Yollarda keçən şərəfli
ömür yolu
Haqlı olaraq deyirlər ki, yol mədəniyyətdir,
hər bir xalqın mədəniyyəti
yoldan başlayır. Yol həm
də iqtisadiyyat və həyat deməkdir. İnsanda xoş ovqat
yaradan səliqəli,
rahat yollar hər bir ölkənin
inkişafını, tərəqqisini,
iqtisadi gücünü
göstərən əsas
amillərdən biridir.
Yol həm də geniş məna kəsb edən böyük məfhumdur. Həyat yolu, yaradıcılıq yolu və nəhayət
ömür yolu... Elə bu yazımızda
da maraqlı bir ömür yolundan həyatının 70 illik
zirvəsinə qədəm
qoymuş Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri İdarəsinin rəis müavini, Əməkdar mühəndis,
cənnət Qarabağımızın
fəxarət ünvanı
olan Cavanşirlər nəslinin ləyaqətli
nümayəndəsi Hidayət
Rüstəmovun xalqımız
üçün dəyərli, məhz yollarda keçmiş ömür yolundan söhbət açacağıq.
Hidayət Rüstəmov 1952-ci il noyabr
ayının 27-də Ağcabədi
rayonunda anadan olub. 1969-cu ildə Şuşa şəhərində
Ü.Hacıbəyov adına
1 nömrəli orta məktəbi bitirərək,
1969-cu ildə Azərbaycan
Politexnik İnstitutuna
daxil olub və Nəqliyyat fakültəsində
"Avtomobil yollarının
tikintisi" ixtisası
üzrə ali təhsil alıb.
Ali məktəbi bitirdikdən
sonra gənc mütəxəssis kimi
1974-cü ildə Bakı
şəhər İcraiyyə
Komitəsinin "Xüsusiləşdirilmiş
Yol təmiri və tikintisi" Trestində mühəndis
kimi əmək fəaliyyətinə başlayıb. 1975-ci ildə
həmin trestin istehsalat-texniki şöbəsinin
rəis müavini,
1977-ci ildən isə
həmin şöbənin
rəisi, 1990-cu ildə
Bakı şəhər
İcraiyyə Komitəsinin
"Yol Təmir-Tikinti"
Baş İstehsalat İdarəsinin baş mühəndisi, 2000-ci ildə
isə "Yoltəmirtikinti"
Baş istehsalat idarəsi rəisinin müavini vəzifəsinə
irəli çəkilib.
Hidayət Rüstəmov 2001-ci ildə
"Yoltəmirtikinti" Baş
istehsalat idarəsinin bazasında "Bakı Yoltikintiservis" Açıq
Səhmdar Cəmiyyəti
yaradılarkən yeni
yaradılmış qurumun
İstehsalat-Texniki şöbəsinə
rəis, 2004-cü ildə
isə Açıq Səhmdar Cəmiyyətinin
Baş mühəndisi
vəzifəsinə təyin
edilib.
Sonrakı illərdə də Hidayət Rüstəmov peşəkarlığı, məsuliyyəti
nəzərə alınaraq
zaman-zaman vəzifə
pillələrində irəliləyib. O, artıq
neçə illərdir
ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri İdarəsinin rəis müavini kimi məsul vəzifədə çalışır.
Hidayət Rüstəmov uzun illərdir ki, tutduğu irili-xırdalı
vəzifələrdə gərgin
əməyi ilə iz qoyub. Ötən
onilliklərdə metro tikintisi
ilə əlaqədar
inşa edilən
"Bakı soveti"
(indiki "İçərişəhər"),
"Sahil", "28 may", "Ulduz", "Nərimanov",
"Nizami", "Elmlər
Akademiyası", "Həzi
Aslanov" və s. stansiyalarında yerüstü
yolların yenidən qurulmasında, meydançaların
asfalt örtüklərinin
tikilməsində Hidayət
Rüstəmov yaxından
iştirak edib. Bakı şəhərinin
"Əhmədli", "Günəşli" kimi
yaşayış massivlərində
bütün magistral yolların tikilməsində,
həmçinin, "Gülüstan"
sarayına gedən mürəkkəb relyefdən
keçən dolama yolun çəkilməsində,
N.Nərimanovun, R.Zorgenin,
M.Müşfiqin və
digər görkəmli
şəxsiyyətlərin heykəllərinin ətrafının
abadlaşdırılmasında böyük əmək sərf edib. Hidayət Rüstəmov Bakı şəhərində
iki böyük qəsəbəni - 8-ci kilometrlə
Əhmədli qəsəbəsini,
Əhmədli qəsəbəsi
ilə və Günəşli qəsəbəsini
birləşdirən yolların
çəkilməsində, Zabrat-Maştağa yolunun yenidən qurulmasında, Heydər Əliyev Hava Limanında uzunluğu 19 km olan 6 zolaqlı sement-beton örtüklü yeni yolun tikintisində, Nobel və Zığ şosesinin yenidən qurulmasında, Ziya Bünyadov prospektinin və s. tikintisində yaxından iştirak edib.
