Mənalı ömür, parlaq uğurlar  

 

FİRƏNGİZ ƏLİZADƏ - 75

 

 

Kainat sanki bir filmdir. İnsanlar bu dünyaya öhdələrinə düşən obrazı canlandırmaq üçün gəlirlər. Bu filmin rejissorunu, ssenarinin müəllifini sorğuya çəkmədən hər kəs öz həyatının baş rolunda yer alır. Sanki belə olmalıymış kimi, əsrlərdir, hər insan öz taleyinin qəhrəmanına çevrilir. Lakin bu, elə bir filmdir ki, təkrarını seyr edə bilmirsən. Məcazi anlamda desək, insanın həyat hekayəsi bir göz qırpımından ibarətdir. Gözünü açıb yumana qədər ömür keçib gedir. Gəl indi elə bir ömür yaşa ki, özündən sonra da adın yaşasın. Bunu bacar, əgər bacara bilirsənsə. Elə insan var ki, taleyinə bir neçə missiyanı sığdırar. Tanrı onu həm ana kimi müqəddəs ada layiq görər, həm nənə olmağın şirinliyini daddırar, həm dünyada ad-san qazanmış şəxsiyyət olmağın fəxarətini nəsib edər. Bu xoşbəxtliyi yaşamaq, sözsüz ki, bir lütfdür. Bu lütfün azsaylı ünvanlarından biri UNESCO-nun "Sülh artisti" fəxri adına layiq görülmüş yeganə azərbaycanlı Firəngiz Əlizadədir. Firəngiz xanım tanıdığım andan bu günə qədər xaraktercə dəyişməyən, kənardan müşahidə etdiyim kimi qalan, "olduğu kimi görünən, göründüyü kimi olan" insandır. Gənclərə xüsusi diqqət qayğısı səbəbindən ona rəğbətim hər ötən gün daha da çoxalır. Bir çox özəllikləri özündə birləşdirməklə yanaşı, güclü hafizəyə malik olmağı da onun fərqliliyidir. Yaşadıqlarını unutmayan, zaman yolçuluğuna çıxdığı an həyatındakı keşməkeşləri, yaradıcılıq qələbələrinə zəhməti, istedadı sayəsində nail olmağını şərəflə xatırlayar. Buna mənəvi haqqı çatar. Bəzən olur ki, uzun illər öncə həyatında baş vermiş hadisələr dünən olubmuş kimi gəlib göz önündə dayanar. Onu dinləməkdən zövq alırsan, mənəvi güc qazanırsan. Çünki bambaşqa aləmi var. Yaradıcılıq dünyasına səyahət edincə hüzur, dinclik tapırsan. Öz əsərlərinin və həm də digər müəlliflərin diqqətli dinləyicisidir. Daima axtarış içindədir. Bildikləri ilə kifayətlənməyən, "beşikdən qəbrə qədər elm" ifadəsini həyat və yaradıcılığında əks etdirən uca könüllü ziyalıdır.

 

Firəngiz xanım Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üvzü, "Şöhrət" və "Şərəf" ordenli, həmçinin, müxtəlif respublika və beynəlxalq təşkilatlar tərəfindən təqdim edilmiş mükafat və medalların sahibidir. 1967-ci ildə yaradılmış Ağa Xan Fondunun ilk musiqi mükafatına layiq görülən görkəmli musiqi xadimi, Şərqdə və Qərbdə uzun illər fəaliyyət göstərmiş, ustad dərsləri keçmiş, dünya miqyasında hörmət və nüfuzu ilə seçilən musiqi bilicisidir. Əsərləri xarici ölkələrin konsertteatr səhnələrində, beynəlxalq festivallarda dünya şöhrətli ifaçılar tərəfindən səsləndirilən yaradıcı şəxsiyyətdir. Layiq görüldüyü fəxri adları və görəvini şərəflə daşımağı bacarır. Özünün təvazökar ifadəsi ilə desək: "Mən sadəcə dünyadakı yaradıcı insanlardan biriyəm. Fəxri adlarımın, vəzifəmin adımın yanında səslənməsinin o qədər də önəmi yoxdu. Sadəcə Firəngiz Əlizadə demək yetər".

