İbrahimxəlil xan Cavanşir

 

Tədqiqatçı-jurnalist, yazıçı Vasif Quliyev bu yaxınlarda Qarabağ xanlarının həyatından bəhs edən trilogiyadan ikinci əsərini - "İbrahimxəlil xan Cavanşir" adlı sənədli-tarixi romanını tamamlayıb. Romandan bir parçanı oxuculara təqdim edirik.

 

(Əvvəli ötən saylarımızda)

 

İbrahimxəlil xan Qubadan yaxınlaşan təhlükəni qabaqcadan duyduğuna görə müttəfiqi kimi II İraklidən tələb etmişdi ki, Fətəli xanı bu yürüşdən çəkindirmək üçün rus hökumətinə təsir göstərsin. Gürcü çarı 1783-cü ilin fevral ayında məktubla Qafqaz xəttindəki rus qoşunlarının baş komandanı Pavel Sergeyeviç Potyomkindən xahiş edirdi ki, Fətəli xanı Qarabağa hücum etmək fikrindən daşındırsın. Əks halda o, İbrahimxəlil xana hərbi yardım göstərəcək. Baş komandan özünün nümayəndəsi, tərcüməçi Mustafa Murtaziyev vasitəsilə Fətəli xana təsir göstərərək onu Qarabağa hücum etmək niyyətindən çəkindirdi. Quba xanı isə artıq həmin vaxt yuxarıda dediyimiz kimi, Qarabağa xeyli ziyan vurub, geri qayıtmışdı (Tofiq Mustafazadə. "Qarabağ xanlığı", Bakı, "Sabah" nəşriyyatı, 2010-cu il, səhifə 130). 1784-cü ildə Fətəli xan İbrahimxəlil xanın Şamaxı hakimlərinə köməyini bəhanə edərək Qarabağa yenidən hücum elədi. Şəki hakimi Hacı Əbdülqədir xan da öz qoşunları ilə ona qoşuldu. Bu, həmin Əbdülqədir idi ki, vaxtilə İbrahimxəlil xanın bir işarəsinə bənd idi, onun dediyi ilə oturub-dururdu, hər hansı bir məsələnin həllində məsləhəti ondan alırdı. Bir neçə ay əvvəl Hacı Əbdülqədir xanın ən böyük düşməni olan qardaşı oğlu Məhəmmədhüseyn xan əmisi ilə barışmaq üçün oğlu Məhəmmədhəsən ağanı bir dəstə adamla Hacı Əbdülqədir xanın yanına göndərmişdi. O da qonaqları həbs eləyərək Pənahabada - özünə həmişə böyük saydığı İbrahimxəlil xanın yanına yollamışdı. Qarabağ xanı isə burda bir "əmma" olduğunu başa düşərək incə bir siyasətlə gələcəkdə özünün xeyrinə istifadə etmək üçün hər ehtimala qarşı, Məhəmmədhəsən ağanı öldürməmiş, onun köynəyini qana bulayıb, Hacı Əbdülqədir xana göndərmişdi. Hacı Əbdülqədir xan isə düşməninin oğlu sarıdan bir qədər arxayınlaşıb, Ərəş və Şəki bəylərinin köməyi ilə gecəykən Məhəmmədhüseyn xanın yataq otağına girərək onu boğub öldürmüş, İbrahimxəlil xanın köməkliyi ilə Şəki taxtında oturmuşdu. Və bir neçə ay əvvəl baş vermiş bu hadisəni, İbrahimxəlil xanla kəsdiyi duz-çörəyi tamamilə unutmuş Hacı Əbdülqədir xana ona qarşı yaranmış ittifaqa daxil olaraq Quba xanı tərəfə keçmişdi.

Fətəli xan bu yürüşdə, demək olar ki, bütün Aran Qarabağı, xüsusən də, Kəbirli, Dəmirçi-Həsənli, İyirmidörd mahallarını var-yoxdan çıxarıb, xarabazara çevirdi. Elə bu vaxt Car-Balakən hakimi Əmmə xan İbrahimxəlil xana hərbi kömək göstərmək məqsədilə Dağıstandan üç min nəfərlik seçmə qoşun göndərdi. Fətəli xan Qarabağ və ləzgi qoşunlarının qarşısında tab gətirə bilməyəcəyini görüb, ələ keçirdiyi torpaqlardan geri çəkilməyə məcbur oldu.

