Qəzəllər

 

 

Zülfi-kəcəbru düşübdür mahi-taban üstünə,

Ya ki kafir tiğ çəkmiş əhli-iman üstünə.

 

Könlümü yıxmış sərasər ləşkəri-möhnət hənuz,

Gündə yüz kəz üz qoyar bir böylə viran üstünə.

 

Cismi-zarım əşk seylabında sərgərdan gəzər,

Çün xəsü xaşak düşmüş bəhri-ümman üstünə.

 

Aşiqi bülbül kimi əfqana mötad eylədin,

Üzdə xalın zağ tək düşmüş gülüstan üstünə.

 

Vədəyi-vəsl eyləmiş dilbər, peşiman olmaya,

Müstəhəqqəm, nola İsa gəlsə, peyman üstünə.

 

Hər tərəfdən zülm qıldın, ey fələk, yetər bəla,

Bunca yağdırdın bu Katibtək pərişan üstünə.

 

lll

 

Mahdır bu, ya mələk, ya huri-zibadır, nədir?

Pərtövi-hüsni günəştək aləmaradır, nədir?

 

Zülfdür, ya aşiqi-divanəyə zəncirdir,

Şövqdür bu, ya mənim başımda sevdadır, nədir?

 

Nöqteyi-mövhumdur, ya çeşmeyi-abi-həyat,

Ya dəhəndir mimvəş, ya sirri-ixfadır, nədir?

 

Qəmzədir, ya fitnədir, ya can alan cəlladır,

Ya ki üşşaq əhlinin qətlinə imadır, nədir?

 

Bu necə göz yaşıdır, qərq eyləyibdir aləmi,

Gül üzündən ayrı cuş etmiş bu dəryadır, nədir?

Dindirib lütfiylə eşq əhlini ehya eyləmiş,

Bu, xoş məhbubdur, sani Məsihadır, nədir?

 

Şövqi-zülfin, ey pəri, aləmdə rüsva eylədi

Katibi hər kim görər, der kim, bu şeydadır, nədir?

 

 

Qoşma

 

Sevdiyim, sən məndən üz döndərmisən,

demişəm qəlbin mükəddər olsun.

Şöleyi-ahımdan könül sarayın

Oda yansın, mənə bərabər olsun.

 

Gecə-gündüz sənsən fikrim, xəyalım,

olur bəzmində, səndən kam alım.

İnsafın yox, mürvətin yox, a zalım,

Səbr eləmək məndə qədər olsun?

 

Aşiq deyil camalına uymayan,

Nədən doyar didarından doymayan?

Sevdiyim qapına məni qoymayan

Görüm mənim kimi dərbədər olsun.

 

Qurban olum dilinə, dodağına,

Baş əgərəm qaşlarının tağına.

Hansı gecə baxsam tər buxağına,

İstəmərəm o gecə səhər olsun.

 

Katibəm, uymuşam bir bivəfaya,

Ömrümü vermişəm badi-fənaya.

Görən, bu dünyada mən binəvaya

Kim qarqadı yarın sitəmkər olsun.

 

Mirzə Məhəmməd Katib

 

525-ci qəzet.- 2022.- 20 oktyabr.- S.15.