Musiqi mozaikası

 

BİZDƏ SİMFONİK MUSİQİNİ NƏ ÜÇÜN SEVMİRLƏR?

 

Bir sual məni həmişə düşündürüb: Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirov, A.Məlikov, X.Mirzəzadə, S.Hacıbəyov... kimi dünya şöhrətli bəstəkarlar yetişdirən xalqın təmsilçiləri - bizlər musiqi yaradıcılğının simfonik qoluna niyə bu qədər biganəyik?

Bunu dilinin mürəkkəbliyi səbəbindən simfonik musiqinin çətin başa düşülməsi ilə izah edənlərin mövqeyi ilə qətiyyən razılaşmıram. Çünki musiqi şüur yox, duyğu, hissi idrak faktıdır, ilk növbədə duyğuları sayrışdırır və yalnız bundan sonra şüurun da qapılarını açıb müəyyən qənaətlərlə sonunclanır. Bizi isə dünyanın ən emosional, qaynar, duyğulu xalqlarından biri hesab edirlər. Elə isə bu paradoksu necə izah edək?

Pandemiya başlayana qədər Şəki və Qəbələ şəhərlərində keçirilən musiqi festivalları çox zəif təsəllidir. Bu tədbirlərdən hazırlanmış konsert proqramlarına baxanda dinləyicilər arasında gənc nəslin nümayəndələrini görsən, əsl sensasiya olar. Digər dinləyicilərin isə üz-gözündən gözəl musiqi ilə ünsiyyətin nəticəsi olan məmnunluq, sevinc, həzz duyğuları əvəzinə bezmişlik, usanmışlıq, yorğunluq tökülür.

İndi gənclərin televizorda simfonik orkestri, əl-qol atan dirijoru görəndə təəccüblə "Bunlar nə edir?" sualını verdikləri zamandır...

Mən demirəm ki, hamı ucdantutma simfonik musiqi bazı olmalı, konsert salonlarından, televizordan da ancaq bu musiqi eşidilməlidir. Xeyr! Amma unutmayaq ki, simfonik musiqi janrının hörməti olmayan ölkədə bütövlükdə musiqi sənətinin gələcəyinə inamla, ümidlə baxmaq da çətindir.

Son vaxtlar gənc, istedadlı dirijor, skripkaçı Mustafa Mehmandarovla saatlarla davam edən onlayn söhbətlərimizin birində onun danışdığı bir əhvalat axır ki, bu paradoksun izahını tapmaqda mənə kömək oldu. Həmin əhvalatı Mustafa müəllimin öz dilindən nəql edirəm:

"Hər il Almaniyanın Bayroyt şəhərində gənc musiqi ifaçılarının ənənəvi beynəlxalq musiqi festivalı keçirilir. Yəni dünyanın hər yerindən seçmə gənc musiqiçilər bu şəhərə dəvət olunur və onlardan təşkil edilən simfonik orkestrin iştirakı ilə konsertlər verilir. 2011- ci ildə mən skripka ifaçısı kimi Azərbaycandan bu tədbirə qatılmışdım. Məşqlərin birində şahidi olduğum bir hadisə sözün yaxşı mənasında məni sarsıtdı.

Deyim, bilin nə üçün.

Orkestr növbəti məşqində idi. Məşqin ən gərgin məqamında qəfildən zalın qapısı açıldı və təxminən 15-20 nəfər 4-5 yaşlı uşaq içəri daxil oldu. Elə bildik ki, nə isə bir anlaşılmazlıq baş verib, azıb bura giriblər və məşq pozulduğuna görə dirijor əsəbiləşəcək, hay-küy salacaq. Amma belə olmadı. Uşaqları görən kimi üzünə xoş bir təbəssüm qonan dirijor dərhal məşqi dayandırdı, bizdən üzr istəyib əlində dirijor çubuğu pultun arxasından düşərək aşağı endi, uşaqlara yaxınlaşıb bir-bir hamısı ilə görüşdü, sonra onlarla birlikdə səhnəyə qalxdı, pultun yanında dayanıb əlindəki çubuğu, bizləri göstərə-göstərə uşaqlara nəyi isə izah etməyə, onlara qısa suallar verməyə başladı.

Artıq məsələ aydın idi. Amma dirijor çubuğunu növbə ilə bir-bir uşaqlara verərək pultun arxasına dəvət edəndə, orkestri 1 dəqiqəliyə idarə etmələri üçün onlara minnətçi düşəndə bu jest məni əməllicə heyrətə saldı. Təbii ki, uşaqların bir neçəsi çaşıb qaldı, bir neçəsi hətta qorxub ağladı da. Amma çubuğu alıb inamla bizə "dirijorluq" edənlər də oldu və həmin o anlarda mən anladım ki, dövlət hesabına 170 simfonık orkestrin (!!!) fəaliyyət göstərdiyi Almaniya nə üçün simfonik musiqi yaradıcılığının gündən-günə çiçəkləndiyi bir ölkədir. Hələ bağça yaşlarından uşaqlarda elitar, ciddi musiqi zövqünü formalaşdırmağın bundan təsirli metodunu fikirləşmək mümkün deyil...

