Ahəngyol kəhkəşanı

 

ƏHMƏD QƏŞƏMOĞLUNUN POEZİYASI HAQQINDA DÜŞÜNCƏLƏR

 

Biz kainatdan gəlmişik, kainata bağlıyıq. "Mənşəyim kainatdır" deyən Nəsiminin övladlarıyıq. "Planet oğluyam, kainatdır vətənim" söyləməkdən böyük qürur duyan Xəlil Rza Ulutürkün müasirləriyik.

İnsan vaxt kainatı anlamağa başlayır? O vaxt ki, hər qəlbdə ilahidən bənzərsiz tellər olduğunu anlayır. "O tellər köklənəndə ilahinin eşqinə, kainatın ahəngi axır insan dilinə".

Söhbət o insanın dilinə kainatın ahənginin axmağından gedir ki, adi insan deyil, ali insandır, ali kəsdir. "Ali olan o kəs ki, Allah nura bələmiş". İsa Muğanna deyirdi ki, beyni qapanmış insanlar kainatdan gələn Ünü eşidə bilmir. eşidə bilməz !

Şair Əhməd Qəşəmoğlu isə deyir ki, bu dünyada ancaq ancaq:

 

Qəlbi nurdan doğulan köklənir kainata,

Haqdan alır əmrini, olur haqqın sultanı.

 

Yeni ruhlu tədqiqatçı kimi irəli sürdüyü "Ahəngyol nəzəriyyəsi" ilə Lütfüzadə kimi dünya şöhrətli dahi alimin nəzərini cəlb etmiş Əhməd Qəşəmoğlu "Nəsimi" adlı fəlsəfi şeirində sual edir ki, nəyə görə "yer üzündə şərin hokmü çoxdu!" Bu suala ən doğru cavabı da özü verir. Ona görə ki... "Ahəngdən uzaqdadır hələ yerin ərkanı".

Bu şeirdə həm şairin, həm alimin fikirləri üst-üstə düşür aşağıda misal gətirdiyim misralar eyni ahənglə (Ahəngyolla) yol gedən, bəşəri bu xilas yoluna səsləyən bir yolçunun kredosu kimi səslənir: şair alim əl-ələ verərək doğru olaraq xatırladırlar ki,

 

 

Ahəngə-Allah yoluna çağırır insanları

Dinlər, müdrik insanlar

hər vədə bu dünyanı.

Görəndə ki, insanlar nizamdan üz çevirir,

Göy üzü Nəsimiylə qaldırdı bu üsyanı!

Şair alim olaraq Əhməd Qəşəmoğlu insanlara onu da tövsiyə edir ki:

 

Allahın əlaməti, Allahın yoludu ahəng,

Sən ahəngi pozdunmu,

Allah hesab çəkəcək.

Üstəlik, onu da bilməliyik ki, biz ahəngi pozduqca Nəsimi üsyanı da səngiməyəcək, davam edəcək. Əhməd Qəşəmoğlu milli dəyərlərlə islami dəyərlərin qovuşmasında görür bəşəri dəyərlərin qiymətini...Əsl ahəngin bu məqamda formalaşdığını iddia edir. "Pöhrə şeirlər" silsiləsində gəldiyi qənaət çox doğru qənaətdır. Şair ( alim) çox doğru deyir:

 

Allah dedim, anlamadın,

Nizam desəm, anlarsanmı?

İslam dedim, anlamadın,

Ahəng desəm, anlarsanmı?!

 

"Pöhrə şeirlər" silsiləsindən daha bir nümunə gətirmək kifayət edir ki, aydın olsun: İlahinin istəyi bəşərin gəlib Ahəngyola çıxması ilə bağlıymış.

 

Göy üzündə dalğa-dalğa yayılır

İlahinin nidası:

Ahəngdədir, ahəngdədir

Yer üzünün xilası!

 

Bu xilas yoluna yiyələnmək üçünsə sən demə əsas lazım olan nəymiş, bilirsinizmi?! Qoy bu sualı da şairin (alimin) özü cavablandırsın:

 

 

Yoxdu buna bir sorğu...

Qan qohumluğundan

Qat-qat yaxındı

Qəlb qohumluğu...

 

Qəlb qohumluğu olanlarsa kim olurlar? Əlbəttə ki, kainat adamları, Ahəngyol yolçuları!

Əhməd Qəşəmoğlu qəlb qohumluğunun möhkəmliyini, Ahəngyolun sabitliyini işığın, nurun qorunmasında, bütövlükdə insanın saflaşmasında, bəşərin işıqlanmasında görür. Bizim kainata, kainat hökmünə bağlılığımızda görür. Onu daha çox narahat edən nədir?! Nəsimilərin (Nəsimiliyin) kainatın (Ədəbiyyət beşiyinin) getdikcə az başa düşülməsi. Odur ki, sərt amansız şəkildə olsa da deməyə məcbur olur:

 

...Yer üzü yadından çıxıb dünyanın.

...Kainatın hökmü yox olub sanki...