 

Görkəmli musiqi xadiminin misilsiz əməyi, tükənməz xidməti sayəsində bir çox önəmli musiqi layihələri gerçəkləşib. Baş redaktorukoordinatoru olduğu, Heydər Əliyev Fondu tərəfindən nəşr edilən "Üzeyir dünyası", "Fikrət zirvəsi", "Muğam ensiklopediyası", "Əbədi imzalar" bu kimi layihələrdə şəxsən iştirak edib. Beynəlxalq səviyyəli musiqi festivallarının - Heydər Əliyev Fondunun təşkil etdiyi "Muğam aləmi", Beynəlxalq Muğam Festivalının bədii rəhbəri, Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən "Şəki İpək Yolu" Beynəlxalq Musiqi Festivalının təsisçisi və bədii rəhbəridir.

 

Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin parlaq səhifələrini təşkil edən əsərlərinin adlarını böyük məmnuniyyətlə sadalamaq istərdim. "İntizar", " atlı haqqında əfsanə", "Sənin adın Dənizdir" operaları, "Boş beşik", "Optikal İdentity", "Stadt-Qraniza" baletləri, "Al Kamandjaty" misteriyası, "Ölümsüzlüyə səyahət" oratoriyası, simfonik orkestr üçün "Nağıllar", "İthaf", kamera orkestri üçün "Dəniz", "İmpromtu-Crossings" əsərləri, instrumental konsertləri, "Üç akvarel" və "Yapon poeziyasından" vokal silsilələri, müxtəlif ansambl tərkibi üçün "Miraj", "İtirilmiş zamanın axtarışında", "Habilsayağı", "Muğamsayağı", "Eşq havası", "Dərviş", "Abşeron", "Oyan!" və sair.

 

 

 

Bəstəkarın əsərlərinin hər yeni premyerası respublikamızın musiqi həyatında mühüm hadisəyə çevrilir. Firəngiz Əlizadənin əsərləri respublikamızın hüdudlarından uzaqlarda Avropanın mötəbər konsert səhnələrində səslənir, məşhur kollektivlərin - "Kronos Quartet" (San-Fransisko), "Collegium novus" (Sürix), "Berliner Filarmoniker" (Berlin), "Tang" (Sinqapur), görkəmli musiqiçilərin - İvan Monigetti, Devid Qerinqas, Yo Yo Ma, Evelin Qlenni, Elizabet Mozer, Hilari Han və digər sənətçilərin repertuarını bəzəyir.

 

Rezonans yaradan sənət nümunələrindən biri də "Amsterdam Royal Concertgbouw"un sifarişi ilə bəstələnmiş "Nasimi Passion" (2017) əsəridir. Azərbaycanın böyük mütəfəkkiri İmadəddin Nəsiminin vəfatının 600 illiyinə həsr olunmuş, şairin qəzəlləri əsasında solist (bariton), xorsimfonik orkestr üçün yazılmış əsəri məşhur ingilis dirijoru Martin Brabbinsin idarəsi və həmyerlimiz, Almaniyanın Manheym Opera Teatrının solisti Əvəz Abdullanın iştirakı ilə Niderlandın Kral Simfonik Orkestrixoru yüksək professional səviyyədə ifa edib. Müsəlman dünyasında bu janrda yazılmış ilk əsər olan "Nasimi Passion" Parisdə, UNESCO-nun qərargahında keçirilən yubiley tədbirində də uğurla səslənib, həmçinin, 2019-cu ildə "Aga Khan Music Awards" mükafatına layiq görülüb.

 

Vətənimizin milli musiqi mədəniyyətini yüksək səviyyədə təmsil edən virtuoz pianoçu, dirijor, bəstəkar kimi çoxşaxəli yaradıcılığı, Azərbaycanın dünyada tanıdılmasında birbaşa əhəmiyyətli yerə malikdir. Onun beynəlxalq festivallarda səslənən əsərləri geniş auditoriya tərəfindən böyük rəğbətlə qarşılanıb. Almaniya, Britaniya, ABŞ, Niderland, İsveç, Fransa, İtaliya, Polşa, Rusiya, Ukrayna və digər ölkələrdə keçirilən nüfuzlu festivallarda ustad musiqiçi kimi müvəffəqiyyətlə çıxışlar edib. 2000-ci ildə İsveçrənin "Luserne Musik Festwochen" beynəlxalq festivalının ilk qadın bəstəkar-rezidenti, 2001-ci ildə isə Almaniyanın Bonn şəhərinin "Bethovenhalle" orkestrinin bəstəkar-rezidenti seçilib. Alman rejissorları onun haqqında "Azərbaycanlı maestro" adlı film çəkiblər.

