"Sonun əvvəli"

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Bakı Xoreoqrafiya Akademiyasının müəllimi, sənətşünas Sevinc Əliyevadır. Sevinc xanımla rəssam Ağaəli İbrahimovun "Sonun əvvəli" əsəri haqqında danışmışıq.

Ağaəli İbrahimov müasir Azərbaycan təsviri sənətinin tanınmış simalarından biridir. Onun yaradıcılığı mövzu baxımından geniş və çoxşaxəlidir. Rəssam çoxlu sayda tematik məzmunlu əsərlər yaradıb. Onun yaradıcılığında müxtəlif janrlara aid tablolara rast gəlmək mümkündür. Lakin rəssam daha çox fəlsəfi mövzulara müraciət edir. Onun yağlı boya ilə işlədiyi əsərlərdə həyat-ölüm, xeyir-şər, işıq-zülmət qarşılığı güclüdür.

Ağaəli İbrahimovun fəlsəfi dünyagörüşü dini və əxlaqi motivlərlə sıx bağlıdır.

Haqqında danışılan "Sonun əvvəli" tablosu rəssamın dini-fəlsəfi məzmuna malik irihəcmli tablolarından biridir. Ümumiyyətlə, Ağaəli İbrahimov iri ölçülü əsərləri ilə diqqəti cəlb edir. Ölçü, kompozisiya həlli, daşıdığı məna yükü baxımından onun tablolarında monumental əhvali-ruhiyyə üstünlük təşkil edir. Bu fikirləri "Sonun əvvəli" tablosuna da aid etmək olar. 90-cı illərin sonlarında çəkilmiş bu tablo özünəməxsus çoxfiqurlu kompozisiyası və daşıdığı məna yükü ilə diqqəti cəlb edir.

- Rəssamın yaradıcılığına xas xüsusiyyətlər bu əsərdə özünü necə göstərir?

- İlk növbədə əsərin mövzusundan, ideoloji mahiyyətindən, ölçükolorit həllindən söz açmaq lazımdır. "Sonun əvvəli" əsəri rəssamın mələklər təsvir olunmuş digər tabloları kimi, iri ölçülüdür. Rəssam bir çox tablolarında xarizmatik surətləri - mələkləri, peyğəmbərləri təsvir edir. "Sonun əvvəli" də istisna deyil. Kompozisiyanın mərkəzində sanki nurdan xəlq olunmuş mifik obraz diqqəti cəlb edir. Onun ətrafında digər qanadlı mələklər də görünür. Əsərin əsas məzmununu ölümölümsüzlük ideyası təşkil edir. Yer həyatının başa çatması ilə insanın qarşısında səma səltənətinin qapıları açılmış olur. Lakin heç də hamı bu qapılardan rahat keçib gedə bilmir. Kompozisiyanın üst hissəsində görünən nurlu məkan klinik ölüm keçirmiş insanların danışdıqları sonunda işıq görünən qaranlıq tuneli xatırladır.

- Əsərin yaranma tarixçəsi haqqında nə deyə bilərsiniz

- Ağaəli İbrahimov yaradıcılığının bütün dövrlərində fəlsəfi və dini-mifoloji süjetlərə meyl edib. Ötən əsrin 90-cı illərindən etibarən bu mövzu rəssamın yaradıcılığında daha geniş əks olunmağa başlayıb. Onun tablolarında mələklər, dua və tövbə edən insanlar çoxdur. Ekzistensial əhvali-ruhiyyə bu tablolarda özünü aydın göstərir. Lakin "Sonun əvvəli" tablosunda ümidinam nişanələri hiss olunur. Kompozisiyada əllərini açaraq tövbə edən və imdad diləyən insan surətləri görünür. Bu isə ilahi səltənətdə bağışlanmaq, əbədi həyat əldə etmək üçün mənəvi-əxlaqi stimul yaradır. Bu mənada "Sonun əvvəli" tablosunu ruhi sakitliyə, inama yol açan bədii-fəlsəfi əsər kimi dəyərləndirmək olar.

- Əsərin rəng koloriti necədir?

- Əsərin kolorit həllində soyuq göy rənglər üstündür. Bu rənglər ilahi dincliyi, rahatlığı vizual əks etdirmək baxımından daha əlverişlidir. Eyni zamanda, rəssam tablonun kənarlarında tünd-qəhvəyi rəngdən də istifadə edib. Bu, kompozisiyanın mərkəzindəki göy rənglərin optik baxımdan daha yaxşı qavranılmasını təmin edir.

- Əsər hazırda harda saxlanılır?

- Tablo hazırda Bakıda, müəllifin emalatxanasında saxlanılır və ona məxsusdur.

- Bu rəsm bizə nə deyir?

- Bu rəsm insanlara təmkinli olmağı təlqin edir. Biz bəzən çox tələsir, hətta sadə təbiət gözəlliklərinə - aydın, işıqlı səmaya, şövqlə oxuyan quşlara, çiçək ləçəyi üzərindəki şəffaf şeh damcılarına fikir vermirik. Halbuki uca Yaradan bütün bunları insan üçün xəlq edib. Yer həyatı daimi deyil. İnsan uca Yaradanın səltənətinə yollananda özü ilə xoş təəssüratlar aparmalıdır. Bunun üçünsə nəcib, inamlı, şəfqətli olmaq gərəkdir. Yer həyatında mənəvi kamilliyə ucalan insan İlahi səltənətdə əsl səadətə nail olur. Kompozisiyanın ideyasının əsasında bu amil dayanır.

 

 Aytac SAHƏD

 

525-ci qəzet.- 2022.- 22 oktyabr.- S.13.