Mədəniyyət sahəsindəki islahatların uğurla nəticələnməsinə çalışırıq

 

Müsahibimiz Kürdəmir Regional Mədəniyyət idarəsinin rəisi Faiq Xudanlıdir

- Faiq müəllim, Azərbaycan Prezidenti tərəfindən bu il "Şuşa İli" elan edilib. Kürdəmir Regional Mədəniyyət İdarəsi olaraq bununla əlaqədar hansı tədbirləri həyata keçirirsiniz?

- Vətən müharibəsindəki qələbəmizdən sonra cənab Prezidentin 2022-ci ili "Şuşa İli" elan etməsi hamımızda xoş təəssürat yaratdı. Çalışırıq ki, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirək. Mədəniyyət naziri cənab Anar Kərimovun müvafiq tapşırıqlarına və Mədəniyyət Nazirliyi tərəfindən Sərəncamın icrasının təmin edilməsi ilə bağlı hazırlanmış Tədbirlər Planına uyğun olaraq "Şuşa İli" ilə bağlı illik iş planı tərəfimizdən hazırlanıb icra olunmaqdadır. İlin sonuna kimi Mədəniyyət Nazirliyinin müəyyən etdiyi proqram əsasında işlərimizə davam edirik. Onu qeyd edim ki, Regional İdarənin əhatə etdiyi bölgələrdəki müəssisələrimiz il ərzində ardıcıl müxtəlif tədbirlər həyata keçirir. Konkret olaraq bəzi nümunələrin adlarını çəkə bilərik. Məsələn, bu il Qarabağ ocağı ansamblının fəaliyyətini yenidən bərpa etməyə nail olduq, ansamblın davamlı fəaliyyət göstəriməsi üçün iş aparılır. Bəzi çətinliklərimiz var. İnşallah öhtəsindən gələrik. Bildirim ki, 1960-cı illərdə yaradılmış bu ansambl 1989-cı ildə əsası qoyulan Xarıbülbül festivalının ilk rəsmi açılışını edən musiqi kollektivlərindən biridir.

Dövlətimizin başçısı bu il həmçinin Xurşidbanu Natəvanın 190, Fikrət Əmirovun 100 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncamlar imzalayıb. Regionlardakı kitabxanalarda, mədəniyyət mərkəzlərində Natəvanın ədəbi-mədəni irsinin tanıdılması, musiqi məktəblərimizdə Fikrət Əmirovun musiqilərinin təbliği məqsədi ilə bir çox tədbirlər baş tutub. Məsələn, Beyləqanda keçirilən Natəvanın lirik poeziyası adlı ədəbi-bədii gecə, Füzuli rayon Muğam Mərkəzində Fikrət Əmirov haqqında film nümayişini, məktəblərimizin müəllim və şagirdlərinin ifasında bəstəkarın repertuarından musiqilərin səsləndirilməsini xüsusi vurğulamaq istərdim. Tədbirlər planımız müxlətif konseptləri özündə əks etdirir. "Şuşa zəfəri: dünənimiz, bu günümüz" adlı tədbirdə döyüşçü-fotoqraf Nurəhməd Vəliyevin Qarabağ müharibəsində çəkdiyi fotoların sərgisi ictimaiyyət tərəfindən maraqla qarşılandı. Dövrün bütün mənzərəsini özündə əks etdirən foto-sərgidə Birinci Qarabağ müharibəsində Füzuli uğrunda gedən döyüşlərə aid yüzdən çox foto nümayiş olunurdu. Şuşa ili çərçivəsində keçirilən bu tədbirdə 1989-cu ildə keçirilən ilk Xarıbülbül festivalının iştirakçısı olan gözəl sənətkarımız Təşkilat Nəsirov dəvət olunmasını, eyni zamanda belə bir tədbirin məhz Horadiz şəhərində avqust ayının sonuna Füzulinin işğalı günün seçilməsinin önəmini vurğulamaq istərdim. İşğala son qoyulub. Ali Baş Komandanın dönməz iradəsi, əzmi və dövlətçilik siyasəti, şəhidlərimizin qanı, qazilərimizin canı, ordumuzun rəşadəti, xalqımızın birliyi ilə bu gün Qarabağımız azaddır. Qarabağımızın azadlığına gedən yol, hələ 1994-cü ildə Ulu Öndərin rəhbərliyi ilə Horadiz əməliyyatından başladığı düşüncəsindəyəm. Bu layihə ilə həm işğala son qoyulmasını vurğulamaq, həm də keçmişlə bu gün arasında mənəvi və mədəni körpü yaratmaq istədik.

