İbrahimxəlil xan Cavanşir

 

(Əvvəli ötən sayımızda)

 

Tədqiqatçı-jurnalist, yazıçı Vasif Quliyev bu yaxınlarda Qarabağ xanlarının həyatından bəhs edən trilogiyadan ikinci əsərini - "İbrahimxəlil xan Cavanşir" adlı sənədli-tarixi romanını tamamlayıb. Romandan bir parçanı oxuculara təqdim edirik.

Tac İbrahimxəlil xanın başındadır

1763-cü ilin sonlarında İbrahimxəlil xan ən adlı-sanlı adamlarının iştirak elədiyi təntənəli seçki şənliyi - culus günü (Tacqoyma mərasimi) keçirib, atasının xanlıq tacını başına qoydu, daş-qaşlı xəncərini və qılınc kəmərini belinə bağladı, qiymətli xələtini geyindi, əsl xan əzəməti ilə yüksək Qarabağ xanlığı taxtına çıxdı. Adət-ənənəyə uyğun olaraq əyanların ayaq öpmək mərasimi keçirildi. Və beləliklə, İbrahimxəlil xan Cavanşir "mən atamın torpağını heç kəsə vermərəm!" prinsipi ilə dövlət məsələlərinin bütün yükünü öz üzərinə götürüb, xanlığın sükanı arxasında əyləşdi.

İbrahimxəlil xan hakimiyyətinin ilk günlərində özünü bacarıqlı bir siyasətçi kimi göstərdi. O, taxtda oturandan dərhal sonra xanlığı əmin-amanlıq içərisində saxlamaq üçün xarici siyasəti hələlik bir kənara qoyub, daha çox daxili siyasi məsələlərlə, ilk növbədə, saray işləri ilə, ölkədə iqtisadiyyatın dirçəldilməsi və müdafiə xarakterli işlərlə məşğul olmağa başladı.

Bu işləri görmək üçünsə xanlığın təzə qanun-qaydalara, yeni idarəetmə üsullarına və rəhbərlik formasına böyük ehtiyacı vardı. Ona görə də İbrahimxəlil xan qoşun sərkərdələrini, tayfa başçılarını yanına topladı, mütəxəssislərlə birlikdə xanlığın idarəetmə mexanizmini yenidən işləyib-hazırladı. Həm mülki, həm də hərbi sahədə müxtəlif tədbirlər gördü. Onun inzibatçılıq bacarığı və sərt tələbkarlığı nəticəsində sarayda və orduda nizam-intizam yaradıldı, bir sıra vəzifə dəyişikliyi oldu. Xanlığın təəssübünü çəkən vətənpərvər insanları mükafatlandırdı. Başqalarına körk olsun deyə, günahı olan əyanları aradan götürdü, dövlət işlərindən kənarlaşdırdı, məsul şəxsləri sərtliklə cəzalandırdı. Sarayda ən mühüm vəzifələrə özünün yaxın və etibarlı adamlarını qoydu, qısa müddətdə xanlığın daxilində əmin-amanlıq, sakitlik yaratdı, daxili sülhə nail oldu. Müharibələr nəticəsində ziyan çəkmiş yerlərdə quruculuq işlərinə başladı, irimiqyaslı tikinti, abadlıq işləri gördü. Pənahabad qalasının müdafiə xarakterli istehkam divarlarına, bürclərinə, gözətçi qüllələrinə yenidən əl gəzdirdi, qala hasarlarını daha da möhkəmləndirdi.

İbrahimxəlil xan bac-xəracların ödənilməsində də yeni qanun-qayda yaratdı, vergiləri və onların toplanmasını nizama saldı. Əhalidən alınan vergiləri nisbətən azaltdı, vətəndaşlarının imtiyazlarını artırdı. Vergi məmurlarına çox ciddi şəkildə göstəriş verdi ki, xalqla sərt davranmasınlar, onları dövlətdən narazı salmasınlar.

