həməvi Şihabəddin Suhraverdinin disput və münaqişələrdə məğlubedilməz olmasını bildirir. Hələb üləmasının ona nifrət etməsinin bir səbəbi də Suhraverdinin bu cür məntiqli hazırcavablığı olub. Onlar dəfələrlə Zahir Qazidən Suhraverdini həbs etməsini tələb edirlər. Zahirin ona hüsn-rəğbətini gördükdə, Hələb üləması Səlahəddin Əyyubiyə məktub yazıb Suhraverdinin Zahirin etiqadını məhv edəcəyini bildirirlər. Həmin vaxt səlibçiləri yenicə məğlub etmiş Səlahəddinin üləmanın dəstəyinə ehtiyacı var idi. Ola bilsin ki, Səlahəddin Əyyubinin Suhraverdiyə qarşı inandırılmasında bəzi siyasi motivlər də olub. Belə ki, Suhraverdi Əyyubilərin rəqibi olan Ərtaqi hakiminə bir əsər həsr edib. Çox güman ki, Səlahəddin Əyyubi Suhraverdinin düşmənlərlə əlaqədə olmasından şübhələnmişdi. Hər bir halda o, oğluna Suhraverdini edam etmək əmrini verir və çox keçmir ki, Suhraverdi həbs edilir.

 

Qeyd edək ki, Orta əsrlər müsəlman dünyasında bir kəsi bidətdə və kafirlikdə ittiham edib ölüm fərmanı vermək heç də tez başa gələn bir iş deyildi. Məhkəmə prosesi aylarla, hətta illərlə uzana bilərdi. Həllac Mənsurun illər boyu həbsxanada qalmasını, tərəfdarları ilə düşmənləri arasında onun edamı ilə bağlı uzun-uzadı mübahisələr olmasını xatırlayaq. Nəsiminin Hələbdəki məhkəməsində də fikir ayrılığı olması məlumdur. İspaniya ədibi Lisənəddin ibn Əl-Xətibin (1313-1374) məhkəməsində üləma arasında mübahisələr düşmüş, rəqibləri məhkəmə prosesinin uzanacağını görüb onu həbsxanada boğub öldürmüşdülər. Eyni tale Şihabəddin Suhraverdini də gözləyirdi. Yaqut göstərir ki, Suhraverdi Zahir Qaziyə öz edamı barədə belə bir təklif edir: "Məni ac-susuz saxlayın, qoyun bu yolla ölüm". Yaqutun bu məlumatında Suhraverdinin gizli bir arzusunu da görürük. Görünür, o, bədəninin üzülməsi ilə bir fəna halı yaşayacağına, Nur əl-Ənvar adlandırdığı Mütləq Nura qovuşacağına inanırmış. Amma onun son diləyi də baş tutmur; Suhraverdini gecəykən həbsxanada boğub öldürürlər. Bu səbəbdən o, tarixdə "əl-Məqtul" kimi tanınır. Yaqut göstərir ki, Zahir Qazi Suhraverdinin faciəsindən üzülmüş, onun həbsi barədə fitva verən üləmadan intiqam almışdı. Şəhrəzuri isə bildirir ki, Zahir Qazi heç də Suhraverdini dərhal öldürmür. Səlahəddin Əyyubi oğluna ikinci dəfə xəbər göndərib əgər Suhraverdini öldürməzsə, Hələbi ondan alacağını deyir. Şəhrəzuri bildirir ki, Hələbdəki düşmənləri ona bir sıra günahlar yazıb həsəddən öldürmüşdülər. Hətta Suhraverdinin guya peyğəmbərlik iddiasında olduğu barədə ittiham irəli sürmüşlər. Onun qətli barədə isə müxtəlif fikirlər var; bəziləri onun həbsxanada ac saxlandığını bildirir, bəzən də onun özünün aclıq etdiyini deyirdilər. Onun qılıncla vurulması, boğulması, qala qülləsindən atılması, sonra cəsədinin yandırılması kimi müxtəlif xəbərlər deyilir (Şəhrəzuri 97-100). İbn Əbi Useybiə Suhraverdinin ölümü barədə yazır: "Bəzi Hələb əhli mənə demişdir ki, Şihabəddin Suhraverdi (rahaməhu Allah) (Hələbdə) vəfat etmiş və şəhər kənarında dəfn edilmişdir. Onun qəbri üstündə qədim bir şeir həkk olunmuşdur:

 

Bu qəbrin sahibi Allahın şərəfli yaratdığı gizli bir cövhərdir.