İbrahimxəlil xan ona qarşı yaradılmış düşmən qruplaşmasını tədricən zəiflətmək və çörəyi dizinin üstündə olan Hacı Əbdülqədir xana möhkəm qulaqburması vermək üçün neçə vaxtdan bəri Pənahabadda girov saxladığı Məhəmmədhəsən ağanı həbsdən azad eləyib, Şəki xanlığının taxt-tacı uğrunda mübarizə aparmaq üçün hərbi kömək dalınca Car-Balakənə göndərdi. Məhəmmədhəsən ağa ləzgilərdən topladığı qoşunla Şəkiyə hücum edib, şəhəri tutdu. Hacı Əbdülqədir Şamaxıya Ağası xanın yanına qaçdı və Məhəmmədhəsən ağa Şəki xanlığının taxt-tacında oturdu. O, Ağası xandan Hacı Əbdülqədir xanın ona verilməsini tələb elədi. Şamaxı xanı məcburiyyət qarşısında qalaraq bu tələbi yerinə yetirdi. Hacı Əbdülqədir xan və onun yeddi oğlu edam olundu.

1785-ci ilin yanvar ayında Fətəli xan Kür çayı üstündən körpü saldıraraq yenidən Qarabağa hücum etmək fikrinə düşdü. Bu dəfə Quba xanı Qarabağ xanından Şirvandan və digər xanlıqlardan ələ keçirdiyi qəniməti geri qaytarmağı tələb edirdi. İbrahimxəlil xan isə Fətəli xanın tələbinə rədd cavabı verib, Bayat qalası ətrafında mövqe tutaraq müdafiə döyüşlərinə hazırlaşmağa başladı. Həmin vaxt Fətəli xan eyni zamanda Ağası xan və onun müttəfiqi Məhəmmədhəsən xanla müharibə aparırdı. Mehrəli bəy də onun yanında idi.

 

Mehrəli bəyin faciəsi

 

Hakimiyyət uğrunda mübarizədə özünü böyük qardaşının qarşısında gücsüz və zəif hesab eləyən Mehrəli bəy əlacsız qalıb, İrana üz tutmuş, Kərim xan Zəndə pənah aparmışdı. İran hökmdarı da söz vermişdi ki, Qarabağda onun hakimiyyətini tezliklə bərqərar edəcək. Lakin ölkədəki daxili ixtişaşlar Kərim xanın əl-qolunu açmağa imkan vermirdi. Nəhayət, "məsələnin həlli"ni iyirmi beş ilə yaxın gözləyən Mehrəli bəyin üzünə gün doğdu. Kərim xan Ərdəbil hakimi Hidayətulla xana əmr elədi ki, Mehrəli bəyə silah və qoşun versin. Elə Hidayətulla xan "bismillah" eləməmiş, yəni, 1779-cu ildə Kərim xan Zənd qəflətən öldü və bu iş yenə də yarımçıq qaldı. Mehrəli bəy İrandan artıq heç bir hərbi yardım ala bilməyəcəyini anlayıb, indi də Şimali Azərbaycan xanlıqlarında kömək axtarmağa başladı. O, Ağa Məhəmməd xan Qacarın daim təqib elədiyi Hidayətulla xanla birlikdə Qubalı Fətəli xanın yanına yollandı.

Qardaşı İbrahimxəlil xanla Quba hakiminin qatı düşmən olduğunu bilən Mehrəli bəy fikirləşirdi ki, Fətəli xan mütləq kömək verəcək və o da son məqsədinə çatacaq.

