"Vətən, onun dünəni, bu
günü və sabahı bütün varlıqların
fövqündədir"
Həmsöhbətimiz
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevin
fikrincə, onun şüurlu həyatı boyu
yaratdığı tək bir kitab var: O kitabın adı
BAMF-dır.
(Əvvəli
qəzetimizin 3 sentyabr tarixli sayında)
- Soyuq,
qarlı, çovğunlu bir gündə, ermənilər tərəfindən
dağıdılmış, viran olunmuş Füzuli rayonunun
Aşağı Əbdürrəhmanlı kəndində
doğulmuşam. Anamdan soruşsanız, o
günün mənzərəsini yerli-yataqlı elə təsvir
eliyər ki, sanki o gün bu gündür. Sadə,
zəhmətkeş ailədə böyümüşəm.
Orta məktəbi öz kəndimizdə bitirmişəm. Təvazökarlıqdan
uzaq olsa da, seçilən şagird idim, əla qiymətlərlə
oxumuşam. İctimai fəallıq da
öz yerində. Bəlkə də ictimai
fəallığın bünövrəsi elə o vaxtlardan
başlayıb. İşgüzarlıq, zəhmətkeşlik
deyəsən, mənim alın yazımdı.
Əslində, bu sualla məndən nə istədiyinizin
fərqindəyəm. Aydın məsələdir, uşaq
dünyaya gələndə onun doğum şəhadətnaməsində
soy-kökdən gələn rəsmi soyadı yazılır.
Mən də yaradıcı potensialım üzə
çıxana qədər, ilk yazılarım, şeirlərim
işıq üzü görənəcən Umud Mirzəyev
idim. Ardınca jurnalist, publisist, şair
kimi atamın adı yeni imzam oldu, Rəhimoğlu kimi
tanındım. Yaradıcı insanlar adətən
doğulduğu məkanın adını imzasıyla
qoşalaşdırır. Mən ata
adıyla tanınmaq istədim. İllər
sonra cəmiyyətdə daha çox nəsil soyadımla, Mirzəyev
kimi təsdiqləndim. Bu, təbii bir proses idi,
BAMF-dakı fəaliyyətim, xarici jurnalistlərlə əlaqələr,
beynəlxalq aləmdəki görüşlər Rəhimoğlu
təxəllüsünü arxa plana keçirdi. Təbii olaraq xaricə ünvanlanan, beynəlxalq təşkilatlardan
gələn müraciətlər rəsmi imza tələb
edir. O ki qaldı Umud müəllimə, bu da təmasda
olduğum sadə insanların, təşkilatımızda
çalışan gənclərin doğma, isti münasibətinin
müraciət forması oldu. Hər üç
imzada mən elə Umudam və çox xoşdur ki, müxtəlif
istiqamətlərdə bu imza altında eyni şəxsin
olmasını bilənlər çoxdur.
-
Qayıdaq əsas mövzumuza. Kənar
baxışlar öz yerində, bu günün Azərbaycan
mühitində BAMF-ın yerini necə dəyərləndirərdiniz?
- BAMF nəinki Azərbaycanda,
ümumiyyətlə regionda, post-sovet məkanında əldə
etdiyi statusu, həyata keçirdiyi layihələri,
proqramları, beynəlxalq əlaqələri, tərəfdaşlar
seqmenti ilə yeganədir. Qeyri-təvazökarlıq
kimi düşünülsə də, bu istiqamətdə fəaliyyət
göstərən vətəndaş cəmiyyəti qurumu
olaraq BAMF BMT-nin ən yüksək statusunu qazanan qurumdur.
Bizim təşkilat eyni zamanda, həm fəaliyyət
istiqamətləri, həm həyata keçirdiyi layihələr,
həm də əməkdaşlıq imkanları ilə kifayət
qədər fərqlənir.
- Elə
məqamlar olubmu ki, başladığınız işi
yarımçıq qoyub başqa bir həyat yaşamaq istəyəsiniz?
Yəni maneələr, təpkilər, bürokratik əngəllər
və sair...
- Sual yenə
mənim düşüncələrimi ilk illərə
qaytardı. Səmimi sözümdü, bu işə
qol qoyanda hər cür çətinlik və maneələrlə
üzləşəcəyimi gözə almışdım.
