Arxa cəbhə qəhrəmanlığı

 

Emin Azər (Quliyev Emin Azər oğlu) 2001-ci ildə Ağdam rayonunun Üçoğlan kəndində dünyaya gəlib. 2019-cu ildə Respublika Fənn Olimpiadalarının tarix fənni üzrə qalibi olub həmin il Nazirlər kabinetinin 20 may 2019-cu il 229 nömrəli qərarı ilə müsabiqədən kənar seçim hüququ qazanaraq Bakı Dövlət Universitetinin Tarix fakultəsinin Tarix müəllimliyi ixtisasına qəbul edilib. Hazırda lV kurs tələbəsidir. Bədii yaradıcılığa ciddi marağı var, xüsusən ədəbi ictimai-tarixi məzmunlu düşüncələrini fəlsəfi zəmində ifadə etməyə, esselər yazmağa meyil göstərir. Gənc müəllifə bu yolda uğurlar diləyir, iki yığcam yazısını oxuculara təqdim edirik.

27 Sentyabr 2020 - Şanlı tariximizə qızıl hərflərlə yazılan, yüzlərlə qəhrəmanlıq dastanının yaranmasına mövzu olacaq 44 günün ilk carçısı. Vətən Müharibəsinin ilk günündən son gününə kimi xalqımızın göstərdiyi şücaət, birlik hər birimizi qürurlandırdı. Mən isə sizə şahid olduğum, unudulub getməsini istəmədiyim, yazmasam, çoxlarının xəbərdar olmayacağını düşündüyüm Arxa Cəbhə qəhrəmanlığından danışmaq istəyirəm.

Vətən Müharibəsini ilk günündən Zəfər gününə kimi Ağdamın Üçoğlan kəndində keçirdim. Kəndimiz müharibə dövründə ermənilərin qeyri-insani xislətinə, yəni "Mülki vətəndaşlara zərər vermə" planına məruz qalan kəndlərdən biri olmuşdu. Şanlı Azərbaycan ordusu qarşısında əzilən, itkilər verərək geri çəkilməyə məcbur olan ermənilər təxribatlara əl ataraq mülki vətəndaşları hədəf almaqla məğlubiyyətdən yaxa qurtarmağa çalışırdı.

Ancaq ermənilərin unutduğu bir məsələ var idi: Azərbaycan xalqı o xalq idi ki, 20 Yanvar hadisələrində əliyalın şəkildə tankların qabağına çıxaraq gözlərini qırpmadan ölümə meydan oxumuşdu. Ermənilərin düşüncələrinə görə dinc xalqa qarşı hücumlar təşkil edilərdisə, xalq dövlətə müharibəni dayandırmaq üçün təsir edərək "dur" deyəcəkdi. Ancaq tamamilə əksi oldu. Xalqımıza qarşı həyata keçirilən terror aktları xalqı dövlətimizin ətrafında daha da sıx birləşdirdi bizi. Üçoğlan kəndi ermənilər tərəfindən həyata keçirilən qeyri-insani əməllərə məruz qalsa da, məğrur duruşunu pozmamış, sonuna kimi dövlətinin yanında olaraq əlindən gələni etmişdi.

Hər gün top mərmiləri ilə hücuma məruz qalan, ölüm təhlükəsini tez-tez yaşayan qəhrəman kəndin qəhrəman sakinləri sona kimi dövlətimizin ordumuzun yanında olmuşdular. Mən "Vətənpərvərlik nədir, vətənpərvər insan kimdir" suallarının cavabını 44 günlük şanlı savaşımızda daha dərindən öyrəndim, şahidi olaraq o hissləri yaşadım. Mən anladım ki, vətənpərvərlik sözlərlə izah olunacaq bir ifadə deyil, vətənpərvərlik sadəcə yaşanmışlarla ortaya qoyulur. Öz ailəmdən nümunə gətirərək fikrimi daha yaxşı çatdırmağa çalışacağam. Kəndimizin hər gün atəşə məruz qaldığı, evlərin zərər gördüyü, yaxınlarımızın yaralandığı bir şəraitdə mən atamdan sadəcə bu kəlimələri eşidirdim: "Eybi yox, evlər dağılsa da, biz onları yenə də tikərik. Əsas odur ki, atılan top mərmiləri əsgərlərimizə bir zərər yetirməsin, onlara heç nə olmasın. Bir əsgərimizin burnu qanamaqdansa qoy evlərimiz mərmilərə qurban getsin". Bu sözlər məni həm müharibə dövründə, həm də ondan sonrakı zamanlarda çox düşündürürdü. İllərlə çəkilən əziyyət nəticəsində ərsəyə gələn evini, malını-mülkünü göz qırpmadan qurban verməyə hazır olan bu qəhrəman insanlar xalqı ayaqda tutaraq Zəfər gününə kimi dövlətimizin və ordumuzun yanında olan şəxslər idi. Mən o zaman xalqımızdakı əsl vətənpərvərliyi, vətən sevgisini, vətən üçün hər şeyi qurban verməyə hazır olduğumuzu anladım. Məhz Üçoğlan camaatı kimi minlərlə kəndimizin, şəhərlərimizin, ölkəmizin hər diyarından olan qəhrəman xalqın qəhrəman övladları sayəsində Azərbaycan xalqı bütün dünyaya öz birliyini, dövlətə, torpağa, ordumuza sevgisini göstərmiş oldu. Ürəkdən inanıram ki, bu daima belə də olacaq!

 

Xoşbəxtlik

 

Daimi xoşbəxtlik deyə bir şey yoxdur, ani xoşbəxtliklər var bu həyatda: anidən yaşanan, anidən gələn xoşbəxtliklər. Sevdiyin mahnı səslənər, özünü xoşbəxt hiss edərsən, universitetə qəbul olub xoşbəxt olarsanya hansısa bir yeməyi yeyərkən özünü xoşbəxt hiss edə bilərsən. Amma 5 dəqiqə sonra o mahnı bitər, təhsildən bezib peşman ola bilərsən, yeməyi bitirib yenə olduğu kimi gününə davam edərsən. Bunlar sadə misallardı, amma bir o qədər də tutarlı, keçərlidir.

Bu həyatda ani xoşbəxtliklərdən qaçmaq düzgün deyil, məncə. Daimi xoşbəxtlik axtarışı İskəndərin "Xoşbəxtlər ölkəsi" tapmasına bənzər, bu isə sadəcə qələmin ucundan vərəqlərə tökülən mürəkkəblərdə olur. Odur ki, gərək bu qısa həyatı ani xoşbəxtliklərlə yaşamağı bacaraq, həyatı anilərlə bəzəməyi öyrənək, çünki biz sabahımızı bilməyən insanlarıq.

 

Emin Azəri

 

525-ci qəzet.- 2022.- 19 oktyabr.- S.13.