Fətəli xan Mehrəli bəyi çox səmimi qarşıladı və fikirlərini bəyəndi. Əvvəlcə onu dəfələrlə sınağa çəkdi, bir neçə hərbi səfərə özüylə apardı. Mehrəli bəyin qəhrəmanlığının və şücaətinin şahidi oldu. Quba xanı öz təzə qarabağlı dostuna güclü süvari qoşun verib, Pənahabad üzərinə göndərdi, özü isə Gəncə tərəfə hərəkət elədi. Fətəli xan bu yürüşdən əvvəl üç dəfə Qarabağa hücum etmişdi. Ancaq qarabağlılar hər dəfə də onun qoşununun ağzından vurub, geri qaytarmışdılar. Qubalıların gücü isə yalnız Qarabağın aran hissələrini çapıb talan etməyə çatmışdı. Bu dəfə də belə oldu. Qarabağlı igidlər Mehrəli bəyin başçılıq etdiyi qoşun birləşməsinin hücumunun qarşısını alıb, onları gəldikləri yerə qədər qovdular.

Bu məğlubiyyətin əvəzini çıxmaq üçün 1785-ci ildə Fətəli xan İbrahimxəlil xanın müttəfiqi olan Şirvan hakimi Ağası xanın üzərinə qoşun yeritdi. Bu hərbi səfərdə Mehrəli bəy də iştirak edirdi. Döyüşlərin qızğın çağında Fətəli xan onu məxfi bir tapşırığı yerinə yetirmək üçün Bakıya göndərdi. Mehrəli bəy tapşırığı uğurla yerinə yetirib, geri dönərkən gecə Ağası xanın oğlu Əhməd bəylə yolda rastlaşdı və aralarında atışma düşdü. Mehrəli bəy Əhməd bəyin gülləsindən həlak oldu...

Fətəli xan İbrahimxəlil xanla barışmaq və yaxınlaşmaq üçün bu hadisədən diplomatik surətdə istifadə elədi. Mehrəli bəyin cənazəsini xüsusi ehtiram və hörmətlə Pənahabada göndərdi. İbrahimxəlil xan bu nəcib və insani hərəkətinə görə düşməni ilə barışdı. Bununla da hər iki xan arasında düşmənçilik aradan götürüldü və onların münasibətləri yaxşılaşmağa başladı...

 

Xam xəyallar

 

 

... 1762-ci ildə Rusiyada hakimiyyət başına gələn II Yekaterina I Pyotrun Ermənistan və Gürcüstan barəsindəki planlarını həyata keçirmək üçün Cənubi Qafqaza "xüsusi diqqət" yetirməyə başladı, daha doğrusu, Qafqazda erməni məsələsinə olan keçmiş marağı yenidən oyatdı. Rusiya hökumətinin siyasi maraqları həmin vaxt ölkəni iranlıların və osmanlıların basqınlarından qorumaq üçün Rusiyanın protektoratlığı (Protektorat-İmperialistlərin müstəmləkə xalqlarını əsarətdə saxlama üsullarından biri.) altında sərhədlərinin etibarlı və sədaqətli keşikçisi olmağı vəd eləyən birləşmiş erməni-gürcü knyazlığını bərpa etməyi tələb edirdi. Şərq müsəlmanları, xüsusilə də, Zaqafqaziya türkləri II Yekaterina hökuməti üçün daha təhlükəli hesab olunurdular. Ona görə də bu dövlətlər arasında sərhədin olması vacib idi və belə sərhəd də Cənubi Qafqazın xristian xalqları olmalıydı, daha dəqiq desək, II Yekaterina ermənilərin və gürcülərin köməyi ilə Rusiyanın ali himayəsi altında Zaqafqaziyada güclü bir xristian dövləti yaratmaq niyyətində idi.