Etiraf edim ki, mən çox inadkar insanam. Yanlış anlaşılmasın, yəni
yaxşı mənada inadkarlıqdan söhbət gedir. Doğru bildiyim, inandığım yoldan asanlıqla
dönmərəm. Qarşıda məni nə
gözləyirsə gözləsin.
Təbii ki, o mürəkkəb dövrdə, xaosun
hökm sürdüyü zamanda belə bir qurum yaratmaq, onu
yaşatmaq çətindən də çətin idi. Əvvəla,
maliyyə yox idi. Bu iş istək, tükənməz
enerji, ürək yanğısı, eyni zamanda heç bir
umacağı olmayan əməkdaşlar tələb edirdi.
Normal fəaliyyət üçün məkan yox, şərait
yox, necə deyim, yoxdan var olmaq kimi... Yığcam
bir komanda ilə gecəli-gündüzlü çalışdım,
ailəmlə birlikdə, yaşadığım mənzil demək
olar ki, xaricdən gələn qonaqlar üçün bir
növ mehmanxanaya çevrildi. Ailəm,
azyaşlı uşaqlarım da sanki BAMF-ın üzləri
oldular. Həqiqətən dövr, şərait
nəzərə alınarsa, belə bir qurumu yaratmaq da,
yaşatmaq da fədakarlıq istəyirdi. Mən
bu fədakarlığı bilərək, çətinlikləri
anlayaraq elədim. İstirahət, məzuniyyət,
qohum-əqrəba ilə təmaslar, ailə qayğısı
demək olar ki, arxa plana keçdi. Ailəm,
yaxın dostlarım ən yaxın dəstəkçim oldu.
Qarşıda kifayət qədər maneələr
vardı. Gecələri rahat yatağında, ailəsinin,
övladlarının yanında keçirən o qədər
tanış-biliş vardı ki, Umuda bəxtəvərlik
oxuyan. Mənim bəxtəvərliyim nədən
ibarət idi? Dinclik bilmədən
qaçqın düşərgələrində, soyuq
çadırlarda miskin həyat sürən soydaşlarımızın
dərdlərinə ortaq olmaq, gücüm yetdiyi qədər
problemlərinin həllinə kömək eləmək, isti
ocağından didərgin salınanların harayını,
mövcud durumunu dünya ictimaiyyətinə çatdırmaq.
Bu insanlar ədalətsizliyin qurbanı idilər
və mənim də elim-obam, atam-anam, qohum-əqrəbam
onların sırasında idilər. Bəli,
mənim həsəd aparılası, bəxtəvərlik
oxunası missiyam belə idi. Maneələr,
əngəllər, yoluma daş qoymaq istəyənlər də
öz yerində. Amma mən qarşıma
qoyduğum missiyanı nəyin bahasına olursa olsun yerinə
yetirəcəyimə yalnızca ümidli deyildim, heç
olmadığı qədər əmindim. Bəlkə
yaxşı mənada inadkarlıq da şairlik kimi Allah vergisi
idi.
Tutduğum yoldan heç peşman olmadım, peşman
deyiləm, maneələr, əngəllər nə qədər
yorucu, üzücü olsa da, yolumdan dönmərəm. Ömür vəfa
etdiyi qədər dünyada sülh, barış, sabitlik bərqərar
olsun deyə bu yolun yolçusuyam. Fəaliyyətə
başlayanda "Evdə sülh, ölkədə sülh,
cahanda sülh" dedik. Bundan sonra da
qarşıya nə əngəllər çıxarsa, mən
yenə də böyük mənada o missiyanın
arxasındayam. Yəni 30 il əvvəl
hansı inamla, hansı tutqu ilə bu fəaliyyətə
başlamışamsa, bu gün təşkilat olaraq da eyni
şövqlə davam edirik.
-
BAMF-ın fəaliyyət dairəsi genişdir, əslində
cəmiyyətin dinamikası ilə üst-üstə
düşən çoxşaxəli şəbəkəni
xatırladır. Bununla belə, təşkilatın
Nizamnaməsinə uyğun aydın konturlar göz
önündədir. Bunlar dəyişməyən
təməl istiqamətlərdir. Birinci istiqamət barədə
soruşmaq istərdim: Media və vətəndaş cəmiyyətinin
inkişafı. Bu ad dünyada gedən qlobal bir
prosesi ehtiva edir. BAMF miqyasında bu istiqamətdə
nələri etdiyiniz, ortaya hansı mövqe qoyduğunuz,
hansı yekunlara nail olduğunuz barədə söyləyəcəkləriniz
maraqlı olardı.