Bildiyiniz kimi 2023-cü ildə müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyidir. Cənab Prezident 2023-cü ili Heydər Əliyev İli elan etdi. 1994-cü ildə umummilli liderimiz Füziliyə, Horadizə gəlmişdir. Onun bu səfəri mühim tarixi addım idi. İdarənin əhatə etdiyi dörd rayonda Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər Ulu Öndərin irsinin tədqiqi, təbliği ilə məşğul olurlar. 2023-cü ildə Heydər Əliyev Mərkəzlərinin daha da şövqlə işləyəcəklərini düşünürəm. Regional İdarə olaraq ənənəvi şəkildə Ulu Öndərin anadan olması münasibəti ilə müxtəlif müsabiqələr, layihələr keçirilir. 2023-cü il bu mənada fərqlənəcəyi, daha yadda qalan işlərin görüləcəyinə əminəm. İndidən müəyyən etdiyimiz layihələrimiz var.

- İl ərzində həyata keçirdiyiniz Xor müsabiqəsi və nəşr etdiyiniz kitablar maraqla qarşılandı.

- Regional Xor Müsabiqəsi və Şuşa İlinə həsr olunmuş kitabların nəşri ilin ən yadda qalan tədbirləri oldu.

- Əvvəlcə xor müsabiqəsi haqqında fikrilərinizi eşitmək maraqlı olardı.

- Regional Xor Müsabiqəsi Anadır arzulara hər zaman Qarabağ devizi ilə həyata keçirildi. Zəfər qələbəmizin təntənəsinin yaşadılması, uşaq və gənclərin vətənpərvərlik ruhunun yüksədilməsi məqsədilə müsabiqə Füzuli rayonunda və Xocavənd qəsəbəsində keçirildi. Müsabiqədə Regional İdarənin tabeliyində fəaliyyət göstərən 18 uşaq musiqi, incəsənət məktəbindən 14 xor kollektivi iştirak etdi, xor kollektivləri tərəfindən 53 əsər ifa olundu. Xor müsabiqələrinin keçirilməsi səbəbsiz deyildi. Xor kollektivi məktəbin tədris keyfiyyətinin, şagirdlərin məktəbə davamiyyətinin, sadəcə ixtisas fənlərinin deyil, nəzəri və qrup dərslərinin tədrisinin əsas göstəricisidir. Qısacası, məktəbin xor kollektivi uşaq musiqi və incəsənət məktəbi sisteminin mühərrikidir. Müsabiqəninin önəmini artıran digər məsələ isə respublikamızın tanınmış musiqiçilərinin münsif olmasıydı. Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru, Xalq artisti Gülbacı İmanova, Dövlət Uşaq Filarmoniyasının direktoru, əməkdar incəsənət xadimi Dilarə Əliyeva və Üzeyir Hacıbəyli adına Bakı Dövlət Musiqi Akademiyasının xor dirijoru kafedrasının müəllimi Aysel Əsədova münsiflər heyətində təmsil olunmuşdular. Həmçinin əməkdar artist, xanəndə Qoçaq Əsgərov, xalq artisti, tarzən Elçin Həşimov, əməkdar artist Firuz Səxavət, tanınmış xanəndə Eldəniz Məmmədov kimi fəxri qonaqlar da müsabiqədə iştirak etdilər. Görkəmli sənət adamlarının regionda olması paytaxt ilə bölgələr arasında bağların qurulmasında önəmli faktordur. Adlarını çəkdiyim peşəkar münsiflər qarşısında çıxış etmək həm şagirdlər, həm də müəllimlər üçün bir meyar, ölçü formalaşdırır. Onları gələcəkdə yollarının keçəcəyi böyük səhnələrə, ciddi sənət meydanlarına hazırlayır. Bizim iş istiqamətimizdə bunlar əhəmiyyətli bir yerə sahibdir. Tez-tez ölkənin nüfuzlu yazıçı, şairlərini, musiqiçilərini regiona dəvət etməyimiz məhz bu məqsədə xidmət edir. Bu yaxınlarda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Humanitar Kollecinin müəllim və şagird kollektivi Beyləqanda geniş konsert proqramı ilə çıxış etdi. Beyləqan və Füzuli rayonlarındakı mədəniyyət müəssisələri ilə tanış oldular. Onların hazırladıqları musiqi kompoziyaları, çıxışları əməkdaşlarımızda, şagirdlərimizdə bir stimul yaratdı. Onlar peşəkarlıq nümunəsini gördülər, artıq aşağı səviyyəli konsert proqramları onların marağını çəkməyəcək, çünki istinad edəcəkləri yaxşı nümunə var. Biz çalışırıq ki, İdarənin əhatə etdiyi beş rayonda yaxşı nümunələri göstərək, təbliğ edək. Bütün bunların effektiv nəticələri olduğunu iş təcrübəmizdən müşahidə edirik.

