"Huma quşu" Təhsilə Yardım Fondunun təqdimatı keçirildi
Noyabrın 17-də ADA Universitetində "Huma quşu" Təhsilə
Yardım Fondunun təqdimat mərasimi keçirilib. Fond Beynəlxalq
Qırmızı Xaç
Komitəsinin (BQXK) əməkdaşı,
Komitənin xətti ilə Kolumbiyanın Medeyin şəhərində
çalışdığı zaman faciəli şəkildə həyatını
itirən, yazıçı
və xeyriyyəçi
Humay Vilayət qızı Quliyevanın xatirəsini yaşatmaq və humanitar fəaliyyətini davam etdirmək məqsədilə
yaradılıb.
Tədbirin əvvəlində Humay Quliyeva haqqında çəkilmiş, dostlarının
və həmkarlarının
xatirələrinin yer
aldığı sənədli
film nümayiş etdirilib. Filmdə Humay
Quliyeva ilə birlikdə təhsil almış, çalışmış
dostları xatirə və təəssüratlarını
bölüşüblər.
ADA Universiteti prorektorunun
müşaviri, İnkişaf
və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva təhsilə yardım göstərən
ictimai institut və xeyriyyə fondlarının Azərbaycanın
təhsil sisteminə böyük töhfə verdiyini bildirib.
Humay Quliyevanın fəaliyyətindən
danışan Beynəlxalq
Qırmızı Xaç
Komitəsinin Azərbaycan
nümayəndəliyinin rəhbəri
Draqana Koyiç onun Ukrayna və
Kolumbiyada Qırmızı
Xaç Komitəsinin
əməkdaşı kimi
öz işinin öhdəsindən ləyaqətlə
gəldiyini qeyd edib: "Humay bizim hər zaman can atdığımız
insanlıq nümunəsi
idi. Onun gözəl qəlbi
vardı".
Fondun prezidenti, Humay Quliyevanın anası Şəhla Vəzirova qızı ilə bağlı xatirələrini
bölüşüb: "Humay hələ məktəbdə ikinci sinifdə oxuyurdu, bir gün gəlib
dedi ki, bizim sinifdə bir qız var,
atası ölüb, qız çox qəmgin idi, mən ona dedim
ki, mənim atamın nə atası var, nə də anası, ancaq o, həmişə şəndir.
Sən də şən olacaqsan. Təsəvvür edin, balaca uşaq idi, onun yaşıdları oynayır, əylənirdi,
o isə sinif yoldaşının halını
hiss edir, ona təsəlli verməyə
çalışırdı".
Fondun fəaliyyətinin əsas
prinsiplərindən danışan
Şəhla Vəzirova
deyib ki, "Huma quşu" Təhsilə Yardım Fondu kommersiya məqsədi güdməyən,
qeyri-hökumət təşkilatıdır:
"Əsas məqsəd
imkansız və az təminatlı ailələrin istedad və bacarığı ilə seçilən övladlarının ölkəmizdə
və Azərbaycanın
hüdudlarından xaricdə
keyfiyyətli bakalavr və magistr təhsil almasına, cəmiyyət üçün
faydalı insanların,
Humay kimi xeyirxah, vətənpərvər
gənclərin yetişməsinə
maliyyə yardımı
göstərməkdir. Bundan başqa,
Fond Qarabağ müharibəsi
qazilərinin müxtəlif
kurslarda müasir texnologiyalar sahəsində
təhsil almalarına,
ixtisaslarını artırmalarına
və yeni ixtisaslara yiyələnmələrinə
maliyyə dəstəyi
göstərəcək. Xeyriyyəçilik fəaliyyəti üçün
təhsilə yardım
sahəsinin seçilməsi
ilk növbədə Humayın
təhsilə, kitaba, oxuyub-öyrənməyə sonsuz
məhəbbəti ilə
bağlıdır. Fondun maliyyə
əsasını Humayın
10 ilə yaxın beynəlxalq təşkilatlarda
fəaliyyəti zamanı
şəxsi hesabında
toplanmış vəsait
təşkil edir.