- Media əslində
BAMF-ın fəaliyyətinin əsas mahiyyətini təşkil
edir. Axı biz mürəkkəb tarixi dönəmdə
meydana çıxanda Azərbaycan həqiqətlərini
dünyaya çatdırmaq məqsədi güdürdük və
əlimizdə olan yeganə vasitə media idi, xəbər idi.
Bu gün mətbu sözlə iş bizdə, belə deyərdim,
çoxşaxəli xarakter alıb. Əgər
ötən əsrin 90-cı illərində qəzet təsis
edib yayırdıq, bülletenlər buraxırdıqsa, məhz
dövrün sifarişinə uyğun olaraq kitab naşirliyi
layihələrimiz bir qədər sonrakı vaxtlara aid edilə
bilər. Hazırda "Avrasiya gündəliyi"
rəsmi saytımız dörd dildə yayımlanır.
Bizim Azərbaycan Mətbuat Şurasında aktiv təmsilçiliyimizi,
media problemləri ilə əlaqədar təşkil etdiyimiz tədbirləri,
mətbuat konfraslarını, beynəlxalq jurnalistika tədbirlərinə
qatılmağı, yenə və indi daha sıx şəkildə
xarici media nümayəndələrinin regionumuza səfərlərinin
reallaşmasına dəstək verməmizi diqqətə
alsanız, işimizin masştabı barədə qismən də
olsa fikir yürüdə bilərsiniz. Güman
edirəm ki, bu məsələlər üzərinə təkrar-təkrar
dönəcəyik. Ona görə də hələlik
bu qədər.
- Yeri gəlmişkən,
bu günün Azərbaycan reallığında milli mətbuatımızın
durumu necə təsir bağışlayır?
- Ümumiyyətlə,
son on ildə Azərbaycanda vətəndaş cəmiyyəti
qurumlarının və medianın inkişafı ilə
bağlı çox ciddi işlər görülüb. Əgər söhbət Azərbaycan daxilindəki fəaliyyətdən
gedirsə, qənaətbəxş hesab oluna bilər. Amma medianın ölkədən kənara
çıxması, problemlərin beynəlxalq aləmə
daşınması baxımından xeyli geridəyik. Bir fikri dönə-dönə təkrarlayıram ki,
ölkənin, torpaqların müdafiəsində bu gün Azərbaycan
jurnalistləri Milli Ordu, onun əsgər və zabitləri qədər
məsuliyyətlidirlər. Jurnalistin
silahı onun qələmidir. Azərbaycan
mediası öz mövqeyində səngərdəki əsgər
qədər ayıq-sayıq olmalıdır və beynəlxalq
cameədən gələn bəyənatları, səsləri
çox ciddi şəkildə incələyərək
vaxtında adekvat cavab verməlidir. Operativlik
önəmli faktordur.
- Umud
müəllim, siz çap mətbuatının yetirməsisiniz.
Hazırda virtual məkan müstəvisi
çağlayış, şəlalə, sonsuzluq, hətta bəzən
zəlzələ effekti ilə təzahür edir. Bu nə deməkdir? Yoxsa ənənəvi
qəzetlərin, jurnalların, hətta kitabların fatihəsi
verilir?
- Elə deməzdim. Print medianın
rolu danılmazdır. Yeni texnologiyalar inkişaf etdikcə, bu,
daha çox hiss olunur. Düşünürəm
çap mediası hələ uzun illər öz əhəmiyyətini
itirməyəcək, onun missiyası qalıcıdır.
Həm də onun bəlli oxucu kütləsi var.
-
BAMF-ın tanınma nişanı əlbəttə ki,
adında ifadə olunduğu kimi mətbuatdır. Bu mövzuda hər bir sual mütləq şəkildə
yerinə düşür. Amma biz konkret məsələdən
- təşkilatınızın fəaliyyət istiqamətlərindən
danışırdıq. Sizin fəaliyyətinizin
ikinci təməl sahəsi icmanın inkişafıdır.
Yenə də ad qlobal səciyyəlidir. Bu problem BAMF alanından necə görünür?
İcmanın inkişafı deyilən
anlayışın 30 illik tərcümeyi-halı barədə
nələri söyləyərdiniz?
- Fəaliyyətimizin
böyük bir hissəsi regionda məskunlaşan
qaçqın düşərgələri ilə
bağlı olmuşdur. Söhbətimizin əvvəlində
ümumi şəkildə bu məsələyə toxunduq.
