Bir portretin izi ilə

 

"Əzim Əzimzadənin ömrünün axır günlərində Mircəfər Bağırov ona zəng edib son arzusunu soruşur..."

Özümü dərk edəndən hündür tavanlı evimizin divarından asılmış o portreti gənc yaşlarıma qədər görmüşəm. Hətta deyərdim ki, hər gün onu görə-görə böyümüşəm. Evdəkilərdən portretin kimə aid olduğunu, hansı rəssamın işi olduğunu niyə bizim evdə olduğunu da bilirdim. Amma bilmədiyim o idi ki, həmin portretlə vidalaşmaq kimi bir gün gələcək. Yeni mənzilə bizimlə bərabər gələn portreti divardan asmaq mümkün olmadığını görən atam onu rəssamın ev-muzeyinə vermək qərarına gələndə, heç deyə bilmədim. deyə bilmədiyimə görə bu gün çox peşmanam. Tək ona görə yox, zamanında evimizdən vur-tut iki küçə o tərəfdə yerləşən dahi rəssamın ev-muzeyində olmadığıma görə çox təəssüf edirəm. Amma artıq çox gecdi...

O illər uzaq zaman kəsiyində qalsa da, həmin portreti bir daha görmək kimi bir istək məni rahat buraxmırdı. nəhayət, onun izi ilə həmin Mənzil-Muzeyinə üz tutdum. Hər şeyin əsli, orijinalı ən yüksək yeniliyin fövqündə dayanır. günlərin birində hazırda hündür bir göydələnin birinci mərtəbəsində yerləşən həmin məkana üz tutanda, bunu bir daha anladım. Divara: "Əzim Əzimzadənin Mənzil-Muzeyi" yazılmış lövhə vurulmuşdu. Çünki məhz bu dahi rəssam sərkərdə Səlahəddin Əyyubi Qafqazinin haqqında danışdığım portretini bir zamanlar öz imzası ilə dost münasibətində olduğu babama hədiyyə etmişdi. Gəldiyim bu məkanda isə həmsöhbətim muzeyin direktoru İradə Əzimzadə oldu.

- Söhbətimizə elə muzeylə də başlayaq...

- Hər bir ölkə ərazisinin böyüklüyü ilə dedyil, mədəniyyəti ilə tanınır. Çox istərdim ki, bizim mədəniyyətimizi, muzeylərimizi, xüsusilə ev-muzeylərimizi bütün dünya tanısın. Muzey bizim tariximiz, eyni zamanda gələcəyimizdi. Bu gün bu tarixi yaşatmaq bizə nəsib olubsa, onun davamçıları etibarlı əllərin sahibi olmalıdı. Bu, daha çox yaşadığı dövrü, mühiti özündə qoruyub saxlayan, Azərbaycanın dahi şəxsiyyətlərinin həyatını əhatə edən və bu gün mənzil-muzeylərə çevrilən məkanlara şamil edilməlidi. Çünki bu mənzil-muzeyləri onların varisləri qədər sevən, yaşadan, uğrunda mübarizə aparan, can yandıran başqa bir təbəqə ola bilməz. Mənzil-muzeylərini mən bir nəslin estafeti hesab edirəm və inanıram ki, hələ çox əsrlərə gedib çatacaq. Bunu bir Mənzil-Muzeyinin direktoru olduğum üçün demirəm, sadəcə düşünürəm ki, bu, bir gerçəkliyin görünən üzüdü.

- Onda hamının tanıdığı bir insanın ömür kitabını vərəqləyək..