- Bu yaxınlarda mətbuatda gedən xəbərə görə nəşr etdiyiniz kitablardan biri Vətən müharibəsi şəhidi haqqında xatirə kitabıdır.

- Bəli, doğru qeyd etdiniz. Zəfərin Amili kitabı 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Amil Hüseynovun həyatından, əslində isə bütün şəhidlərin, müharibə iştirakçılarının və müharibə zamanı onları gözləyənlərin duyğularından, yaşantılarından bəhs edir. Şəhidin həyat yoldaşı Xalisə xanım mədəniyyət işçisidir. Hazırda Füzuli rayon Tarix-diyarşünaslıq muzeyində işləyir. Onunla tədbirlərin birində tanış olmuşdum. Daha sonra ondan həyat yoldaşı haqqında bir xatirə kitabı yazmasını xahiş etdim. O da çox gözəl bir xatirə kitabı qələmə aldı. Sevinirəm ki, kitab ciddi ədəbiyyat adamları, oxucular tərəfindən rəğbətlə qarşılandı. Seyran Səxavət, Elçin Hüseynbəyli, Xəyal Rza, Fərid Hüseyn, Ramil Əhməd kimi qələm adamları dövri mətbuatda, sosial şəbəkədə kitab haqqında müsbət yazılar yazdılar. Kitabın müəllifi müxtəlif televiziya proqramlarına müsahibəyə çağırılır. Bu, bizim işimizin uğurlu nəticəsidir.

- Kitabda heç bir şəkil yoxdur, müəllifin də, əsərin də adı ilk baxışda spesifik məlumat vermir. Bu xüsusi olaraq düşünülümşdü?

- Kitab bir şəhidin timsalında bütün şəhidlərin həyatından bəhs edir. Əsərin qəhrəmanı Amil bir simvoldur, bütün şəhidlərimizi təmsil edir. Kitabın müəllifi də bir nəfər deyil, bütün Azərbaycan qadınıdır. Kitabın müəllifi müharibədə döyüşən oğullarımızın yolunu gözləyən analar, bacılar, xanımlardır. Xalisə də, Amil də burada simvoldur. Xalisə qəhrəman qadınların simvolu, Amil isə bizi zəfərə aparan rəşadətli oğullarımızın rəmzidir. Kitabda insanlarımızın Vətən sevgisi hərtərəfli ifadə olunub, məhz həmin detalları düşünəndə bizi Zəfərə aparan amillərin nə olduğunun fərqinə varırsan. Şəhidimiz sonuncu dəfə ailəsi ilə danışanda Şuşadan evə qayıdacağını söyləyib. Şuşa onu döyüşdən döyüşə aparan bir amal, ideal olub. Məncə, bu kitabın Şuşa İlində nəşr olunması da önəmli bir rəmzdir.

- Vətən müharibəsindən söz düşmüşkən bu istiqamətdə görülən işlər haqqında nə demək istərdiniz?

- 2020-ci ilin sentyabrından hamımızın ən ümdə vəzifəsi müharibə iştirakçıları, şəhidlərimiz və onların ailə üzvləri ilə yaxından maraqlanmaqdır. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi məqsədi ilə uşaq musiqi, incəsənət məktəblərində dərs otaqlarına, kitabxanalarda oxu zallarına, rəsm qalereyalarında sərgi salonlarına və digər guşələrə onların adları verilir. Əsas məqsədimiz şəhidlərimizi fəxarətlə yad etmək, yaşatmaq və təbliğ etməkdir. Şəhid ailələrinin evlərinə baş çəkmək də gündəlik fəaliyyətimizin tərkib hissəsidir. Şəhid ailəsinin üzvü, Vətən müharibəsi iştirakçısı, qazilərin mədəniyyət müəssisələrində uyğun vakant vəzifələrə təyin edilməsində də bir sıra addımlar atmışıq. Şəhid ailələri və qazilərimizə qayğı bundan sonra da diqqətdə saxlanılacaq. Onu da deyim ki, bu yaxınlarda kitabxanalarda müharibə iştirakçıları, şəhid və qazilərin övladları üçün Mən dünyanı oxuyuram adı layihəyə start vermişik. Məqsəd uşaqların yaşadıqları çətin mərhələlərdə onlara psixoloji, mənəvi dəstək olmaqdır.