Bu sahədə əsas iş onların ehtiyaclarının təmin
edilməsi, beynəlxalq qurumlar tərəfindən ayrılan
müəyyən yardımların çatdırılması
ilə bağlıdır. Azərbaycana gələn
jurnalistlərin, xarici qonaqların qaçqın düşərgələrində
görüşlərinin təşkili,
soydaşlarımızla, onların həyat tərzi, yaşam
mücadiləsi ilə tanışlıqlar da bu istiqamət
üzrə həyata keçirilib. Beynəlxalq
qurumlarlar tərəfindən yönləndirilən
yardımlarla bağlı xeyli layihələrimiz uğurla nəticələnib.
İlkin mərhələdə təbii ki,
ehtiyaclar müəyyənləşdirilirdi. Bir qrupun işsizlik problemi, digərinin dava-dərman,
ərzaq və sair problemləri həll olunurdu. Bir müddət sonra, 90-cı illərin əvvəllərindən
təhlükəsizliklə bağlı müraciətlər
başladı. Bu, daha çox ərazilərin
minadan və digər partlayıcı qurğulardan təmizlənməsi
ilə əlaqədar idi. Bu istiqamətdə
də layihələr həyata keçirildi, təhlükəsizlik
tədbirləri ilə bərabər maarifləndirici aksiyalara
da başladıq, peşə təlimləri verdik. Həmçinin, qaçqın düşərgələrində
məskunlaşan soydaşlarımızın
sağlamlığı, məktəb yaşlı
uşaqların davamlı təhsilə cəlbi sahəsində
də işlər görüldü, layihələr həyata
keçirildi. Sahibkarlıq fəaliyyətinin inkişaf
etdirilməsi sahəsində görülən işlər də
öz müsbət nəticəsini verdi. Bu və ya digər istiqamətlərdə layihələrimiz
davam etməkdədir. BAMF-ın Tərtər
regional ofisi hazırda icmanın inkişafı istiqamətində
çox önəmli layihələrə imza atır. Layihələr təbii olaraq cəmiyyətdən gələn
sifarişlərə uyğun olaraq
reallaşdırılır.
- Söhbətimizin
gedişindən bəlli olur ki, BAMF-ın
"inadkarlığında" qaçqın və
köçkünlərin problemlərinin ədalətli
çözümü əsaslı rol oynamışdı. Bu sizin üçüncü, bəlkə də əvvəlki
iki istiqamətdən daha zəruri olan bir amildir.
-
BAMF-ın nizamnaməsində prioritet məsələlərdən
biri, qeyd etdiyim kimi, Qarabağ məsələsidir. Azərbaycanın əksər bölgələrində
qaçqın-köçkün düşərgələri
salınmışdı. Soydaşlarımız
zirzəmilərdə, qeyri-insani məskənlərdə
acınacaqlı durumda yaşamaq məcburiyyətində
qalmışdılar. Aralarında qocalar, xəstələr,
körpələr, hamilə qadınlar vardı. Vəziyyəti siz də yaxşı bilirsiniz,
çünki sizin də doğmalarınız arasında bu
taleyi yaşayan xeyli sayda insan vardı. Belə bir vəziyyətdə
bizim borcumuz, vəzifəmiz həm təşkilat, həm vətəndaş
kimi daha nə ola bilərdi? Evimizdə
heç nə baş verməmiş kimi rahat nəfəs ala
bilərdikmi? Bu, nə yerə, nə
göyə, nə vicdana sığardı. Soyuq
çadırlarda, nəm torpaqda yaşayan "insan ordusu"
ilə göz-gözə dayanıb əli-qoynunda, heç bir
fəaliyyət göstərmədən ah-vay etməyin,
göz yaşı tökməyin nə faydası ola bilərdi? Hərəkət tələb
olunurdu. Biz də qolumuzu çirmələdik,
qaçqın-köçkün probleminin ardınca getdik.
Çox işlər görülüb bu sahədə.
