Mənalı ömrün poetikası: Mahirə Hüseynova

 

Nəcib keyfiyyətləri, saf mənəvi dəyərləri parlaq şəxsiyyətində cəmləyən böyük insanların nurlu çöhrəsi bəzən bütöv bir dövrün obrazı kimi göz önündə canlanır.  Yaşadıqları dövrün real imkanlarını mənimsəyib zamanın fövqünə qalxmağı bacaran belə insanlar xalqın mənəvi-intellektual potensialını qoruyur, milli intibaha xidmət edən və şərəfli yolda öz həyat ideallarını tapırlar. Fitri istedada malik novator ziyalı, pak və nəcib insan, yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı üçün həyat və mənəviyyat nümunəsi, kamillik, müdriklik məktəbi olan professor Mahirə Hüseynova da məhz belə nəcib insanlardan biri kimi milyonların qəlbində rəğbətlə qazanıb, özünə layiqli yer tapıb.

Azərbaycan dilçilik elmini dünya miqyasında tanıdan, ölkəmizin elm xəzinəsinə sanballı töhfələr verən, beynəlxalq miqyasda böyük nüfuz qazanan, məhsuldar və yorulmaz fəaliyyəti ilə filologiya elminin, mədəniyyətin dinamik inkişafına qayğısını əsirgəməyən görkəmli dilçi-alim, Monitorinq Mərkəzi Müşahidə Şurasının üzvü, Əməkdar müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova zamandan bir addım öndə irəliləyən alimlərimizdəndir.

XXI əsr Azərbaycan elmi və təhsili tarixində özünəməxsus yer tutan böyük alim, professor Mahirə Hüseynova bütün fəaliyyətini, yaradıcılığını mədəniyyətimizin, ədəbiyyatımızın, təhsilimizin inkişafına sərf edən dəyərli ziyalılarımızdandır. Mahirə Hüseynovanın mühüm həyati problemlər qaldıran, vacib ictimai-siyasi və mənəvi-əxlaqi məsələləri əks etdirən tədqiqatlarında əsas tədqiq və inikas obyekti insan, onun mənəvi dünyasıdır. Xalqımızın gözəl, zəngin mənəvi dəyərlərinin təbliği görkəmli alimin yaradıcılığında mühüm yer tutur. Onun məqalələri, araşdırmaları və monoqrafiyaları həm mövzu zənginliyinə, həm də dil və üslubuna görə böyük maraq doğurur. Dərin zəka sahibi olan Mahirə Hüseynova həm görkəmli alim, pedaqoq, həm də böyük ictimai xadim kimi tanınmaqdadır.

Hələ tələbəlik illərindən dilçiliyimizin mühüm problemləri ilə məşğul olmağa başlayan Mahirə Hüseynova ilk məqalələrindən diqqəti cəlb etmiş və elm adamı kimi tanınmağa başlamışdı. Mahirə xanım həm müasir bədii yaradıcılıq problemlərini, həm də dilçiliyimizin tarixi və nəzəriyyəsi ilə intensiv sürətdə məşğul olan alimlərdəndir.

Professor Mahirə Hüseynova elmdə fədakarlığı, dil faktlarına vicdanlı münasibəti, təhlildən əldə etdiyi nəticələrə adekvat linqvistik şərh vermə bacarığı ilə digərlərindən fərqlənir. Bu görkəmli alimin elmi kadrların yetişməsində çox böyük əməyi var. Onun rəhbərliyi altında  doktorluq, namizədlik dissertasiyaları müdafiə olunub və yenə də olunacaq.

O, saysız elmi məqalənin, çoxlu monoqrafiyaların müəllifidir. "Ulu öndərimizə məhəbbət ruhunda", "Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri", "Aşıq və el şairlərinin fonopoetikası", "XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin əsərlərinin linqvistik təhlili", "Üslubi morfologiya" və başqa monoqrafiyaları ilə elm tariximizə qızıl hərflərlə adını yazdıran Mahirə Hüseynova elmi nəticələrinə və təhsil quruculuğuna görə müxtəlif dövlət səviyyəli mükafatlara, fəxri adlara layiq görülüb.

Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Filologiya elmləri və Pedaqogika üzrə Ekspert Komissiyasının sədri kimi son dərəcə şərəfli məqama rəhbərlik edən Mahirə Hüseynova obyektiv yanaşması və hərtərəfli məlumatlı olması ilə bu sahədə öz sözünü demiş dəyərli mütəxəssislərdəndir.

Mahirə Hüseynovanın tədqiqatları əsasən Azərbaycan dili tarixi, ümumi türkologiya, ümumtürk dilləri dialekt və şivələri, Azərbaycan ədəbiyyatı tarixi və müasir ədəbi proseslə bağlıdır.

Bu adi görünən statistikanın arxasında alim-filosofun böyük zəhməti, məhsuldar yaradıcılığı, yeni ideyalara yol açan fədakarlığı dayanır. Onun elmə verdiyi töhfə qətiyyən kəmiyyət parametrləri ilə ölçülə bilməz, burada ən vacibi alimin elmə, ictimai fikrə, təfəkkür tərzinə gətirdiyi novatorluq, yeni keyfiyyətdir, elmin inkişafı və tərəqqi naminə təmənnasız gördüyü əhəmiyyətli işlərdir.