İbrahimxəlil xan sərhəd işlərini də nizama saldı. Qarabağ ərazisindən digər xanlıqlara gəlib-keçən ticarət yollarının təhlükəsizliyini təmin elədi. Qonşu dövlətlər arasında gediş-gəliş qapıları açıldı. Xanlıq bu ölkələrlə əlaqə saxlamağa, sərbəst ticarət aparmağa başladı.

İbrahimxəlil xan daxili vəziyyəti möhkəmlətmək, qəflətən baş verə biləcək hər hansı bir hadisənin və daim gözlənilən xarici basqınların qarşısını dərhal almaq üçün ilk növbədə, nizam-intizamı pozulmuş orduda ciddi islahatlar aparmağı ön plana çəkdi. Ordu yeni prinsiplər üzərində qurularaq qısa müddətdə təkmilləşdirildi, əsgərlərin döyüş keyfiyyətləri yaxşılaşdırıldı. Qarabağın döyüşkən tayfaları arasından lazım gələndə canlarından keçməyə hazır olan igid və vətənpərvər könüllülər seçilib əsgərliyə çağırıldı, xüsusi atlı qoşun dəstələri formalaşdırıldı. Ordu ən yeni silahlarla, xüsusən də, dövrün birinci dərəcəli silahına çevrilən müasir və uzaqvuran toplarla təchiz olundu, yüksək səviyyəli hərbi təlimlər keçirilməyə başladı. Muzdlu döyüşçülərə böyük ehtiyac duyulsa da, xəzinə boşaldığından onları saxlamaq mümkün deyildi. Ona görə də İbrahimxəlil xan bu məsələni hələlik arxa plana çəkdi. Bir sözlə, islahatlar prosesində, ən azı, ərazi bütövlüyünü qoruya biləcək yüksək səviyyəli, güclü və qüdrətli bir ordu yarandı, onun əvvəlki gücü və döyüş qabiliyyəti bərpa olundu, yenidən döyüş hazırlığına gətirildi. Zaqafqaziyanın ən güclü ordularından biri yarandı, ən əsası isə keçmiş Qarabağ döyüşçülərinin itirdikləri mənəvi ruh qaytarıldı. İbrahimxəlil xanın yeni daxili hərbi siyasəti özünün uğurlu bəhrəsini verdi.

 

Nigah siyasəti

 

Ölkədə sabitlik yaradıldıqdan və xanlıq bir qədər gücləndirildikdən sonra İbrahimxəlil xan xarici siyasi planlarını həyata keçirməyə və qonşu dövlətlərlə möhkəm diplomatik əlaqələr qurmağa başladı. Mahir siyasətçi bəzi qonşu hakimləri öz tərəfinə çəkmək üçün etibarlı müttəfiqlər axtarışına çıxdı. İlk növbədə, o, bahalı hədiyyələr, təntənəli qonaqlıqlar, zəngin ziyafətlər vasitəsilə ələ almaq üsulundan geniş istifadə elədi. Həmin dövrdə əlaqə yaratmağın bir yolu da uzaq məqsədlər güdən və uzunmüddətli hərbi ittifaq yaratmaqdan ötrü ən etibarlı zəmanət sayılan qohumluq, yaxud nigah siyasəti (Orta əsrlərdə qonşuluqda yaşayan xalqların siyasi və mədəni yaxınlaşmasına şərait yaradan ən mühüm amillərdən biri idi. Nigah ən ali səviyyədə möhkəm siyasi əlaqə yaratmaq məqsədilə bağlanırdı. Öz qızını ərə vermiş nəsil, tayfa, hakim kürəkənə yaxın qohum kimi baxır, onun ərazisinə hücum etmirdi, əksinə, lazım gələndə onun köməyinə çatırdı. Kürəkən də öz növbəsində, bu hörmətə hörmətlə cavab verməyə borclu idi. Arvadın qohumları xüsusi imtiyaz və hüquqlara malik idi. Onlar ərin qohumlarından daha yaxşı sayılırdılar.) - diplomatiyası idi. İbrahimxəlil xan da bir çox başqa hakimlər kimi dövrün çox geniş yayılmış bu üsulu ilə müttəfiqliyin əsasını təşkil edən qohumluq münasibətlərinə arxalanaraq özünə böyük hərbi gücü olan tərəfdarlar tapdı.

