"Müharibə ilə bağlı filmlərə böyük vəsait lazımdır"

 

Xalq artisti Məmməd Səfa: "İllər keçir, adam sonra baxıb düşünür ki, kaş bunu elə yox, belə edəydim"

 

Müsahibimiz  Xalq artisti Məmməd Səfadır. Uzaqdan qıvrım saçlarını görəndə "Ovsunçu" filmindəki "Qıvrımsaç" rolunu xatırlayıram. Düzdür, indi o saçlar seyrəlib, rəngi ağarıb, amma üzündəki zəhm həminkidir.  Niyəsini bilmirəm, o rolun məndə yeri başqadır. Bəs görəsən, onun özü üçün bir başqa olan rol varmı? Söhbətimizə elə bu sualla başlayırıq.

- Sizin üçün bir başqa olan rolunuz varmı?

- Əvvəla, mən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Allah onların əzizlərinə səbr, dözüm versin. Allah qazilərimizə də cansağlığı versin. Biz çox tarixi anlar yaşayırıq. Elə hadisələr baş verdi ki, mən şəxsən hələ onların qiymətini verə bilmirəm. Buna görə ordumuza, Ali Baş Komandana borcluyuq. Allah ordumuza güc versin.

Sualınıza gəldikdə isə mənim üçün rollarımın heç bir fərqi yoxdur. Mən fərq qoya bilmirəm. Hər rolda edə bilmədiyim şeylər var. İllər keçir adam sonra baxıb düşünür ki, kaş bunu elə yox, belə edəydim. Ancaq bu, kinoda mümkün olan şey deyil, kino bir dəfə çəkilir. Teatrda isə canlı sənət olduğuna görə yenidən qayıtmaq, yenidən başqa bir ab-havada başqa yeniliklər gətirmək mümkündür. Ona görə də bütün diqqətini toplamalı və elə bir iş ortaya qoymalısan ki, sonra səndə peşmanlıq olmasın.

- Onda dolayısı ilə teatr, yoxsa kino sualının cavabını verdiniz.

- Ümumiyyətlə, teatr və kino tamam başqa peşələrdir.

- Amma ikisində də aktyor var.

- Birində canlı aktyor, tamaşaçı ilə ünsiyyət var. Biri isə incəsənətin tamam başqa növüdür. İkisini də vacib hesab edirəm. Hətta deyərdim ki, kino hardasa teatrdan da indiki halda daha vacibdir.

- Niyə?

- Məsələn, indi bizim qalibiyyətimizi dünyaya çatdırmaq üçün kinonun auditoriyası daha geniş, imkanları daha böyükdür.

- Hazırkı kinomuz bu həqiqətləri dünyaya çatdıra bilir ki, məgər?

- Bunun bəlkə də, hansısa səbəbləri var, mən bilmirəm. Amma mən bir şeyi dəqiq bilirəm ki, hansısa gözəl bir filmi ortaya qoymaq üçün böyük maliyyə vəsaiti olmalıdır və peşəkar insanlar ora toplanmalıdır. Müharibə ilə bağlı filmlərə böyük vəsait lazımdır və bütün vəsait filmə sərf olunmalıdır.

- Böyük vəsait tələb edən döyüş səhnələri tutaq ki, çəkildi. Bəs döyüşənlər necə? Onları da hardansa gətirəcəklər?

- Mən hesab edirəm ki, bizim çox gözəl aktyorlarımız, rejissorlarımız var. Mən hazırkı vəziyyəti qənaətbəxş hesab edirəm, ümumiyyətlə, bizim aktyor sarıdan heç vaxt qıtlığımız olmayıb.

- Həmişə düşünmüşəm ki, siz silaha yaraşırsınız, üzünüzdəki zəhm ciddi rollarınıza xüsusi rəng verir. Məsələn, mən sizi komik rolda heç təsəvvür edə bilmirəm.

- O sizə elə gəlir. Mən tamaşalarda komik rol oynamışam. Kinoda da komik rol oynaya bilərəm. Hətta deyərdim ki, bu günə qədər oynadığım rollardan da yaxşı oynayaram. Komediya ciddilikdən doğan bir şeydir. Məndə bunu qarşı tərəf görməli, qarşı tərəf duymalıdır. Tamaşanın, filmin sahibi rejissordur. Əgər görmürlərsə, bu, onların problemidir.

