Qəzəllər

 

 

Çəkmə, ey dil, bu qədər möhnəti-əyyam əbəs,

Olmuş aləmdə yolun təng əbəs, nam əbəs.

 

Olur asudə bu əyyamda gümnam olan,

Sahibi-nam olan kəs olur bədnam əbəs.

 

Əvəz yad edüb sağəri-çeşmim pürxun,

Vermədi saqiyi-dövran bana bir cam əbəs.

 

Əvəzi-şiri-qəza xuni-cigərdən daim,

Almış ağuşə, verir madəri-əyyam əbəs.

 

Görmədim milləti-islamda bir kəs salim,

Verməsün xəlqi özünə nisbəti-islam əbəs.

 

Dami-təzvir edib xirqəvü əmmamə, rida,

Bəsdür, ey şeyx, dəxi qurmaginən dam əbəs.

 

Mərifət kəsb eylə, ilət odi məxluqə, Məmai,

Gəlməyib həzrəti-insanə bu əhkam əbəs.

 

lll

 

Hər dəm düşəndə səfhəyi-rüxsarə tellərin,

Yandırdı, ey sənəm, bəni o dəmdə tellərin.

 

 

Tel-tel açanda həlqeyi-zülfi-muənbəri,

Səd parə qıldı könlümü sədparə tellərin.

 

Ömrüm yetişdi başa, əlim zülfə yetmədi,

Axırda bağladı bəni bir tare tellərin.

 

Ney, tar, zülf rişteyi-canımdurur mənim,

Qılmış cəbinin üzrə onu parə tellərin.

 

Bir dəm kənar olmadı ol məhcəmaldən,

Olmuş hicab arizi-gülnarə tellərin.

 

Salmış kəməndə tir-kaman ilə, oxlayır,

Şəhla gözün, hilal qaşın, qarə tellərin.

 

Etmiş əsirə silsiləyi-zülfi-pürxəmə,

Məcnunsifət çəkib məni bazarə tellərin.

 

Cana, Məmai dərdinə dərman bulunmadı,

Ey kaş, edəydi dərdinə bir çarə tellərin.

 

Qoşma

 

 

Əmrin qapısına dadə gəlmişəm,

Əzəl məni ol Xudayə bağışla!

 

Hər günah ki desən, günahkarıyam,

Kərbəlayi-müəllayə bağışla!

 

 

Biçarə, binəva günahkar canım,

Əgər ki, öldürsən halaldır qanım.

 

Gəlmişəm qapına, eylə divanım,

Məhəmmədi-Mustafayə bağışla!

 

Bən gəlmişəm ocağına bəndivan,

Bənim sağlığıma heç yoxdur güman,

Saxla dul külfətim, əhlü-əyalım,

Çəkdiyin əmmi Rəsayə bağışla!

 

Gecə-gündüz sənsən fikrü xəyalım,

Sənə qurban mənim bu yazıq canım.

Dolandım başına, eylə qurbanım,

İsmayıla Minayə bağışla!

 

Allah, görən ağa gəldimi rayə?

Rəhm eylərmi məni-binəvayə?

Canım qurban olsun təkcə şəhlayə,

O Musayə, o İsayə bağışla!

 

Əzəldən var idi mehrü məhəbbət,

Hamısını eyləmişəm bihörmət,

İlləti bu işdən eylə azad,

Yenə xaki-Kərbəlayə bağışla!

 

 

Məmo bəy Məmai

 

525-ci qəzet.- 2022.- 20 oktyabr.- S.15.