 

Əhməd Qəşəmoğlu qanı axa-axa gedən bir oğlan uşağından soruşur:

Səni kim vurdu oğlum?

qan axır

üz-gözünün işığından.

 

Sən demə, o oğlanın özünü yox, işığını vurublarmış, al-qana qərq ediblərmiş. Elə buna görə "Bəlkə günəşin bir yanı sönüb".

Bax, budur əsl faciə, əslində bu oğlanı yox, İşığı vurublar, Nuru vurublar, Günəşi vurublar, Yolu vurublar, Nizamı, Ahəngi vurublar!

 

bu faciəni görəndə:

 

Ahəng adlı həkim ağladı zar-zar,

Təkcə o bilirdi nədir bu azar.

 

"Qəlbim köklənib ahəngə" deyən Əhməd Qəşəmoğlu şeir yazmır, haray çəkir, Nəsimi kimi üsyan qaldırır:

 

Dövran qaçaq doğru yoldan,

Dünya bezib qeylü-qaldan.

Gen düşürük istiqbaldan

Alimlər bilə, bilməyə...

 

Şair bunu da doğru deyir ki "Peyğəmbərlər köklənib göy üzünə, kainatın ahəngində dilləndikcə..."

Əhməd Qəşəmoğlu bir həqiqəti doğru vurğulayır ki:

 

 

Hər kəs

Dahi müğənni, şair, rəssam,

Dahi alim olammaz ki...

Hər kəs peyğəmbər olub,

Köklənib kainatın nizamına,

Ahəng dilində danışa bilməz ki!...

 

Əhməd Qəşəmoğlunun şeirlərindən birində səsləndirdiyi bir fikirlə tam şərikəm:

 

Qəlbimdəki məqamlara

Yer üzündə yüksəlmədim.

 

Şair demək istəyir ki, adi adamları ali edən, dahi edən kainata bağlılıqlarıdır.

Kainatın qapısını açıb gəlmişik. Geriyə kainata dönən qapımın açarını harda itirmişik niyə yerdə axtarırıq, görəsən?! Niyə demirik, deməyi borc bilmirik:

 

Aşiq oldum kainata,

Nizamından qüdrət aldım.

 

Əhməd Qəşəmoğlunu indiyəcən kimlər tanıyıb, anlayıblar, sağ olsunlar. Onu o, özü istədiyi - Ahəngyol yolçusu kimi tanıyacaqlarmı, anlamaq istəyəcəklərin?! Bu sarıdan olan narahatlığını şair belə ifadə edib:

 

Mən ayrı aləmdə, insanlar ayrı,

Mən dedimsə duyan olmadı.

Qəlbimə qərib bir dövrandayam mən,

İşıq dediyimə kölgə deyirlər.

 

Bütün bu təəssüf hissi doğuran fikirlərə baxmayaraq şair öz gücünə, dediyi yolun doğruluğuna, əbədiliyinə inanır, deyir:

 

...İlahi yol üstəyəm mən,

O yolu ömrümün mənası bildim.

Əsas bu inamdır! gərək anlayasan,

deyə biləsən:

...Kainatın gücü axır damarlarımdan!

həm hər cür kədəri, qəmi yenəsən, dua edirmiş kimi səslənəsən:

 

 

gözəl işıq yağır

İlahi, kədərimə!

 

Bir əsas odur ki, usanmadan, bezmədən bütün kainatın, bütün bəşəriyyətin yaşam, inkişaf qanunu kimi car çəkəsən, əsl məramını elan edəsən:

 

Biz əl-ələ kainatıq,

Hər nəhsə, əyriyə yadıq.

...Köklən kainata, ətrafı unut,

Köklənsin ahəngə qəlbin telləri...

 

Əhməd Qəşəmoğlu nizama, ahəngə köklənmiş şairdir. Şeiri də, elmi də, bütünlükdə eşqibizi Ahəngyol kəhkəşanına səsləyir.

...Bizi heç kim eşitmək istəməsə belə, sən ki, eşidirsən, İlahi! Bu günəcən Əhməd Qəşəmoğlunu da tək-tənha qoyduq Əlac özünə qalıb. Özün ki, görürsən "Qəlb işıqlarının can verən vədəsidir, tanrım! "Necə olursa olsun dünya işıqları dirildənlərə, Əhməd Qəşəmoğlu kimi "Bütün kainat qəlbimdə" deyənlərə qalmalıdır.

Əhməd Qəşəmoğlu kimi mən də həmişə yalnız eşqə inandım, nizama, ahəngə bel bağladım. İlahi, mən də Əhməd Qəşəmoğlu demişkən "Eşqinlə eşqə çatdım, eşqi keçdim o yana, eşqbir göy üzüdü, yol aldım kəhkəşana!"

P.S. Kainatdan yer üzünə bir yol gəlir: Ahəngyol!

Kainata qayıdışın adı da Ahəngyoldur!

 

Barat VÜSAL

525-ci qəzet.- 2022.- 18 oktyabr.- S.14.