Hərdən ilk illəri xatırlayanda
özümün də inanmağım gəlmir ki, biz bu qədər
işin altından necə qalxdıq. Azərbaycanda
"Beynəlxalq Qaçqınlar Günü"nün
keçirilməsi təşəbbüsü ilə
çıxış elədik. Problemin
daim gündəmdə qalmasına cəhd göstərdik,
yorulmadan, usanmadan beynəlxalq təşkilatlarla
yazışdıq, onların görüş və
toplantılarına nail olduq. Cocuq Mərcanlıda, Həsənqayada,
Şəkidə, Gəncədə, Şıxarxda baş
tutan tədbirlər məhz bu qəbildən idi. Bakı şəhəri
də daxil olmaqla ölkənin bütün qaçqın
düşərgələrində - Füzulidə, Beyləqanda,
Ağdamda, Ağcabədidə, Tərtərdə, Goranboyda,
Xocavənddə, Biləsuvarda, Saatlıda, Sabirabadda,
Ceyranbatanda və ölkəmizin digər bölgələrində
məskunlaşan qaçqın və məcburi
köçkünlərin həyat şəraitlərinin
yaxşılaşdırılması, onların gündəlik
qida, zəruri geyim və işsizlik problemlərinin həlli
üçün dəstək göstərdik. On
ilə yaxındır ki, bu istiqamətdə fəaliyyətimizi
davam etdiririk. Sadaladığım rayonlarda
yerləşən qaçqın düşərgələrində
demək olar ki, bütün ailələr bizi tanıyır.
Həmçinin, xarici jurnalistlərin, tələbələrin,
beynəlxalq təşkilatların əməkdaşlarının
düşərgələrə səfərlərini təşkil
edərək onları oradakı əhalinin gündəlik həyat
şəraiti, yaşam tərzi ilə yaxından tanış etmişik. Onlara
qaçqın, köçkün həyatının necə
ağrılı olduğunu duyurmağa
çalışmışıq.
- Umud
müəllim, şükürlər olsun ki,
ağrılı-acılı keçən 30 ildən sonra Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqın
birliyi sayəsində müzəffər Milli Ordumuz zəfər
qazandı, erməni vandalları tərəfindən yerlə-yeksan
edilən torpaqlarımız işğaldan azad olundu.
Düşmən bizə yalnız mənəvi, maddi, fiziki zərbə
vurmadı, həm də 30 il ərzində
münbit Qarabağ torpağını mina zəmisinə
çevirdi. 44 günlük savaş və böyük zəfərdən
sonra efirlərdə ara vermədən
öz yurduna tələsən əhaliyə xəbərdarlıq
edirlər ki, azad olunan torpaqlarımız düşmən tərəfindən
minalanıb, hər qarışda təhlükə ilə
üzləşmək ehtimalı var. İnsanlardan səbrli
olmaq, ərazilərin minadan təmizlənməsini gözləmək
xahiş olunur. BAMF 1992-ci ildən bu yana
sülhməramlı aksiyalar və konfliktlərin həlli
çərçivəsində bir QHT qurumu olaraq Qarabağda
ölüm saçan qəlpələri təmizləməklə
məşğuldur. Maraqlıdır, bu işin
mətbuat fondu ilə nə əlaqəsi?
- Bu
sualı tez-tez eşidirəm. Biz mina
aksiyasına təsadüfən gəlməmişik. Zənnimcə, bir qədər əvvəl, yəni
qaçqınların problemləri ilə bağlı
söhbətimizdə bu məsələyə qismən
aydınlıq gətirdim. Bir daha təkrar
edim ki, bizim fəaliyyət sahəmizin bel sütunu mətbuat
olsa da, cəmiyyətdən, xüsusən də bölgələrdən
gələn çağırışlar qarşımıza
başqa tələblər qoydu. Qaçqın-köçkünlərin
problemləri ilə məşğul olarkən, təbii ki,
onların təhlükəzliyi diqqətdən kənarda qala
bilməzdi. Bu mövcud durumun,
reallığın tələbi idi. Təbii
ki, biz Azərbaycanda minaların tədqiqatı ilə
bağlı regionda həyata keçirilən sorğu layihələrinə
qoşulduq. BAMF 2000-ci ildə BMT-nin İnkişaf
Proqramının dəstəyi ilə təhlükəli ərazilərin
tədqiqinə dair Birinci Səviyyəli tədqiqat, 2002-ci ildə
isə Amerikanın Tədqiqat Əməliyyat Mərkəzinin
dəstəyi ilə Minaların Mənfi Təsirinin Tədqiqi
proqramlarını uğurla həyata keçirmişdir. Birinci Səviyyəli Tədqiqatın nəticəsində
minadan zərərçəkmiş 11 rayonda təhlükəli
ərazilər dəqiqləşdirilmiş, zərərçəkənlərin
statistikası hazırlanmışdır. 2002-ci
ildə Yaponiyanın maliyyə dəstəyi ilə 15 nəfərdən
ibarət kiçik minatəmizləmə qurupu yaratdıq.