Fond işini genişləndirmək
və imkansız gənclərin təhsilinə
maliyyə dəstəyini
daha böyük miqyasda təmin etmək üçün gələcəkdə müxtəlif
qurumlardan və vətəndaşlardan xeyriyyə
məqsədilə könüllü
ianələrin, habelə
birdəfəlik yardımların
qəbul olunmasını
da məqsədəuyğun
sayır. Fondun fəaliyyətinin
həyata keçirilməsində
Humayın qohumları,
yaxın dostları və rəfiqələri
könüllülük prinsipi
əsasında təmənnasız
şəkildə iştirak
edirlər".
Fondun Himayəçilik
Şurasının üzvü
Leyla Tağızadə
fondun fəaliyyət istiqamətləri haqqında
danışarkən bildirib
ki, qərarlar kollegiallıq, dürüstlük
və Nizamnamədə
əksini tapan digər prinsip və meyarlara əsasən qəbul edilir. O vurğulayıb ki,
fondun təhsilə dəstək və təqaüd proqramları,
o cümlədən, 2023-cü ilin magistr təqaüd
proqramı var.
Tədbir çıxışlarla davam
edib.
Tədbirdə jurnalist kimi iştirak etdiyimdən hələlik bu xəbər mətni ilə kifayətlənirəm. Ancaq Şəhla
xanım Vəzirovanın
gözlərində gördüyüm
kədər, dostlarının,
onu sevənlərin Humay haqqında danışdığı xatirələr
yəqin ki, məni nə vaxtsa bu mövzuya
yenidən qayıtmağa
vadar edəcək.
İndi isə tədbirdə keçirdiyim
hissləri öz feysbuk statusundakı yazısı ilə mənə yenidən yaşadan dəyərli alimimiz, professor Solmaz Rüstəmova-Tohidinin
fikirlərindən bəzi
məqamları oxucuların
diqqətinə çatdırmaqla
yekunlaşdırıram:
"Humayın "Huma quşu"
"...Günəşin qırmızı-narıncı
şəfəqlərinə oyanmış şəhərə
yetişən bir Qadın olmaq istəyirəm...
Qatarda, pəncərə tərəfdəki
oturacaqda, yüngül
qafa, pərvazlanan ruh, amma yorğun
ayaqlarla...
Bütün gecəni Nina Simone dinləyərək
rəqs etmiş.
Divarımdakı şəkildən görünən
dişi aslan kimi nəfis Okavanqo Delta, Botsvanadakı
mövsümi seli qətiyyətlə yarıb
keçən, əzəmətli.
Mətbəxdə Öz Sehrbazı
kimi bir qadın!
...Elə bir qadın
ki, ədvalar inqilabını xalqlar inqilabı tək ram etsin.
Axı,
hər şeydən əvvəl bütün həyatını yer üzündən gözəgörünməz
yüksəklikdə uçmaqla
keçirmiş bir quş adıdır adım:
HUMA!"
Bu fikirlər müasir Azərbaycan gəncliyinin ən parlaq simalarından biri Humay Quliyevanın ingilis dilində yazdığı şeirindən
parçalardır... Dostu Türkər
Qasımzadə tərcümə
edib. ADA Universitetindəki bugünkü
təqdimat mərasimində
bu şeir parçasını da özü yox, dostları səsləndirdi.
Çünki bu gün ad gününü
keçirməli olan Humayın
Huma quşu artıq iki ilə yaxındır ki, uca ənginliklərdə
pərvaz edir...
Həyatdan vaxtsız getmiş,
amma "Günəşin
qırmızı-narıncı şəfəqləri" kimi
işıqlı bir ömür sürmüş
gənc Humayın ekranda canlanan gülümsər sifəti,
zəkalı, məntiqli,
səlis nitqi, yüksək ruh aşılayan fikirləri
zaldakı bütün
insanları dərhal öz cazibə dairəsinə alıb. Uşaqlıq və gənclik dostlarından tutmuş xarici həmkarlarının, o cümlədən,
vaxtilə onunla birgə müxtəlif beynəlxalq qurumlarda, xüsusilə "Qırmızı
Xaç" təşkilatının
xətti ən təhlükəli nöqtələrdə
çalışmış insanların canlı və ya video-çıxışlarını eşitdikcə Humayın öz qısa həyatında bu qədər real işlər
görməyə, müxtəlif
millətlərdən olan
insanların xatirində
bu qədər dərin izlər buraxmağa, bir neçə dildə hekayələr, şeirlər
yazmağa, tərcümələr
etməyə, ətrafındakı
adamların həyatını
bayrama çevirməyə,
ağır duruma düşmüş binəsiblərə
arxa durmağa və s. və s. ... - necə macal tapdığına heyrət
etməyə bilmirsən.