- Özüadi bir insanın deyil, heç bir təhsili olmadan Azərbaycanda rəssamlıq məktəbinin əsasını qoyan, onun banisi olan, seçilmişlər cərgəsində yer tutan bir insanın. Bakının Novxanı kəndində doğulan Əzim Əzimzadə ailənin yeganə övladı olub. Yaşı çatanda onu molla məktəbinə veriblər. Ona görə ki, o zaman bir müsəlmanın övladını molla məktəbinə göndərməməsi ayıb sayılarmış, həmin ailəyə xor baxarlarmış. Üç gündən sonra Əzimzadə evə gəlib bir daha molla məktəbinə getməyəcəyini bəyan edib. Məlum olub ki, "ə zəbər ə, be zəbər be" söyləmək əvəzinə, 7 yaşlı Əzim şəkil çəkirmiş və molla buna görə onun əllərinə çubuqla vurub. Vəziyyəti belə görən valideynləri kənddə rüsvay olmasınlar deyə, Novxanını tərk edib Bakıya, keçmiş Bir May küçəsində yerləşən bu evə köçür. Bənna olan ata bir otağın sayını artırıb və ailəsini çətinliklə dolandırıb. Əzimzadə Bakıda 4 sinifli rus-tatar məktəbini bitirir. Məktəbdə oxuduğu illərdə direktordan icazə alaraq, keçilən dərsləri rəsmlərdə təsvir etməklə, mövzunu şagirdlərin daha asan qavramasına yardım göstərib. Bu onun yeganə və son təhsili olub. Əvəzində Tanrı ona rəssamlıq kimi fitri bir istedad verir ki, bu da Əzimzadənin həyatda mayakına çevrilir. O, küçədə divarlarda belə şəkillər çəkirdi ki, bunun da sonu valideynlərinə şikayətlə bitirdi həmişə. Onun fitri istedadı təhsili belə kölgədə qoya bilir. Daima öz üzərində işləyən, mütaliə etməkdən usanmayan Ə.Əzimzadə rus, ərəb, fars, fransız dillərini dillərini mükəmməl bilib. Sırf "Qurani-Kərim"i oxumaq üçün ərəb dilini öyrənib. Böyük rəssamlar ordusu yaradıb, Rəssamlıq Məktəbində dərs deyib.

- Rəssam Əzim Əzimzadə..

- Fitri istedadına rəğmən, Əzim Əzimzadə çox sadə bir insan olub. Böyük karikatura ustası olmasına baxmayaraq, ciddi xarakter sahibi idi. Əzimzadə tək karikaturaçı rəssam olmayıb. O, həm portret, həm ornament, həm peyzaj çəkib. Sadəcə olaraq onun karikatura janrında əsərləri çox olduğu üçün Əzimzadə bu yöndə daha məşhurdur. 1927-ci ildə yaradıcılığının 20 illiyi münasibətilə 1200 əsərini Moskvada nümayiş etdirib. Bu gün min əsərini nümayiş etdirən bir rəssam varmı? Moskvadan qayıdandan sonra o, Azərbaycan SSR-nin Xalq artisti adına layiq görülüb. O zaman bu, incəsənət və mədəniyyət sahəsində çalışanlara verilən yeganə fəxri ad idi. Əzimzadə dostluq etməyi sevən, bunu bacaran, qonaqpərvər bir insan idi. Ü.Hacıbəyli, Bülbül, C.Məmmədquluzadə, S.Vurğun, C.Cabbarlı kimi yaradıcı insanlar həmişə bu evin qonağı olub. Onların söhbəti yalnız sənəti əhatə edib. Çünki Ə.Əzimzadə həm səhnə dekorasiyası, həm geyim eskizləri verən rəssam olub. Ondan sonra bu yolu Əzimzadənin tələbələri Bəturə Əfqanlı və Rza Əfqanlı davam edib.

Ə.Əzimzadəni dinə qarşı çıxan bir rəssam da adlandırıblar. Lakin bu, çox yanlış bir fikirdi. Rəssamın fırçası din adından sui-istifadə edənlərə qarşı olub hər zaman. O, karikaturalarında din pərdəsi altında əyyaşlıq əxlaqsızlıq edən axundları, mövhumat cəhaləti yayan mollaları tənqid edib. Əzimzadə namaz əhli olub, iki dəfə Kərbəlanı ziyarət edib. Onun namaz xalçası bu gün muzeydə saxlanılır. Kərbəla məscidinin ornamentini çəkən bir rəssamdı Ə.Əzimzadə. Onun bir deyimi vardı: "Əgər göyə baxıb orda buluddan başqa heç görmürsüzsə, Allahı ürəyinizdə axtarın".

- Əzimzadələr ailəsi...