Geridə qoyduğumuz 20 il ərzində BAMF-ın İcma Mina
Aksiyası komandası Gəncə Beynəlxalq hava limanı, Sevinc
qəsəbəsi, Göygöl rayonu Dozular, Topalhəsənli,
Quşqara kəndləri, Goranboy rayonu Todan, Mənəş,
Börü, Ağcakənd, Tapqaraqoyunlu kəndləri, Tərtər
rayonu Həsənqaya, Şıxarx, Qapanlı, Çaylı,
Borsunlu, Hüsənli kəndlərində minatəmizləmə
əməliyyatlarını uğurla yerinə yetirmiş və
son istifadəçiyə təhvil vermişdir. Bu gün həmin ərazilərin bir çoxunda məcburi
köçkünlər üçün iri qəsəbələr
salınmış, sosial infrastruktur obyektləri tikilmişdir.
Statistikaya nəzər yetirdikdə isə İcma Mina
Aksiyası indiyədək 1080 ədəd tank əleyhinə
mina,1560 ədəd piyada əleyhinə mina, 13.112 ədəd
isə Partlamamış Hərbi Sursat (PHS)
aşkarlamış və ümumilikdə 92.499,516 kv. metr ərazini mina və MPQ-lərdən təmizləmişdir.
Bu da BAMF-ın taleyinə yazılan şanlı
bir tarixdir. Belə məqamda yenə "Evdə
sülh, ölkədə sülh, cahanda sülh" layihəsini
xatırlatmalıyam. Bu, yalnızca bəlli
bir dövrü əhatə edən layihə deyil, bu,
BAMF-ın əbədi şüarıdır. Minatəmizləmə prosesi də sülhə xidmət
edir. BMT-nin beynəlxalq ekspertləri tərəfindən
hazırlanmış mina təmizləyən komandamız
artıq bu sahədə liderdir və 20 ildir ki, sülhün, əmin-amanlığın
bərpasına xidmət göstərir.
-
BAMF-ı kadr resursları ilə əlaqədar bir tramplin də
adlandırmaq olar. Otuz ildə yüzlərlə
gənc insan bu ocaqdan pərvazlanaraq fərqli karyera sferalarında
yer alıblar. Amma su gələn arxa yenə
gəlir. BAMF yenə də gənclərin
ixtiyarındadır. Məncə, təhsil,
könüllü gənclərlə iş sizdə beşinci
istiqamətdir. Gənclərlə işləmək,
onları fəaliyyətə cəlb etmək kimi mürəkkəb
işə sizi nə vadar edir?
- Gənclər
bu ölkənin sabahı, gələcəyidir. Onlar inkişafda olan Azərbaycan üçün
potensial qüvvədir. Universitet gənclərə
nəzəri biliklər verir. Elm, bilik təcrübədə
sınaqdan keçmədikcə heç bir işə
yaramır, təcrübə faydalılıq əmsalını
müəyyənləşdirir. BAMF bu
gün gənclər üçün təcrübə
laboratoriyası rolunu da oynayır. Həm də,
sadəcə, Azərbaycanı gənclər üçün
yox, eyni zamanda əcnəbi tələbələr
üçün. İstər yerli, istərsə də
xarici tələbələrin sınaq meydanında bişməsi,
püxtələşməsi, seçilən peşənin dərinliklərinə
yiyələnməsi üçün istər Bakı, istərsə
də Tərtər ofisimizdə kifayət qədər şərait
var. 20 il ərzində Amerikadan, Avropa və Şərq ölkələrindən,
Afrikadan, ümumiyyətlə dünyanın müxtəlif
regionlarından çoxlu sayda gənc bizdə təcrübə
keçiblər. Hazırda həmin gənclərin
əksəriyyəti nüfuzlu beynəlxalq qurumlarda öz
ölkələrinin yüksək dairələrində önəmli
işlərdə çalışırlar. Bizdə təcrübə keçən, BAMF-ın
qazanında bişən hər bir xarici tələbə
öz ölkəsinə Azərbaycan həqiqətlərinin
daşıyıcısı kimi dönür. Uzun müddət idi ki, Almaniyanın Tübingen və
Fransanın Sarbona universiteti ilə əməkdaşlıq
edirdik. Orada təhsil alan tələbələr
BAMF-da təcrübə keçmək şansı
qazanırdılar. ADA, UNEC, Xəzər və Slavyan universitetləri
ilə sıx əlaqələrimiz var və hər il bu təhsil ocaqlarından onlarla tələbə
bizim təhsil proqramında iştirak edir. BAMF-ın
nəzdində uzun illərdir ki, Beynəlxalq Tələbə
Klubu fəaliyyət göstərir. Azərbaycan
Diplomatiya Akademiyasında, Bakı Dövlət Universitetində,
Xəzər, Slavyan və İqtisad universitetlərində təhsil
alan bir çox tələbənin
