Edillidə aşkarlanan kütləvi məzarlıq: erməni faşizminin daha bir dəhşətli cinayəti

 

İşğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində bu il oktyabrın 4-də daha bir kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda 12 nəfərə aid qalıqların üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir. Bundan başqa, aşkarlanan qalıqlardan görünür ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birlərinə bağlanıb.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyir ki, Xocavənd rayonunun Edilli kəndində artıq üçüncü məzarlıqdır ki, aşkar olunur. Bu günə qədər 25 nəfərin qalıqları aşkarlanıb. Bir həftə bundan əvvəl 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqlar hələ sonuncu deyil: "Müvafiq qaydalara uyğun olaraq həmin qalıqlar götürüləndən sonra qazıntı işləri yenə də davam etdiriləcək. Bunların altında yenə də qalıqlar ola bilər. Edilli kəndi ərazisindəki başqa yerlərdə də qazıntı işləri aparılacaq. Kütləvi məzarlıqların bu yerdə aşkarlanması davam edəcək.

Direktorun dediyinə görə, yaxın zamanlarda Xocavənd rayonunun Edilli kəndində aşkarlanan 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqların Baş Prokurorluğun qərarı əsasında məhkəmə-tibbi ekspertizası aparılacaq. Ekspertiza zamanı onların yaşı, boyu, cinsi, sümüklərdə olan xəsarətlər təyin ediləcək: "Onların bəzilərinə baxanda indi də güllə yeri müşahidə olunur. Görünür ki, onları güllələyiblər. Qalıqların hamısı şəxsi əşyaları ilə birgə götürüləcək. Ekspert rəyi verildikdən sonra isə hər bir skeletdən bir neçə nahiyədən sümük qalıqları götürüləcək. Bundan sonra isə genetik ekspertiza aparılacaq. O vaxta qədər də qalıqlar Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi kriminalistika şöbəsindəki xüsusi depolarda xüsusi şəraitdə saxlanılacaq. Şəxsiyyəti təyin olunandan sonra isə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təlimatı ilə qalıqlar ailələrinə təqdim olunacaq".

Ədalət Həsənov bildirib ki, Xocavənd rayonunun Edilli kəndi ərazisində 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqlar aşkarlanmış ərazidən götürüləcək, baxış protokolu başa çatdırılandan sonra əraziyə qutular gətiriləcək: "Daha sonra qalıqlar qutulara şəxsi əşyaları, nömrələri ilə qoyulacaq. Sonra isə Hərbi Prokurorluğun qərarları ilə birlikdə maddi sübutlar Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin kriminalistika şöbəsinə təqdim ediləcək. Müayinələr bitdikdən sonra skelet sümükləri və faktlar xüsusi qutularda xüsusi şəraitdə saxlanılacaq".

Direktor Ermənistan tərəfinin Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkarlanan 12 nəfərə aid olduğu ehtimal edilən qalıqların Azərbaycan tərəfindən basdırılması ilə bağlı iddialarını tamamilə əsassız adlandırıb: "Sümüklərlə torpağın qarışdığını göstərmək mümkündür. Həmin qalıqların sonradan qoyulması ilə bağlı söhbət gedə bilməz. Onların üstü sadəcə olaraq təmizlənib. 12 nəfərə aid qalıqların Azərbaycan hərbçilərinə aid olduğu ilk baxışdan da görünür. Onların hamısı hərbi paltarda dəfn olunub. Ə.Həsənovun sözlərinə əsasən, həmin ərazinin aşağısında meyitlərin olub-olmaması hələ də bilinmir: "12 nəfərin bir yerdə kütləvi şəkildə qeyri-insani formada dəfni işgəncə, əzab barədə düşünməyə əsas verir. Onların hər birinin əlləri yuxarıdadır, sümüklərində zədələr və xəsarətlər var. Kəllə sümüklərinin qırıqları onlara küt alətlə də xəsarət yetirildiyini göstərir".

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıqla bağlı sosial şəbəkədə paylaşım edib. Hikmət Hacıyev tviterdə qeyd edib ki, Edilli kəndində Birinci müharibə zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalmış-öldürülmüş Azərbaycan hərbçilərinin kütləvi məzarlığı müəyyən edilib: "Edilli Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib. 4 000 azərbaycanlı hərbçimülki itkin düşüb. Ermənistan kütləvi məzarlıq yerlərini verməkdən imtina edir".

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlığın aşkar edilməsi faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 115.4, 120.2.1, 120.2.7 və 120.2.12-ci maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

İstintaqla müəyyən edilib ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejiminin silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq norma və prinsipləri, o cümlədən, "Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında" 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələbləri kobud surətdə pozularaq, 1993-cü ildə milli zəmində Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən əsir düşmüş 25 şəxs öldürülüb və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi dəfn edilib.

İstintaq zamanı Xocavənd rayonunun Edilli kəndi ərazisinə 23-26 fevral 2022-ci il tarixlərdə baxış keçirilərkən kütləvi məzarlıqdan 7 şəxsə aid, 14-30 sentyabr 2022-ci il tarixdə isə 18 şəxsə aid insan sümük qalıqları aşkar edilərək götürülüb.