...Azərbaycanın, daha sonra Türkiyə və Amerikanın ən prestijli universitetlərini bitirən
iqtisadçı kimi Azərbaycanın Milli Bankında işə başlayan, daha sonra fəaliyyətini Nyu-Yorkda "Dünya"
bankında davam etdirən, qarşısında
böyük imkanlar açılan gənc qızın, birdən-birə
bütün karyera perspektivlərindən imtina
edərək, "Qırmızı
Xaç" Cəmiyyətində
işləməyə başlaması
da artıq xarakterdən, güclü
ədalət hissindən,
xeyirxahlıq, başqasının
ağrısını azaltmaq
kimi daxili tələbatdan irəli gələn addımdır.
... "Qırmızı Xaç" təşkilatının çex əsilli məsul işçisi çıxışına öz kiçik yaşlı oğlunun Humayı ilk dəfə ağ paltarda görərkən onu qucaqlayıb "Sən mələksən?" sualı ilə başlayarkən birdən doluxsunur, sonra Humayla artıq işğal altında olan Donbasda hansı şəraitdə ukraynalı vətəndaşlara yardım etdiklərindən, bu zaman Humayın hətta öz maaşını belə ehtiyacı olan yaşlı insanlara xərclədiyindən danışır və çıxışını "Humay doğrudan da mələk idi! Əsl Mələk!" deyə bitirir...
...Humay haqqında söhbəti, söylənən xatirələri burada bitirirəm, çünki yazdıqca bütün varlığı ilə işıq saçan, pozitiv enerji paylaşan, səmimiyyət və inam təcəssüm etdirən bu gənc, gözəl, hər mənada istedadlı qızın bu gün bizlərin yanında olmadığı ağrısı daha da artır.
Bu ağrını bizlərdən qat-qat dərin yaşayan və yəqin ki, heç vaxt unutmayacaq Azərbaycanın görkəmli dövlət xadimi, diplomat, ədəbiyyatşünas alim, nəhayət böyük ziyalı Vilayət Quliyev və Qarabağın tanınmış Vəzirovlar nəslinin nümayəndəsi Şəhla xanım Vəzirova, sözsüz ki, özlüyündə artıq bir mükəmməl bir şəxsiyyət olan övladlarının xatirəsini əbədiləşdirmək üçün çox mühüm bir addım atıblar. Humayın "Qırmızı Xaç" cəmiyyətində işləyərkən əmək haqqı hesabında yığılan pulları əsas baza olmaqla "Huma quşu" adlı Təhsilə dəstək fondu yaradıblar. Fondun məqsədi ehtiyacı olan, az təminatlı ailələrin, eləcə də şəhid və qazi ailələri övladlarının respublika və xarici ölkə universitetlərində təhsil almalarına yardım etməkdir.
...İlk nəzərdə, vaxtsız itirdikləri övladlarının işıqlı xatirəsi qarşısında bir valideyn borcu kimi qəbul edilə bilən "Huma quşu" Fondu əslində bir çox məqamlardan böyük əhəmiyyət daşıyır. Xeyriyyəçiliyin daha çox "tarixi" aspektdə xatırlandığı müasir cəmiyyətimizdə bu Fond konkret şəxslər - bir Ailə tərəfindən aztəminatlı ailələrinin uşaqlarının təhsilinə ünvanlanmış və bu gənclərin taleyini dəyişəcək uzaqgörən bir addımdır. Nümunədir!
Bu Xeyriyyəçi Ailənin həm də tanınmış Ziyalı ailəsi olması özlüyündə bir Hadisədir! Presedentdir!
Azərbaycan cəmiyyətində son zamanlar yaşanan "ziyalı, yazıçı, alim" problemləri bucağından isə Vilayət Quliyevin verdiyi Örnək xüsusilə qiymətlidir..."
Aytac SAHƏD
525-ci qəzet.- 2022.- 19 noyabr.- S.10.