Ziya - həm də işıq deməkdir  

 

Fəxrəddin Ziyanın işıqlı şeirləri barədə eksklüziv mülahizələr

 

Şeirləri, lirik dünyası ilə müasir poetik məkanda seçilən, öz səsi, öz nəfəsi, həyat hadisələrinə orijinal yanaşma tərzi olan Fəxrəddin Ziya maraqlı və rəngarəng əsərləri, bədii-poetik nümunələri ilə uca məqama haqq etmiş insanlardandır. Onun sənət palitrası çox rəngarəng, fəza genişliyi qədər tutumlu mövzulardan ibarətdir. Dəyişən duyğular, intellektual çalarlar, mənəvi norma və formalar gerçək poetik çələng kimi oxucu qəlbini bürüyür. Və oxucu-sənətkar doğmalığı bu auranın qovuşuğundan yaranır.

Fəxrəddin Ziyanın ictimai motivli, cəmiyyətə ünvanlanmış, naqislikləri ürək yanğısı ilə dilə gətirən şeirləri də, məhz, ali insani məqsədə xidmət edir. Haqsızlıq, ədalətsizlik, həqiqətin təhrifi, insan haqları və azadlıqlarına qarşı hər bir adi cəhd də, Fəxrəddin Ziyanı incidir, onun qəlbini təlatümə gətirir, qələmində poetik haraya çevrilir. Buna görə də, o, bütün sosial çaşmalara və yolazmalara etiraz edir, yer üzündə mənəvi azadlığın və ədalətin qələbəsi uğrunda poetik mübarizə aparır. O, yaxşı bilir ki, bütün dəyərləri eyni məxrəcə gətirmək, bütün ziddiyyətləri aradan qaldırmaq, humanist düşüncənin təntənəsinə nail olmaq heç də asan deyil. Amma bütün bununla birgə, cəmiyyətin xəstə anatomiyasına yaxşı bələd olan şair, onu əlahəzrət sözün işığında mühakiməyə çəkir. Söz cərrahı kimi onun yaralarını təşrih etməyə çalışır. Məsələn:

 

 

 

Nə vaxtdır ürəyimdə ağır bir kədər,

Yas saxlayıram,

Qolunda böyük təpər,

Ürəyində bir ömürlük səbr,

Qəlbində köləlik ruhu

Və bir qarın çörək qazanmaq ümidi,

Boynubükük durnalar üçün

Yas saxlayıram,

Gündə azı bir yol,

Bu cür acı taleləri görüb

Halını pozmayan,

Xalqın qanını zəli kimi

Soranlar üçün.

("Yas saxlayıram")

 

Başqa bir şeirində bu ictimai yanğı açıq qəzəbə çevrilir, poetik ittiham çılpaq şüar kimi səslənir.

 

 

Gündə bir don alır, bir kostyum geyir,

Bu boz sifətlilər, yekə qarınlar.

Qaçqının, şikəstin payını yeyir

Bu nazir quldurlar, başçı harınlar.

 

("Biz hara gedirik")

 

"Mən saray şairi ola bilmirəm", "Bir az da döz ürəyim", "Yaman yerdə gecələdik", "Gedirəm ölümə doğru", "Biz hara gedirik", "Qumru", "Xətai işığında", "Bilmərik", "Bu millətin dərdi nə çox", "Nakəslərdən həzər", "Məmməd Araz karandaşı" və başqa şeirləri belə ictimai yanğı ilə dolu, sosial problemləri çözələyən poetik nümunələrdir.

Qeyd etdik ki, Fəxrəddin Ziyanın mövzu arealı geniş, rəngarəng və çeşidlidir. Vətəndən, anadan, məhəbbət yanğısından Çanaqqalayadək uzanan bu mövzuların hər birində şairin səmimi, mübhəm duyğuları boy göstərir. Hər mövzu öz biçimində öz əhvalında, poetik obrazında üzə çıxır. İctimai motivli nümunələr, şəxsi duyğular, məhəbbət, ana yanğısı, ata sevgisi, təbiət barədə düşüncələr onun poetik obrazlarının əsasını təşkil edir. Bu mövzular poetik əlahiddəlikdə ehtiras və xəyalları birləşdirir, şairin məhrəm duyğularının qol-qanad açmasına rəvac verir, kədərli misralar nikbinlik yaradan ovqatla qovuşur, bir sözlə, şair nəfəsi bədii bəşərilik kəsb edir.