 

Zəmanə onun qiymətini bilmədi. Onu qısqanıb sədəfə tərk etdi".

 

Bu yerdə Şihabəddin Suhraverdi barədə bəzi mənbələrdə yer alan bir məsələyə toxunmaq istərdik. Ortodoks sünni məzhəbi öz rəqiblərinə qarşı çox amansız olub. Üləma məhv etdiyi bidətçilərin cismanı məhvi ilə kifayətlənməyib, onların şəxsiyyəti, əxlaq və davranışları barədə hər cürə ağlasığmaz iftiralar yayırdı. Biz bunu Nəsimi barədə yayılan iftiralarda da görmüşük (bax: Aida Qasımova, Hürufilərə qarşı iki inkvizisiya məhkəməsi) Bəzi mənbələr Suhraverdini təmizliyinə fikir verməyən, yuyunmayan, üstü-başı çirkab içində olan bir şəxs kimi təsvir edib. Guya üzündə bitlər gəzərmiş, adamlar ona baxanda qorxub qaçarmış. Əlbəttə, bütün bunlar böyük filosofu gözdən salmaq məqsədi güdən bədxahların uydurmasıdır. Qeyd edək ki, Suhraverdi həm də dua janrında əsərlər yazıb. Bu əsərlərdən biri onun "əl-Əsmə əl-İdrisiyyə" əsəridir. Əsər əlyazma halında olsa da, internetdə yerləşdirilmişdir. Əsərdə 40 dua yer alır. Suhraverdi hər duanın əvvəlində qeyd edir ki, bu duanı söyləməzdən əvvəl tər-təmiz yuyunmaq (qüsul və dəstəmaz), təmiz libaslar geyinmək lazımdır. Əsərdə Suhraverdi cümə günlərini yuyunmaq üçün münasib bilir, qalan günlərdə isə dəstəmaz almaq lazım olduğunu bildirir. O, dəfələrlə duaların müstəcəb olması üçün təmiz libas geyinməyin vacibliyini qeyd edir. Öz əsərlərində oxucuları təmizliyə səsləyən bir adam barədə deyilənlər, əlbəttə, iftiradır. Amma ibn Əbi Useybiə onun libaslarının köhnə olduğunu qeyd edirdi. Bu hal şeyx Suhraverdinin dünya malına göz dikməməsindən irəli gəlirdi: "Şeyx Şihab əd-Din Suhraverdinin libasları köhnə idi. O, geyiminə fikir vermir, fani dünya işlərinə çox da məhəl qoymurdu. Bir nəfər danışırdı ki, bir dəfə Şeyxlə Meyəfariqin məscidində idik. O, rəngi göyə çalan qısa bir cübbə geyinmişdi. Başında buruq-buruq olmuş bir örtük var idi. Uzunboğaz çəkmələri (də pis halda idi). Bir dostum məni görüb yaxınlaşdı və soruşdu ki, bu "eşşək otaran" adamla niyə gəzirsən? Ona dedim ki, sus! Bu, zəmanənin şeyxi Şihab əd-Din Suhraverdidir. Dostum mənim sözümə təəccüb edib hörmətlə kənara çəkildi".

 

 

 

Bu xəbər Şəhrəzurinin əsərində də yer alır. Şəhrəzuri Suhraverdinin İsa əl-Məsihə bənzədiyini (Məsihiyyu ş-şəkli), görkəmcə qələndəriləri xatırlatdığını (qələndəriyyu s-surəti) bildirir. O, orta boylu, saqqallı, qırmızı üzlü idi. Şafii məzhəbli idi, fiqh və hədis elmində, eləcə də üsuliddində çox güclü idi. Şəhrəzuri bildirir ki, o, öz həyat tərzi ilə sufilərin yolunu tutub. Bəzən həftə boyu ac qalır, ancaq bir dəfə iftar açırdı. Nəfsini xəlvətə çəkilmə və pəhrizkarlıqla təmizləyib Həllacın, Bəyazid Bistaminin çatdığı nurlanma məqamına çatmışdı. Bununla belə, səma məclislərini və musiqini çox sevirdi.