İbrahimxəlil xanın mövqeyini diqqətlə izləyən, getdikcə artan nüfuzunu və şöhrətini görən bəzi hakimlər isə öz növbəsində, gələcəkdə ondan özlərinin mənafeləri naminə istifadə etmək üçün qiymətli hədiyyələrlə elçilər göndərir, qızlarını, ya da bacılarını ona ərə verməklə qohum olur və bu qohumluğu da özlərinə şərəf sanırdılar.

Gəlinlə birlikdə onun mühafizə dəstəsi də həmin ölkəyə həmişəlik yaşamağa gəlirdi. Bu dəstələr, adətən, iki yüz əsgər ailəsindən ibarət olurdu. Onlar yaşamaq üçün xan sarayının ətrafında, yaxud yaxınlığında yerləşdirilir və tədricən əhalinin əsas elementlərinin birinə çevrilirdilər.

Elə burdaca İbrahimxəlil xanın nigah siyasətindən və ailə üzvlərindən danışmaq məqsədəuyğun olardı.

Dövrün başqa hökmdarlarına baxanda onun nə az, nə çox, cəmi on altı övrəti vardı. Dördü kəbinli, qalanı isə siğə idi. Cəbrayıllı Xanımnənə Nəbi ağa qızı, gəncəli Xurşudbanu bəyim II Şahverdi xan qızı, avar Bikə ağa Məhəmməd Nutsal xan qızı, xoylu Mahşərəf bəyim Həsən xan qızı kəbinli arvadları, Tutu bəyim II Şahverdi xan qızı, Şahnisə xanım Bədir xan qızı, Tutu bəyim Məhəmmədhüseyn xan qızı, Xədicə xanım Nəsib sultan qızı, Mürəssə xanım Gülmalı bəy qızı, Nisə xanım Mirzə Rəbi qızı, Anaxanım Hacı Rəhim qızı, Cəvahir (Sofya) xanım Yevgeni Abaşidze qızı, Hürzad xanım Məlik Şahnəzər qızı, Xatay xanım Məlik Vaxtanq qızı, Sona xanım Ərtün bəy qızı, Naxçıvanik kəndindən olan Ruqam xanım isə siğə arvadları idi. İbrahimxəlil xanın bu arvadlardan xeyli uşağı vardı: Oğlanları Cavad ağa, Məhəmmədhəsən ağa Xanımnənədən, Mehdiqulu ağa Xurşudbanu bəyimdən, Əbülfət ağa Ruqam xanımdan, Xanlar ağa, Əhməd ağa Bikə ağadan, Məhəmmədqasım ağa Allahyar bəy Unqutlunun qızından, Süleyman ağa Sona xanımdan, Hüseynqulu ağa, Səfiqulu ağa Xatay xanımdan, Fətəli ağa Anaxanımdan, Şıxəli ağa Xədicə xanımdan, Abbasqulu ağa Cəvahir (Sofya) xanımdan doğulmuşdular. Qızları Ağabəyim ağa Tutu bəyimdən, Tuti bəyim Tutu bəyimdən, Baxşı bəyim, Kiçik bəyim Şahnisə xanımdan, Səltənət bəyim Bikə ağadan, Əzət bəyim Nisə xanımdan, Şahnisə bəyim Mürəssə xanımdan, Gövhərnisə bəyim Cəvahir xanımdan idilər.

İbrahimxəlil xanın bu qohumluq siyasəti uzun müddət davam eləmişdi.