Həmin vaxtlar bəzi varlı ermənilər çar sarayına ayaq açmışdılar, daha doğrusu, oranı gedib-gəlməkdən su yoluna döndərmişdilər. Sarayda onlara xüsusi iltifat göstərildiyindən geniş əl-qol açmış, istədikləri hökmü saray xadimlərinin beyinlərinə yeritməyə başlamışdılar. Hökumət əyanlarının isə mənəviyyatca pozğun olan ermənilərdən peşkəş və ya hədiyyə şəklində rüşvət alıb, onların işlərinə yaramaları da təbii idi. Həmin vaxt gürcüləşmiş və gürcü çarlarından knyaz rütbəsi almış Moskvadakı erməni kilsəsinin başçısı, erməni mənşəli arxiyepiskop İosif Arqutinski-Dolqoruki ad-familiyalı birisi də meydana çıxdı. Bu, o adam idi ki, hələ 1779-cu ildə Türkiyədən və Krımdan gələn ermənilərin hesabına Don çayı üzərində on beş min əhalisi olan Naxçıvan şəhərinin əsasını qoymuş, onun sayəsində bəzi Qarabağ məlikləri və onların itaətində olan kəndlilər Gürcüstanda yerləşdirilmiş və Şulaveri kəndini salmışdılar. Ermənilərdə özünüdərketmə oyatmaqla Cənubi Qafqazda erməni dövləti yaratmaq üçün dəridən-qabıqdan çıxan İosif 1782-ci ildə II Yekaterina hökumətinin Şərq siyasəti ilə məşğul olan məmuruna - Pavel Sergeyeviç Potyomkinə yazıb-hazırladığı layihəni təqdim elədi. Və sonra Eçmiədzin pravoslav kilsəsinin başçısı ilə əlaqəyə girərək onunla köməkləşib, "Qarabağda və Zaqafqaziyanın başqa yerlərində yaşayan ermənilərə kollektiv müraciətnamə" yazdı. Müraciətnamədə deyilirdi ki, rus qoşunları İrana "erməniləri müsəlmanların əsarətindən qurtarmaq və onlara müstəqillik vermək" fikri ilə girmişlər. Bu, Zaqafqaziya sakinləri arasında böyük həyəcana səbəb olmuşdu. Həddindən artıq şöhrətpərəst olan İosif, hətta guya, öz qardaşı oğlunu Ermənistan çarı eləməyə hazırlaşır və onun üçün çar tacı da düzəltdirib. Özü isə Eçmiədzinin patriarx taxt-tacına sahib olmağa hazırlaşır və patriarx libasında portretinin çəkilməsini sifariş verib.

İosif Arqutinski-Dolqoruki Pavel Sergeyeviç Potyomkinə verdiyi müraciətnamədə erməni dövləti yaratmaq üçün rus qoşunlarının Cənubi Qafqaza yürüş etməsini məsləhət görürdü. O, Hindistandan tutmuş Polşaya qədər ermənilər yaşayan bütün ölkələrlə, Eçmiədzin və Ağvan katolikosları və Qarabağ məlikləri ilə yazışır, dindaşlarında qızğın vətənpərvərlik hissləri oyadırdı. Bütün bunlardan ruhlanan ermənilərə Ermənistanın azadlığı da çox real görünürdü. Akop Şamiryanın dövlət quruluşunun prinsipləri və gələcək birləşmiş erməni-gürcü çarlığının qanunlar məcəlləsi haqqında kitabı artıq Hindistanda çap olunmuşdu. Hindistanda və başqa ölkələrdə yaşayan varlı ermənilər "əgər ruslar erməniləri "türk zülmü"ndən azad edərlərsə, Ermənistanın azadlığı uğrunda və Rusiyanın xeyrinə bütün var-dövlətlərini verməyə hazırdırlar. Hətta onlar Osmanlı və İran dövlətlərinə qızıl verməklə Borçalını, İrəvan vilayətini və başqa torpaqları da almaq niyyətindədirlər".

Ermənilərin bu xam xəyallarını bəh-bəhlə qarşılayan rus saray xadimləri bütün bu işlərə başçılıq edən Emin Ovsepyan ad-familiyalı bir erməni varlısını təbliğat aparmaq üçün Peterburqdan Qarabağa göndərdilər. O, məliklərlə və onlara həmişə məsləhət verən Qanzasar və Eçmiədzin katolikosları ilə gizli görüşdü, öz planlarını bildirdi, silah almaq üçün onlara pul verdi. "Böyük Ermənistan çarlığının bərpası" xülyasına düşən Qarabağ məlikləri də rus ordusunun Qarabağa girəcəyi vaxt onu nəinki hər şeylə təmin etməyi, hətta özlərinin bütün silahlı qüvvələrini ruslarla birləşdirməyi vəd etdilər. Qarabağ məliklərinin nümayəndəsi Stepan Davidyan rus ordusunun Qafqazdakı baş komandanı, general-poruçik Pavel Sergeyeviç Potyomkinin yanına yollandı, Zaqafqaziyada siyasi vəziyyət və ermənilərin hazırlığı barədə ona ətraflı məlumat verdi. Bu xidmətinə görə ona premyer-mayor rütbəsi verildi. Baş komandan bildirdi ki, Qafqaz türkləri ilə müharibəyə artıq hazırdır və 1784-cü ilin yazına qədər hərbi əməliyyatlara başlamaq nəzərdə tutulub.