 

Suhraverdi az ömür sürsə də (38 yaş), o, 50-dən artıq əsərin müəllifidir. Ən məşhur əsərləri aşağıdakılardır:

 

"Hikmət əl-İşraq" - Suhraverdinin İşraqiyyə nəzəriyyəsi barədə əsas əsəri budur. Əsər Seyyid H. Nasr tərəfindən geniş təhlil edilib. Onun "Three Muslim Sages" əsəri bu yazını hazırlayarkən bizə çox faydalı oldu.

 

"Təlvihat" eləcə də "Mutarahat" Suhraverdi fəlsəfəsini əks etdirən əsas əsərlərdəndir.

 

"əl-Ğurbə əl-ğaribə" - Bu, ibn Sinanın və ibn Tufeylin "Hayy ibn Yaqzan" əsərlərinə yaxın mövzuda yazılmış bir əsərdir.

 

"Safiru Simurğ" - Bu, alleqorik bir əsər olub üç fəsildən ibarətdir. Simurğ burada təsəvvüfün bütün məqamlarını adlayıb fəna fillah halına çatmış sufini - saliki təmsil edir.

 

"Əl-Əsmə əl-İdrisiyyə" - Yuxarıda qeyd etdiyimiz kimi, bu, bir dua kitabıdır.

 

"Munis əl-uşşaq" - onun gənclik illərində fars dilində yazdığı risalədir. Quranın "Yusif surəsi" əsasında qələmə alınmış alleqorik bir əsərdir.

 

"Luğat-i muran" - 12 fəsildən ibarət fəlsəfi risalədir. Müəllif burada mistik-fəlsəfi düşüncələrini rəmzi dillə ifadə edir. Doqquz fəsildə alleqorik tərzdə heyvanların və quşların dili ilə danışılır. Digər üç fəsildə hikmətamiz fikirlər yer alır.

 

"Həyəkil ən-nur" - Bu əsərdə bədən, ruh, ruhun paklaşıb Nurlar aləminə qovuşması kimi məsələlər əks olunub. Heykəl (məbəd, şəkil) adlanan bəzi fəsillər dua ilə başlayır.

 

İlk vaxtlar İbn Sinanın və Farabinin, dolayısı ilə Aristotelin təsiri altda olan Suhraverdi, getdikcə onlardan uzaqlaşıb Platon fəlsəfəsinə, pifaqorçuluq və neoplatonizmə yaxınlaşır ki, bu da onu Sufizm yoluna çıxarır. Onun ən məşhur əsəri olan "Hikmət əl-işraq" işraqiyyə (illumination) nəzəriyyəsini əks etdirir. Suhraverdiyə görə, varlığın əsasında ilahi Zatı bildirən Nur əl-Ənvar dayanır. Onun nuru bütün varlıqlarda təzahür edir, amma bu təzahür heç də bütün varlıqlarda eyni deyil. İlahi nurun varlıqlarda müxtəlif intensivliyi və fərqli dərəcələri vardır. Suhraverdiyə görə, işıq ierarxiyasının müxtəlif dərəcələri arasında Məhəbbət hökm sürür. Nur əl-Ənvar ilahi Zatı bildirdiyindən transsendetdir. İnsan Onu görüb duya bilməsə də, onun ruhu məhz nurani xarakterdədir. İnsan dünyaya gələrkən onun ruhu iki yerə parçalanır; bir hissəsi nurlar aləmində qalan ruh, digər hissəsi bədəndə həbs olunmuş ruhdur. İnsan bədənində həbs olunmuş ruh daim öz yarısına can atır. İnsan xeyirli əməl və düşüncə sahibi olduqda o, öz nurlu yarısını - işıq ruhunu asanlıqla tapır, fani dünyadan köçməsindən əzab duymur. Qəlbi, əməlləri qaranlıq insanların ruhu isə öz yarısını tapmayıb zülmətə yuvarlanır (Nasr).