Ana haqqındakı bütün şeirlərdə bir təəssüf, bir günah hissi və onun etirafı var. Anaya xidmətin yarımçıqlığı, özünəqapanma, təəssüf və buna bənzər hisslər ana qarşısında övlad borcunun sonadək ödənilə bilməməsinin etirafıdır. Bu hisslər və duyğular Fəxrəddin Ziyanın poetik məqamı üçün də məhrəm bədii çevrədədir. "Bağışla, can ana" şeiri belə poetik yüklü, bədii qatlı şeirlərdəndir. Şeir, həm də, orijinal struktura malikdir. Ənənəvi on ikilikdə yazılmış şeir bayatı ilə başlayır:

 

 

 

Köçüb, bir dünyam, yoxdur,

Gölüm var, sonam yoxdur.

Virandır atam evi,

İçində anam yoxdur.

 

Ana yoxluğu şeirdə uşaq səmimiyyəti və yanğısıyla qələmə alınıb. Anaya doğru can atan bu israrlı və qətiyyətli poetik iradə yaşamaq nə qədər şirin olsa da, anaya qovuşmaq üçün şairi ölmək arzusuna qədər çəkib aparır. Bu, poetik etirafın ən yüksək həddidir.

Doğrudan da, Fəxrəddin Ziyanın əsərlərində etiraf motivi çox öndədir və güclü poetik struktur kimi özünü göstərir. "Bağışla", "Keç günahımdan", "Qayıt" və başqa bu tipli poetik nümunələrdə etiraf peşmançılıq həddinə çatır. Peşmançılıq insanın mənəvi katarsizminin əni ali nöqtələrindən biridir. Peşmançılıq insanın daxili təmizlənmə anıdır, həm iradə, həm ruh, həm ürək, həm istək momentində özünütanıma prosesidir. Peşmançılıq insan qəlbində və ruhunda yaşanan zülməti, narahat qaranlığı özünüdərkə çevirən stixial bir andır. Fəxrəddin Ziya bu anı mükəmməl yaşayır və onu poetik obrazlarla universal şəkildə əyaniləşdirir.

Şairin yaradıcılığında sevgi şeirləri bir silsilə təşkil edir və onun poetik ruhunun tərcümanı kimi maraq doğurur. Bəzən sızıltılı duyğular, olub-keçənlər üçün şair həsrəti, dünyanın, varlığın, insan ömrünün, həyatın mənası, zamanın gərdişi məhəbbət motivləri ilə qoşalaşır və ritmik mənzərə yaradır, insanın insana olan dərkini, hisslərinin fəlsəfəsini, estetikasını ortaya qoyur. "Neyləyim", "Qoşa gəzək dünyanı", "Xatirə", "Sənin gözlərin", "Bu qədər öyrətmə özünə məni" (Ustad Musa Yaquba məhəbbətlə), "Gülüm hey", "Sarı gəlin", "Gözlərin" məhəbbətin fəlsəfəsini açan, insanın sevgidə özünü tapması, iki canda bir tam kimi hiss etməsi barədə poetik hekayətlərdir.

 

 

Nə tez soldu bu gül-çiçək,

Olan oldu, keçən keçdi?

Yarı xəyal, yarı gerçək,

Olan oldu, keçən keçdi.

("Olan oldu")

 

Çox səmimi misralardır. İnsan xəyalını uçuran, keçmişlə bu günü, xəyalla gerçəkliyi qovuşduran bu misralarda insan kədəri ilə sabaha ümid çulğalaşır, baş-başa gələn hisslər insan talelərinin harmoniyası kimi poetik ovqata çevrilir.

Başqa bir nümunə:

 

Ömür keçir, ay dəyişkən il qısa,

Nə gözəldir, göz danışa, dil şuşa.

Əgər sənin ürəyində varamsa,

Köynəyinin titrəməsi bəsimdir.

("Bəsimdir")

 

Fəxrəddin Ziyanın şeirləri metaforalar, peyzajlar, bənzətmələr, poetik işarələr və işarətlərlə zəngindir. Bəzən onun əsərləri kamil bir rəssamın tablosunu xatırladır. Bu tabloda təbiət nəfəs alır, gül-çiçək adamın üzünə gülür, şəlalə "özünü qayadan atır", meşələr əbədi əzəmətilə xışıldayır, küləklər müxtəlif notlarda nəğmələrini oxuyur. Bir sözlə, Fəxrəddin Ziyanın şeirləri əsl rəsm nümunələridir, təbiəti vəşf edən tablolardır. Bədii-poetik peyzaj təsiri bağışlayan aşağıdakı misralara nəzər yetirək:

 

 

Yenə gül qoxuyur çölün nəfəsi,

Ləçəyin şəbnəmi, bülbülün səsi,

Qoy öpsün üzündən düzün laləsi,

Əyilib ahəstə, üz, gözəlliyi.