Emin Ovsepyan isə sonra Qafqaz türklərinə qarşı erməni-gürcü ittifaqı yaratmaq məqsədilə Tiflisə yollandı. Lakin ermənilərin gürcü çarı ilə söhbətləri alınmadı, daha doğrusu, II İrakli həmin araqarışdıran erməniyə rədd cavabı verdi. Emin Ovsepyan isə planlarını daha uzaqlarda reallaşdırmaq üçün suyu süzülə-süzülə İngiltərəyə yollandı. Lakin qəfil ölümü onun xəbis və pisniyyətli planlarının həyata keçməsinə imkan vermədi.

 

Qulaqburması

 

İbrahimxəlil xanla Məlik Şahnəzərin qohum olması və onların münasibətlərinin daha da yaxşılaşması digər məliklərin gözünü deşirdi. Xüsusən, Dizaq məliyi İsay bu qohumluğa kəskin etiraz edirdi. Guya, o, qız nəvəsi Hürzadın İbrahimxəlil xana ərə verilməsini "qeyrətinə sığışdıra bilmirdi". Bu hadisə Məlik Şahnəzərlə Məlik İsayın arasında uzun müddət davam eləyən qanlı döyüşlər üçün bəhanə oldu. Atasının erməni məlikləri ilə bağladığı müqavilənin şərtlərini ilk vaxtlar yerinə yetirən İbrahimxəlil xanda cızıqlarından çıxmış ermənilərin çörəklərinin dizlərinin üstündə olduqlarına bir daha əminlik yarandı və o, sonra onlarla başqa cür - daha ciddi və sərt rəftar eləməyə başladı. Ermənilərin həyasız hərəkətlərinə son qoymaq üçün Qarabağ xanı 1781-ci ildə Vərəndə məliyi Şahnəzər və Xaçın məliyi Mirzəxanla birlikdə uzun müddət Tuğ qalasını mühasirədə saxladı. Çox çəkmədən Dizaq məliyi İsay təslim oldu. İbrahimxəlil xan onu zindana atdırdı və orda da boğdurub öldürtdü, bütün əmlakını müsadirə elədi. Hakimiyyət İsayın qardaşı oğlu Baxtamın əlinə keçdi. Az vaxtdan sonra o da İbrahimxəlil xanın əleyhinə çıxdı. Döyüşlərin birində Qarabağ hakiminin tərəfdarı olan Xaçın məliyi Mirzəxan əsir götürüldü və çox çəkmədən öldürüldü. İbrahimxəlil xan onun yerinə oğlu Allahverdini Xaçına məlik təyin elədi. Məlik Allahverdi də atası kimi xanlığa sədaqətlə xidmətə başladı.

