Qızılgülün oktyabr ətri...

"Nerdə parlarsa haqq, şərəf, vicdan,

Eyilik, doğruluq, gözəllik, inan,

Orda var sevgi, orda var iman:

Orda var, şübhəsiz, böyük Yaradan!"

 

Hüseyn Cavid

 

Təqvimin 10-cu ayı... Günəş yer üzünə bir başqa gülümsəyirdi. Bu ayda qızılgülü çox sevəcək dahi dünyaya göz açdı. Ruhani ailəsində böyüdü. Atası 5 il molla məktəbində oxutdu. Lakin bu uşağın istəkləri, hədəfləri tamamilə başqa idi. Nəhayət, arzularına doğru addımladı-qardaşı onu İstanbula oxumağa göndərdi. İstedadın qığılcımları məhz o illərdə özünü büruzə verdi-ilk şeirlərini tələbəlik illərində yazdı. Təhsilini başa vurduqdan sonra Vətəninə qayıdaraq bir-birindən dəyərli əsərlər yazdı. Bu əsərlər tamaşaya qoyuldu. Neçə-neçə könül fəth edərək sonsuz sevgi qazandı.

İllər keçdi... Qəfil qopan tufan 1937-ci ildə qızılgülü soldurdu... Amma əsla kökündən məhv edə bilmədi. O məhz oktyabr ayında gül açmağının səbəbini bildiyi üçün kökü sağlam, möhkəm idi. 1956-cı ildən isə artıq heç kim bu qızılgülün payızda gül açmağına təəccüblənmirdi. Bu qızılgülün üzərinə əbədi olaraq günəş doğdu...

 

Uzaq düşdün doğma yurddan,

Doğulduğun Naxçıvandan.

Ərtoğruldan, Turanından

Əzab çəkən Mişkinazdan...

 

Hüseyn Cavid haqqında qədər yazsam da, yenə bitməz. Biologiya elmləri üzrə fəlsəfə doktoru, Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd Rasizadənin kiçik qızı, elmi kəşfi ilə dünya alimləri sırasına öz imzasını atan nənəm Gövhər xanım Rasizadənin mənimlə bölüşdüyü xatirələri qələmə aldım bu dəfə...

- Nənə, uşaqlıqdan bəri, bacım Aytacla, sənə Cavid haqqında çoxlu suallar verirdik. Bu gün isə silinməz xatirələrinin kiçik hissəsini olsa, vərəqə köçürmək istəyirəm. Səncə, əmi Cavid, yoxsa şair, dramaturq Cavid?

 

- Şair, dramaturq Cavid.

- Hüseyn Cavidin qardaşının Şeyx Məhəmmədin qızı olaraq, uşaqlıq gənclik həyatınız necə keçib?

- Mən 1937-ci il mayın 7-si dünyaya gəlmişəm. Hüseyn Cavid isə 1937-ci il iyun ayının 4-də həbs olunub. Evin kiçik övladı mən idim. Atam Hüseyn Cavidin böyük qardaşı idi. Müəllim idi. Cavid sürgün olunduqdan sonra atam işdən azad olundu. Sonra onu tez-tez iclaslara çağırıb "xalq düşməni"nin qardaşı kimi sorğu-suala tuturdular. Atam isə hər zaman deyirdi, "Cavid edibsə, düz edib". Təəssüf ki, böhtanlara, tənələrə dözə bilməyib 1939-cu ildə - mən iki yaşımda olarkən dünyasını dəyişdi. Sanki mənim uşaqlığımı, Turan Ərtoğrulun isə gəncliyini Hüseyn Cavid özü ilə birgə uzaq Sibirə apardı...

- Böyüklərdən Cavid haqqında nələr eşitmisiniz?

- Atam Şeyx Məhəmməd Hüseyn Cavidi Türkiyənin İstanbul Universitetinə (1906) oxumağa göndərdi. O, Cavidin istedadlı olduğunu bilirdi. Ona görə yüksək səviyyədə təhsil alması üçün əlindən gələni edirdi. Bilirdi ki, Cavid Azərbaycanın tanınmış şəxsiyyəti olacaq. Elə oldu. Atam da, Cavid arzusuna çatdı. Lakin xain ermənilər vasitəsi ilə Hüseyn Cavidlə bərabər, Azərbaycanın bir çox ziyalıları - Əhməd Cavad, Mikayıl Müşfiq, Abbas Mirzə Şərifzadə başqaları repressiyaya məruz qaldılar.

- Mən uşaqlıqdan bu günə qədər sizin qulağınızda sırğa görmədim... Niyə?

- "Cavid həmişə sadəliyi hər şeydən uca tutardı. Bəzək əşyalarına deyil, biliyə, savada üstünlük verərdi. O bu fikrini "Qız məktəbində" şeirində çox gözəl ifadə etmişdir". Bu sözləri Hüseyn Cavidin həyat yoldaşı Mişkinaz xanım Cavid haqqında xatirələrini danışarkən deyərdi. Mən o vaxtdan bəzək əşyalarına maraq göstərmədim.

- Siz uşaq vaxtlarından şeir yazırdınız. Ədəbiyyata olan sevgi yolunun biologiyadan keçməsinə səbəb oldu?

- Aysel, ümumiyyətlə, bizim nəsildə ədəbiyyata böyük maraq olub. Atam da şeirlər yazırdı. Lakin məndə ədəbiyyatla bərabər, biologiyaya da maraq yarandı bu sahədə fəaliyyətimi davam etdirdim.

- Hüseyn Cavid ailəsinə, doğmalarına ən çox nəyi məsləhət görürdü?