- Nəşr olunan digər kitabın şeirlər toplusu olmasının xüsusi bir mənası varmı?

- Regional İdarə olaraq regionda yaşayan, fəaliyyət göstərən yaradıcı gənclərin inkişafı, tanıdılması, əsərlərinin nəşrinə dəstək məsələlərini diqqətdə saxlayırıq. Ötən il gənc qələm adamlarının üzə çıxarılması, onlara dəstək göstərilməsi məqsədi ilə Azərbaycan Yazıçılar Birliyi ilə birlikdə Kür ədəbi məclisi yaratdıq. Həmin ədəbi məclisdə gənc yazar Aygün Bayramlının şeirləri özünəməxsusluğu ilə diqqəti cəlb etmişdi. Gənc müəllifə dəstək olmaq üçün kitabını nəşr etmək qərarına gəldik. Onun Yeni bir səhər kitabındakı şeirləri Zəfər yolu, Səni gözləyirəm və Bu gün yeni bir səhər başlıqları altında toplandı. Onu da qeyd edim ki, hər iki kitab müəlliflərin ilk kitablarıdır. Kitabların Azərbaycan Yazçılar Birliyində təqdimatının keçirilməsini ciddi uğur hesab edirəm. Həmçinin Zəfərin Amili kitabının VIII Bakı Beynəlxalq Kitab Sərgisində təqdimatını keçirdik. Hər bir yaradıcı adam üçün ilk addımların xüsusi önəmi var. Düşünürəm ki, bu layihə gənc istedadlı mədəniyyət adamlarının bundan sonrakı uğurlarının əsas istinad nöqtəsi olacaq. Zəfərin Amili və Yeni bir səhər həm ad, həm mövzu, konsept olaraq bir-birlərini çox yaxşı tamamladı. Biz böyük bir Zəfər qazandıq və xalqımız üçün işıqlı bir səhər açıldı. Bu günəşli səhərin açılması Amillərin sayəsində oldu. Onlar qorxmadılar, çəkinmədilər, Vətən sevgisiylə vuruşdular, şəhid oldular, qazi oldular. Tarixi qələbəmizə imza atdılar.

- Regional İdarəyə tabe olan mədəniyyət müəssisələrinin hazırkı vəziyyəti sizi qane edirmi?

- Ötən illə müqayisədə bir çox müsbət irəliləyişlər olub. Ancaq görülən işlərlərlə kifayətlənmirik. Kəndlərdəki mədəniyyət evləri, klub və kitabxanaların maddi-texniki bazası və kadr potensialı bizim həssaslıqla yanaşdığımız məsələlərdən biridir. Müxtəlif vaxtlarda apardığımız monitorinqlər nəticəsində yerlərdəki real vəziyyət bütün şəffaflığı ilə araşdırılıb, öyrənilib. Monitorinqlərin məqsədi mədəniyyət sahəsində sağlamlaşdırma prosesinə təkan verməkdir. Yaradılmış komissiyalar monitorinqlər həyata keçirir. Deyim ki, monitorinqlərin həyata keçirmə prosesi əslində aylar öncəsindən başlanılır. Əvvəlcə, müəssisələrin hazırkı vəziyyəti, keçmişi, bazamızda olan rəsmi sənədləri, hesabatları, kadrların şəxsi işləri öyrənilir. Bir müddət müəssisələr müşahidə edilir. Yerli sakinlərdən daxil olan şikayət və təkliflər araşdırılır. Sonra müəssisənin iş fəaliyyəti, maddi-texniki bazası və orada çalışan kadrların bacarıq və qabiliyyətləri sahənin mütəxəssisləri tərəfindən ciddi təhlil olunur. İdarədə komissiya üzvləri ilə görüşüb arayışı analiz edirik və qərar layihəsi hazırlanır. Müəyyən edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq addımlar atılır. Təkliflərimizi, monitorinq komissiyasının müvafiq arayışlarını Nazirliyə göndəririk. Qısaca desək, mədəniyyət sahəsindəki islahat prosesinin uğurla nəticələnməsi üçün çalışırıq.