İbrahimxəlil xan isə ermənilərin gürcülərlə və ruslarla gizli əlaqələrindən, danışıqlar aparmalarından xəbərdar idi, daha doğrusu, elə satqın ermənilərin özləri bu xəbərləri onun ovcuna qoymuşdular. İbrahimxəlil xan bilirdi ki, Qarabağ məlikləri çoxdan ruslarla diplomatik danışıqlar aparırlar. Ona görə də fürsətdən istifadə edərək yubanmadan əvvəlcə gürcülərə, sonra isə ermənilərə zərbə vurmağı planlaşdırdı. 1782-ci ildə onun əmri ilə Əmmə xanın qoşunları Gürcüstana hücum elədi. Ləzgilər Borçalını dağıdıb, Loriyə girdilər, Gümüşxana qalasını mühasirəyə aldılar. Əmmə xan qalanı tutdu, ordakı bütün yunanların axırına çıxdı, yaxınlıqdakı kəndlərdən qaçıb, ora sığınan çoxlu ermənini əsir götürdü. Bu vaxt II İrakli öz qoşunları və üç yüz nəfərlik rus qoşunu ilə avar qoşunlarının hücumlarının qarşısını almağa çalışdı, lakin heç bir nəticəsi olmadı. Əmmə xan həmin vaxt osmanlıların əlində olan Axalsxiyə tərəf hərəkət elədi, qışı orda Süleyman paşanın evində qaldı. Burda qoşununu Vaxan qalasına göndərdi. Həmin vaxt knyaz Yevgeni Abaşidze öz ailəsi ilə burda yaşayırdı. Əmmə xan qalanı tutub, sakinlərini, o cümlədən, knyazın iki qızını əsir götürdü. Bir qızını özünə arvad elədi, o birini - Cəvahir xanımı isə töhfə kimi Qarabağ xanına göndərdi. Əmmə xan bir müddət Axalsxidə qaldı, gürcülərin gözünü qırdı, yazda buranı tərk eləyib, İrəvan tərəfə, ordan isə Qarabağa yollandı. İbrahimxəlil xana hesabat verib, Dağıstana qayıtdı. Özü ilə çoxlu əsir və qənimət də apardı...

Qarabağ məlikləri və arxiyepiskopları 1784-cü ilin yayını və müharibəni başlamaq üçün general-poruçik Pavel Sergeyeviç Potyomkinin qoşunlarının yolunu səbirsizliklə gözləyirdilər. Lakin bir il də keçdi, vəd edilmiş kömək gəlmədi. 1785-ci ilin aprel ayında İbrahimxəlil xana belə bir xəbər çatdı ki, Qanzasar katolikosu Avanes Gülüstan məliyi Abov Məlik Beqlyaryan, Craberd məliyi Məclum Məlik İsraelyan, Dizaq məliyi Baxtam Məlik Avanyan, başqa kilsə və din xadimlərinin imzaladıqları məktubu Rusiya imperatriçəsi II Yekaterinaya göndərmişdir. Amma İbrahimxəlil xanın yanında öz yerini şirin salmaq üçün dəridən-qabıqdan çıxan katolikos İsrael bu fürsəti fövtə verməmiş, yubanmadan məktubun surətini Qarabağ hakiminə çatdırmışdı. İbrahimxəlil xan onu dinlədikdən və məktubu oxutdurduqdan sonra özünü elə soyuqqanlı aparmışdı ki, sanki məliklərin niyyətlərindən, ümumiyyətlə, xəbəri yoxdur. O, Məlik Məclumu, Məlik Abovu və Məlik Baxtamı, guya, vacib işləri müzakirə etmək bəhanəsilə yanına çağırtdırıb, həbs elədi. Məlik Məclumu və Məlik Abovu zindana atdı, Məlik Baxtamı isə rusların İran sərhədinə soxulmasına kömək etdiyi üçün İranın hakimiyyət orqanlarına təhvil verdi. Onu xüsusi siyasi cinayətkarların saxlanıldığı Ərdəbil həbsxanasına saldılar. İbrahimxəlil xan Qanzasar monastrına bir atlı dəstə göndərib, katolikos Avanesi və onun beş qardaşını tutdurub, Şuşa qalasına gətirtdi. 1786-cı ildə katolikos Avanesi zindanda zəhərlədib, cəhənnəmə vasil elədilər, qardaşlarını və digər cinayətkarları isə doqquz ay burda saxlayıb, əzab-əziyyət, işgəncə verdilər. Rusların ermənilərə göndərdikləri məktubların harda gizlədildiyini demək üçün yepiskop Sərkisin ayaqlarını iyirmi gün fasiləsiz olaraq çubuqladılar və məlum oldu ki, məktublar çoxdan yandırılıb. İbrahimxəlil xan Qanzasar monastrını səkkiz min tümən məbləğində cərimə elədi, yepiskop Sərkisdən dövlətin nəfinə müəyyən edilmiş miqdarda cərimə alıb, onu da, qardaşlarını da həbsxanadan buraxdı.

Məlik Məclum və Məlik Abov zindanda çox qalmadılar, onları xüsusi bir yerə göndərdilər. Katolikos İsrael isə göstərdiyi xidmətlərə, yəni, katolikos Avanesi satdığına görə İbrahimxəlil xandan Ağvan katolikosu vəzifəsini aldı.