 

Xanlığın qızıl dövrü - İbrahimxəlil xan dövrü

 

Beləliklə, 1763-cü ilin sonlarından Qarabağ xanlığının keşməkeşli və ciddi dəyişikliklərlə zəngin qızıl dövrü - İbrahimxəlil xan dövrü başlandı. Ölkə özünün ən qüdrətli çağına qədəm qoydu. Hər yerdə, hər yanda əmin-amanlıq hökm sürürdü. Artıq öz dövlətinin hərbi, siyasi, sosial liderinə çevrilmiş İbrahimxəlil xan qazandığı qələbələri ilə Pənahəli xanın vəsiyyətlərini yerinə yetirir, həm atasının, həm də özünün arzularını gerçəkləşdirirdi.

Şirazdan oğlunu Qarabağa yola salarkən atasının tez-tez işlətdiyi "torpaq", "Qala", "Qarabağ amanatı", "özünü ermənidən qoru", "onlara qəti inanma", "erməninin yaxşısı, pisi yoxdur, "erməni elə hər yerdə ermənidir", "ilanın ağına da lənət, qarasına da" sözlərini qulaqlarında sırğa eləyərək onun müdrik və uzaqgörən siyasətini ağılla həyata keçirməyə başladı.

Bütün bunlara isə ətrafdakı bəzi xanlıqlar və Xəmsə məlikləri mane olmağa çalışırdılar. Həmişə əl-ayağına dolaşan, yolunda qara bir daş olub bitən həmin düşmənlərini birdəfəlik susdurmaq, başlarını elə öz yuvalarında əzmək üçün İbrahimxəlil xan onlarla gələcək müharibələrə hazırlaşmağa başladı. Bunun üçünsə güclənmək, yenə də güclənmək lazım idi. Güclənmək üçünsə iqtisadi qüdrəti artırmaqla bərabər, çoxlu dost və müttəfiq də tapmaq lazım idi.

İbrahimxəlil xan Cavanşirin hakimiyyətinin ilk on ilində Qarabağ xanlığının siyasi nüfuzu xeyli artdı, ötən illərdə dağıdılmış iqtisadiyyatı nəzərə çarpacaq dərəcədə dirçəldi. Ölkəyə xarici hücumlar da xeyli səngidi. Ümumiyyətlə, həmin illərdə Qarabağda siyasi hadisələr nisbətən sakit bir tərzdə baş verirdi...

 

"İki qoçun başı bir qazanda qaynamaz"

 

On səkkizinci yüzilliyin yetmiş-həştadıncı illərində şimal xanlıqları arasında Qarabağ və Quba hakimləri ən güclüləri sayılırdı. İbrahimxəlil xan da, Fətəli xan da ayrı-ayrılıqda özlərini Cənubi Qafqazın hegemonu hesab etdiklərindən "iki qoçun da başı bir qazanda qaynamırdı". Onlar bir-birləri ilə yola getmir, bir-birləri ilə kin, ədavət saxlayır, bir-birlərinə düşmənçilik edirdilər. Digər tərəfdən də İbrahimxəlil xanla hakimiyyət davası aparan qardaşı Mehrəli ağaya Fətəli xanın həyan durması, ona sığınacaq verməsi, üstəlik də, Qarabağ hakimini devirməkdə ona hərbi kömək etmək vədi bu düşmənçiliyi daha da dərinləşdirmişdi. Fətəli xan elə güman edirdi ki, hələ 1767-ci ildən ona qarşı çıxan Şamaxı hakimləri Məhəmmədsəid xan və Ağası xan qardaşlarını və onların müttəfiqi, Şəki hakimi Məhəmmədhüseyn xanı devirdikdən sonra xanlığının ərazisini genişləndirmək üçün rahatca Təbrizə doğru hərəkət edə biləcək. Lakin bu yolda qarşısında duran ən böyük maneə gündən-günə güclənən İbrahimxəlil xan idi. Ona görə də ilk növbədə, Qarabağ xanı ilə haqq-hesabı çürütməliydi. Digər tərəfdən də Fətəli xan İbrahimxəlil xanla üz-üzə gəlməyə də hələlik cürət eləmirdi. Amma bəri başdan Qarabağ xanını dişinə vurmaq, gücünü yoxlamaq istəyirdi. Hətta bir neçə dəfə Şuşa qalasına yürüş eləmiş, lakin Aran Qarabağdan o yana keçə bilməmişdi...