 

Suhraverdinin ontologiyasında mələklərə xüsusi yer ayrılır. İşıq ierarxiyasında mələklər nurani varlıqlar kimi Nur əl-Ənvara ən yaxın məxluqlardır. Onlar insanlarla Nur əl-Ənvar arasında aralıq mövqe tuturlar. Suhraverdinin əsərlərində mələk adları içərisində bir sıra fars adları da görürük. O, zərdüştlikdə baş mələk olan Bəhmanı ən-Nur əl-Əzam (Ən böyük nur) adlandırır. Bəhman Mütləq Nura - Allaha ən yaxın olan nuru təcəssüm edir. İerarxiyada növbəti nur Ordibehiştdir. Bu adlar Suhraverdinin Zərdüşt fəlsəfəsinə və mədəniyyətinə nə qədər bağlı olduğunu göstərir. O, Zərdüştün məşhur Yaxşı Fikir, Yaxşı Söz, Yaxşı Əməl konsepsiyasını İnsanın xilası sayır. İnsan həm dünya həyatında, həm də Sonu çatarkən bu üç amilin bəhrəsi ilə üzləşir. İnsanın fəaliyyətində ağıl üstün olarsa, o, bir mələklə yaxınlaşır, onun ünsiyyətindən bu dünyada zövq alır və həmin mələk onu Axirətdə işığa çatdırır. Əgər insan öz fəaliyyətində şəhvətə uyarsa, yolunu azarsa, o, Şeytanın hökmü altına düşər.

 

Suhraverdinin mistik-simvolik ruhlu bir sıra risalələri fars dilindədir. Bu əsərlər farsdilli bədii-fəlsəfi nəsrin ilkin nümunələri cərgəsində xüsusi yer tutur. Onun mələklərlə bağlı fikirləri sabiliklə səsləşir. Sabi düşüncəsində mələklər məhz göy cisimlərində qərar tutub Yer üzərindəki işləri idarə edirlər. Ayrı-ayrı səma cisimlərinə sitayiş edən sabilər əslində mələklərə sitayiş edirdilər. Suhraverdi fəlsəfəsində isə göy cisimləri mələklərin materiallaşmış formasıdır. Göy cisimləri göyün ənginliklərində saysız olduğundan, mələklərin sayını da bilmək mümkün deyildir. Suhraverdinin qələm adı olaraq "Şihabəddin" (Dinin meteoriti) sözünü seçməsi də mistik astrologiyadan xəbər verir.

 

Digər tərəfdən, Suhraverdi yaradıcılığında sonradan hürufilikdə inkişaf etdirilmiş bir sıra fikirlərin əks olunduğunu görürük. Məsələn, onun "Avaz-i pər-i Cəbrail" əsərini hürufi nəzəriyyəsinin ilkin qaynaqlarından saya bilərik. Bu əsər müridlə şeyxin söhbətini əks etdirən dialoq formasındadır. Burada mürid şeyxə bəzi suallar verir. Şeyxin cavabından bütün dünyanın Sözdən və onun əsasında dayanan Səsdən - Cəbrailin qanadının avazından yaranması məlum olur. İnsan özü də bir sözdür. Burada şeyx müridə cəfr elmi, hərf və rəqəm simvolikası barədə bilgilər verir.

 

Qeyd edək ki, Suhraverdi öz dühasını dünyanın dərkində xüsusi mərhələ sayırdı. O, dünyanın dərkində xüsusi yeri olan bir çox müdrik filosofların elmini davam etdirdiyini bildirir. Bu filosoflar Hermes (İdris), Keyumərs, Firudin, Pifaqor, Platon, Bəyazid Bistami, Səhl Tustari və başqalarıdır. Suhraverdi, xüsusilə Hermesi (İdrisi) üstün tutub, həm zərdüştlik fəlsəfəsinin, həm də qədim yunan fəlsəfəsinin onun təlimindən qaynadlandığını bildirib. Hermesə önəm verməsi də onu sabiliklə yaxınlaşdırır.

