Qəzəllər

 

 

 

Mari-siyahi-zülfün edib xanə könlümü,

Qıldı məhəlli-gənc bu viranə könlümü.

 

 

Tiri-bəlayə etdi hədəf aqibət məni,

Ya Rəb ki, seydvəş görüm oxlanə könlümü.

 

 

Qəmzən çəkib xədəng, qaşın tir ilə kəman,

Qanlı kimi çəkər hərə bir yanə könlümü.

 

 

Qoyma ki, şanə dil uzada tari-zülfünə,

Allaha bax, batırmagilən qanə könlümü.

 

 

Xalın həvasilə könül qondu zülfünə,

Axır əsiri-dam elədi danə könlümü.

 

 

Hər sübhdəm əsiri-dilxəstə eyləyir,

Gahi nəsimi-sübh, gəhi şanə könlümü.

 

 

Salarını qoyub qəmi-hicranda mübtəla,

Rəhm eyləməz, edər yenə viranə könlümü.

 

lll

 

Ləbin sormağa ağzından, könül, yarın cavab istər,

Əcəb aşüftə qafildir ki, yox yerdən xitab istər.

 

 

Əl vurma zülfünə, şanə, dolaşma ol pərişanə,

Belə zəncirəfşanə əsir olmağa tab istər.

 

 

Xalın sirrin məni-müztər sorardım, söylədi ləblər,

Bunu təfsir qılsam gər, bu nüktə min kitab istər.

 

 

Ümidim vardı ol həmdəm edə zəxmi-dilə mərhəm,

Necə ki, qazidən hər dəm vəkil tez-tez cavab istər.

 

 

Hüseynin qanın ol dilbər içib canə salıb əxgər,

Bəli, mey nuş edən kəslər, bu adətdir, kabab istər.

 

Son

 

Mirzə Hüseyn Salar

 

525-ci qəzet.- 2022.-  17 sentyabr.- S.15.