- Bir tamaşaçı kimi şəxsən mən də sizi elə görə bilmirəm.

- Bu da artıq sizin probleminizdir.

- Bildiyim qədərilə sizdən imtahanı Adil İsgəndərov götürüb. Deyəsən, o da ilk başda sizin xarakterinizi tam görə bilməyib. Buna görə heç incimisiniz ondan?

- Əvvəl hirsim var idi Adil müəllimə. Allah ona rəhmət eləsin. Deməli, o vaxt  sənədlərimi İncəsənət İnstitutunun Teatr və kino aktyorluğu fakültəsinə verdim. Qabiliyyət imtahanını Adil İsgəndərov götürürdü. Adil müəllim mənə dörd dənə üç yazmışdı. İmtahandan sonra heç vaxt Adil müəllimlə qarşılaşmadım. Yadımdadır, otağa çağırıb dedi ki, qada, gəl, qada, etüdü göstər, qada, şeiri de. Özü də gözləri yumulu idi, heç mənə baxmırdı. Sonra dedi ki, çıx çöldə gözlə, sənə deyərlər. Kəsdi məni, dörd dənə üç yazmışdı (gülümsünür).

- Bu üçlərə görə neçə il itirdiniz?

- Bu qiymət illərimi almadı, əksinə, illərimi mənə qaytardı. Çünki mən orta məktəbi bitirib gəlmişdim, beləcə konkursa düşdüm, gedib Mədəni Maarif Texnikumunda oxudum, orda üç ilim getdi. Üç ildən sonra qəbul oldum. Ali məktəbə imtahan verdiyim uşaqlar dördüncü kursda olanda mən birinci kursda oxuyurdum. Onların diplom tamaşasında oynamışdım.

- Nə yaxşı o üç ildə həvəs ölmədi?

- Bilmirəm. Yəqin ki, peşəyə sevgidən irəli gəlirdi. Mənim ailəmdə, nəslində heç vaxt kimsə bu peşə ilə bağlı olmayıb ki, deyim ki, ona baxdım, sevgimi qoruyub saxladım.

- Siz həm də peşə bəxtinə inanan adamlardansınız.

- İnanıram. Xüsusilə də aktyor sənətini mən həmişə bəxtə bağlayıram. Allah-təala sənə bütün imkanları verə bilər - boy-buxun, yaraşıq, istedad. Yaxşı sənə bəxt verməsə neyniyəcəksən?

- Axı çox şey həm də insanın öz əlindədir.

- Mənə elə gəlir ki, öz əlində deyil. Təbii ki, sən işləməlisən, öz üzərində çalışmalısan. Amma o rol da sənə qismət olmalıdır. O qədər aktyorlar var ki, həmin bəxti tale onlara yetirməyib.

- Məsələn?

- Ad çəkmək istəmirəm.

- Məmməd Səfa adı var onların içində?

- Mənim də içimdə düşündüklərim, istədiyim rollar var ki, hələ qarşıma çıxmayıb. Mən hesab eləmirəm ki, mənim peşə bəxtim gətirib.

- Sizin xarakterinizi açmaq həmişə mənə çətin gəlib. Kənardan çox ölçülü-biçili adam kimi görünürsünüz.

- Mən görünmürəm, mən eləyəm. Axı məsuliyyətimi hiss edirəm. Mən dəyərlərə çox bağlı adamam, adət-ənənələrimizə, yazılmayan qanunlara çox bağlıyam.

- O adətlərin içərisində pislər də var amma.

- Pislə mənim nə işim? Hər yerdə pis də var, yaxşı da var. Yaxşını götürək də. Məsələn, adətlərimizin içində pis hansı var?

- Elə adətlər var ki, insanı özü olmağa qoymur.

- Məsələn, o hansı adətdir ki, məni özüm olmağa qoymur?

- Məsələn, siz qadın olsaydınız, o adətlər sizə bəzi baş rolları oymağa qoymayacaqdı.