Nəhayət, məşqimizin bu "fazası" başa çatdı, dirijor uşaqları qapıya qədər ötürüb hörmətlə yola saldı və biz yalnız bundan sonra məşqimizi davam etdirməyə başladıq".

Məncə, bu hadisənin özü şərhsiz-filansız hər şeyi deyir. Ona görə də mən son nöqtəni qoyub kənara çəkilirəm.

Bir şey demək lazımdırsa, siz deyin.

 

NİYAZİNİN KƏŞFİ

 

 

Alman filosofu A.Şopenhauerin söylədiyi sadə, amma dahiyanə bir fikir var: "Sözün qurtardığı yerdə musiqi başlayır".

Bu fikir, məncə, musiqinin genezisi, fəlsəfəsi, estetikası, funksiyası barədə söylənilmiş bəlkə də ən dəqiq fikirdir. O, bizə sadaladığım mövzularda yazılmış qalın-qalın elmi-nəzəri kitablardan qat-qat zəngin informasiya ötürür, ən başlıcası isə növündən, janrından, pis, yaxud yaxşı olmasından asılı olmayaraq istənilən musiqi əsərinin, melodiyanın onu düzüb qoşan (və ifa edən!) subyektin nitqinin davamı olması həqiqətinə inandırır.

Doğrudan da, bəzən elə məqam yetişir ki, insan düşündüklərini, yaşantılarını adi sözlərlə, danışıq nitqi ilə çatdırmaqda çətinlik çəkir. Belədə ilk növbədə poeziya, poetik nitq köməyə gəlir. Lakin poeziyanın da imkanları limitsiz deyil: bir də görürsən ki, duyğuların, düşüncələrin bütün çalarlarını, spektrini ifadə etməyə onun da gücü çatmır. Belə anlarda sonuncu pənahımız rənglər və səslərdir - körpənin qığıltısı, xəstənin iniltisi, çəkdiyimiz ah, heyrət, təəccüb, qorxu bildirən nidalar... əslində sözə çevrilə bilməyən duyğuların, fikirlərin dilidir. Bu səslər rənglər kimi bir-birinə qovuşanda kiçik musiqi frazalarına, yəni səslərin ahəngdar sıralanmasına çevrilir və çatdırdıqları informasiyanın məzmunundan, həcmindən asılı olaraq bu frazalar da bir-birinə hörülüb rəngarəng səs çələnglərini - bir neçə səsin melodik uzlaşmasından, yəni zümzümədən tutmuş mürəkkəb quruluşa malik çoxsəsli kompozisiyalara - simfonik əsərlərə qədər müxtəlif musiqi əsərləri yaradır.

Burası belə. Amma mənim demək istədiklərim yalnız bunlar deyil.

 

Demək istədiyim əsas mətləb budur ki, musiqini insan nitqinin davamı kimi başa düşür və qəbul ediriksə, onda belə bir fikirlə də razılaşmalıyıq ki, hər hansı kəsin adi danışıq dili üzərində qurulmuş nitqindən çıxış edib onun daxili aləmi, savadı, erudisiyası, dünyagörüşü, ən başlıcası isə xisləti barədə qənaətlərə gəliriksə, eşitdiyimiz musiqilər də onları düzüb- qoşanların və ifa edənlərin zövqü, istedadının səviyyəsi, xarakteri haqqında tutarlı informasiya ötürür.

Əgər eşitdiyimiz musiqi insan duyğularının ən mübhəm, incə nüanslarını yox, müəllifinin şit, məzmunsuz sicilləmələrini, boş hay-küyünü, çığır-bağırını ifadə edirsə, onu düzüb qoşan və dövriyyəyə buraxan müəllif haqqında da eyni təyinlərlə danışmaq zorunda deyilikmi?

Sağlığında Azərbaycan musiqisinin saflığı keşiyində müsəlləh əsgər kimi dayanan maestro Niyazi öz filosof adaşı Niyazi Mehdinin sözləri ilə desək, sənətdə bu "geydirməçilik" sindromunun mahiyyətini çox uğurlu bir ifadə ilə açmışdı - "meymun musiqisi"!

İndi "dərə xəlvət, tülkü bəy" məntiqindən çıxış edərək meymun musiqisi yaradıb dövriyyəyə buraxanların, onların "çakkudi-çukkidi"sinə atılıb düşənlərin yeri də əslində meymunların yaşadıqları məkan olmalı deyildimi??!!

Qəbrin çatlamasın, maestro!