İş üzrə zəruri ekspertizalar təyin edilməklə sümük qalıqlarından nümunələr götürülüb və məhkəmə molekulyar-genetik tədqiqatına təqdim edilib.

Həmin hadisələrin şahidi olmaqla 28.08.1993-cü il tarixdən 14.12.1994-cü il tarixədək Ermənistan Respublikasında əsirlikdə olmuş və müxtəlif növ işgəncələrə məruz qalmış Füzuli rayon sakini Şıxəliyev Şəmsi Canəhməd oğlu zərərçəkmiş şəxs qismində tanınıb. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Ombudsman Xocavənddə aşkarlanan növbəti kütləvi məzarlıqla bağlı beynəlxalq ictimaiyyətə çağırış edib. Qeyd olunub ki, Azərbaycanın işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində növbəti dəfə kütləvi məzarlıq aşkar olunub. Həmin məzarlıqda məftil və kəndirlərdən istifadə edilməklə əl-ayağı bağlanaraq kütləvi şəkildə dəfn edilmiş 12 insan qalığı tapılıb. Geyim və əşyalarına əsasən həmin şəxslərin hərbçi olduqları məlum olub. Bu isə azərbaycanlı hərbi əsirlərin işgəncə verilərək qətlə yetirilməsi ilə bağlı bir çox ifadələri sübut edir.

Aşkar edilmiş qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş, bugünədək taleyi naməlum olan soydaşlarımıza məxsus olma ehtimalı vardır. Halbuki Ermənistan tərəfi dəfələrlə edilən çağırışlara baxmayaraq, törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətmək məqsədilə həmin şəxslərin taleyi, eləcə də azərbaycanlıların kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırmışdır.

Ermənistanın 1949-cu il Cenevrə Konvensiyalarının tələblərini kobudcasına pozması və azərbaycanlılara qarşı etnik nifrət siyasəti yürütməsi bu faktın üzə çıxması ilə bir daha təsdiqlənmiş oldu. Ermənistanın növbəti belə cinayət əməlləri törətməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət bu müharibə cinayətlərinə adekvat reaksiya verməli, həmin cinayətləri törədənlər məsuliyyətə cəlb edilməlidir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Bəhruz Məhərrəmovun sözlərinə görə, Edilli kəndində tapılan insan qalıqları Ermənistanın dövlət səviyyəsində törətdiyi cinayətlərin tərkib hissəsidir: "Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında da belə məzarlıqların mövcud olması barədə səhih informasiyalarımız var. Ümumiyyətlə, ermənilər bölgəyə köçdüyü 19-cu əsrdən etibarən mütəmadi şəkildə bu və ya digər formada terror və təxribatlar törədib. Xüsusən ötən əsrin əvvəllərindən, o cümlədən, 1918-ci ildə Bakıda, Gəncədə, Qarabağda, Qubada və bir sıra bölgələrimizdə sözün əsl mənasında qətliamlar törədilib və bu gün həmin dövrə aid çoxsaylı kütləvi məzarlıqların yeri bizə bəllidir. Lakin Fərrux və Edillidə aşkarlanan məzarlığın fərqi ondadır ki, ermənilər bu insanları beynəlxalq hüququn, insan hüquqlarının prioritetə çevirdiyi bir dövrdə qətliama məruz qoyub. Bu insanlar sadəcə, azərbaycanlı olduqları üçün qəddarlıqla qətlə yetiriliblər. Güman etmək olar ki, Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin böyük əksəriyyəti məhz Edilli qurbanları ilə oxşar taleyi yaşayıb".

B.Məhərrəmov qeyd edib ki, 44 günlük müharibədən sonra dəyişən reallıq, Azərbaycanın artan gücü və nüfuzunun fərqində olan Ermənistan aşkarlanan hər bir kütləvi məzarlığa görə cavab verməli olduğunu dərk edir: "Ermənistan kütləvi məzarlıqların koordinatlarını verməkdən yayınır, amma Fərruxda, Edillidə, o cümlədən, Seyidəhmədlidə aşkarlanan kütləvi məzarlıqlar İrəvanın cəhdlərinin faydasız olduğunu nümayiş etdirir. Ermənistanın kütləvi məzarlıqların koordinatlarını verməkdən yayınması cinayətdir. Ermənilər hələ də cinayət faktlarını gizlətməklə yeni cinayətlər törətməkdə davam etsələr də, işğaldan azad olunmuş ərazilərdə quruculuq bərpa prosesi aparıldığı üçün mütəmadi olaraq kütləvi məzarlıqlar aşkar edirik. Yəni İrəvanın artıq qaçmağa yeri yoxdur və hər bir cinayətə görə icraçılarla yanaşı, cinayətin təhrikçi, təşkilatçı və köməkçiləri də məsuliyyətə cəlb olunmalıdır. Nəzərə alsaq ki, bu əməllər Ermənistanda dövlət siyasətinin tərkib hissəsi kimi törədilib, dövlət tərəfindən dəstəklənib, deməli, Ermənistan dövləti və o dövrkü hakimiyyət, eləcə də bu əməllərə hələ də haqq qazandıraraq hüquqi qiymət verməkdən yayınan sonrakı bütün erməni iqtidarları da bu vəhşiliklərə görə məsuliyyət daşıyırlar".

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2022- 7 oktyabr. S.14.