 

"Kişi torpaq gətirər, torpaq itirməz"

 

Bu prinsiplə Qarabağı idarə eləyən İbrahimxəlil xan Cavanşir bir tərəfdən paytaxtı Pənahabadı möhkəmləndirərək alınmaz qalaya çevirir, digər tərəfdən də qonşu torpaqlar hesabına ərazisini genişləndirirdi. O da ölkədə hökm sürən qarışıq vəziyyətdən istifadə edərək bəzi hakimlər kimi Cənubi Qafqaz və İran hökmranlığına can atırdı. Elə hesab edirdi ki, istəsə, nəhəng ordusu və müttəfiqlərinin köməyi ilə hər hansı bir xanlığı öz iradəsinə tabe eləyə, onunla istədiyi kimi rəftar edə bilər. Hakimləri devirə, yerlərinə özünün adamlarını qoya, yaxud tutduğu əraziləri - mahalları, şəhərləri, kəndləri kimə istəsə bağışlaya, ya da böyük vergilərlə yükləyə bilər. İbrahimxəlil xan özündə bu qüvvəni, bu qüdrəti hiss edirdi, necə deyərlər, dilinə görə dilçəyi də vardı. Ona görə də o, ilk növbədə, atasının sağlığında Qarabağ xanlığının vassalı olan, indi isə onun asılılığından imtina etmək fikrinə düşən bəzi hakimlərə qulaqburması vermək, onları yenidən özünə tabe etmək qərarına gəldi. Və özünün cızdığı plan üzrə cənub yürüşlərinə başladı.

1780-ci ildə İbrahimxəlil xanın sərkərdələri Əbdüssəməd bəy Cavanşirin və Mirzəli bəy Cavanşirin başçılığı ilə Qarabağ qoşunları Xoy xanlığı istiqamətində hərəkət eləməyə başladılar. Xoylu Əhməd xan Dünbülü Urmiya hakimi İmamqulu xan Əfşardan hərbi yardım istədi. O da tərəddüd etmədən dərhal Xoya kömək göndərdi və müttəfiqlər Qarabağ qoşunlarına irəliləməyə imkan vermədilər. Lakin Xoylu Əhməd xan İbrahimxəlil xanla barışıq elan etməyə məcbur oldu və onunla birləşib, Qaradağ xanlığına hücum eləməyi və sonra bu xanlığı aralarında bölməyi təklif elədi. Birləşmiş Qarabağ-Xoy qoşunlarının hücumu nəticəsində Qaradağ xanı Mustafa xan, demək olar ki, döyüşsüz təslim oldu. İbrahimxəlil xan onu əsir götürüb, özü ilə Şuşaya gətirərək zindana atdırdı. Qaradağın bəzi mahallarını döyüşlərdə fərqlənən sərkərdələrinə bağışladı. Qaradağ xanlığı tam şəkildə ondan asılı vəziyyətə düşdü. Mustafa xanın yerinə onun oğlu taxta çıxdı. Lakin təzə hakimin əmisi onun işlərinə ciddi şəkildə mane olduğundan İbrahimxəlil xan Mustafa xanı həbsdən azad eləyib, yenidən Qaradağa hakim göndərdi və onun xahişilə xanlığın işlərinə mane olan qardaşı Nəcəfəli xanı tutub, Pənahabad qalasında zindana saldırdı. Mustafa xan isə həmin vaxtdan İbrahimxəlil xanın həm vassalına, həm də yaxın müttəfiqlərindən birinə çevrildi...

 

İbrahimxəlil xan və II İrakli

 

Azərbaycan xanları arasında Kartli-Kaxetiya çarı II İrakliyə ən yaxını İbrahimxəlil xan idi. Onlar həm siyasi, həm də iqtisadi cəhətdən bir-birlərinə qarşılıqlı yardım göstərir, bəzi mürəkkəb məsələlərin həllində bir-birlərindən məsləhətlərini əsirgəmirdilər. Bir çətinliyə düşəndə, xüsusən də, onlar üçün xarici təhlükə yarananda üzlərini ərklə bir-birlərinə tutur, bir-birlərindən kömək umurdular.

