Həsrət yolundakı Füzulim  

 

 

Füzuli uğrunda gedən döyüşlərdə can qoymuş şəhidlərin ruhuna dərin ehtiramla

"Bugün Füzulinin Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi  Füzuli şəhəri işğaldan azad olunub. Füzuli bizimdir! Qarabağ Azərbaycandır!". Gurultulu alqış sədaları. Atamla Muğam Mərkəzindəyik. Zalda çox güman ki uzun zaman görüşməyən füzulililər cəm olub. Bu 30 ildə ilk dəfə cəm olub ki, Füzulinin işğal gününü deyil, işğaldan azad olunma tarixini qeyd etsin. Prezidentin bu möhtəşəm xəbəri çatdırdığı lent yazısının çəkilməsindən iki il ötür. Həmin gün Füzulinin taleyində dönüş nöqtəsi olan 1993-cü il, 23 avqust tarixi silindi   ümidlərlə dolu yepyeni bir tarix yazıldı: 17 oktyabr. O payız günü televizorun qarşısında bu xəbəri izləyib ağlayan füzulililərin sayı-hesabı yox idi. O gün doluxsunub kövrələn füzulililərin bir qismi indi bu zalda sevinclə əl çalır.

Həyatımda birinci kərə gördüyüm işə görə yox, sırf Füzulidən olduğum üçün bir tədbirə dəvət almışam. Burada əyləşənlərdən 5-6 nəfəri çıxmaqla, böyük əksəriyyətini tanımıram, çünki mən Bakı doğumluyam. Amma atam çoxusuyla tanışdır, hətta bəziləriylə qohumdur, dostdur, məktəb yoldaşıdır. Professor olduğu üçün atam dəfələrlə müxtəlif elmi konfranslarda, möhtərəm tədbirlərdə iştirak  edib. Amma gözümün qırağıyla baxanda sezirəm ki, burda bir başqa həyəcanlıdır. Çünki illər öncə ayrıldığı Füzuli mühitinə düşüb. Hər yerdə rast gəlmədiyi şivə doğmadır, qəribsədiyi mahnılar da, danışılan xatirələr ... Necə deyərlər, burada o, öz qabındadır. Azərbaycanın himni səslənir. Ətrafa göz gəzdirirəm. Zaldakıların əksəriyyəti atamla eyni duyğu dalğasındadır. Bəlli ki, onlar bura yarım qalmış xatirələrinin pazllarını toplamağa gəliblər. Himn bitdikdən sonra Füzuli şairi Seyran Səxavət kürsüdə söz alır. Elə  ağzını açar-açmaz o qədər koloritli, doğma içdən danışır ki, bir anlıq zalda olan hər kəs sovet dövrünün bağlı-bərəkətli, yaşıllıqlar içində itib-batmış Füzulisinə qayıdır. Əvvəlcə bir-bir Füzuli elitasının qaymaqlarını-alimlərini, həkimlərini, xanəndələrini, vəzifəlilərini sadalayır, həm hər kəsi öz ayamasıyla. Sadalanan yad adların içində mənə doğma gələn bircə ulu babam "Zabul Ağabala"nın adıdır. Sonra bir az toylardan söz açır şairin ruhu, bir az Füzuli yaslarından, bir az "Füzuli lotuları"ndan. Hamı da ləzzətlə qulaq kəsilir. Deyəsən, bircə mən söhbətlərə "fransız"am. Yerdən kimsə qışqırır: "Dəlilərimiz qaldı. Onlardan da danış bir..." "Ay sağ ol, yaxşı yadıma saldın", - deyir. "Füzuli camaatı dəlisinə sahib çıxırdı. Yadınıza gəlir, toyda birinci rəqsi dəlimiz edərdi. Ki, nəmərini toplasın. Bir-bir hamı gətirib pul verərdi o adam həmin pulla neçə ay bəy kimi dolanardı... Bax belə idi füzulililər, dəlisini dolandıran camaatımız vardı..."

Sonra 90-larda Füzuli kəndlərində gedən ölüm-qalım döyüşlərindən bəhs edən filmi göstərirlər. Burdan uzaqlaşıb beynimdəki filmə keçid alıram.

Yol.  Upuzun yol. 28 illik zaman intervalına sığışmış bir yol.  Axırıncı səfər bu yolu atamın mavi jiqulisində hüznlə qayıtmışdıq. İndi o jiquli tarixə qovuşub, üzümdəki hüzn . O yol başqaydı. Rəhmətlik nənəmgilin raykomun arxasındakı eviylə, atamgilin avtovağzala bitişik həyətiylə, o həyətdə hər sabah təzə yumurta verən toyuqlarla, yol boyu gördüyüm üzümlüklərlə, babamın bərəkətli zoğal, əncir ağaclarıyla, nənəmin rəngbərəng qızılgül topalarıyla, Qarabulaq meşələriylə vida yoluydu... O yol məni yay tətillərimin istirahət həzzindən, ata-anamı uşaqlığından, nənə-babamı ev-eşiyindən, qohum-qonşusundan, bütün doğmalarından addımbaaddım uzaqlaşdırırdı. Qoparıb yad, nabələd, qaranlıq "qaçqın həyatı"na doğru aparırdı... O yol mənim 28 illik həsrətimin başlanğıcıydı.

