Ad gününü Şuşada qeyd edən şəhidimiz  

 

 

İki il öncə - 2020-ci ilin 24 noyabrında o, uğrunda savaşdığı düşmən tapdağından azad etdiyi Şuşa torpağında idi. Döyüş yoldaşları, əsgərləriylə birgə özünün 27-ci yaşını məhz Qarabağda - müqəddəs Şuşada qeyd etmək şərəfini yazmışdı qadir Tanrı onun hərbçi taleyinə. Özünün dediyi kimi, ömrünün ən unudulmaz, ən gözəl doğum gününü keçirirdi sadə döyüşçü süfrəsinin arxasında. Amma xoşbəxt idi, bəxtəvər idi. Gözlərindən sevinc qarışıq qürur süzülürdü. Çünki xalqının 30 illik həsrətinə son qoymuş, işğalı yaşından böyük torpaqlara öz şücaəti, qəhrəmanlığı, qorxmazlığı ilə gedib çıxmışdı...

Bu gün isə 29-cu yaşı tamam olur baş leytenant Asəf Ağayevin. Təəssüf ki, iki ildir onsuz...

 

lll

 

Qalib ordunun qalib döyüşçüsü Asəf Ağayev 24 noyabr 1993-cü ildə Qax rayonunda anadan olub. Atası Abid Ağayev I Qarabağ müharibəsi iştirakçısı olub. 2000-ci ildə Qax rayonunda orta məktəbə gedib. Uşaqlığından hərbçi sənətinə sonsuz maraq duyan, cəsurluğu, qorxmazlığı ilə seçilən Asəf anasının bütün etirazlarına baxmayaraq, 2009-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olur. 2012-ci ildə buranı bitirir. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil alır.

5 dil bilən Asəf 2016-cı ildə məktəbi bitirib Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində leytenant rütbəsi alaraq xidmət etməyə başlayır.

2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsində Asəf Ağayev Füzulidən Şuşaya qədər döyüş yolu keçir, Şuşaya ilk daxil olanlardan olur, qalib savaşçı kimi qələbənin sevincini, qürurunu yaşayır bütöv bir xalqa yaşadır. Hətta baş leytenant Asəf Ağayev 10 dekabr 2020-ci ildə keçirilən Bakı Qələbə Paradına da XTQ heyətinin tərkibində qatılır, fəxarətlə iştirak edir.

Bütün müharibə boyunca oğullarının zəngini gözləyən, onunçün hər an narahat olan ailəsi müharibə bitərkən qurban kəsirlər. Çünki oğulları bu müharibədən alnıaçıq, üzüağ çıxmış qalib əsgər kimi evinə dönəcəyi günü gözləyirdi. Onun evə dönəcəyi gün bəlli idi - 16 dekabr. Asəf ailəsinə həmin gün məzuniyyətə çıxacağını demişdi. Lakin mənfur düşmən məğlubiyyətlə barışa bilməyib özünün çirkin əməllərini davam etdirir, ordumuza qarşı təxribatlar həyata keçirirdi. Ona görə Asəf digər silah yoldaşları kimi, yenidən ön xətdə - vəzifəsinin başına qayıtmalı olur. Ailə üzvləri ilə olan sonuncu danışığında hələ bir neçə erməni yaraqlısının Qarabağda qaldığını onları məhv etməli olduqlarını qeyd edib. Ailəsi onun dekabrın 16-da geri qayıdacağını gözləsə , o, 18-də qayıdır, amma şəhid kimi...

Asəf Ağayev Qarabağda antiterror əməliyyatı keçirilərkən dekabrın 17-də Xocavənd rayonunda içində olduğu avtomobilin minaya düşməsi nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Bu məşum xəbər öncə onun dostlarına verilir. Ailəsinin xəbəri olmur. Xüsusən atası xəstə olduğundan bu xəbəri ondan gizlətməyə çalışırlar. Ammavaxtacan?

Onsuz da Asəf müharibəyə qatılarkən valideynlərini ən pis sona hazırlamışdı, onlara hər şey ola biləcəyini demiş, möhkəm olmağı tapşırmışdı. Ancaq bala dağı tapşırığa baxarmı... Asəf də Ağayevlər ailəsinin qürur, fəxarət dolu "dağına" çevrildi.

Qəhrəman döyüşçümüz özünün "igidlərin yatdığı yer" adlandırdığı Qax şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Şuşa fatehi Asəf Ağayev şəhadətindən sonra "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

 

lll

 

Hər kəs onu Qarabağın müxtəlif yerlərindən, xüsusən Şuşadan çəkdiyi şən, qürursevinc dolu videolarından, şəkillərindən tanımışdı. Yaddaşlarda məğrur duruşu, gülən üzü, zarafatları, ümidsevinc dolu danışıqları, tez-tez işlətdiyi "yaşasın spetsnaz" sözü ilə qalmışdı. Qələbədən sonra isə Zəfər Paradında azyaşlılarla çəkdirdiyi rəngarəng şəkilləri ilə yenidən adından söz etdirmişdi baş leytenant. Şəhadəti isə təkcə ailəsini, Azərbaycanı deyil, qardaş Türkiyəni də sarsıtdı, eldən-elə dolaşıb ağır xəbərə çevrildi. Axı o, qalib gəlmişdi, 44 günlük müharibədən - odun-alovun içərisindən sağ-salamat çıxmağı bacarmışdı. Bəs qələbədən bir ay sonra şəhid olmaqidi?! Demək ki, Asəfin yazısı, qədəri, qisməti imiş o yüksək mərtəbə. Gec, ya tez o zirvəyə çatmalı imiş... Çatdı da...

İki il öncə ad gününü Şuşada silah yoldaşlarıyla qeyd edən baş leytenant Asəf Ağayev iki ildir ki, doğum günlərini cənnətdə - özü kimi şəhadət zirvəsində qərarlaşmış yoldaşları ilə qeyd edir.

Allah rəhmət eləsin!

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 24 noyabr.- S.16.