 

Suhraverdinin "Həyəkil ən-nur" əsəri cism, nəfs və ruh məsələlərini, insan bədənində qərar tutmuş ruhun paklaşıb nurani ruha qovuşmasını əks etdirir. Suhraverdi pəhrizkarlıq və sərhlə (yuxusuzluq) ruhun paklaşıb Qüdsiyyət aləminə çatmasını, burada irfani biliklərə (məarif) yiyələnməsini bildirir. Suhraverdi nubuvvəti qəbul edib peyğəmbərlərin hekayətində həqiqətlərə işarə olduğunu bildirir, amma o da övliyalığı peyğəmbərlikdən üstün tutur. Məs. əsərdə tənzil (Quranın nazil olması, yəni nazil olan, İlahidən enən biliklər) və təvil (Quranın batini şərhi, irfanda intuitiv biliklə qalxan xətlə İlahi kəlamın ilkin mahiyyətinə varmaq) məsələlərinə münasibəti götürək. Suhraverdi bildirir ki, tənzil peyğəmbərlərə aiddir, təvil isə əl-Muzahhər əl-Əzamə (Həyakil, 43-44). Rəmzlərə üstünlük verən Suhraverdinin bu adla kimi nəzərdə tutması bizə qaranlıq qalsa da, təvilin irfani və batini mahiyyətini nəzərə alıb onun Qütb sayılan övliyanı və ya şiə imamını düşündüyünü zənn edə bilərik.

 

Suhraverdi fəlsəfəsində coğrafi rəmzlər sistemi də xüsusi yer tutur. İşraqiyyə fəlsəfəsinin əsasını qoyan mütəfəkkir filosof "işraq" sözünun kökündə (ş, r, q) işıqla yanaşı, Şərq anlamının olmasına da xüsusi məna verir. Onun fəlsəfəsində Şərq işıq, xoşbəxtlik, ilahi nur və ruhlar dünyasını bildirir. Şərqi o, rəmzi olaraq Yəmənlə ifadə edir. Burada Peyğəmbərdən söylənilən "Rəhmanın nəfəsi Yəməndən gəlir" ifadəsi də yerinə düşür. Qərb isə fani dünyanın rəmzi, ruhların bədəndə həbs olduğu yerdir. Fani dünya olan Qərbdə ruhlar İlahi Nurdan uzaqlaşıb qurbətə düşür. "Qərb" sözü "qurbət"lə eyni kökdəndir (ğ, r, b).

 

Suhraverdinin bir sıra hikmətamiz fikirləri dillərdə gəzib (Divan 12):

 

"Fikirləşmədən danışma. Bir sözü (fikrində) dəfələrlə təkrar et, sonra de. Əgər danışdıqda saleh bəndələrdən sayılırsansa, susduqda Allahın muqarrabun mələkləri kimi olursan.

 

Həqiqət tək Günəş kimidir. Bürclərdə onun görünüşü çoxalsa da, o, təkliyində qalır. Necə ki, Mədinə birdir, ona aparan yollar isə çoxdur (Burada biz məşhur "Bütün yollar Romaya aparır" deyiminin təsirini görürük).

 

Quranı elə oxu ki, sanki o, yalnız sənin üçün nazil olmuşdur.

 

Allaha Onu sevərək ibadət etmək, Ondan qorxaraq ibadət etməkdən daha yaxşıdır.

 

Ağıl Allahın Nurudur. Bu Nura nurdan başqa heç nə ilə çatmaq olmaz. Nurani Surət hər kəsin fərdi güzgüsündə əks olunub. Nəfs Allahın güzgüsüdür. Allahın güzgüsü cisimlərin güzgüsünə bənzəməz".

 

Şihabəddin Suhraverdi yaradıcılığında duaların da xüsusi yeri var. Mənbələrdə onun əs-Simiyə elmində mahir olması bildirilir. Bu elmin sehrdən fərqi ancaq müsbət, xeyirxahlıq yönümlü tilsim və dualarla əlaqəli olmasıdır. "Əl-Əsmə əl-İdrisiyyə" əsərindəki duaların təsir gücünə onun özünün böyük inamı olub. Onun sufilərin səma məclislərində səslənən virdləri də olub.