- Mədəniyyət sahəsində ən çox narazılıq doğuran sahələrdən biri də musiqi məktəbləridir.

- Mədəniyyətinin inkişafında Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəbləri əvəzsiz rol oynayır. Ölkəmizdə uşaq musiqi təhsilinin dövlət qayğısı ilə əhatələnməsi və pulsuz olması sahəni sosial vəziyyətindən asılı olmayaraq bütün ailələrin uşaqları üçün əlçatan edir. Uşaq musiqi təhsili zamanı milli musiqimizin tarixi köklərinə bağlılıq, klassik və müasir dünya musiqisinin, milli Azərbaycan musiqisinin tədrisi bədii təhsil müəssisələrində şagirdlərin istedad və bacarığının inkişafında müstəsna rol oynayır. Müsiqi məktəblərində bir sıra çatışmazlıqlar da mövcuddur. Kürdəmir Regional Mədəniyyət İdarəsi olaraq bu çatışmazlıqların aradan qaldırılması, şəffaflığın təmin edilməsi istiqamətində ardıcıl iş aparılır. İl ərzində İdarənin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəblərində monitorinqlər aparılaraq təhlil edilmiş və əldə edilən nəticələrə uyğun olaraq müvafiq addımlar atılır. Mühüm problemlərdən sırasında kadr ehtiyatlarının səviyyəsinin kəmiyyət və keyfiyyətcə aşağı olması, ciddi kadr çatışmazlığı, əmək və icra intizamının yetərli olmaması ilə bağlıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, uşaq, incəsənət məktəblərində təhsil könüllülük prinsipinə əsaslanır. Bütün bu kimi məsələlərə kompleks yanaşılmasının tərəftarıyıq.

Qeyd edim ki, məktəblərə müəllimlərin qəbulunda ciddi nöqsanlar mövcud idi. Demək olar heç bir ixtisas təhsili, musiqi biliyi olmayan şəxslər müəllim kimi işə qəbul olunurdu. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri mövcud olmamış deyil. Mədəniyyət naziri cənab Anar Kərimovun tapşırığına uyğun olaraq sahənin şəffaflığın təmin olunması, müasir yanaşmaların tətbiq edilməsi məqsədi ilə nazirliyin müvafiq Fəaliyyət Planı hazırlanmış və icranın təmin edilməsi istiqamətində iş aparılmaqdadır. Fəaliyyət planına uyğun olaraq cənab Nazir tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu qaydaları təsdiq edilmişdir. Beləliklə Mədəniyyət Nazirliyinin bu problemi qısa zamanda, tam şəffaf və ədalətli bir şəkildə aradan qaldırdığını düşünürəm. Artıq müəllimlərin işə qəbulu prosesi test və müsahibə mərhələlərindən ibarət olmaqla müsabiqə qaydasında həyata keçirilir. Savadlı və istedadlı müəllimlər nəticələrinə uyğun olaraq pedaqoji fəaliyyətə başlayırlar. Bu da zəngin musiqimizin tədrisi, gələcək nəsillərə ötürülməsi baxımından müsbət nəticələr verəcək. Məktəblərdə ali təhsilli müəllimlərin sayı azdır, imtahandan keçib gələn müəllimlər hesabına yaxın gələcəkdə bu sahədə ciddi dönüşlər yaranacağına tam əminik. Bəlkə də, qeyd edilən məsələlər çoxlarının diqqətini cəlb etmir. Ancaq bu zamanla köklü islahatların aparıldığının nəticəsidir ki, artıq regionda sistemin sağlamlaşdırırılmasının nəticələrini görməkdəyik. Bir neçə ildən sonra hiss olunacaq nəticələrin əldə edildiyinin isə şahidi olacağıq. Kadrların işə qəbulunda yeni yanaşmarın, şəffaflıq, yeni idarəetmə və nəzarət mexanizmlərinin Nazirlik tərəfindən tətbiqi işimizin keyfiyyətinə müsbət mənada böyük təsir göstərməkdədir. Bu ilk növbədə musiqi məktəblərində özünü göstərir və zamanla effektif mexanizmlərlə yüksək nəticələr əldə edəcəyimizə əminəm.

 

R.ƏHMƏDOV

 

525-ci qəzet.- 2022.- 21 oktyabr.- S.8.