Mahirə xanım nədən yazırsa-yazsın, o, hər yerdə yenilikçi, novatordur. Dilimizi və dilçiliyimizi yüksək zirvələrə daşıyan zəhmətkeş sadə bir alimdir. O, dilçiliyimizin döyünən ürəyi, düşünən beyni və istiqamətləndirici simalarındandır. Bütün varlığımla inanıram ki, qədirbilən gəncliyimiz bu böyük alimin zəngin filoloji irsini dərindən təhlil edərək öyrənəcək, onun Azərbaycan və dünya dilçiliyində tutduğu layiqli yeri öz tədqiqarlarında açıb göstərəcək.

Bütün şüurlu həyatını Azərbaycanda ali türkçülük ideologiyasının yaradılması, təkmilləşdirilməsi və inkişafına həsr etmiş Mahirə xanım öz yetirmələrinin qəlbində istedadlı alim, ziyalı şəxsiyyət kimi şərəfli yer tutur. Onun tələbələrinə öyrətdikləri neçə-neçə zehinləri işıqlandırır, neçə-neçə sanballı elmi tədqiqat işlərinin ərsəyə gəlməsinə, gənc və bacarıqlı alimlərin yetişməsinə səbəb olur.

Qeyd etmək lazımdır ki, yüksək-ixtisaslı elmi kadrların yetişməsinə də xüsusi qayğı və diqqət göstərən Mahirə Hüseynovanın rəhbərliyi ilə alimlik dərəcəsi almış neçə-neçə fəlsəfə və elmlər doktorları var və onlar filologiyanın müxtəlif sahələrinin aktual elmi problemlərinin araşdırılması ilə bu gün də məşğuldurlar.

Bundan başqa, Mahirə xanım çoxlu tələbələri və ardıcılları var, o, biliyini gənc nəslə həvəslə öyrədir. Bilir ki, elm sərf edildikcə daha da artan bir xəzinədir.

Mahirə xanım Azərbaycanın humanitar fikir məkanında ən dəyərli imzalardan, mənim üçün də dəyərli şəxsiyyətlərdən biridir. Azərbaycan dilçiliyi, Azərbaycan ədəbiyyatı ilə bağlı tədqiqatları sanballı araşdırmalardır və o, öz dövrünün qəbul edilən dəyərli alimlərindəndir.

Professor Mahirə Hüseynova bütün varlığı və ruhu ilə Azərbaycana bağlı olan, xalqının təəssübkeşliyini daşıyan, türkçülük ideyaları ilə yaşayıb-yaradan, tükənməz enerjiyə malik nadir şəxsiyyətlərdəndir. O, qarşıya qoyduğu saf və ali məqsədlərə çatmaq üçün hər cür zəhmətə qatlaşır, müxtəlif sferalardakı fəaliyyətinə baxmayaraq, əsl ziyalı simasını hər şeydən üstün tutur. Yüksək alimlik və tədqiqatçılıq keyfiyyəti onun fitrətindən, məqsədə doğru inamla irəliləmək, hədəfə yetişmək əzmindən qaynaqlanır. Bütün bu keyfiyyətlər isə onun daha böyük həyat və elmi yaradıcılıq uğurlarına möhkəm zəmin yaradır.

Mahirə Hüseynova, bütün bunlarla bərabər, olduqca sadə, sözün tam mənasında nəcib və ədalətli bir insandır. Onun adı Azərbaycan elminin inkişaf tarixində xüsusi yer tutur və hələ uzun illər  gələcək nəsillər üçün elmə fədakar xidmətin nümunəsi kimi örnək olacaq.

Mahirə xanım Azərbaycan xalqının zəngin milli-mənəvi, əxlaqi dəyərlərinə yaxından bələd olan, məzmunlu, çoxşaxəli həyat yolu keçmiş və dəyərli ömrünü şərəflə yaşamış ziyalılarımızdandır. O, görkəmli ictimai xadim kimi də Azərbaycan cəmiyyətinin və ölkə icimaiyyətinin böyük etimadını qazanıb.

Mahirə xanım hər şeydən öncə gözəl bir vətəndaşdır. Məhz bu amil onun həm də görkəmli bir ziyalı, ictimai xadim kimi tanınmasına imkan verib. Bütün fəaliyyəti boyu əxlaqi baxımdan yüksəkdə dayanan dəyərlərə tapınıb və bu dəyərləri qorumaq istəyi həmişə cəmiyyət arasında ədalətli olmağından irəli gəlib. Mahirə xanımın vətəndaşlıq mövqeyindən danışarkən, onu da xatırlatmaq yerinə düşər ki, o, həm də dövlətçilik ənənələrinin qorunmasında fəal rol oynayan müasirlərimizdəndir.

Mahirə Hüseynovanın çoxillik səmərəli fəaliyyəti, elm və inkişafındakı əvəzsiz xidmətləri dövlətimiz və bir sıra beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib.

Professor Mahirə Hüseynova fundamental araşdırmaları, tədqiqatları, saysız-hesabsız elmi-publisistik məqalələri ilə Azərbaycan elminin və ictimai fikrinin daha da zənginləşməsinə xidmət edir. Bu yaxınlarda yubileyi olmuş vətənpərvər ziyalı, görkəmli alim və tanınmış ictimai xadim olan Mahirə Hüseynovaya cansağlığı, fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Məlahət Babayeva

525-ci qəzet.- 2022.- 6 oktyabr. S. 14.