("Gözəllik")

 

 

Şairin əsərləri ilə tanış olduqca onun şeirin müxtəlif forma və şəkillərindən bacarıqla istifadə etdiyinin şahidi oluruq. O, hər bir formaya, janra üsulluca yanaşır, şeirin müxtəlif şəkillərində öz fikir və düşüncələrini aydın, yaradıcı ustalıqlarla ifadə edə bilir. O, qoşma, gəraylı, qəzəl janrında olduğu kimi bayatılar, dördlüklər, səkkizliklərdə də yaradıcı potensialını ustalıqla reallaşdıra bilir, hər bir janrın ruhuna, ritminə uyğun bədii peyzajlar yaradır, oxucuya məhrəm poetik ovqat aşılayır. Xüsusən, qəzəl yaradıcılığı maraq doğurur. Onun qəzəlləri bir silsilə təşkil edir. Kamil şeir nümunələri olan bu qəzəllərdə şairin mənəvi dünyası boy göstərir, azad, humanist, insanlığa çağırışları eşidilir, insanın daxili dünyası, pak, təmiz duyğularının tərənnümü öz əksini tapır.

Qəzəllərdə qəliz ərəb-fars tərkibli ibarələrdən daha çox müasir, populyar, işlək ifadələrdən istifadə edilir. Əruzun daha çevik, oynaq, müasir insanın ruhuna yaxın bəhrələrindən bəhrələnilir. Bu da qəzələ müasir ruh və nəfəs verir. Bu, şairin, çox güman ki, içdən gələn instinktiv seçimidir. Zamanın diktəsilə təbii yeniləşmə qəzəl janrında da özünü göstərir. Bu məqamda Fəxrəddin Ziya qəzəlləri ustad Əliağa Vahid qəzəl dünyası ilə ekvivalentləşir. Fəxrəddin müəllim oxucu yaddaşında Vahidin davamçısı kimi qalır!

 

 

Görmədim vəslin bir yol ki,

ta biləm vüsal nədir,

Ver-ver zülmünü dəmadəm,

zülmkarım sənmisən!

("Sənmisən")

 

 

 

Yaxud:

 

Dünya, göz açandan mənə,

ey can, qəhər oldu,

Ömrüm bir ömür olmadı,

ağır səfər oldu.

("Dünya, göz açandan")

 

 

Göründüyü kimi, hiss və duyğular aydın ifadə və ibarələrlə, səlis, anlaşıqlı bir dillə çatdırılır, qəzəlin ruhunda müasir şeirimizin ritmi və melodiyası qorunub saxlanılır. Pak mənəvi iradə poetik vüsətin bədii çalarlarında şairin mənəvi dünyası kimi təcəlla edir. Qəzəllərdə ayrılıq, həsrət, hicran, sevən qəlbin ahəngdar döyüntüləri ilə yanaşı, bir mistik ovqat da izlənməkdədir. Allaha, yaradıcı qüvvəyə metafizik münasibət, sətiraltı mətndə ilahi qüvvənin ecazkar gücünə inam mətnin məntiqində dayanan poetik ovqatdır. Belə hiss və duyğular müəllifin səmimi münasibəti kimi bütün qəzəllərin mətnində bu və ya başqa yöndən qorunub saxlanılır.

Fəxrəddin Ziyanın şeirlərinin mayasında qəm də, kədər də, ayrılıq həsrəti, niskil də poetik ovqat kimi boy göstərir. Amma bütün bu duyğularla yanaşı qəmə, kədərə bir nikbinlik, ümid, sabaha inam hissləri də dominantlıq edir. Bu da onun şeirlərinə işıqlı bir ovqat bəxş edir. Fəxrəddin Ziyanın şeirləri sanki gün işığında yazılıb, bu poetik nümunələr, elə bil gün işığında yuyunb gəlib, odur ki, nikbin, işıqlı, aydın, duru əhval-ruhiyyə yaradır. Və bu işıqlı düşüncə tərzi hər cür geriliyə, yalancı ənənəçiliyə qarşı döyüşkən, yüksək, azad, humanist duyğular uğrunda mübarizə aparan istedadlı bir şairin yaradıcılıq yolunu aydınlaşdırır, onun gələcək uğurlarına işıq tutur.

 

Loğman RƏŞİDZADƏ

yazıçı-publisist

 

525-ci qəzet.- 2022.- 28 oktyabr.- S.15.