- Əzimzadə gözəl ailə başçısı olub. Həyat yoldaşı Səriyyə xanımla birlikdə iki qız üç oğlan övladı böyüdüb tərbiyə ediblər. Hər iki qızı ədəbiyyatçı olub. Ortancıl oğlu Həbib atasının yolunu seçib təhsilini ondan alıb. Muzeyi yaradan ilk direktoru da Həbib Əzimzadə olub. Ondan sonra rəssamın qızı Zəhra xanım muzeyə rəhbərlik edib. Hazırda mən nəvə Əzim Əzimzadənin həyat yoldaşı muzeyin üçüncü direktoruyam. Amma rəssamın yolunu bu gün davam etdirən biri var. Nəticəsi Nigar Əzimzadə həm Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, həm Azərbaycan Dövlər Rəssamlıq Akademiyasını bitirib. Hazırda muzeydə baş fond mühafizidir növbəti nəsil estafetini qəbul etməyə real namizəddi. Əzimzadənin hər üç oğlu Böyük Vətən Müharibəsində iştirak edib. Kiçik oğlu Lətif həmin müharibədə həlak olub. Bu ağır xəbəri o, həyat yoldaşından gizlədib Səriyyə xanım ömrünün sonuna qədər oğlunun yolunu gözləyib. Əzimzadə özü oğlunu itirəndən sonra qələmini sındıraraq, rəssamlığa nöqtə qoyur. Ürək xəstəliyi tapan rəssam 1943-cü ildə dünyasını dəyişir.Vəziyyətinin ağır olduğunu bilən M.Bağırov ömrünün axır günlərində ona zəng edib son arzusunu soruşur...

- Çox maraqlı fakt..

- Bəli, Bağırov Ə.Əzimzadə sənətinin vurğunu idi. Müharibənin ilk vaxtlarında Əzimzadə M.Bağırova zəng edərək deyir ki, üç oğlum hazırda müharibədə vuruşur, mən bununla fəxr edirəm. Lakin xahiş edirəm ki, Mikayıl Abdullayevi arxa cəbhədə saxlayasan, çünki o, Azərbaycan xalqına lazımdır. Kasıb bir oğlan olan Mikayıl Abdullayev Əzimzadənin tələbəsi olub və M.Bağırov rəssamın sözünü yerə salmayaraq onu arxada cəbhədə saxlayıb. Və ölüm döşəyində ondan son arzusunu soruşanda Əzimzadə deyir ki, mən oğlanlarımdan birinin çiynində axirət evinə getmək istəyirəm. Rəssamı son istəyinə çatdırmaq üçün Bağırov Kerçdə döyüşən Həbib Əzimzadəni gətizdirsə də, qatar yolda yubandığından o atasının dəfninə çatmır.

- Əzim Əzimzadənin mənzil muzeyi bu gün...

- Muzeyin əsas siması fonddu, ekspozisiyalardı. Əzim Əzimzadənin Mənzil-Muzeyində bu gün 2119 eksponatı saxlanılır. Bu qədər əsəri dörd-beş otağa sığışdırmaq mümkün olmadığından biz hər üç aydan bir ekspozisiyaları dəyişdirik ki, hamısını nümayiş etdirə bilək. Muzeyin ziyarətçiləri çoxdu. Gün ərzində xeyli qonaq qəbul edirik. Rəssamlıq Akademiyasının, UNEC Dizayner Məktəbinin tələbələri muzeyin daimi sakinləridi. Müxtəlif tədbirlər və sərgilərlə öz fəaliyyətlərini nümayış etdirirlər. Muzey maraqlı tədbirlər, açıq qapı günləri keçirir ki, bu da gənclərin, yetişməkdə olan nəslin marağına səbəb olur. Burda qorunan rəssamın sənət əsərləri, əşyalar hər biri özündə bir tarix yaşadır. Və muzeyi görməyə gələn hər bir kəs seyr etdiklərini dərk etdikcə, qiymətli bir irsin şahidi olur. Muzeyin əcnəbi qonaqları da çox olur. Əgər əvvəllər biz əraziləri işğal altında olan bir xalqın nümayəndələri idiksə, bu gün onları başı uca, dünyaya meydan oxuyan, özünü sübut edən bir millət olaraq qarşılayırıq. Bu qüruru bizə yaşadan dövlət başçımıza təşəkkür edir, şəhidlərimizi ehtiramla anır, qazilərimizə var olun deyirik.

P.S. İllər sonra izinə düşüb gəldiyim portreti görəndə, kövrək hisslər yaşadım. Portret artıq daha bəzəkli bir çərçivədə yerləşsə də, onda sanki bir inciklik duydum. Əslində inciməyə haqqı da vardı, çünki illər öncə onu hündür tavanlı evin divarından endirmişdilər...

 

Tamilla M-zadə

 

525-ci qəzet.- 2022.- 22 oktyabr.- S.12.