Qarabağ xanlığının şimal sərhədləri təhlükə altında idi. Fətəli xandan istər-istəməz ehtiyatlanan İbrahimxəlil xan da daim təhlükəsizlik tədbirləri görürdü. O, birinci növbədə, uzun müddət Quba xanı ilə rəqabət aparan Kartli-Kaxetiya çarı ilə dostluq münasibətləri yaratmağa çalışırdı. Fətəli xanın həddən artıq güclənməsinə və yeni-yeni ərazilər zəbt etməsinə mane olmağa çalışan II İrakli də öz növbəsində, İbrahimxəlil xanla ittifaqa girməyə çoxdan hazır idi. Bir sözlə, həmin illərdə Qarabağ xanı ilə Kartli-Kaxetiya çarı arasında yaxşı münasibətlər yaranmışdı. Və bu münasibətlər getdikcə o qədər yaxşılaşmışdı ki, necə deyərlər, onlar bir-birlərinə can deyib-can eşidirdilər. Bu isə Qubalı Fətəli xanı bərk təşvişə salırdı. Yaxşı başa düşürdü ki, arxasında Rusiya kimi böyük bir dövlətin durduğu Kartli-Kaxetiya çarlığı lazım gəldikdə Qarabağ xanına hərbi yardım göstərsə, o öz məqsədinə çata bilməyəcək. İbrahimxəlil xanla II İraklinin əlaqələrini pozmaqdan başqa, çıxış yolu görməyən Fətəli xan onların dostluğunu zəiflətmək üçün Rusiya vasitəsilə Kartli-Kaxetiya çarına təsir göstərmək fikrinə düşdü və II Yekaterinaya belə bir məktubla müraciət elədi: "Biz müxtəlif yerlərdən hərbi qüvvə toplayıb, İbrahimxəlil xana qarşı göndərdiyimiz vaxt Gürcüstan hakimi II İrakli öz oğlunu gürcü qoşunu ilə onun köməyinə göndərib" (Tofiq Mustafazadə. "Qarabağ xanlığı", Bakı, "Sabah" nəşriyyatı, 2010-cu il, səhifə 128). Lakin Fətəli xanın rus çariçəsinə ünvanladığı məktubu II İrakli və İbrahimxəlil xan heç veclərinə də almadılar. Acığa düşən Qarabağ xanı 1773-cü ilin payızında hərbi əməliyyatlara başladı, II İraklinin oğlunun başçılığı ilə dörd min nəfərlik qoşunla Şəki hakimi Məhəmmədhüseyn xanın qoşunu və Car-Balakən qoşunu ilə birlikdə Şamaxı şəhərini mühasirəyə aldı. Həmin vaxt burda özünə mövqe tutan Fətəli xan basılacağını görüb, geri çəkilməyə məcbur oldu. Ancaq o, bununla barışa bilmədi, yeni qüvvə toplayıb, 1774-cü ilin əvvəllərində əks hücuma keçərək böyük itki bahasına Şamaxını müttəfiqlərin qoşunlarından azad elədi. Döyüşlərin birində İbrahimxəlil xanın qaynatası və əsas müttəfiqlərindən olan Car-Balakən hakimi Məhəmməd Nütsal xan Əmmə xan oğlu Fətəli xanın adamları tərəfindən xaincəsinə öldürüldü. Qarabağ qoşunları geri qayıtmağa məcbur oldu...