- Hüseyn Cavid ən əsas qız uşaqlarının təhsil almasına xüsusi diqqət edirdi. Deyirdi ki, zəif geyinə bilərsiz, amma qidanıza fikir verin, sağlam qidalanın. Bir həyatda hər kəsə inanmamağı məsləhət görürdü...

- Şeyx Məhəmməd Hüseyn Caviddən özündə daşıdığın hansı genetik xüsusiyyətləri hiss edirsən?

- "Əsiri olduğum bir şey varsa, o da yalnız həqiqət məhəbbətdir", - deyirdi böyük şair. Mən həyatım boyu bunu özümdə ehtiva etmişəm. Çünki həqiqəti deməyi, düzgünlüyü, Allaha sevgini onlardan öyrənmişəm. Atam da, əmim ölümə getdiklərini bilsələr , hər zaman haqqı, ədaləti uca tutdular...

 

Ölüm var ki, həyat qədər dəyərli,

Həyat var ki, ölümdən zəhərli...

Yaşamaq da xoşdur, ölmək xoşdur,

Qayəsiz həyatda ölüm boşdur...

 

- Qızı Turan xanım haqqında deyə bilərsiniz?

- Hüseyn Cavidin, Mişkinaz xanımın, Ərtoğrulun, Turanın çox keşməkeşli taleləri olub. 1976-cı ildə Mişkinaz xanım rəhmətə gedəndən sonra mən altı ay müddətində hər gün işdən evə qayıdıb Turan xanıma baş çəkirdim. Demək olar ki, hər dəfə mənə yaxşı ki, gəldiyimi söyləyərdi. Ondan sonra isə hər həftənin şənbə günü mən Turan xanımla görüşürdüm. Qızı Turan xanım Cavidin əsərlərini toplamağa bütün ömrünü həsr etdi. Mənə demişdi ki, bu arzusunun yerinə yetməsi üçün Naxçıvandakı Əshabi-Kəhf ziyarətində çoxlu dua edib. Şükür ki, Allah da onu arzusuna çatdırdı.

Hüseyn Cavidin nəşinin Bakıya gətirilməsində, Naxçıvanda Bakıda ev muzeylərinin açılmasında, Bakıda möhtəşəm abidəsinin qoyulmasında Ümummilli liderimiz Heydər Əliyevin rolu müstəsna danılmazdır. Ümumiyyətlə, nəşin uzaq Sibirdən Bakıya gətirilməsi nəinki Azərbaycanda, hətta bütün keçmiş ittifaq səviyyəsində analoqu olmayan bir hadisə idi. Bu, Heydər Əliyevin güclü nüfuzu, qətiyyəti, iradəsi sayəsində mümkün olmuşdu. Heydər Əliyevin göstərişi ilə Hüseyn Cavidə Naxçıvanda möhtəşəm məqbərə tikilmişdi. Bu məqbərənin açılışında Ümummilli liderimiz şəxsən iştirak çıxış etmişdi. Bundan başqa Heydər Əliyev Turan xanımın xahişi ilə Hüseyn Cavidin həyat yoldaşı Mişkinaz Cavidin oğlu Ərtoğrul Cavidin nəşinin məqbərəyə köçürülməsinə kömək etmişdi. Hazırda Prezidentimiz İlham Əliyev Ümummilli liderimiz Heydər Əliyevin gördüyü işləri uğurla davam etdirir. Cənab Prezidentin sərəncamları ilə Hüseyn Cavidin yubileyləri qeyd olunur.

Allah şəhidlərimizə rəhmət eləsin. Mən inanıram ki, onların övladları Azərbaycanın fəxri olacaqlar. Çünki onlar atalarının yoxluğunun yaratdığı mənəvi çətinliklərlə bərabər qürurla, fəxrlə böyüyürlər.

Nənəm mənə acılı-şirinli çox xatirələr danışdı. Təəssüf ki, hamısını yaza bilmədim. Amma yaddaşıma yazdım. Bəzi xatirələri isə gözyaşı olmadan dinləmək qeyri-mümkündür...

Hüseyn Cavidin 135 illik yubileyində - VIII sinifdə oxuyanda mən bu şeiri yazmışdım.

 

ULU CAVİD

 

Onun duyğuları, hissləri başqa

Onun şeirləri bir başqa dünya

Onun əsərini kimsə oxusa,

Baxışı dəyişər bütün həyata.

 

O, elə şəxsiyyət, elə dahiydi,

Yaşadı, yaratdı çətin zamanda.

Qıydılar şairə xain düşmənlər,

Puç oldu arzular, puç oldu həyat.

 

Sadəliyi, biliyi hər zaman üstün tutdun.

Azərbaycan şairi, Azərbaycanın fəxri.

Maraqlı şeirlər, mənalı əsərlərlə

Fəth elədi qəlbləri, fəth elədi dünyanı.

 

Bu il Cavidin anadan olmasının 140 illiyidir. Cavidin 145, 150 sair yubileyləri olacaq. Ona görə ki, Hüseyn Cavid öz adı kimi ədəbiyyatımızda, tariximizdə əbədi qalacaq. İblisə isə Allah qiyamətə qədər möhlət vermişdi. İblisin arxasınca gedən insanlar hər addımına görə Allah qarşısında cavab verəcəklər.

Doğma Cavidim, sənin sevdiyin qızılgülün üzərinə 1956-cı ildən əbədi olaraq günəş doğdu... Qürur duyuram, sizin qanınızı daşıdığım üçün...

 

Aysel MÜBARİZQIZI (BABAYEVA)

Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd Rasizadənin nəticəsi,BDU Jurnalistika fakultəsinin II kurs tələbəsi

525-ci qəzet.- 2022.- 25 oktyabr.- S.15.