 

Firəngiz xanımın yaradıcılığı, sözsüz ki, əvəzsizdir. Hər əsəri fərqlidir, ürəyəyatandır. Amma bunların içərisində ən bəyəndiyim vətənpərvərlik mövzusunda yazılmış son əsərlərindən biri xorsimfonik orkestr üçün "Zəfər marşı"dır. Marşın sözlərinin müəllifi də özüdür. Bu marş Vətən müharibəsində qələbənin birinci ildönümü ərəfəsində, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşən "Qarabağ Azərbaycandır!" adlı konsertin proqramında yer alıb.

 

Çox sevindirici və təqdirəlayiq haldır ki, bu il dünya şöhrətli bəstəkarımızın yubileyi ilə əlaqədar Avropanın müxtəlif ölkələrində yeni əsərlərinin premyeraları keçirilir, səhnə əsərləri tamaşaya qoyulur. Bu, əsl parlaq sənət zəfəridir. Məlumatı olmayan insanların diqqətinə çatdırmaq istərdik ki, mart ayında Almaniyanın Maqdeburq şəhərində Firəngiz Əlizadənin simfonik orkestr üçün "Sommer-Eindruck" ("Yay təəssüratı") əsərinin premyerası uğurlu keçib. Dirijor Mixael Horstun rəhbərliyi altında "Mitteldeutsche Philharmonie Orchestra"nın təqdim etdiyi konsertdə klassik bəstəkarlar - F.Mendelson, F.ŞubertD.Şostakoviçin əsərləri ilə yanaşı səslənən əsər pandemiya fasiləsindən sonra bu məşhur kollektivin yenilənmiş repertuarına daxil edilərək tamaşaçılarda maraqxoş reaksiya yaradıb. Bəstəkarın xüsusi olaraq bu orkestrin sifarişi ilə bəstələdiyi "Sommer-Eindruck" əsəri yeni konsert turnesi ilə il ərzində Almaniyanın bir sıra şəhərlərində ifa ediləcək.

 

Aprel ayında isə Londonun möhtəşəm "Pool" konsert zalında Firəngiz Əlizadənin simfonik orkestr üçün "Nizamki Cosmology" ("Nizami fəzası") əsərinin premyerası ukraynalı dirijor Kirill Karabitsin rəhbərliyi altında "Bournemouth Symphony Orchestra"nın (Böyük Britaniya) ifasında çox müvəffəqiyyətlə keçib. Firəngiz Əlizadə yaradıcılığına heyranlıq edən bütün musiqisevərlərə xoş müjdəmiz var. Musiqi xadiminin yubileyi bu yaxın günlərdə ölkəmizdə də təntənəli şəkildə qeyd ediləcəkdir. Görkəmli musiqi xadiminin yubileyinə həsr olunmuş Musiqi Festivalı 31 may - 4 iyun tarixini əhatə edəcək.

 

Qeyd etmək yerinə düşər ki, mayın 20-də Bəstəkarlar İttifaqında dəyərli sədrimiz Firəngiz Əlizadə haqda çəkilən film nümayiş olunub. Sənədli filmdə bəstəkarın əsərlərinin məşhur, tanınmış orkestrlər, ifaçılar tərəfindən ifası, elm və incəsənət xadimlərinin Firəngiz xanım haqqında ürək sözləri də öz əksini tapıb.

 

Firəngiz Əlizadə Qara Qarayev məktəbinin layiqli davamçısı kimi milli musiqi mədəniyyətimizə, bəşəri dəyərlərə əsaslanan səmərəli fəaliyyəti ilə Azərbaycana möhtəşəm nailiyyətlər qazandırıb. Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik etdiyi illər ərzində bu qurum, demək olar ki, hərtərəfli inkişaf və yüksəlişə nail olub, beynəlxalq əlaqələrini genişləndirib, xarici musiqiçilər və musiqisevərlər tərəfindən müsbət dəyər qazanıb.

 

Doğulmaq və əbədiliyə qovuşmaq dünyanın dəyişilməz həqiqətidir. İz qoymaq isə ölməzliyin açarıdır. 75 illik ömrünə bu nailiyyətləri sığdıran musiqi xadimi inanırıq ki, 95 illik yubileyinə qədər Azərbaycan adına hələ neçə-neçə böyük işlərə imza atacaq.

 

Firəngiz Əlizadə ölkəsini, millətini, kainatı bütün varlığıyla sevir. Sevgisini səssiz-sədasız yaşayaraq əməllərində göstərir. Bu baxımdan yaradıcı şəxsiyyətimizin 75 adlı ucalığı, böyüklüyü mübarək olsun deyirik!

 

Aysel Kərimi

 

525-ci qəzet.- 2022.- 28 may.- S.16.