Qubalı Fətəli xanın belə bir şakəri vardı. Düşmənini zəif görəndə onun üzərində tezliklə qələbə çalmaq üçün dərhal silaha əl atır, qüvvətli görəndə isə diplomatik gedişlər edirdi. Elə ona görə də o, qonşu Şəki xanlığına qarşı hərbi əməliyyata başlamaq ərəfəsində gündən-günə güclənən və böyük nüfuz qazanan əsas rəqibi İbrahimxəlil xanla əvvəlcə diplomatik münasibətlər yaratmaq, sonra isə tədricən onu öz təsiri altına salmaq fikrinə düşdü. Bu cür diplomatik manevr etməklə Fətəli xan iki məqsəd güdürdü: birincisi, Qarabağ qoşunları hesabına öz hərbi qüvvəsini artırmaq, ikincisi isə İbrahimxəlil xanın köməyi sayəsində onun müttəfiqi II İrakli ilə münasibətlərini müəyyən qədər yaxşılaşdırmaq idi. Ona görə də Fətəli xan diplomatik münasibətlər yaratmaq və ittifaq bağlamaq təklifi ilə 1779-cu ilin əvvəllərində yeznəsi, Bakı hakimi Mirzə Məlik Məhəmməd xanı iki nəfərlə Şuşa qalasına göndərdi. İbrahimxəlil xan nəinki Quba xanının təklifini qəbul elədi, əksinə, hətta qəzəbini Fətəli xanın adamlarının üstünə töküb, onları zindana saldırdı. Bakılı elçilər iki ilə yaxın Pənahabad zindanının "sakinləri" oldular.

Həmin vaxt İbrahimxəlil xanla Şəki hakimi Məhəmmədhüseyn xan arasında ədavət düşdü və Qarabağ xanı Şəki xanının oğlu Məhəmmədhəsən ağanı, həmçinin başqa səbəblərə görə Qaradağ xanını da həbs eləyib, Şuşa qalasında dustaq saxladı. Ona görə də Fətəli xanla Məhəmmədhüseyn xan birləşib, İbrahimxəlil xanın üzərinə yürüşə hazırlaşmağa başladılar. Lakin elə həmin 1779-cu ildə Məhəmmədhüseyn xan İbrahimxəlil xanın göstərişi ilə öz əmisi Hacı Əbdülqədir bəy tərəfindən qətlə yetirildi və Fətəli xanın planları baş tutmadı.

Bakı hakimi Mirzə Məlik Məhəmmədin həbs olunması İbrahimxəlil xanla Fətəli xanın arasındakı düşmənçiliyi daha da gərginləşdirib, kuliminasiya nöqtəsinə çatdırdı. Quba xanı Qarabağ xanına qarşı yürüşə ciddi hazırlaşmağa başladı. 1780-ci ildə o, Tarku şamxalı və Şamaxı xanı ilə birlikdə səkkiz minlik qoşunla Kür çayını adlayıb, Qarabağ sərhədlərini keçdi. İbrahimxəlil xanın qoşunları geri çəkilməyə məcbur oldular. Lakin II İraklinin oğlanları Georginin və Davidin başçılığı ilə İbrahimxəlil xana köməyə göndərdiyi çoxlu sayda qoşun qarabağlıları məğlubiyyətdən xilas elədi. Qubalılar böyük itki verərək geri oturduldu. Lakin Fətəli xan bəzi kənd və obaları Quba xanlığının ərazisinə köçürüb məskunlaşdırdı. O, ruhdan da düşmədi, özünü cəmləyib, bir il sonra yenidən Qarabağa hücum etməyə hazırlaşdı. Bundan xəbər tutan İbrahimxəlil xan havayı yerdən qan tökməmək üçün Mirzə Məlik Məhəmməd xanı zindandan azad eləyib, Bakıya yola saldı. Buna baxmayaraq, Fətəli xanla İbrahimxəlil xanın münasibətləri yenə də normal hala düşmədi.