Yenə yol gedirəm. Upuzun yoldur. Amma bu yol bir başqa yoldur. Sevinc yoludur. İçinə kədər, qəhər, nisgil qarışmış sevinc yolu.  Birinci səfərimdir işğaldan azad olunmuş Füzuliyə. Gözümdə uşaq vaxtı qoyub getdiyim doğma şəhər kadr-kadr açılıb qaralır. Qarşımdasa bomboz, şumlanmış düzənlik var. Mənim tanımadığım, bilmədiyim, ancaq efirdən izlədiyim düzənlik. "Çatmışıq. Füzulidir...", -sürücümüz deyir. "Necə yəni çatdıq? Bəs axı bura..." Maşından düşürük. Bomboşdur dörd yanım. Bircə bu boşluğu kiçik bir göl doldurur. "Gölə yaxın getməyin. Oralar minalı ola bilər.", - bunu da yanımızdakı hərbçi deyir. "Adı varmı bu gölün?", -soruşuram. "Yox. Mən bilən, su anbarıdır... Heç bilirsiz, burda necə dəhşətli döyüşlər gedib... Qan su yerinə axıb e bu torpaqlar üçün..."

Gözlərim dolub. Hamıdan uzaqlaşıb gölün kənarındakı adar-madar ağaca yaxınlaşıram. Əyilib dibindən bir xeyli torpaq qazıram. Bu torpağı  Füzuli deyə-deyə dünyadan köçmüş doğmalarımın məzarına səpəcəm. Sonra bu boyda düzənlikdə boy atmış yeganə ağaca sarılıram. Ovcumdasa bir ovuc torpaq... İndi Füzuli mənim üçün bu göldən, bu ağacdan, bir də ovcumdakı torpaqdan ibarət. Uşaqlığımın şəhərini ovcuma sığışdırmışam.

Qayıdırıq. "Mən illərdir, Füzulinin azad olunmuş kəndlərindən şəhərə sarı boylananda tamam başqa mənzərə xəyal edirdim axı. Yəni mənim uşaq vaxtı gördüklərim tamamilə slinib, yəni heç bircə dənə də ipucu yoxdur?.." "Maşını saxlayın, zəhmət olmazsa..." "Nəsə olub, Günel xanım?" "Hə, burda bir şey gördüm. Baxmalıyam..." "Ehtiyatlı olun a. Buralar təhlükəlidir." Yol kənarında ot-ələfin içindən mayak kimi boylanan paslı dəmir lövhəyə yaxınlaşıram. Kiril əlifbasıyla yazılmış Füzuli yazısıdır. Uşaqlığımdan qalan yeganə xatirəylə üzbəüz dayanıram. Birdən lövhənin yanından qaçan balaca oğlanla başı bantikli qızı görürəm. "Bacı, ala, lalə dərmişəm sənə..." "Ay Günel, tez gəlin maşına. Bəsdir, gül yığdız. Nənəngil bizi gözləyir..."

Səfər yoldaşlarım məni dövrəyə alır. Nə halda olduğumu hər kəs başa düşüb. Sakitcə şəklimi çəkirlər. Uzun illər öncə itirdiyi sevimli oyuncağını tapmış biri kimi xoşbəxtəm. Amma o oyuncağın artıq gərəksiz olduğunu bildiyim üçün də kədərli... Mənim sonralar da Füzuli ilə yollarım kəsişdi. Dünyanın haralarından xarici qonaqları qarşılaycaq aeroportda da oldum, orda gedən abadlıq işlərini də izlədim. Və bir şeylə barışdım ki, uşaqlığımın Füzulisi ancaq xəyallardadır. Qarşımdakı isə 30 il sonra yenidən doğulan, ilbəil ayaq tutan, yeriyən, dirçələn yepyeni Füzulidir... Doğuluşun mübarək, doğma şəhər!

Tədbir bitdi. Atamla yeraltı keçidə düşürük. İkimizöz dünyamıza çəkilmişik. Susqunuq. Bir gənc qarmonda "Cənnətim Qarabağ" mahnısını ifa edir. Atam qəfil geri dönür, onun qutusuna pul qoyub qayıdır: "Qarabağ" mahnısını çalır... Eşitdin?"... 

 

Günel MEHRİ

 

525-ci qəzet.- 2022.- 25 oktyabr.- S.8.