- Elə yerdən vurdunuz ki (gülümsəyir). Hər şey ondan ibarət deyil axı. Məsələn, menyuda çox şeylər var. Elə şey var ki, onun olmamağı mənim üçün əhəmiyyətli deyil, onun olmamağı böyük bir fərq yaratmır. Vacibdirmi bu olsun? Məqamlar var ki, onu gözə soxmaq, önə çəkmək lazım deyil. Bəlkə daha qiymətli məqamlara üstünlük verək?

- Bəs sənət həyatın hər üzünə işıq tutmaq deyil?

- Biz azərbaycanlıyıq axı. Bizim adətlərimiz var, onları poza bilmərik. Qadın-qız bizim başımızın tacıdır.

- Qızınız var?

- Bəli, var.

- Qızınız hansı peşə ilə məşğuldur?

- Qızım Bakı Dövlət Universitetində tarix üzrə magistratura təhsili alır, oğlum isə Texniki Universitetdə silah sistemləri mühəndisliyi üzrə oxuyur.

- Onları bu sənətə gəlməyə siz qoymadınız, yoxsa özləri istəmədi?

- Həm mən qoymadım,  həm də özləri istəmədi.

- Daha çox hansı?

- Əgər mən imkan versəydim, oğlum gələrdi, mən imkan vermədim, düşündüm ki, bundan da önəmli peşələr var.

- Məgər aktyor sənəti önəmsiz peşədir?

- Yox, yəni dedim ki, bu önəmli peşə ilə mən məşğul oluram, sən başqa bir önəmli  peşə ilə məşğul ol. Aktyorluq çətin peşədir, çətin sənətdir. Sən ömrünü bura həsr edirsən, bir də anlayırsan ki, ömür getdi, nəticə yoxdur. Aktyor peşəsində hələ-hələ nəticə ortaya gəlmir. Bu da bir bəxtdir. Mən o uşağı bəxti ilə üz-üzə qoyummu?

- Bu suala cavab vermək çətindir... Bu gün siz həm də pedaqoji fəaliyyətlə məşğulsunuz. Pedaqoji fəaliyyət sizə yaradıcılıqda mane olmur ki?

- Pedaqoji fəaliyyət mənə heç vaxt mane olmayıb. Əksinə. Çünki mən özüm də böyük müəllimlərdən dərs almışam. Həmişə demişəm ki, müəllimi yaşadan onun tələbələridir.

- Necə ki siz Vaqif İbrahimoğlunun yolunun layiqli davamçısı kimi hələ də YUĞ Teatrındasınız.

- Mən otuz ildən çoxdur ki, o teatrla bağlıyam. Bu da bir taledir, qismətdir. İnstitutu qurtarandan sonra Vaqif müəllimlə görüşəsi, bir yerdə işləyəsi olduq. Allah müəllimə rəhmət eləsin. Sizcə, biz bir-birimizi başa düşməsəydik, uzun illər bir yerdə işləyə bilərdik? Otuz il bir yerdə qalmaq, işləmək... Otuz il az müddət deyil, ömrün yarısı deməkdir, bir igidin ömrüdür.

- Təəssüf ki, bu igid ömür qəriblikdə keçir. YUĞ Teatrının binası problemi öz həllini tapmır ki, tapmır.

- Teatrın öz binası olmalıdır. Rəşad müəllim sağ olsun, Kukla Teatrında şərait yaradıb, amma biz onlara da problem yaradırıq, böyük kollektivdir, biz özümüz də o darısqal yerdə istədiyimizi edə bilmirik. Çox gözəl olardı ki, teatrın müstəqil binası olaydı.

- Sizi seriallarda görmürük. Bunun nəsə xüsusi səbəbi var yoxsa?

- Serial janrı çox çətindir, böyük güc tələb edir. Mən ssenarini bütöv şəkildə oxumasam, əvvəldən axıra edəcəyim işin sujet xəttini görməsəm, işləmək çətin olur. Hər şey ipdən asılı vəziyyətdə qalır. Bəlkə də ona görədir ki, mən bu janrdan kənar gəzirəm. Ola bilər ki, nə vaxtsa mən də hansısa bir serialda işləyərəm. Yaşayarıq, görərik.

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2022.- 19 oktyabr.- S.8.