sınaq yolu məhz BAMF-dan keçib. Vaxtilə BAMF-ın əməkdaşı
olan gənclər var ki, onlar Azərbaycanın ali
orqanlarında, dövlət qurumlarında yüksək vəzifələrdə
çalışırlar. Dünya ölkələrində
çalışan əməkdaşlarımız da az deyil. Bəli, BAMF gənclər
üçün təcrübə bazası olmaqla bərabər,
həm də vicdanla çalışan, öyrənən, zəhmətə
qatlaşmağı bacaran hər bir gənc üçün
sözün həqiqi mənasında əsl tramplindir. Çalışqan, yaxşı mənada inadkar,
peşəsini sevən, özünə güvənən
sağlam düşüncəli gənclərə BAMF-ın
qapıları hər zaman açıqdır.
Yeri gəlmişkən ata olaraq mənə sevinc
yaşadan bir məqamı da yubileyimiz ərəfəsində
bölüşmək istərdim. Adını çəkdiyim
beynəlxalq tələbə klubunun yaradıcısı
qızım Aysəba Mirzəyevadır. Məhz
onun təşəbbüsü, maraqlı layihələri ilə
BAMF tələbə gənclərin sevə-sevə gəldiyi
məkana çevrilib. Aysəba hazırda "ƏL-Cəzirə"
televiziyasında məsul işdə çalışır və dünyanın
qlobal media strukturu sayəsində Azərbaycanın dünyada
tanınmasında kifayət qədər fayda verir.
- Ofisinizdə Nobel mükafatı laureatlarının, dünyada tanınan ictimai xadimlərin, BMT Baş katibinin və digərlərinin ziyarət anlarını əks etdirən fotolar görürəm. Necə olub ki, onlar BAMF-la təmaslara giriblər? Siz buna necə nail olmusunuz? Və bu sizə hansı problemləri, məsələləri çözməkdə kömək edib?
- BMT nümayəndələrinin, qurumun Cenevrə və Nyu York ofisi rəhbərlərinin, QHT bölməsi sədrlərinin, ABŞ Dövlət Departamentinin nüfuzlu üzvlərinin və digər vacib şəxslərin BAMF-la olan dostluq əlaqələri ölkə haqqında təəssüratın formalaşmasında çox önəmli rol oynayıb. BMT-nin ən yüksək statuslu üzvü olmaq bizə beynəlxalq aləmdə ümumi işimizə faydalı olan qapıları açmaq şansını verib. Bu status sayəsində tez-tez BMT-də tədbirlər keçirməyə, haqq səsimizi dünyaya duyurmağa nail olmuşuq. Zamanla belə tədbirlərdə BMT agentliklərində çalışanlarla, qurumun baş katibi və onun müavinlərinə qədər əlaqə yaratmaq, görüşərək mümkün problemi həll etmək, bir sözlə, əməkdaşlıq imkanları yaranıb. Eləcə də dünya liderləri ilə tanışlıq şanslarımız olub. 2016-cı ildə bizim çağırışımızla ABŞ-ın sabiq səfiri Robert Sekuta və BMT-nin ölkə üzrə rezident koordinatoru Qulam İsaqzai Tərtərdə aprel hadisələri zamanı dağıdılmış evlərlə tanış olmaq, qaçqın və köçkün ailələrinə vurulan ziyanı öz gözləri ilə görmək üçün regiona səfər etdilər. Bütün bunların hamısı bizə verilən statusun və qurulan əlaqələrdən yaranan imkanlar idi. Yeri gəlmişkən, onu da deyim ki, hazırda BAMF-ın ən yaxın dostlarından biri Nobel mükafatçısı Məhəmməd Yunusla da BMT-nin ofisində tanış olmuşuq, dostluq münasibətlərimiz yaranıb. Hazırda BAMF-ın iş birliyində olduğu 20-dən yuxarı təşkilat var ki, onlarla əməkdaşlıq memorandumu imzalamışıq. Belə təşkilatlardan biri də dünyanın əlli ən güclü qadınlarından biri Heidi Kühnün yaratdığı, 25 illik fəaliyyət tarixi olan "Sülhün kökləri" təşkilatıdır ki, dünyanın ən aparıcı özəl qurumlarından hesab olunur. Yeri gəlmişkən, bir faktı da diqqətə çatdırım ki, xanım Kühn mart ayında Azərbaycanda səfərdə ikən biz onunla Ağdama getdik. Gördüyüm mənzərəni heç unuda bilmirəm. Heidi Kühn 12 yaşlı şəhid Səxavətin məzarı önündə dizləri üstə çökdü və hüzünlü səslə dedi ki, mən bu gündən sonra Qarabağın gülüstana çevrilməsi üçün çalışacam.