Ümummilli liderimiz Heydər
Əliyevin, həmçinin,
Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin vətəndaşlarımızın
firavan həyatı naminə avtomobil yollarının, körpülərin,
tunellərin və digər yol qurğularının tikilməsinə,
avtomobil yollarının
və yol qurğularının qorunub
saxlanılmasına, bütövlükdə
avtomobil yolu təsərrüfatı sahəsinə
diqqət və qayğı göstərməsinə
Hidayət Rüstəmov
daim əməli işləri ilə töhfələr verib. Onun avtomobil yolu təsərrüfatı sahəsindəki
gərgin əməyi
dövlətimiz tərəfindən
yüksək dəyərləndirilib.
Hidayət Rüstəmova Azərbaycanda
nəqliyyat-yol infrastrukturunun
inkişafındakı xidmətlərinə
görə 2012-ci ildə
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla
"Əməkdar Mühəndis"
fəxri adı verilib.
Uzun illər
Hidayət Rüstəmovun
da qəlbi yağmalanmış Qarabağ
üçün sızıldayıb.
Cavanşirlər nəslindən olan
ulularının əmanət
qoyduğu Şuşanın
taleyi 30 ilə yaxın bir zaman kəsiyində Hidayət Rüstəmovun
da bütün varlığını sarsıdıb.
Hər bir Azərbaycan vətəndaşı
kimi, Hidayət Rüstəmov da əmin olub ki,
müqəddəs ziyarətgahları, azan səsinə
həsrət qalmış
məscidlərimiz, musiqi
səslərinə möhtac
qalmış bərli-bərəkətli
torpaqlarımız tezliklə
azad ediləcək.
Bəli, Hidayət Rüstəmov yanılmayıb. 27 sentyabr 2020-ci il tarixdən başlayaraq Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi
ilə 44 gün sürən hərbi əməliyyatlar nəticəsində
müzəffər Azərbaycan
Ordusu işğal olunmuş ərazilərimizi,
o cümlədən, Qarabağın
tacı sayılan Şuşa şəhərini
düşmən tapdağından
azad edib. Zəfər dolu tarixi günlər
Hidayət Rüstəmova
da Azərbaycan xalqı ilə birgə böyük coşğu ilə möhtəşəm qələbənin
sevincini yaşadıb.
Nəhayət, onun ən böyük arzularından
biri reallaşıb.
Azərbaycan Respublikası Prezidentinin
17 noyabr 2020 tarixli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və
tikintisi ilə bağlı tədbirlər
haqqında Sərəncamı
Hidayət Rüstəmovun
əziz Şuşasına
yol çəkmək
arzularına işıq
yandırıb. İkinci
Qarabağ müharibəsi
bitdikdən dərhal sonra Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin
sosial-iqtisadi inkişaf
planının hazırlanması
üçün tapşırıqlarına
uyğun olaraq Şuşa şəhərinə
yeni avtomobil yolunun - Zəfər yolunun, həmçinin, işğaldan azad olunmuş digər bölgələrə də
yol çəkilməsində
Hidayət Rüstəmov
gərgin əmək sərf edib.
...Əməkdar mühəndis
Hidayət Rüstəmov
xalq, vətən üçün mənalı
və şərəfli
bir ömür yaşayaraq həyatının
70 illik zirvəsindədir. Xoşbəxtliyini,
səadətini vətənə,
xalqa ləyaqətlə
xidmətdə görən
Cavanşirlər nəslinin
zəhmətsevər övladı
bu gün də insanlara rahat və təhlükəsiz
yollar bəxş etməsi, Azərbaycanda yol infrastrukturunun bundan sonra da
beynəlxalq tələblər
səviyyəsində qurulması, beynəlxalq əlaqələri daha da genişləndirən yolların istifadəyə
verilməsi üçün
bütün qüvvəsi,
zəngin təcrübəsi,
biliyi, həyatsevərliyi
və nəhayət tükənməz vətən
sevgisi ilə səfərbərdir.
Hikmət XUDİYEV (CƏMİLZADƏ)
Əməkdar jurnalist, istefada olan polkovnik
525-ci qəzet.- 2022.- 24 noyabr.- S.15.