XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından

 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri əsərlərindən nümunələri, "XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından" rubrikası altında, dəyərli "525-ci qəzet" vasitəsilə diqqətinizə çatdırırıq.

 

Mirzə Məhəmməd Katib

 

Həm klassik və həm də aşıq şeiri üslubunda şeirlər yazan istedadlı şair və gözəl xəttat Mirzə Məhəmməd Məşədi Bayram oğlu Katib 1833-cü ildə Şuşanın Çuxur məhləsində anadan olmuşilk təhsilini də orada almışdı. Təbiətcə son dərəcə mehriban və səmimi olan şairin çoxlu dostları varmış. Onların sırasında böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə ilə dostluğu xüsusi önəm təşkil edir. Axundzadə Şuşada ezamiyyətdə olarkən Katibin əsərləri ilə tanış olmuş, hətta onu Tiflisdə təşkil edəcəyi "Məclisi-xas"a da dəvət etmişdi. O həmçinin, Katibdən əsərlərini toplayıb nəşr etdirmək üçün ona göndərməsini də xahiş etmişdi. Lakin Katib tufanlı bir gündə Kür çayını keçən zaman içərisində şeir dəftəri olan xurcunu suya düşüb axdığı üçün Axundzadəyə verdiyi vədi yerinə yetirə bilməmiş və ona bir neçə şeir göndərməklə kifayətlənmişdi. Şair 1888-ci ildə Şuşada vəfat edib.

"Məclisi-fərəmuşan"ın fəal üzvlərindən olan Mirzə Məhəmməd Katibin əsərlərinin az bir qismi gəlib bizə çatıb. Şairin əsərləri 2004-cü ildə nəşr olunub (Mirzə Məhəmməd Katib. Şeirlər. B.2004. Tərtib edən və nəşrə hazırlayan Samirə Gəncəli.) Buradakı şeirlər həmin kitabdan götürülüb.

 

Raqub KƏRİMOV Filologiya üzrə elmlər doktoru,

professor

 

525-ci qəzet.- 2022.- 20 oktyabr.- S.15.