... İbrahimxəlil xanla II İraklinin birbaşa Quba xanlığına qarşı rəsmi ittifaqa girmələri üçün lazımi şərait yarandı. Bu şəraitin yaranmasına isə Gəncə xanlığındakı hərc-mərcliklər səbəb oldu. Gəncə hakimi Şahverdi xan hələ 1747-ci ildə hakimiyyət başına gələndə gürcü çarları I Teymuraz və II İrakli ona hərbi kömək göstərmişdilər. Bu köməyə görə də Gəncə xanı hər il Kartli-Kaxetiya çarlarına on min tümən məbləğində xərac verməyi boynuna götürmüşdü. Lakin 1760-cı ildə Şahverdi xanın ölümündən sonra hakimiyyəti zorla ələ keçirən Məhəmmədhəsən xan həmin xəracı verməkdən imtina elədi. Və 1778-ci ildə o, qardaşı Məhəmməd xan tərəfindən zəhərlənib öldürüldü. Gəncə xanlığında vəziyyət kəskin şəkildə pisləşməyə, daha doğrusu, xanlıq sürətlə zəifləməyə başladı. Məhəmməd xan da on min tümən xəracı II İrakliyə verməkdən boyun qaçırdı. Gürcü çarı isə bu iri məbləğin əlindən çıxması ilə heç cür barışa bilmir və Gəncə xanının düşdüyü bu ağır vəziyyətdən faydalanmağa çalışırdı. Həmin vaxtlar istər İbrahimxəlil xan, istərsə də II İrakli Qubalı Fətəli xanın Gəncə xanlığını tutacağından ehtiyat edərək bir-birləri ilə ümumi dil tapıb, onu qabaqladılar və 1780-cı ildə birlikdə Gəncəyə hücum çəkib, şəhəri tutdular. Bundan sonra Gəncə xanı iki ağanın bir nökəri oldu, hər iki hakimin vassalına çevrildi.

Bu hadisə İbrahimxəlil xanla II İraklini bir-birinə daha da yaxınlaşdırdı. İbrahimxəlil xan Məhəmməd xanı və oğlu Ağa bəyi əsir götürüb, özü ilə Şuşa qalasına apardı, gözlərinə mil çəkdirib, zindana atdırdı. Düz beş ildən sonra, 1785-ci ildə onu öldürtdü. Həmin vaxtdan Gəncə xanlığına İbrahimxəlil xanın yaxın adamı Həzrətqulu xan təyin olundu. Kartli-Kaxetiya çarının adından isə xanlığın idarə olunmasına Keyxosrov Andronikaşvili adlı bir nəfər kömək edirdi. Daha sonralar Hacı xan, Rəhim xan və Cavad xan sıra ilə Gəncə taxtında oturdular.

Bu hadisə Fətəli xanla İbrahimxəlil xan arasındakı münasibətləri daha da gərginləşdirdi. İbrahimxəlil xanın II İrakli ilə ittifaqından çox narazı qalan Quba xanı da onların münasibətlərini var gücü ilə pozmağı və bu işin baiskarı olan Qarabağ xanına sarsıdıcı zərbə vurmağı qərara aldı. O, hələlik bu hakimlərə gücü çatmayacağını dərk eləyib, rus çariçəsi II Yekaterinaya məktub yazaraq II İrakliyə təsir göstərməyi, "gürcüləri azərbaycanlıların daxili işlərinə qarışması"ndan çəkindirməyi xahiş elədi. Fətəli xan ona göndərdiyi məktublarının birində yazırdı: "İrakli İbrahimxəlil xanla birləşərək Gəncəni ələ keçirmişdir və orda hərəsi bir canişinlik yaradıb, vergilər yığırlar. Onlar Naxçıvanı, İrəvanı və Car-Balakəni də ələ keçirmək fikrindədirlər. Bakı xanını dostluq pərdəsi altında Qarabağa apararaq əsir etmişlər. Mən son iki ildə dəfələrlə İrakliyə müraciət edərək onun azad olunmasını istəmişəm. O isə mənim xahişimi eşitmək istəmir. Hər ikisinin niyyəti bütün Azərbaycanı ələ keçirməkdir" (Tofiq Mustafazadə. "Qarabağ xanlığı", Bakı, "Sabah" nəşriyyatı, 2010-cu il, səhifə 130).