- Azərbaycanda azsaylı beynəlxalq təşkilatlardan, zənnimcə, ən öndə olanı BAMF-dır ki, onun əlaqə qurduğu uluslararası birliklərin sayı və təmas sıxlığı maksimum səviyyədədir. Təşkilat BMT-nin İqtisadi Sosial Şurasının QHT bölməsinin yüksək statuslu üzvü, Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının, ABŞ Dövlət Departamentinin İctimai-Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Sülh Bürosunun, Beynəlxalq Mətbuat İnstitutunun və onlarca digər qurumların üzvüdür. Bütün bunlara BAMF necə nail olub? Niyə məhz siz, niyə məhz BAMF?
- Bu statuslar illər boyu çəkən davamlı çabalarımızın nəticəsidir. Təsəvvür edin, bəzən aramsız yazışmalardan bezirdik. Niyə? Hətta bir vergül yerində olmayanda sənədlər geri qaytarılır, yenidən tərtib edilir, göndərilir, yenə nələrsə bəhanə gətirilir, təkrar geri qayıdır. Amma biz də haqqımız olan yerdə geri çəkilmək fikrində deyilik. Nəhayət, iki-üç il sonra istəyimizə çatdıq. 2013-cü ildə General Statusunu almaq çabasında olduğumuz vaxt xəbər gəldi ki, Çin dövləti bizə veto qoyub. Məlum oldu ki, saytda araşdırma aparılarkən Tayvanla bağlı yazıda anlaşılmazlıq var. Sonra Çin rəsmiləri ilə əlaqə yarada bildik, pis bir niyyətimiz olmadığını faktlarla sübut etdik. Nəhayət, 2014-ci ildə çox böyük çətinliklər sayəsində BAMF General statusunu qazandı. Bir məsələni unutmaq olmaz ki, heç nə asan qazanılmır, hər uğurun arxasında böyük istək və zəhmət dayanır. Nələrisə arzulaya, istəyə bilərik, bu işin xəyali, iştahlı tərəfidir, amma əlçatan olması üçün əmək sərf etməli, maneələri aşmalısan. Türklər demiş, heç nə qarşına altun tabaqda qoyulmayacaq. Yeri gəlmişkən, bir haşiyə çıxım. Bir dəfə dostlarla bir arada olarkən BAMF-ın qazandığı uğurlardan söz düşdü. Söhbət ciddi müzakrəyə çevriləndə görkəmli hüquqşünas, siyasətçi, ictimai xadim, dostumuz Aydın Kərimov dedi ki, Umud bizlərdən fərqli olaraq problemin içində yaşayır, problem nə olursa olsun onu özününküləşdirir. Biz olayları müşahidə edirik, Umud onu yaşayır. Etiraf edim ki, onun sözlərində müəyyən dərəcədə həqiqət var. Əlbəttə, əldə olunan nəticələr böyük zəhmətin bəhrəsidir. Üstəlik, mən heç zaman dövlətdən kənarda düşünmədim, ictimai mənafe, dövlət mənafeyi hər zaman şəxsi qayğılarımdan öndə gəldi. Mən buna məcbur deyildim, bəlkə də ilahi qüvvənin təsiri altında ürəyimin dediyi tərzdə hərəkət elədim.
(Ardı var)