1783-cü ildə Qarabağda aclıq başlananda İbrahimxəlil xan II İrakliyə sifariş göndərib, ona münasib qiymətə ərzaq satılmasını xahiş eləmişdi. Kartli-Kaxetiya çarı da dostluq və müttəfiqlik borcunu yerinə yetirərək həmin çətin və ağır günlərdə Qarabağ xanını darda qoymamış, Pənahabada hər ikisini qane eləyən qiymətə - taxılın girvənkəsini on beş qəpiyə, unun girvənkəsini on qəpiyə, arpanın girvənkəsini doqquz qəpiyə, vələmirin girvənkəsini isə altı qəpiyə satılması barədə əmr vermişdi (Şəfiqə Həmidova. "XVIII əsrin ikinci yarısında Azərbaycan-Gürcüstan münasibətləri tarixindən", Bakı, "Elm" nəşriyyatı, 1985-ci il, səhifə 58).

İbrahimxəlil xanın II İrakli ilə münasibətləri artıq çox yüksək səviyyəyə çatmışdı. Məktublarının birində Kartli-Kaxetiya çarı Gürcüstana düşmən münasibət bəsləyən qonşu dövlətlərin - Türkiyənin, İranın və Dağıstanın hədələrindən və hücumlarından birdəfəlik yaxa qurtarmaq üçün Rusiyanın himayəsinə keçmək məqsədini ilk dəfə ona açıb demişdi. Qarabağ xanı da dostunun bu fikrini alqışlamış, üstəlik, özünün də həmin arzuda olduğunu və bu məsələni Rusiyanın dövlət məmurları qarşısında qaldırmağı xahiş eləmişdi. 1783-cü il iyul ayının 27-də Şimali Qafqazın Georgiyevsk şəhərində bağlanmış müqaviləyə əsasən Kartli-Kaxetiya çarlığının Rusiya təbəəliyinə qəbul edilməsi münasibətilə Tiflisdə keçirilən təntənələrə məhz bu dostluğun rəmzi kimi Qarabağ xanlığından da nümayəndələr dəvət olunmuşdu. Nümayəndə heyətinə Qarabağ xanının baş vəziri, şair və görkəmli dövlət xadimi Molla Pənah Vaqif rəhbərlik edirdi. İbrahimxəlil xanın baş məsləhətçisi Mirzə Vəli Bayram xan oğlu Baharlı, yüzbaşı Cəmil ağa Manaf ağa oğlu Muğanlı və başqaları da nümayəndə heyətinə daxil idilər.

 

Qarabağlı qonaqlar Tiflisdə çox hörmətlə, mehribanlıqla və hərarətlə qarşılandılar. Molla Pənah Vaqif Qarabağ xanının adından çıxış edərək İbrahimxəlil xanın təbrikini gürcü xalqına çatdırdı və onun II İrakliyə göndərdiyi şəxsi hədiyyəni Kartli-Kaxetiya çarına təqdim elədi. Sonra şair bu hadisəyə həsr etdiyi təzə şerini ana dilində oxudu. Azərbaycan dilini başa düşən gürcülərin əksəriyyəti onu qızğın alqışladılar. Sonra Molla Pənah Vaqif uzun illər Kartli-Kaxetiya çarlığında Rusiya hökumətinin nümayəndəsi olan polkovnik Stepan Daniloviç Burnaşevin bu təntənələrdə iştirak etməsindən istifadə edərək Qarabağ xanının da Rusiyanın təbəəliyini qəbul etmək istədiyini bildirdi. Ümumiyyətlə, bu hadisənin Kartli-Kaxetiya çarlığı və Qarabağ xanlığı arasındakı mədəni və siyasi əlaqələrin daha da möhkəmlənməsinə böyük təsiri oldu... (Şəfiqə Həmidova. "XVIII əsrin ikinci yarısında Azərbaycan-Gürcüstan münasibətləri tarixindən", Bakı, "Elm" nəşriyyatı, 1985-ci il, səhifə 58).

 

Vasif QULİYEV

 

525-ci qəzet.- 2022.- 27 oktyabr.- S.12-13.