Məndəki Şuşa

 

 

 

Birinci hekayət. Dekabr, 2021.

Məndəki Şuşa başqadır. həmişə belə qalacaq: məğrur, sevimli mistik... Qəribədir ki, Şuşayla bağlı ən maraqlı xatirələrim şəhər azad edilməmiş, mən Şuşaya gedib çıxmamış yaranmışdı. Hətta uşaq kimi dostlarla mərc gəlmişdim, kim daha tez gedib çıxar deyə... bütün müzakirə mübahisələrdə yeganə real olan o ki, mən Şuşada xoşbəxt idim. Ona görə yox ki, ora ilk qədəm qoyanlardan biri oldum, ya xəyal etdiyim kimi xarıbülbül dərdim... Mən anladım ki, Şuşanı hərə bir cür kəşf edir. bu, Şuşaya vaxt gəlməyinə xarıbülbülü dərib-dərməməyinə bağlı deyil. Şuşanın mistik abu-havasını duyursansa, özün xarıbülbülə çevrilirsən. Xarıbülbül əhvalatını nəql edən o məşhur pritçadakı kimi... elə o andan xarıbülbül səndədir...

...Uşaqlıqdan yağış aşiqiyəm. O an havadan duyduğum torpaq qoxusu mənə görə dünyanın ən təkrarsız ətirlərindəndir. ilk dəfədir bu ətri Bakıda, Tiflisdə, Təbrizdə, məhz Şuşada duyuram. Şuşada... Həyatın bizə təqdim etdiyi ssenarilər o qədər gözlənilməzdir ki... Bu uzun sıxıcı illər boyunca mənim kimi Qarabağsızlaşan biri üçün çiskinli bir axşamçağı Şuşanın tənha küçələrini azan sədaları altında dolaşmaq bilirsiz, fərqli bir duyğu? İndi kimsə düşünəcək ki, axı Şuşa hər halıyla gözəldir. Mübahisə etməyəcəm, doğrudur. Amma hərənin xəyalında bir Şuşa var axı. Məndəki Şuşa belədir: dumanlı, çiskinli, yağışlı sonra bütün buludlara qalib gələn par-par günəşli, rəngarəng göyqurşağılı Şuşa...

Aylar keçib Şuşada olduğum dönəmdən, amma bu müddət ərzində emosiyalarımı içimdə bərk-bərk sıxıb saxlamışam. Qıymamışam onları bir kimsəylə bölüşməyə ki, ilkin təravətini, rayihəsini itirməsin. Elə bilmişəm, Şuşadan yazsam, xatirələrim pərən-pərən olar, sapdan qırılan muncuq kimi dağılar. Ha düşünsəm , ad tapıb qoya bilmirəm: O ilk gəlişimdə hansı duyğudaydım, hansı dalğadaydım? Daha çox xoşbəxt idimmi, kövrək idimmi, həyəcanlı idimmi?..

...Qanadlanmışam. Şuşaya ilk səfərimdir axı. Dolanbac yollara maşından boylandıqca ilk kəs körpəsini bağrına basan ana kimi qəlbim köksümə sığmır. İçimdə kəpənəklər uçur, üzümdə güllər açır. Dişlərim təbəsümdən örtülmür. Eynən beləyəm Şuşada... Ayağımı maşından yerə qoyan kimi "Qarabağ oteli"nin qarşısında ilk selfimi çəkirəm. İlahi, əllərim həyəcandan əsir. Bəbəklərim xoşbəxtlikdən böyüyüb bir başqa parlayır. Görməmiş kimi bir günün içində hər yeri gəzib-dolaşmaq istəyirəm. Qarşıda isə düz üç gün-üç gecə var. Hər addımda Şuşayla bağlı ilklərim sıralanır.  Çırta-çırtla yanan odun peçinin qarşısında Şuşada ilk şam yeməyini yeyirik, özü caz sədalarının müşayiəti ilə. Sonra adamsız küçələrdən adlayıb gecələcəyimiz yerə çatırıq. Yorğun olsam da, gözlərimə yuxu getmir. Sabah gedəcəyim məkanların siyahısını tuturam gözlərim xumarlanır. Sabahsa Şuşada gecələdiyimin reallıq, ya yuxu olması ilə bağlı tərəddüdlər arasında gedib-gəlirəm. Tez özümü bayıra atıram. Şuşa bizə səhər sürprizi edib. Hər yer bəmbəyazdır. Amma Şuşanın soyuğu üşütmür, itələmir adamı. Ovcumda topladığım qara baxıb deyirəm: "Bu da bir ilk - Şuşa qarı..."

Qəribədir ki, burda olduğum günlərdə Şuşa mənə səhifələnən tarx kitabını, ya da ədəbi məclisi xatırladır. Bir küçədən keçirəm, xəyalımda "Sevgili canan" səslənir, o birində Xan əminin zənguləsi dalğalanır, digərində qəzəllər səslənir... Bu hissi illər öncə Sankt-Peterburqu dolaşanda yaşamışdım, bir indi. İlk dəfə Şuşada bir yaşayış binasına qədəm basıram. Beşmərtəbəli binanın yarıqaranlıq pillələriylə qalxıb sadə üç otaqlı mənzilə daxil oluram. Əşyalar sanki sovet dönəmindən qalıb. Bina da köhnədir. Bəlkə vaxtilə burada yaşamış azərbaycanlı ailənin əşyalarıdır. İllərin dolanbacında davam gətirib ki, həqiqi sahibiylə qarşılaşsın...

Çəkilişi bitirib mərkəzə yol alırıq. İcra hakimiyyətinin binasında qızğın gedir. Tikintinin düz qarşısındakı meydançada güllələnmiş heykəllər sıralanıb: Sevgili Üzeyir, xan qızı Natəvan dahi Bülbül...  Qarabağ savaşı bizə əvvəllər görmədiyimiz, duymadığımız çox şeyi öyrətdi. Öyrəndik ki, heykəllər yaralanarmış, aid olduğu torpaqdan uzaq düşərmiş, köçkün olarmış. "Yaralı" heykəllərə baxdıqca düşünürəm ki, hər biri Şuşa mədəniyyət ocağının əsas sütunlarıdır. Onlara atılan güllələr əslində "Məclisi-üns"ə, "Məclisi-fəramuşan"a tuşlanıb. O silahlar "Leyli Məcnun"u, "Koroğlu"nu nişan alıb. Baş heykəlləri bircə-bircə doğma yurdunda salamlayıram...  Növbəti dayanacaqsa, yağı düşmənlərin qurutduğu Natəvan bulağıdır. Xurşidbanu Natəvanın öz vəsaiti hesabına çəkdirdiyi bu bulaq o zamanlardan "Xan qızı bulağı" adıyla məşhur idi. Bulaqdan su qurtumlayıb Xan qızının evinə tərəf gedirəm. Bir anlıq zaman donur Natəvan xanımın qurduğu muğam məclislərində qəzəl söyləməsi gözlərim önündə canlanıb itir:

 

Günel MEHRİ

525-ci qəzet.- 2022.- 8 oktyabr. S. 12.