 

Suhraverdi həm də bir şair idi. Onun poeziyası işraqiyyə fəlsəfəsinin tərənnümünə, ilahi eşqə həsr olunub. Suhraverdinin poetik irsində onun Kəb ibn Zuheyrin (v. 662) Peyğəmbərin mədhinə həsr etdiyi "Bənət Suad" qəsidəsinə yazdığı təxmis xüsusi yer tutur. Onun divanında Həllacın "raiyyə"sinə nəzirə olaraq yazılan bir qəzəl də yer alır (Kitabımın yeni nəşrində Suhraverdinin bir sıra şeirləri tərcümə və təhlili ilə veriləcək).

 

Sonda bir məsələyə də diqqət yetirmək istərdik. Sovet dövründə yazılan əsərlərdə sufi-irfani düşüncədə Allahın varlıqlarda təcəllisi nəzəriyyəsi XVII əsr alimi Benedikt (Baruch) Spinozanın panteizm fəlsəfəsi ilə eyniləşdirilirdi. Panteizmdə hər şey Tanrıdır, Tanrının bir parçasıdır. İslam mistisizmində isə biz fərqli bir mənzərə görürük. Burada Allah Zat, Mahiyyət etibarı ilə dərkedilməzdir, transsendentdir. Allah ad və atributları ilə varlıqlarda təcəlli edir və bu təcəlli də müxtəlif varlıqlarda fərqli xarakterdə, fərqli intensivlikdədir. Spinoza təlimində Allah transsendent deyil, hətta fövqəltəbii qüvvəyə belə bənzəmir. Şərq mistikləri ruhun paklaşması və qəlbin cilalanması ilə intuitiv şəkildə Allahın dərkinə, Allaha qovuşmağa can atıblar. Spinoza isə, rasionalist filosof olub. Şərq fəlsəfəsində okkultizm mühüm yer tutub ki, biz bunu da Spinozada görmürük. Suhraverdi fəlsəfəsində Nur əl-Ənvar İlahi Zatı bildirir. Spinozanın Tanrısı ilə transsendent Nur əl-Ənvar arasında böyük fərq vardır. Beləliklə, İşraqiyyə təlimini panteizm adlandırmaq, eləcə də sufizmə xas hülul, ittihad, vəhdət-i vücud kimi nəzəriyyələri kor-koranə panteist düşüncə kimi xarakterizə etmək Həllac Mənsur, ibn Ərəbi, Şihabəddin Suhraverdi kimi filosofların dərin fəlsəfi tutumlu mistik düşüncələrini Spinozanın rasionalist təlimi ilə eyniləşdirməkdir.

 

Diqqəti cəlb etmək istədiyim digər problem klassik irsimizə, o cümlədən, Suhraverdiyə sahib çıxa bilməməyimizdir. Qərb şərqşünaslığında Şihabəddən Suhraverdi birmənalı olaraq fars mütəfəkkiri sayılır. Səhv etmirəmsə, Səlahəddin Xəlilov istisna olmaqla, heç bir alimimizin Suhraverdi barədə dünyada qəbul edilən beynəlxalq səviyyəli yazısı yoxdur. Sovet dövrü başa düşüləndir, bəs 30 illik müstəqillik? Şihabəddin Suhraverdiyə sahib çıxmaq üçün Azərbaycanda Seyyid H. Nasr, Henry Corbin, A.Schimmel kimi alimlər, dünyada tanınan şərqşünaslar yetişməlidir. Təəssüf ki, yaxın on ildə mən belə bir perspektiv görmürəm. Şərqşünaslığın hazırkı durumu nə AMEA-nın Şərqşünaslıq institutunda, nə də BDU-da ürəkaçandı. Yuxarıdan gələn islahatlar, proqram tərtibləri Şərqşünaslıq fakültəsini, demək olar ki, iflic halına salıb. Fakültənin dirçəlməsi Təhsil Nazirliyi ilə fakültə arasında birbaşa əlaqələr yaradılmasından, şərqşünaslığa xas spesifik təhsil problemlərini nəzərə alıb tamamilə yeni proqramlar hazırlanmasından keçir.

 

 

 

Aida QASIMOVA

Professor, Bakı Dövlət Universiteti, Şərqşünaslıq fakültəsi

[email protected]

 

525-ci qəzet.- 2022.- 28 may.- S.20-21.