Fətəli xan II Yekaterinaya yazdığı məktublarda Cənubi Qafqazda baş verən siyasi hadisələrin əsas günahkarlarının İbrahimxəlil xan və II İrakli olduğunu bildirirdi. Yazırdı ki, əgər gürcü çarı Azərbaycan xanlarının daxili işlərinə qarışmasa, onda o, Dağıstan hakimlərinin Gürcüstana yürüşünün qarşısını ala bilər. Əks təqdirdə isə Azərbaycan xanlıqlarında sakitlik olmayacaq, dağıstanlılar Gürcüstan üzərinə hücumlarını davam etdirəcəklər. Hətta İranla Türkiyə də münaqişəyə cəlb olunacaq. Bu isə Cənubi Qafqazda çoxlu qan tökülməsinə səbəb ola biləcək hadisələrin baş verməsinə şərait yaradacaq...

Lakin Fətəli xanın II Yekaterinaya yazdığı məktublardan heç bir nəticə hasil olmadı. Və o, məcburiyyət qarşısında qalıb, Qarabağa növbəti yürüş etmək üçün Lənkəran və Şəki xanlıqları, həmçinin bəzi Dağıstan hakimləri ilə ittifaqa girdi. Fətəli xan, hətta vaxtilə Qarabağ xanına bac-xərac verən Təbriz, Xoy, Urmiya xanlarını da öz tərəfinə çəkə bildi. 1782-ci ildən İbrahimxəlil xana vergi verməkdən boyun qaçıran Qaradağ hakimi İsmayıl xan da ona qoşuldu. Ümumiyyətlə, bu xanlıqlar və onların hakimləri yaranmış vəziyyətdən istifadə edərək İbrahimxəlil xanın tabeçiliyindən çıxmaq fikrindəydilər. Urmiya hakimi İmamqulu xan isə Qarabağ xanına, ümumiyyətlə, tabe olmaq istəmirdi.

Fətəli xan 1783-cü ilin əvvəllərində Təbrizə hücum eləyib, şəhəri tutdu. İbrahimxəlil xan da öz növbəsində, Qaradağ hakimi İsmayıl xanın üzərinə hücum eləyib, əvvəlki vəziyyəti bərpa etməyə çalışdı. Lakin Fətəli xanın Qarabağa hücum təhlükəsi onu geri çəkilməyə məcbur elədi. İbrahimxəlil xan müdafiə tədbirləri görməyə başladı. O, qaynı Əmmə xana və Qaraqaytaq usmisi Əmir Həmzə Məhəmməd oğluna məktub yazıb, onları Fətəli xana qarşı yürüşə çağırdı. Əgər Fətəli xan İbrahimxəlil xanın üzərinə hücum eləsəydi, onda Car-Balakən hakimi Əmmə xan və Qaraqaytaq usmisi ona arxadan zərbə vuracaqdılar.

Fətəli xanın qoşunları artıq həmin vaxt Aran Qarabağda Şuşa qalası istiqamətində hücum mövqeyində dayanmışdılar. Canqutay hakimi Əhməd xan, Pavlin hakimi Xasbulat Əlibəyov, Buynaq hakimi Bamat xan, Qaytaq hakiminin qardaşı Ustar xan, lənkəranlı Qara xan, muğanlı Tale Həsən xan, şəkili Hacı Əbdülqədir xan, şamaxılı Məhəmmədsəid xan və Ağası xan qardaşları, Tarku şamxalı Murtuzaəli xan və digər hakimlər də onun yanında idilər. Fətəli xanın öz qoşunlarından əlavə, on üç min nəfərlik muzdlu döyüşçüsü də vardı. İbrahimxəlil xan isə həmişə olduğu kimi bu dəfə də soyuqqanlı halda Qalada oturub, düşməninin yolunu gözləyirdi. Fətəli xan bu qədər qoşunla Qarabağın paytaxtını ala bilməyəcəyini anladığından qarşısına çıxan bütün kəndləri, obaları çapıb-talayaraq qarət elədi, iki mindən çox əsir götürdü, yüz min başa qədər qoyun-quzu, otuz mindən çox iribuynuzlu mal-qara ələ keçirtdi.

 

(Ardı var)

 

Vasif QULİYEV

 

525-ci qəzet.- 2022.- 26 oktyabr.- S.12-13.