 

KÜSMƏYƏ HAQQI ÇATANLAR

 

Bizim elə mahnılarımız, təsniflərimiz var ki, nəinki özləri, hətta onların ifaçıları da bilmərrə unudulub. 40-50 il əvvəl ifaları radioda tez-tez səsləndirilən və nəyə görəsə, səsini Əbülfət Əliyevin səsinə oxşatdığım Teymur Hüseynov, onun oxuduğu mahnı və təsniflər də belə unudulanlar sırasındadır. Halbuki çox ürəyəyatımlı səsi, özüməxsus ifa tərzi vardı və oxuduğu mahnıların ruhu ilə dialoqa girməyi çox yaxşı bacarırdı.

Mən internet şəbəkəsində Teymur Hüseynov haqqında heç bir məlumata rast gəlmədim - elə bil dünyada bu adda müğənni olmayıb. Amma yutubda ifalarını tapdım, təkrar dinlədim. Həmin ifaları müşayiət edən fotoların birindən belə nəticə çıxarmaq olar ki, T.Hüseynov uşaq musiqi məktəbində tar müəllimi olub və görünür, həssas musiqi duyumu, ürəyəyatımlı, kövrək səsi ona həm də müğənni olmaq şansı verib.

Unudulmuş müğənninin unudulmüş repertuarından "Bilirsənmi səndən niyə küsmüşəm?" (həm də "Segah təsnifi" kimi təqdim olunur) mahnısını dinləyəndə nədənsə mənə elə gəldi ki, oxuyan illərin o tayındakı müğənninin özü deyil, onun incik ruhudur və o ruh təkcə özünün yox,özü kimi unudulan neçə-neçə həmkarının nisgilini, qubarını, giley-güzarını səslərin, sözlərin qanadında bizlərə ünvanlayır: "Bilirsizmi sizdən niyə küsmüşük?.."

Unudulanlar məgər beşdirmi, ondurmu?

Ən azından lent yazılarını səsləndirib, adlarını, xidmətlərini dilə gətirib bu incik ruhların könlünü almaq o qədərmi çətindir?

Axı nə mane olur?

Ayılıb öz çarəmizə özümüz əlac tapmasaq, mənəvi dəyərlərimizin tənəzzülünü daha da dərinləşdirə, keçmişimizə biganəlik fonunda gələcəyimizi itirə bilərik.

Nə qədər gec deyil, küsməyə haqqı çatanların küskün ruhlarını ovundurmağa tələsək.

Sonra gec olacaq!

 

EŞŞƏK ARISININ PARLAQ QƏLƏBƏSİ

 

Vaxtilə Çexov otağın küncündəki süpürgəni dostuna göstərərık demişdi: "Bax, istəsən, o süpürgədən də gözəl hekayə yazmaq olar".

Onun həmvətəni, bəstəkar Rimski Korsakov isə daha uzağa getdi, eşşək arısının vahiməli uçuşundan, hamının zəhləsini tökən iyrənc vızıltısından dünya simfonik musiqisinin şedevrlərlərindən birini - 1 dəqiqə 30 saniyəlik "Eşşək arısının uçuşu" adlı simfonik etüd yaratdı.

O vaxtdan üzü bu yana dünyanın ən məşhur orkestrləri, eləcə də solo ifaçıları məzmun qəfilliyi, ifa texnikasının özəlliyi ilə heyrət doğuran bu əsəri skripkada, pianoda, kontrabasda, fleytada, violonçeldə, tubada, ksilofonda, saksafonda ifa edib eşşək arısının vızıltısını estetik zövq mənbəyinə çevirməkdən yorulmurlar. Azərbaycanda isə onun hətta milli musiqi alətlərində - tarda, kamançada ifası imtahan proqramlarına salınır.

Yeri gəlmişkən, Azərbaycan musiqiçiləri də təbii səslərin imitasiyası fonunda möhtəşəm əsərlər yaratmışlar. Azərbaycan simfonik musiqisinin (təkcə Azərbaycanınmı?) incilərindən olan "Karvan" simfonik lövhəsində Soltan Hacıbəyov ucsuz-bucaqsız səhrada hərəkət edən dəvə karvanının səs obrazlarını, ustad sənətkar Habil Əliyev uşaqlar üçün işlədiyi "Cücələrim" mahnısında anaş toyuğun qaqqıltılarını, cücələrin civiltisini bəlkə Rimski-Korsakovdan da üstün bir məharətlə sənət faktına çevirməyi bacarıblar.

Bu əsərlər bir daha sübut edir ki, təbiətdəki hər şeydə, hər səsdə bir gözəllik var (Nizami demişkən, itin cəsədi də ağzındakı ağappaq, mirvari kimi dişlərə görə gözəldir). Sadəcə onu görməyə, duymağa, ifadə etməyə ürək lazmdır.

 

Əlisəfdər Hüseynov

 

525-ci qəzet.- 2022.- 28 oktyabr.- S.11.